“Müəllim gəlir, kənara çəkilin!”

77 Baxış

13230351_10207350333008936_1396239990198755565_n

Şəmil SADİQ

Müəllim… Bu gün müəllimlər günüdür! Birinci dəfə idi ki, bir neçə dostumdan şəxsən telefon zəngi gəldi təbrik üçün. Sosial şəbəkələrdə isə, həmişəki kimi, dəb xarakterli ifadələrlə bir-birimizi təbrik etdik müəllim həmkarlarla.

TV-lərdən birinə dəvət etdilər ki, bu gün istəyirik verilişimizi müəllimlərə həsr edək. Onu düşünə-düşünə ağlıma gəldi ki, bəlkə, deyəcəklərimi yazıb bir köşəyə çevirim?

Ürəyim çox doludur bu mövzuda, elə buna görə də bir neçə gün bundan öncə bir hekayə də yazmışam…

Fikirləşə-fikirləşə, qərara gəldim ki, bu gün “müəllim” sözü üç mənanı ifadə edir:

1. Hər hansı bir fənni, elmi, peşəni bir insana öyrədən şəxsi ifadə edən söz;

2. Boynunda qalstuk olanlara, gözümüzə intilligent kimi görünənlərə, ofislərdə, kabinetlərdə, məktəblərdə, xəstəxanalarda, küçədə, bazarda qarşılaşdığımız, amma adını bilmədiklərimizə edilən müraciət forması olan söz;

3. Şef, müdir, patron kimi ifadələrin sinoniminə deyilən söz. Tez-tez eşitdiyimiz forması isə belə olur: “Yol verin, müəllim gəlir”, “Müəllim özü belə dedi”, “Özünüz zəng edin Müəllimə”, “Mən Müəllimə deyə bilmərəm” və s.

Adətimdə olduğu kimi, bir yazı bir sözün üzərində qurulduğunda hökmən lüğətə baxaram. Baxdım ki, dəqiqləşdirmə aparım və yazımı bu izahla başlayım. Baxanda, gördüm ki, mənim tapıntı kimi başa düşdüyüm “müəllim” sözünün bu üç variantı dolayısı ilə lüğətdə də öz əksini tapıb.

“Müəllim” sözü ərəbcədən götürülüb, mənası belədir:

1. Məktəbdə hər hansı bir fəndən dərs deyən adam. Azərbaycan dili müəllimi”. “Tarix müəllimi”. “Müəllimlər otağı – məktəbdə müəllimlər üçün ayrılmış otaq”.

2. Hörmət üçün adlara qoşularaq deyilir.

3. Hər hansı sahədə nüfuz sahibi olan, başqalarına təsir edən, nümunə ola bilən adam; ustad. “Nizami Füzulinin müəllimidir”.

Məncə, Azərbaycan yeganə ölkədir ki, müraciət forması dəqiq olmayanda, hamıya “müəllim” deyə müraciət edilir.

Ən qədim peşələrdən olan bu sənət bu gün də hər kəs tərəfindən hörmətlə anılır, amma boğazdan yuxarı. Çünki müəllimin cəmiyyətimizdəki rolu, nüfuzu cəmiyyətimizin bu sənət sahiblərinə münasibətinin səmimi olmadığını göstərir. 

Bütün peşələr kimi, “Müəllimlər günü” deyilən bir gün var, əvvəllər oktyabrın ilk həftəsi götürülsə də, artıq formalaşaraq oktyabrın 5-i qəbul edilib. Məhz aktual olduğu üçün hamınız bu günün yaratdığı assosasiyanı yaxşı bilirsiniz.

Bir neçə il bundan öncə, oktyabrın 4-də feysbuk profilmdə yazdığım statusu da bura əlavə edirəm:

Sabah müəllimlər günüdür. Əgər özüm də müəllim olmasaydım, müəllimlərə yazığım gələrdi. Bütün dünyada olduğu kimi, Azərbaycanda da bütün peşə sahiblərinin bayramı qeyd edilir. Amma yeganə peşə bayramıdır ki, adı gələndə hamı ağız əyir. Heç kim bu bayramın gəlməsinə sevinmir. Heç müəllimlər də.

