Müasir şeirdə 2000-ci illərin postmodern ironiyası artıq görünmür

119 Baxış

NERGİZCABBARLİSenet.az AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, fil.ü.f.d. Nərgiz Cabbarlının  “Çağdaş şeirin müraciət obyekti – Qloballaşan Dünya və İnsan!” məqaləsinin birinci hissəsini təqdim edir:

 

 

Son illərin şeir mənzərəsini izlədikcə dəyişikliklərin bir çox istiqamətlərdə getdiyini söyləmək olar və onun əsas yükü gənclərin yaradıclığının üzərinə düşür. O gənclərin ki, əksəriyyətinin fərdi üslubu, özünəməxsus “şair portreti” artıq formalaşıb (və ya formalaşmaqdadır), amma bununla belə, yaradıcılıqları əsasən eyni təsirlərdən adlayır (və ya adlaya bilmir!), eyni istiqamətdə inkişaf edir, ictimai-siyasi mühitdən, dünyadan, cəmiyyətdən eyni şəkildə qaynaqlanır və bu mətnlərin ümumi keyfiyyətləri, üzdə olan bir çox xüsusiyyətləri oxşar nəticələr əldə etməyə şərait yaradır.

Hansı nəticələrdən söhbət gedir?

Əgər mərhələlər üzrə diqqət yetirsək, bu günün şeiri 90-cı illərin şeirindən də, 2000-ci illərin şeirindən də fərqli görünür. Məlum olur ki, müasir dövr istər mövzu-problem, istər ideya-məzmun cəhətdən, istərsə də ritm-intonasiya-forma baxımından fərqli variantlara, fərqli istiqamətlərə təhrik edir. 90-cı illərdə şeirin üst təbəqəsinə qalxan xüsusiyyətlər – təzadlar üzərində qurulma, ona əsaslanan söz oyunu, sərbəstdən daha çox hecanın (qəlibin, ritmin-intonasiyanın) hakimliyi, Ölüm, Tanrı xətti, özü, cəmiyyət və dünya ilə ziddiyyətlər yaşayan poetik qəhrəmanın (həm də şairin!) çözümü əlacsızca yerdə deyil, göydə araması, “İnsan və “Mən” qarşıdurmasının “İnsan və Tanrı” qarşıdurmasına qədər yüksəlməsi və s. bu gün “yox” səviyyəsindədir… Həmçinin 2000-ci illərin şiddətli axın tək birdən gələn və birdən də itən postmodern ironiyası, küfrü, kollajı, dekonstruksiyası da artıq görünmür.. Əvəzində nə baş verir?

Gənclərin yaradıcılığında müşahidə olunan budur: şeirlə nəsr arasında sərhədlərin yaxınlaşması… Çox güman ki, cəmiyyət və həyat tərəfindən “təklif olunan” ideya-problem və mövzunun təsirindəndir ki, bu, forma seçimində də özünü göstərir, sərbəstliyə meyilin çoxalması faktını da öz ardınca gətirir. Bir sözlə, gənclərin yaradıcılığında sərbəstin sərhədləri getdikcə genişlənməkdə, heca şeirinin sərhədləri isə nisbətən daralmaqdadır.

