Müəllimimdən şagirdimə

40 Baxış

13230351_10207350333008936_1396239990198755565_n

Şəmil Sadiq

Filologiya üzrə fəlsəfə doktoru, dosent.

 

Məhəbbət o deyil ki, durub üz-üzə,

Hər səhər, hər axşam baxasan gərək.

Sevmək o deməkdir ki, şirin duyğu tək,

Ürəkdən ürəyə axasan gərək.

Bu şeiri sevgilim tələbə vaxtı yazmışdı mənə. Necə olubsa, şeir əzbərləməyi bacarmayan biri kimi bir dəfə oxumaqla uzun illərdir ki, əzbərimdə qalıb. Əslində, yazacağım mövzu məhəbbətdən olsa da, məhəbbətin başqa növünə aiddir – Müəllim şagird məhəbbəti.

Bütün tələbələrinin sevimlisi olmuş, Arif Əmrahoğlunun haqqında xatirələr kitabının təqdimat mərasiminə dəvət aldığımda qeyri-ixtiyari Arif müəllimi düşündüm və gözlərim önündə canlandırdım. Universiteti 15 ildir bitirmişəm. Və bu gün də Arif müəllimi sevgi ilə xatırlayıram. Vaxtsız vəfatı hamı kimi məni də incitmişdir. Daxilimdə çarəsizcəsinə Tanrının qarasınca da deyinmişdim o vaxt. Çünki dünyamızda bu qədər naxələf, lazımsız adamlar durarkən, Arif müəllim kimi dəyərli bir insanın ölümünü qəbul etmək o qədər asan deyildi. Arif müəllim sözün əsl mənasında yaxşı adam, nurlu insan idi… Müsbət enerjisi ilə ətrafını işıqlandırırdı. Bu isə mənim üçün Tanrının pisləri yox, yaxşıları bu dünyadan bu cür tez geri çağırmasının yeganə cavabıdır: “Tanrının da müsbət enerjiyə ehtiyacı var”.

Arif müəllim bizə cəmi 2 akademik saat dərs deyib. Amma mən onun bizə ən az bir semestr dərs dediyini xatırlayıram. Bu isə keyfiyyətin kəmiyyət üzərində Arif Əmrahoğlu priyomu ilə qələbəsi idi.

O iki akademik saat çərçivəsində biz Çingiz Aytmatovun “Cəmilə” povestini müzakirə etmişdik. Düzünü deyim ki, əksər tələbələrdən fərqli olaraq, mən povesti oxumamışdım. Müzakirə başlayanda Arif müəllim bir usta kimi bunu hiss etdi. Aktivliyimdən fərqli olaraq gözlərindən yayınmağa çalışırdım. Müzakirənin bir məqamında özümü saxlaya bilməyib əlimi qaldıranda Arif müəllim “Şəmil sənin fikrini axırda dinləyəcəm” deyərək məni həmin durumdan ustaca xilas etdi. Və sonda dinlədi də… Kimsə hiss etmədi ki, mən əsəri oxumamışam. Bir Arif müəllimdən başqa.

Və indiyə qədər də o əsəri oxumamışam. Amma iddialıyam ki, istənilən oxucudan yaxşı xatırlayır, istənilən polemikaya hazıram bu mövzuda. Çünki əsər o qədər dolğun müzakirə edilmişdi ki, unudulması mümkün deyil…

Bu, bir müəllimin işini ən yaxşı görməsinin, peşəsini sevməsinin bariz göstəricisidir.

Arif müəllimin bütün tələbələrinin onun haqqındakı fikirlərini eşidəndə qibtə etməmək mümkün deyil. İstər-istəməz adamın ürəyindən keçir ki, kaş ki, mən də….

Arif müəllimin anım mərasimində facebookdan gələn bir mesajı oxudum. “Salam müəllim”. Mesajı yazanın kim olduğunu adından tanıdım, başından yox. Çünki Tural Cəfərli adlı şagirdim idi bu şəxs. Düz 8 il bundan öncə məktəbi bitirmiş pırpız saçları olan, gonbul və qara oğlan… Amma indi elə deyildi. Saçları vaxtından tez tökülmüş, bir az da oturuşmuş, 25-26 yaşlı ziyalı bir gəncdir artıq.

Mesaja sadəcə “Salam” cavabı yazmışdım. Çünki incimişəm ondan və “vəfasız sadiqlər” adlandırdığım sinif yoldaşlarından. Qısaca “salam” yazaraq incikliyimi hiss etdirmişdim.