Valideynlər ona görə sevinmir ki, kiməsə nəsə almaq və ya vermək məcburiyyətindədir. Müəllimlər də ona görə sevinmir ki, dedi-qodu, söz-söhbət, boğazdan yuxarı deyilən təbriklər, “dedim, pul verək, özünüz nə alırsınız alın” kimi ifadələr və s.

Kaş ki, nə müəllimlər olaydı, nə də müəllim günü. Nə də ki, ömürlərini vətəndaş yetişdirməyə həsr edən, gecəsini gündüzə qatıb, həyatını tabaşir kimi toza çevirən müəllimlərə “itaparan” verilən hədiyyələr. Ehtiyac içində çırpınan müəllimə dolanışığının yaxşılaşdırılması üçün verilən minnətli rüşvət də olmayaydı, hansı ki, bu, həmin 20 manatdır: kasıblar “palaza bürün, el ilə sürün” prinsipinə görə boğazından kəsib əli əsə-əsə, harınlamış varlılar isə etinasız, hörmətsiz, saymazyana verirlər…

Sanki müəllimlər günü o deməkdir ki, valideynlər müəllimlərin zəhmətini bu bir gündə qaytarmalıdır. Bu, bir müsəlmanın Həccə getməsi, şeytanı daşlaması kimi vacib bir adətə çevilib.

Ölkədə ən çox peşə sahibləri olan müəllimlərə heç kim hörmət bəsləmir, heç kim dəyər vermir. Aşağılanaraq, təhqir edilərək, cəmiyyətin bütün təbəqələrinin axırıncı səviyyədə görülən müəllimlərini sevsə-sevsə, sadəcə ibtidai sinif şagirdləri səmimi şəkildə sevər. Çünki onlar hələ gözünü müəllimlər gününə, 8 Mart bayramına, rüb qiymətlərinə, uşaqların dərsdən sonra əlavəyə gəlmələrinə, kitab, sirkə bilet satıb ondan beş-üç qəpik qazanmağa dikən və ya buna rəhbərliyi tərəfindən məcbur edilən müəllimlərini, şagirdinin bütün nazı ilə oynayıb, gələcəyini böyük ümidlə gözlədiyi, amma sonradan atılmışlar kimi heç zaman xatırlanmayan müəllimlərini tanımırlar.

Əziz valideynlər, müəllimlər də insandır – qəlbi var, ruhu var, ürəyi var, könülləri şagirdləri üçün çiçək açan gülüstandır. Nə olar, onlar da bayramlarını zəhrimarla qarışdırmasın; nə olar, onlar da uzun illər görmədiyi şagirdindən təbrik ismarıcı alsın, ürəklə, həvəslə təqdim edilən gül alsın? Nə olar, belə olsa? Yoxsa ki, utana-utana, qısıla-qısıla valideynin onun cibinə qoyduğu 20 manatı götürsün, ya da ki makler sinif rəhbərlərinin sinifdən manat-manat toplayıb paylaşdırdığı pulu alsın?!

Dərd təkcə bu “Müəllimlər günü” və bu günün məcburi hədiyyələşmə günü olması deyil ki…

Dərd odur ki, kimə sual versən “sənin üçün müəllimlik sənəti nədir”? Baaaa, gəl edilən pafoslu sözlərə bax da onda! Özünüz təsəvvür edə bilirsiniz deyə, deyib, təsirini azaltmaq istəmirəm. Amma di gəl, sualı başqa cür qoysan, başqa cavab alarsan. Məsələn belə – “uşaqlar necədir, dərsə gedirlərmi, məktəbdə vəziyyətləri necədir?” Fıstırıq burasındadır eee. Mücərrəd mənada olan “müəllimlik” sözünü ağız dolusu tərifləyən bu şəxs indi deyəcək ki, “əşşi biabırçılıq, müəllimlər yola veirir, gündə pul yığırlar, uşağı hazırlığıa çağırırlar, dövlətin ayırdığı milyardları basıb yeyən bu müəllimlər, bir dəfə də olsun düz əməlli dərs keçmirlər. Onuncu sinifdən çıxarıb adın yazdıracam qaçqın məktəbinə, özün də qoyacam repetitor yanına”.

