“Müasir Azərbaycan kinosu” monoqrafiyası çap olunub

7 Baxış

14924104884500743900_1000x669

Tanınmış kinoşünas, kinodramaturq, rejissor, Dövlət mükafatı laureatı, Əməkdar İncəsənət Xadimi, professor Aydın Dadaşovun “Müasir Azərbaycan kinosu” monoqrafiyası çapdan çıxıb.

Senet.az xəbər verir ki, “TEAS Press” nəşriyyat evi tərəfindən çap olunan monoqrafiyada əsasən son 25 ildə çəkilmiş Azərbaycan kinofilmlərində sənətkarlıq məsələləri, “Qarabağ” mövzusunun bədii filmlərdə təcəssümü, keçid dövründə yeni axtarışlar, modernist kinoya doğru atılan ilk addımlar, vətənpərvərlik və vətəndaşlıq məsələlərinin ekranda canlandırılması kimi mövzular araşdırılır.

XX əsrin sonları-XXI əsrin əvvəllərində çəkilmiş əksər kinofilmlər əsərdə geniş təhlil olunur. Kitabda az qala hər bir ekran əsəri, oradakı personajların xarakteri ayrı-ayrılıqda araşdırılır, obrazlar təhlil olunur, ssenarist, rejissor və operatorların, ümumiyyətlə, bütün yaradıcı heyətin işi ciddi tənqid süzgəcindən keçirilir.

Əsər müstəqillik dövrü Azərbaycan kinosunun “Yarasa”, “Güllələnmə təxirə salınır”, “Sonuncu dərviş”, “Ovsunçu”, “Qisas almadan ölmə. Keçmişdən məktublar”, “Haray”, “Yaddaş”, “Fəryad”, “Hər şey yaxşılığa doğru”, “Yalan”, “Əlvida, cənub şəhəri”, “Arxada qalmış gələcək”, “Dolu”, “Nabat” və daha neçə-neçə ekran əsəri əsasında aparılmış ilk elmi araşdırmaların məhsuludur.

AMEA Memarlıq və İncəsənət İnstitutu elmi şurasının müvafiq qərarı ilə çapa tövsiyə olunmuş əsərin elmi redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov, rəyçiləri professorlar Məryəm Əlizadə və Aqşin Babayev, nəşriyyat redaktoru isə Kərim Kərimlidir.

Təəssüf ki, kitabın üzünü görmək müəllifə qismət olmayıb. O, kitabın mətbəədən gəlməsindən bir neçə gün əvvəl dünyasını dəyişib. Bu əsər 25-dən artıq kitab, monoqrafiya, dərslik və dərs vəsaitinin, 60-dan artıq filmin ssenari müəllifi, rejissoru, redaktoru, direktoru olan tanınmış kinoşünas, professor Aydın Dadaşovun yaradıcılığının akkordu oldu.

Ümidvarıq ki, “Müasir Azərbaycan kinosu” oxucuların, ilk növbədə kinoşünasların, bu sahədə tədqiqat işləri aparan alimlərin, kino tənqidçilərinin, ali təhsil ocaqlarının müəllim və tələbələrinin, eləcə də sıravi kino həvəskarlarının çox sevdiyi kitablardan birinə çevriləcək. Oxucular kitabı kinoya, maraqlı bir filmə baxırmış kimi oxuyacaqlar.

KÖŞƏ YAZARLARI
TOP 10