Müasir dövrdə çoxluğun yox, fərdin fikri önəmli və təsirlidir

24 Baxış

11

Rza Rzayev 17 may 1973-cü ildə Naxçıvan MSSR-nın Şahbuz rayonunda anadan olub. İdarəetmə və Biznes İnstitutunun Hüquq Fakültəsini bitirən Rza Rzayev Dövlət İdarəçilik Akademiyasında ikinci təhsil alıb. 2014-cü ildə Türkiyənin Beykent Universitetinin Sinema və Televiziya fakültəsində magistr təhsili almağa başlayıb. 2015-ci ildə tarixdə ilk dəfə Nyu-York Film Akademiyası Türkiyəyə kurs keçməyə gəlir və Rza Rzayev akademiyada 80-ci illərin əfsanə rejissoru Şelton Gilbertdən (Shelton Gilbert) rejissorluq sənətinin incəliklərini öyrənir.

 

İlk dəfə rejissor Rövşən Almuradlının ekranlaşdırdığı “Bəsdir, ağlama!” filmində çəkilib, ondan sonra bəzi filmlərdə rol alıb.

 

2016-cı ildən rejissorluq fəaliyyətinə başlayan Rza Rzayev ssenaristi və quruluşçu rejissoru olduğu ilk ekran işinin – “Geyilməmiş ayaqqabılar” filminin çəkilişlərinə başlayır. Film 2016-cı ilin Aprel döyüşlərində canını qurban vermiş şəhidlərin xatirəsinə həsr olunub. 2018-ci il yanvar ayının 16-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Geyilməmiş ayaqqabılar” filminin Nizami Kino Mərkəzində geniş ictimaiyyət üçün təqdimatı baş tutub.

 

“Ustad” rejissor Rza Rzayevlə müsahibəni təqdim edir.

 

 – Rza bəy, sənət sizin üçün nəyi ifadə edir?

 

– Təkərdə olan böyük deşikləri yamamaq olur bəzən, çox kiçik deşiyi isə yox, çünki əsas məsələ deşiyin harda olmasıdır, böyüklüyü, kiçikliyi deyil. Yamaq götürməyən yerlər var. Sənətin işi yamaq götürməyən yerləri tapıb, göstərməkdir.

 

– “Ünvansız qız” serialından sonra kino aləmindən uzaqlaşmağınızın və təkliflərdən imtina etməyinizin səbəbləri nələr idi?

 

– Bir çox səbəblər vardı. Onları sadalamaq fikrim yoxdu. İndi bir onu deyə bilərəm ki, bunlar hamısı gələcəyə hesablanmış şüuraltı hərəkətlər imiş və bu imtinalardan peşman deyiləm və sən demə, elə uzaqlaşdığım qədər də “yaxın” gəlirmişəm.

 

– Aktyorluqdan rejissorluğa keçid həyatınızda nə kimi dəyişikliklər yaratdı? Yenidən hansısa filmdə rol almaq istəyiniz varmı?

 

– Rejissorluğa keçid həyatımda yerdəyişməyə səbəb oldu – durduğum, olduğum yeri dəyişdim. İnsanın durduğu yer çox önəm daşıyır, nəyin necə göründüyünü durduğumuz yer “göstərir”. Baxışlarımızı dəyişmək üçün yerimizi də dəyişməyə məcburuq və yaxud bir şeyin başqa tərəflərini görmək üçün yer dəyişikliyi etmək lazımdır. Amma müxtəlif adamların eyni yerdə durması, yerini dəyişməsi bir şeyi eyni görmək mənasına gəlməməlidir. Artıq burda şəxsi maraqlar – dünya görüşü, bilgi, din, ulus dəyərləri ortaya girir. Drakon obrazına xələl gətirəcək heç bir filmdə rol almayacam. Təcrübədə belə hallar var, aktyor tamaşaçının yaddaşında eyni obrazla qalmaq istəyir. Hələlik bu istəkdə qalıram.