Amma bütün insanlar belədir. Tez unuduruq. Necə ki, mən Arif müəllim xəstə olanda yanına gedə bilmədim. Necə ki, əlamətdar günlərdə xatırlayıram. Mənim də şagirdlərim elədir.

Bu məqamda yadıma düşmüşdü yuxarıda verdiyim o bir bəndlik şeir – Məhəbbət ürəkdən ürəyə axmaq deməkdir. Hər gün görüşmək, hər gün danışmaq vacib deyil, yadına düşəndə gülümsəmək, xoş hisslərlə anmaq deməkdir – məhəbbət…

Və həmin gün gənc yazıçı Tural Cəfərlinin “Ədalət” qəzetində işıq üzü görən “Salam, müəllim” yazısını görəndə müəllimimə olan sevgimlə, şagirdimin sevgisini birləşdirdim. Tural çox şeyi yazıb həmin yazıda. Oxuduqca 2001-ci ildə ilk dəfə dərsə başladığım 20 nömrəli məktəb, XI a sinfini xatırladım. İlk və son sinfim oldu həmin məktəbdə. Onlarla başladım, onlarla bitirdim məktəb karyeramı.

Həmin Va-XIa sinfi idi ki, onların üzərində bütün sınaqlarımı apardım. İstər dilçilik, istərsə də ədəbiyyat dərslərində onlara çox şey verdim. Onlarla öyrəndim, onlara öyrətdim. Mənim müəllim olmağımda onların çox böyük dəstəyi oldu. Bütün çağırışlarıma cavab verdilər. Sanki onlar da taleləri ilə barışmışdılar mənim laborator obyektim olmağa. Amma mən bu obyektlərə o qədər sevgi və həvəslə yanaşdım ki, birgə böyüdük, birgə yürüdük!

İsa Muğannanın “İdeal” əsərini təzə oxumuşdum və o VIII siniflər idi ki, onlara da oxutdum, nə qədər dərk edə bildiklərini sadəcə indi düşünür və heyrətə gəlirəm.

“Allahı necə başa düşürəm” adlı inşanı onlara VI sinifdə yazdırdım. Valideynlərdən gələn təpkiləri xatırlayanda tüklərim ürpəşir indi. Onda cavan və enerjili idim. Heç nədən qorxmur, üzü hədəfə doğru gedirdim.

İlk dəfə yazdığım “Qana qan qarışdı” pyesini, Səməd Vurğunun “Vaqif” pyesinin beş pərdəsini də onlarla səhnələşdirdik. Təsəvvür edirsiniz, IX sinif şagirdləri beş pərdəli bir əsəri oynayır və mən də rejissor oluram.

İlk dəfə açıq dərsimi onlarla həyata keçirdim. O zaman ağıllı lövhə zad yox idi. Mövzum isə “Ədəbiyyatın internetlə tədrisi” idi. Heç unutmadığım bir hadisəni danışım sizə. Deməli, açıq dərsə öncədən hazırlaşmış, uşaqlara hansı sualı verəcəm və hansı cavabı alacağam bəlli idi.

Dərsdə həyəcandan sualım belə oldu: “Şəhriyar neçə yerə bölünür?” Əslində isə “Heydər babaya salam” poeması neçə yerə bölünür olmalı idi. Suala cavab yox idi. Sinif susmuşdu. Sinfin ən yaxşı oxuyan şagirdlərindən vaxtsız vəfat etmiş Turanə Paşayeva sual dolu nəzərlə üzümə baxırdı. Sanki səssizcə “müəllim sual yanlışdır” deyə bağırırdı. Amma nə fayda. Gec idi. Vəziyyətdən çıxmaq vaxtı idi. Satqın çıxaraq uşaqları satdım. Bir anlıq ağlıma gələn ideya məni qurtardı və mən “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi oldum.

- Uşaqlar, gərəkdir ki, hər şeyi əzbərləyəsiniz? Bəs sizin məntiqiniz, öz baxışınız necə oldu. Əlbəttə ki, Şəhriyar mənən iki yerə bölünürdü: Şimal və Cənubi Azərbaycan.