Bu günün şeirinin poetik qəhrəmanı üçün həyat da, problemlər də bəsitdir. Görünəndir. Ümumidir. O səbəbdən də adidir. Sanki “sular durulduqdan sonra” hər şey – cəmiyyətin də, insanın da, ölkənin də, dünyanın da var olan siması, gerçəkliyi üzə çıxıb. Problemin özü də, çözümü də ətrafımızdadır. Yerdədir. Bu günün şairinin əlləri də, gözləri də 90-cı illər şairlərinin böyük qisminin yaradıcılığında olduğu kimi, “İlahi”, “Tanrım”, “Allah”, – deyə göylərə uzanmır. Nə də postmodern mərhələsinin təsirinə düşənlər tək Həqiqət deyilənə ironik yanaşmır. Əksinə, Yerə dikilir. Həqiqətlər Göydə – İlahi məkanda deyil, Dünyada baş verən oyunların içində aranır. Reallıq daha çılpaqdır (amma bu çılpaqlıq postmodern və vulqar çılpaqlıq deyil!) Həqiqət hardasa yaxındadır, hətta çox uzaqlardan danışıldıqda belə poetik qəhrəman onunla üz-üzə dayanıb. Müharibə, sosial problemlər, sosial ziddiyyətlər ilahi hisslərdən, müqəddəslik mərtəbəsinə qaldırılan duyğulardan daha öndə və daha əhəmiyyətli görünür. Bütün çılpaqlığı, ziddiyyətləri, alt qatı, təsirləri… ilə şeirin “dünyasına” daxil olur. Realdır… Ölüm mövzusu 90-cı illərdə olduğu kimi müəmma, sirr, “bilinməz” pərdəsinə bürünərək mistik bir hal kimi təqdim edilmir. Faktdır, adidir, ona münasibətin özündə də mistik qat deyil, analitik, rasional yanaşma daha qabarıqdır….

Hətta sevgi şeirlərinin özündə belə hisslər ilahiləşdirilmür, yüksəklərə qaldırılmır. Şeirin obyekti olan Qadın da ilahi müqəddəslik daşıyan göylər qadını yox, sıradan bir yer insanıdır. Yaxındadır, toxunulandır, incidiləndir, adidir, qəzəblidir, sevgisizdir, əsəbidir, problemlidir…

Gənclərdə “intellektual şeir” yazmaq meylinin artması Həqiqəti (Müharibəni, Sosial həyatı, Sevqini…) və onunla bağlı düşüncələri dünya fəlsəfi fikrindən qaynaqlanma və yararlanmaqla zənginləşdirərək ifadə etmək istəyindən doğur. Çağdaş şeirin sərbəstlik “sərhədləri” intellektlə, informasiya ilə, fəlsəfə ilə birlikdə Ruhu və Duyğunu bir araya gətirib kapsamağa çalışır. Süjetli şeirin qəribə bir qayıdışı hiss olunur (Məsələn, Qismət -“Qadın və onun qərarı”, “Eros üçün”, “Gecə barında səhərə yaxın”, “Sakit ev”, “Məmurun ölümü”, Aqşin Evren – “Müqəddəs Varfolomey gecəsi”, Könül Həsənqulu ”Çarpayıda qızdırma” və s.)

Seçilən mövzularda, bəhs edilən problemlərdə və onlara yanaşma rakursunun müəyyənləşməsində milli, lokal müstəvidən qlobal müstəviyə adlama var… Problemlər “mənim”, “bizim” deyil, “dünyanın” problemi kimi görünür. Dünyanın hansısa “o biri ucundakı” fakt İnternet əsrinin şairinin barmağının ucu qədər yaxınındadır. Ağlındadır. Özününküdür. Doğmadır. Haqqında elə danışır ki, sanki bu an yanında olduğu, şahidi olduğu bir faktı şərh (təsvir) edir…

Problemi və problemli dünyanı görmək üçün çox-çox yüksəklərə qalxma, təhlilində bir çox elmi-fəlsəfi nəzəriyylərə üz tutma, şeirin “ruhsal, duyğusal orqanizmi”ndə elmi-fəlsəfi təbəqə yaratma və s. xüsusiyyətlər görünür.

Onu qeyd etmək yerinə düşər ki, şeirlə bağlı müxtəlif zamanlarda tədqiqatçılar tərəfindən əsasən iki istiqamət göstərilir və bu istiqamətlərin əsasında isə sərbəst və heca fərqi dayanır. Şeir hecadadırsa (dəqiq ritmlidirsə!), “qəlib” varsa o mütləq öz tələblərini, öz yolunu, öz “biçimi”ni və deyiləcək fikirlərin bu “biçimin” daxilində söylənməsini diktə edəcək… Və burada təbii ki, tələb olunan Ruh da, sərf edilən enerji də, ustalıq da daha böyükdür… Eyni zamanda, bunun əks prosesi də gedə bilər: şairin tutduğu, yaşadığı, duyduğu ritm (və ya ritmsizlik) öz formasını diktə edər, öz qəlibini və yaxud qəlibsizliyini seçər… Hətta şairin daxili ritmi (yaxud ritmsizliyi) o qədər güclü olar ki, (mütləq haqqında danışılan mövzunun ağırlığı da bura əlavə olunmalıdır) bu da forma cəhətdən  daha böyük sərbəstlik tələb edə bilər…