 

– Son filminiz “Geyilməmiş ayaqqabılar” film aləminə ziddiyyətli fikirlərlə daxil oldu. Təqdir eləyənlərlə yanaşı, tənqid edənlər də az olmadı. Sizcə, bu filmin mesaji öz auditoriyasına yetişə bildimi?

 

Tənqid görmədim, sadəcə bəzi şəxsi yozumlar gördüm. Həmin adamların ümumiyyətlə film sənətindən, film dilindən xəbərləri yoxdur. Tənqidin qayda-qanunu var, yozmaqsa yuxu yozmağa bənzəyir. Hər kəs öz ağlı kəsəni danışır, yazır. Nəzəriyyədə bir hadisə var. Avropa film nəzəriyyəçiləri rejissorlarla bir səhnə çəkib başqa-başqa millətlərin nümayəndələrinə göstərirlər ki, görək, onlar eyni səhnədə nələri görür, necə dəyərləndirir. Bir çox millətin nümayəndələri izlədikdən sonra afrikalılara göstərirlər, filmə baxan afrikalılara “Səhnədə nə gördünüz?” sualını verdikdə, onlar deyir ki, biz toyuq gördük. Yaradıcı heyətin üzvlərinin hamısı çaşır, toyuq nədi, axı bu səhnə üçün toyuq nəzərdə tutulmayıb. Səhnəyə təkrar baxırlar, görürlər ki, həqiqətən toyuq var, kadra təsadüfən girib. Yəni , afrikalılar o boyda səhnədə ancaq toyuğu görə bilib, çünki kadrda olan başqa heç nə haqqında təsəvvürləri yoxdur.
Kinonun dili universaldır, yəni sənətin dili üst dildi, dillərin üstüdü. Bu o deməkdir, sən öz dərdini üst dilin altında qalan öz ulusunun dili ilə anlatmalısan ki, maraq doğursun. Üst dil yaradan alt dil sənin kimlik dilinlə ifadə olunmalıdır. Bu ünsiyyət dili deyil, məna yaradan dildir. Sən o dillə məna yaradırsan, o da hamı ilə ünsiyyət.

 

– Bədii filmlərdə “dialoq estetikası” kino tarixinin köhnə problemidir. Niyə bir çox filmlərimizdə adi obrazlar çox biçimli cümlələrlə danışır?

 

– Filmlərdə dialoqlar xüsusi yer tutur və xüsusi yazılır. Vəziyyətə və hadisəyə uyğunlaşdırılır. Filmdə həyatda olduğu kimi danışa bilməzsən, amma elə dialoq qurmalısan, elə danışmalısan ki, izləyici bunu gerçək olduğunu qəbul etsin. Bizdə küçə dili ilə məişət dilini, ədəbiyyat dili ilə film dilini dəyişik salırlar. Ola bilər, filmdə dialoq, görüntü və yazı ayrılıqda başqa məna ifadə etsin, birlikdəsə tam başqa məna. Bir sözlə, peşə, obraz, xarakter danışmalıdır. Dialoq sadə və ya qəliz, biçimli yox, açıq olmalı, vəziyyəti və obrazın xarakterini ifadə etməlidir.

 

– Rejissor Rza Rzayev qloballaşan dünyada “müəllif filmləri”nin avantajını nədə görür?

 

