Müasir Azərbaycan nəsrində qotik roman

225 Baxış

vusalnuruLalə Həsənova

Qotik roman dünya ədəbiyyatında qədim tarixə malikdir. X. Uolpolanın “Otranto qəsri” romanı (1764) bu janrın ilk nümunəsi hesab olunur. Həmin dövrdə ciddi marağa səbəb olsa da, bu ədəbiyyata maraq sonradan azalır, lakin itmir. Zaman –zaman dünya nəsrində bu janrda bir çox əsərlər yazılmışdır. Tanınmış klassiklər İ.S. Turgenev, A. Tolstoy, Folkner və b. bu ənənəyə müraciət etmişlər.

Rus nəsrində qotika elementlərindən bəhs edən A. Polyakova, təsnifat zamanı reallıqla fantastikanın nisbətinə əsaslanaraq bu əsərləri üc qrupa bölür. Birinci qrupa fantastik elementlərdən birbaşa istifadə olunmadığı, əsasən sirr, intriqa üzərində qurulan, sonda hadisələrin baş vermə səbəbləri aydınlaşdırılan “sentimental” qotik romanları (A. Radklif) aid edir. İkinci qrup əsərlərdə fantastikanın obyektiv gerçəkliyin bir hissəsi olduğunu, üçüncü qrupa aid əsərlərdə isə müəllifin hadisələrə birmənalı cözüm vermədiyi qeyd olunur. Bu zaman oxucu özü baş verənlərin qəhrəmanın təxəyyülünün məhsulu olduğunu və ya real gercəklikdə yer aldığını müəyyənləşdirməlidir. Beləliklə, tədqiqatçı Dibeliusun (ötən əsrin əvvələrinə təsadüf edən) qotik əsərləri ənənəvi “qara” və “sentimental” olaraq iki qrupa ayıran təsnifatını dolğunlaşdırmış olur.

XX əsrin son rübündən başlayaraq bu ənənə yenidən gündəmə qayıdır. Amerika ədəbiyyatşünaslığında “ən yeni qotika” (T.N.Denisova)  adlandırılan əsərlərdə ənənəvi formadan fərqli olaraq janr xüsusiyyətlərinin, stereotiplərin, bu sahədəki ənənənin yeniləşməsi, insan psixikasının böhran anlarına marağın artması, müasir dünyada mənəvi deqradasiya kimi xüsusiyyətlər yer alır.

Azərbaycan nəsrində qotik janrın motivlərinə rast gəlmək mümkün olsa da, bu ənənə nə klassik, nə də müasir nəsrimizdə geniş yayılmış bir hadisə deyil. Bu baxımdan Vüsal Nurunun qotik roman nümunələri olan “999”, “Prezidentin qızı” əsərləri maraq doğurur.

Janrı qotik ədəbiyyat, mistik triller kimi müəyyən edilən “Prezidentin qızı” romanı, sirli, müəmmalı bir əhvalat əsasında qurulub. Fotoqraf olan gənclər model qızlarla birgə fotosessiya etmək üçün, dənizdə uçuq-sökük bir estakadaya üz tuturlar. Təsadüfən seçilən məkanda dəhşətli bir cinayət baş verir və lənət oyanır, intiqam almağa başlayır. Dörd dostdan üçü hadisədə iştirak edirlər. Ayşad və Qızıllı isə hadisədən xəbərsizdirlər. Şəhərə döndükdən sonra dostlar bir –bir faciəvi, sirli bir şəkildə ölürlər. Gənclər estakadada rastlaşdıqları, hətta şəklini belə çəkdikıləri balıqçının fotolarını çap etmək istəyəndə faciə baş verir. Şəkillər yanır, həmin insan isə ölür. İntihar və ya qətl olduğu məlum olmayan bu ölümlərlə birgə əsərə ruhlar da daxil olur. Bu hadisənin izi ilə illər öncə baş vermiş daha bir zorlama faktı və qoca balıqçının qisasının üstü acılır, qəzəbli balıqçı və onun qan içində olan qızının əhvalatı üzə çıxır.