İki istiqamət üzərində dayanma 80-ci illərin şeirini dəyərləndirən tədqiqatçı alimlərdə də (məsələn, N.Cəfərov), 90-cı illəri dəyərləndirənlərdə də (məsələn, V.Yusifli), müasir şeirə qiymət verənlərdə də var. Məsələn, AMEA Nizami adına Ədəbiyyat İnstitunda bu il keçirilən konfansda gənclərin yaradıcılığını təhlil edən fil.ü.f.d Lalə Həsənovanın fikirlərinə nəzər salaq: “Müasir poeziyada əsasən aşağıdakı istiqamətləri fərqləndirmək olar: mənanın vasitəni üstələdiyi ənənəvi poeziya (bu zaman bütün vasitələr yalnız məzmunun daha dolğun ifadəsinə xidmət edir) və poetik dilin yeni imkanlarının yaradılması üzərində qurulan modern poeziya”…

Bu istiqamətlər hər dəfə fərqli şəkillərdə ifadə edilsə də, mahiyyətcə eynidirlər. “Mənanın vasitəni üstələdiyi ənənəvi poeziya” (hərçənd ki, burada mübahisə üçün incə bir məqam var. Çünki ənənəvi şeirdə bəzən məna vasitəni üstələməyə də bilir. Bütün vasitələr yalnızca mənanın deyil, formanın da mükəmməlliyinə, bəzən hətta eksperimentallığına xidmət edir) heca şeirini, “modern poeziya” isə əsasən sərbəsti ehtiva edir.

Bizim də fikrimizcə çağdaş şeirdə – gənclərin yaradıcılığında bu iki istiqamət üzdədir. Birinci qism mətnlərdə (gənc olmalarına baxmayaraq) romantik  rənglərə bürünmüş mücərrədlik deyil, Ruh deyil, dəqiq ştrixləri olan, acı reallıqları göstərən, ağrıların çılpaq təsvirini verən və dərk edən Düşüncə, Məntiq, Ağıl ön plana çıxır… (məsələn, Ramil Əhməd, Dilqəm Əhməd, Emin Piri, Könül Həsənqulu, Aqşin Evren, kimi)… Ruh da ordadır, təbii… Amma öndə deyil. Varlığı “gözə girmir”, sadəcə, “gözə çarpır”… (Bəlkə də forma seçimində sərbəstliyə üz tutulmasının ilk səbəbini də elə bu Nöqtədə axtarmaq lazımdır?!)

İkinci istiqamətdə isə elə bir ənənə təsiri, elə bir “forma diktəsi”, ritm diktəsi var ki, burada artıq hiss olunan dəyişiklik, gedən proses formadan, strukturdan, struktura yönəlik texnikadan çox məzmunda, ifadədə, təsvirdə, bəzən söz oyununda, mənalandırmada, fikir kombinasiyalarının qurulmasında, Ruhun ifadəsindədir (məsələn, Elşad Ərşadoğlu, Anar Amin, Mətləb Ağa, Faiq Hüseynbəyli, qismən Qismət, qismən Emin Piri).