– Biz həyatda kimsə küçədə və yaxud müxtəlif məkanda yıxılanda, “yıxılana” acıyırıq, amma Çarli Çaplin filmdə “yıxılanda” gülürük. Gerçək həyatla kino bu qədər fərqli dünyadır. Yaşadığınız, mövcud olan dünyanı filmə “daşıyanda” izləyiciyə yeni heç nə vəd etmirsiniz, onun həyatını, yaşamaq istəyini, ümidlərini filmin içində yox edirsiniz. Kinonun işi isə yeni insan yaratmaq, insanı yenidən var etmək, ona yeni yaşam ümidləri vermək, ona həyatın fərqli tərəflərini göstərmək, yeni dünya qura biləcəyinə kömək etməkdir! Kino sənəti ona görə çox sevilir ki, onu tam kiməsə həsr etmək olmur. Orda kimsə tam nəzərdə tutulmur və heç kim həyatda olduğu kimi özünü filmdə tam görmək istəmir, amma hamıdan, hər şeydən bir hissə var orda, sən başqa hissələrlə öz hissəni istədiyin kimi tamamlaya bilirsən. Yəni, yeni özünü yaradırsan, daha çox istədiyin kimi! Müəllif filmlərinin avantajı odur ki, artıq dünya fərdə daha çox dəyər verir, bir fərdin gördüyünü bir ordu həyata keçirə bilmir. Müasir dövrdə çoxluğun yox, fərdin fikri önəmli və təsirlidir. Müəllif filmləri fərdin dili ilə onun məxsus olduğu milli kimliyin düşüncəsini göstərmək imkanı qazandırır. Rejissora “Hamımız beləyik” yox, “İçimizdə beləsi də var” demək imkanı verir.

 

– Son dövrlərdə təkrar hadisələri çəkmək, bir ideyanın dəfələrcə işlənilməsi, remeyklər və s. göstərir ki, dünya kino sənayesi ideya qıtlığından əziyyət çəkir. Bu baxımdan Azərbaycanda vəziyyət necədir? Kinomuza niyə yeni ideyalar gəlmir?

 

– Müasir dövrdə nə demək, yox, necə demək önəmli sayılır. Artıq dünya ideyanın ideyasızlığı mərhələsini yaşayır. Deyilməyən heç nə qalmayıb. Bizdə isə kino sahəsində inkişaf o mərhələyə çatmayıb, biz ancaq deyilənləri təkrar deməklə məşğuluq, çox geridəyik. Bu addımlarla qabaqda gedənlərə çatmaq olmaz.

 

– Tamaşaçılar sizi həm də “Dolu” filmindəki Drakon obrazı olaraq yadda saxlayıblar. Bu obrazın uğurlu alınmasında əsas səbəblər nədir?

 

– “Dolu” filmi ağır olan müharibə vəziyyətində kimliyimizi göstərən filmdi. Drakon obrazı da daha çox kimlik ifadəsidir, buna görə də tamaşaçılar o obrazı sevdilər, çünki hamı onda özünü görə bildi. Elxan Cəfərov hamıya Azərbaycan döyüşçüsünün kimliyini göstərdi!

 

– Rza Rzayevə görə, yaxşı kino çəkmək üçün nələr lazımdır?

 

– Rəssama kətan, rənglər, fırça və s. lazımdır ki, hansısa şəkli çəksin, bəstəkara pianino lazımdır ki, hansısa mahnını bəstələsin. Yazıçıya isə ağ vərəq və qələm lazımdır. Çox az miqdarda pul tələb olunur bunlar üçün. Rejissora isə yaxşı film çəkmək üçün öncə çox pul lazımdır, pulun miqdarı keyfiyyətə və nə çəkəcəyinə, necə çəkəcəyinə təsir edir, müəyyənləşdirir. Kino çox pul tələb edən sənətdir. Kino nəhəng sənayeni xatırladır.

 

– Kitab oxuyursunuzmu? Son oxuduğunuz kitab hansıdır? Bu kitab haqda təəssüratlarınız?

 

– Hər gün ən azı iki-üç saat mütaliə edirəm, əvvəllər ən az səkkiz saat kitab oxuyurdum. Bir neçə ildi müxtəlif sənətlərə və kino sənətinə aid kitablar oxuyuram. Onu da deyim ki, eyni gündə başqa-başqa kitab da oxuyuram – bir saat birini, iki saat birini. Son oxuduğum kitab – “Politik kamera”dır. Hesab edirəm ki, kino sənətilə məşğul olan və bütün rejissorlar bu kitabı oxumalıdır.

 

Söhbətləşdi:

Aynur Rəhimzadə

Mənbə: “Ustad” jurnalı

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10