Hələ mən demirəm ki, həmin valideynə sual verəsiniz ki, uşağa hansı ixtisası seçmisiniz? Desəm, “qətiyyən müəllimliyi deməyəcək”, əmin olun.

Amma yenə də siz mənə baxmayın, müəllimlik çox böyük peşədir.

Unutmayın ki, müəllim – söyüş söyməz, müəllim – etiraz etməz, müəllim – bütün xanımlara qızı, oğlanlara oğlu kimi baxar. Özündən balacalara da, böyüklərə də hörmət etmək, onları başa düşmək məhz müəllimin əsas peşəsidir. Hətta müəllim heç vaxt müxalif də düşünə bilməz, heç dərsliklərə belə. Əgər bir müəllif dərslikdə yazsa ki, Şah İsmayıl bizim qəhrəmanımızdır, məhz belə də tədris etməli, yox əgər bir neçə ildən sonra başqa bir müəllif yazsa ki, Şah İsmayıl bizim düşmənimizdir, elə də tədris etməlidir. Və ya bir müəllifin hegemonluğu dövründə kitaba salınsa idi ki, “balaca” sifətin azaltma dərəcəsindədir, eləcə adi dərəcədə tədris etməli, sonralar başqa bir müəllif yazsa ki, yox çoxaltma dərəcəsindədir, çoxaltma kimi də tədris etməlidir. Elə bu səbəbdən də dör il dalbadal “kompyuter” sözünün gah “kompüter”, gah “komputer”, gah da “kompyüter”  yazıldığını deyən müəllim, sizcə, böyük adam deyilmi, müəllimlik böyük peşə deyilmi?

Cəmiyyətin bütün günahlarına səbəbkar müəllimdir bu dövrdə… Maaşı ən az alan da müəllim, hər gün hər yerdə haqqında danışılan da müəllim, bütün hücumlara məruz qalan da müəllim.

Müəllim şagirdi başa düşməlidir, çünki şagird uşaqdır, əlindəki gündəliyi, az qala, müəllimin gözünə soxan valideyni də başa düşməlidir, çünki valideyn savadsızdır, müəllim ona tapşırılan bütün işləri yerinə yetirməlidir, çünki bu, Vətən üçündür, millət üçündür; direktorunun haqsızlığını da başa düşməlidir, çünki dərs bölgüsünə və cədvələ o nəzarət edir; müəllim bütün günü mərifətsizlik edən qonşusunu belə ötüşdürməlidir, axı o, müəllimdir. Böyük və hörmətli peşənin nümayəndəsidir Müəllim!

Müəllim həmişə hər yerdə işimizə yarayan ən üzüyola varlıqlardır:

1. Toylarımızda tamada yoxdursa, müəllimə nə gəlib;

2. Toylarımızda pulu yazmağa adam yoxdursa, müəllimə nə gəlib;

3. Elçiliyə gediriksə, danışa biləcək adam yoxdursa, müəllimə nə gəlib;

4. Ərizə yazmalıyıqsa, şikayət etməliyiksə, bunu bacaran adam yoxdursa, müəllimə nə gəlib;

5. Arvadımıza, qızımıza iş yeri tapa bilmiriksə, müəllimə nə gəlib;

6. İnək əbədəyə düşübsə, onu çıxarmağa gücümüz çatmırsa, savadlı adam lazımdırsa, müəllimə nə gəlib;

7. Bir sözlə, yatanda da, duranda da, batanda da, çıxanda da işimizə yarayan müəllimlərin bayramıdır, gəlin onları təbrik edək!

Axı müəllimlik şərəfli peşədir!

Bölmə : Şəmil Sadiq