Beləliklə, mürəkkəb, şaxələnən süjetə malik əsərdə, müəllif müxtəlif xəttləri birləşdirə, bir əhvalat əsasında yönləndirə və inkişaf etdirərək, tədricən cözülən müəmmaların sonda məntiqi yekununa nail ola bilir. İlk olaraq təsvirlər sanki kənardan baxış sərgiləyir. Hər bir personaj barədə məlumat verilir. Lakin süjet xətti inkişaf etdikcə müəlliflə birgə çıxılmaz bir labirintə yuvarlanırsan. Hər küncündən qorxulu qarabasmalar, ruhlar boylanan mistik bir məkana. Məkanlar, keçidlər sanki bir –birindən doğur, vahid süjet xətti ətrafında birləşir. Dənizdə baş verən hadisələr dörd dostun həyatını dəyişərək əsl kabusa cevrir.

Dünya təcrübəsində bu romanlarda bir deyil, bir necə mövzu yer alsa da, sözügedən əsərdə hadisələr bir mövzu ətrafında cərəyan edir. Oxucu qorxu və nigarançılıqla bu ölüm, qan dolu hadisələri izləyir. Əsas personaj qızdır- zorlanan qız. Sona doğru çox illər əvvəl baş vermiş hadisədəki qızın kabusu önə çıxır. Anyuta-fotoqrafların modeli isə magiyaya marağı ilə romanda görünsə də arxa planda qalır. Dostların həyatlarını kabusa cevirən isə qızının intiqamı ilə yanan qoca balıqçıdır. Hadisələr iki məkanda real həyatda və “lənətlənmiş ” məkanda davam edir. İkinci məkan yalnız Ayşada məlumdur. Birinci məkanda isə, müstəntiq Cavadın araşdırmaları hadisələri tamamilə fərqli istiqamətə yönləndirir.

Roman Ayşadın həbsi, ağlını itirməsi ilə yekunlaşır. Müqəssirlərin hər biri, dəhşətli şəklidə ölürlər, cinayət cəzalandırılır. Bu ölümlər real müstəvidə intihar kimi qiymətəndirilsələr də, əslində onlar əlahiddə qüvvənin, qəzəbli balıqçının ruhunun qurbanıdırlar. Əsərin süjeti tsiklik xarakter daşıyır: iki reallığın mövcudluğu, mistik dünya ilə konflikt və yenidən reallığa qayıdış. Konflikt “lənətlənmiş” məkanda baş verir. Irreallığın müasir həyata müdaxiləsi, qarabasmalar, yuxu kimi motivlər sayəsində mövcudlaşır. Keşmişlə indi arasında əlaqə yaradacaq vasitə olaraq şəkillər yer alır.

“Prezidentin qızı” romanında gənclərin zorakılığı əsərin əsas konfliktini təşkil edir, müasir dünyamızın bir çox problemlərinə ötəri, publisistik tonda toxunulur. Lakin bu zorakılığı doğuran səbəblər, ümumiyyətlə müasir dünyamızda bu kimi hadisələrin geniş yayılması, problemin bədii şərhi yer almır. Müəllif daha çox süjetin oyunlarına aludə olur, zorakılıq hadisəsi, həmin qızın taleyi isə diqqətdən kənarda qalır. Gənclər hadisənin açılmayacağına və cəzalandırılmayacaqlarına inanırlar. Bu zaman ruh onları cəzalandırır. Lənətin oyanmasına səbəb isə müasir insanın mənəviyyatsızlığı, illər öncə eyni yerdə baş verən hadisənin təkrarlanmasıdır. Hadisələr elə cərəyan edir ki, dostlar bir-birindən şübhələnir, sanki kimsə onları üz-üzə qoymaq istəyir. Müəllif müasir dünyada inamın pucluğunu, səmimiyyətin yoxluğunu göstərməyə çalışır.

Beləliklə, təhlil qotik janrın öz davamlı strukturunun olduğunu, müasir ədəbiyyatda müəyyən modifikasiyalara uğramasına baxmayaraq, əsasən eyni struktur üzrə inkişaf etdiyini söyləməyə imkan verir.

 

 

 

 

 

Bölmə : Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10