Bu fikri deyəndə bizim məktəbdən olan metodkabinet rəhbəri Sürəyya Sadıqovanın qaralmış simasında sanki çiçək açdı. Elə sevindi ki… Münsiflərin də məhz bu situasiya xoşuna gəlmişdi. Səmimiliyə qiymət vermişdilər. Amma uşaqlar heç nə başa düşmədilər. Üzlərində yazılmış “Ay müəllim!” nidalarını heç vaxt unuda bilmirəm.

Həmin “A” sinfi idi ki, onlarla birgə Bakı şəhəri üzrə keçirilən “Karl Popper” debatının qalibi olduq.

Həmin “A” sinfinin şagirdləri idi ki, ilk oxucularım onlar olmuş, ilk avtoqrafı onlara vermişdim.

Həmin “A” sinfi idi ki, onlarla dağlara, meşələrə, pikniklərə getdik, hətta qurşaq tutub güləşdik də…

Həmin “A” sinfi idi ki, yeni nə öyrənirdim onlara öyrədirdim.

Həmin “A” sinfi idi ki, ilk parodiyamı onlar etmiş, Turalın da yazdığı kimi açarı necə oynatdığımı onların yamsılamasında görmüşdüm.

Bu gün o uşaqlar hərəsi bir iş sahibidir.

Turalın, Turanənin hər şeylə razılaşmayan narazı, Talenin müdrik, Arzunun məsum, Orxan və Elfaqın dəcəl və cığal, Qulunun mütəvazi, Səbinənin sulu gözlərini (Səbinə Kərimova 5-dən başqa bütün qiymətlərə ağlayırdı) heç vaxt unuda bilmirəm. Çünki o sinfin şagirdlərinə üsyan etməyi, haqlarını tələb etməyi, mübariz olmağı öyrətmişdim. Hər şeyə etiraz edirdilər.

Hamısına şeir də yazdırmışam, hamısına hekayə də yazdırmışam, hamısına əsər də oxutdurmuşam.

İlk cəza sistemimi orda tətbiq etmişdim, qızların qulağına evlərindən gətirdikləri paltar şpilkaları bəzəyir və gülürdük. Rusca danışanlarından toplanan cərimə pulları ilk fondumuz olmuşdu.

Azərbaycan Respublikası Uşaq Parlamentinin ilk spikerini həmin sinifdən çıxarmışdıq: Tale Əliyev!

Hətta ilk dəfə şagirdi də o sinifdə vurmuşdum. Kamranın uşaqlarla zarafatlaşması zamanı bilmədən ağzından çıxardığı söyüşü eşitməyim ona baha başa gəlmişdi. Bütün məktəb deyirdi ki, valideynlər səni şikayət edəcək. Amma elə olmadı. Hətta valideynlər hadisəni uşağın özündən dinləyəndən sonra mənə təşəkkür də etdilər.

İlk dəfə həmin sinifdə rəhmətlik Abdulla Mehrabovun nəvələrinə “2″ yazan mən olmuşam və bu “2″-yə görə direktorun belə narahat olduğu bir vaxtda rəhmətliyin özündən təşəkkür eşitmişəm.

Hələ, ilk rüşvət təklifini də bu sinifdə almış və bu haqda felyeton da yazmışam.

Onlar mənim müəllim olmağım üçün ən yaxşı müəllim oldular.

İndi isə onlar müəllimlərini unutmur, onun haqqında yazılar yazırlar. Bunun verdiyi qüruru sadəcə yaşayanlar bilər. Kövrəlməmək, gözlərinin yaşını sıxmamaq mümkün deyil.

Hər biri bu millət üçün dəyərli gənclərdir, əminəm ki, nə vaxt olur olsun, harda olur olsun onlar Azərbaycan dövlətini, türk millətini sevəcək və bəşəriyyətə xeyirli olacaqlar.Adlarını çəkə bilmədiyim, bütün XI a (son sinif olduqları üçün həmişə yadımda belə qalıb) sinfinin şagirdlərini sevgi ilə anıram. Və ümid edirəm ki, Turanəsiz də olsa yenə bir yerə toplaşacağıq, onun məzarına gedəcəyik bu il də…

Və düşünürəm ki, Arif Əmrahoğlu kimi, Tofiq Hacıyev kimi, Məmmədəli Qıpçaq kimi müəllimlərin bizə verdikləri bunlar idi ki, indi mən də yaşayıram və qürurlanıram. Yaxşı müəllim olmanın avantajı da bu olsa gərək…

Müəllimlərimə və şagirdlərimə sayğılarla…