Bəlkə də bir qədər qəribə səslənəcək, amma ikinci qism gənclərin yaradıcılığında Məntiq deyil, Ruh ön plana adlaya bilir. Burada da fəlsəfi yozumlar, baş verənlərə, dünyəvi problemlərə, bəşəri mövzulara daha yüksəkdən nəzər salma istəyi, hadisə, proses və problemlərin qloballaşdırılması var. Lakin bu cür mətnlərdə rasional məntiq deyil, ruh irəli keçərək hadisələrə də, onların çözüm yoluna da istiqamət verir…. Hər şey, bütün çıxış yolları, Məntiqin deyil, Ruhun qəbullandığı  İlahi güc, İlahi varlığa doğru aparır (Bəlkə də bu şairlərin əzəli-əbədi HECAnın, Ənənənin, “qanuniləşmiş qəlib”in daxilində “çırpınmalarının”, yeni yollar aramalarının, bəzən bulmalarının, bəzən isə təkrarın təsir dairəsində qalmalarının səbəbini elə burada aramaq lazımdır!!!).

Amma onu da qeyd etmək istərdik ki, hər iki istiqamətin arasında yön dəyişdirən, hər iki istiqamətdə də eksperimentlər aparan müəlliflər var ki, çox maraqlı nəticələrə nail ola bilirlər (məsələn, Qismət kimi, Emin Piri kimi…). Və bu çox güman ki, müxtəlif ritmlərə adlama bacarığının nəticəsi kimi qiymətləndirilə bilər… Eyni zamanda şair ruhunda özünü qoruyan ənənəyə bağlılıq faktının mövcudluğu kimi…

 

Qloballığa yürüyüş…

 

Qeyd etdiyim kimi, gənclərin yaradıcılığında həqiqətlər çılpaq, acımasız təsvir olunur, uzaqlar daha yaxın, “Bura” kimi görünür. Dünya bu həqiqətlərin varlığında parçalanmır, əksinə, bütövləşir. Burada müharibə də qlobaldır, sosail ziddiyyətlər də. Hətta konkret olaraq məkan adının şeirə gətirilməsi, müəyyənlik üçün dəqiq detalların verilməsi belə haqqında danışılan problemə lokal “rəng” verə bilmir… Məsələn, Ramil Əhməd “Müharibə uşağı”nın hissləri, duyğularını təsvir edərkən,

Hava proqnozunda dedilər ki,

Somaliyə qar yağacaq…

Görəsən, Somalidəki uşaqların ürəyindən

qartopu oynamaq keçirmi?

-deyərkən ağıllarda, gözlər önündə yalnız Somali uşaqları canlanmır… Müharibə uşaqları canlanır. Fakt da, situasiya da, təəssürat də öz lokallığını itirir. Təbii ki, burada “danışan” informasiya dövrünün basqısında, bu mübadilənin təsiri altında yaşayan “poetik qəhrəman”dır… Məhz bu səbəbdən Somalidəki uşaqların təsəvvürdə yaranan portreti daha çox ümumi cizgilər qazana bilir.

Yaxud eyni firki Emin Pirinun “Sağ qalan varmı?!..” şeiri haqqında da söyləmək olar:
Əsgər sinəsi axtarır
isinməyə
fevral şaxtasından
üşüyən güllə.
hər əsgər tabutu
bir ağ gəlinliklə köçər…
əsgər deyil,
sevən qızın arzularını
götürüb gedər
hər atılan güllə.
soba yanında
gecə yarısı bir qız
məktub yazır səngərə.
anasının yarıyuxulu
“qızım yatmamısan?”
sualına diksinib
“üşüyürəm, ana
odun atıram sobaya”…
Daha
gecələri oyaq qalmağa
soba yanında
məktub yazmağa,
yalandan üşüməyə
sobaya odun atmağa
ehtiyac yoxdu…
tağım komandirinin
səngərdən qıvrıla-qıvrıla
boğuq səsi gəlir:
kimsə sağdı?!

Burda da təsvir olunan mənzərə yalnız bir müharibənin deyil, bütün müharibələrin mənzərəsidir. Müharibə görənlərin gördükləri, görməyənlərin isə təsəvvür etdikləridir… Şeirdə olan məkandan-məkana adlama, bir kompozisiyadan o birinə ani keçid əslində, həm də eyni problemləri yaşayan, eyni ağrıdan adlayan dünyalar arasında keçid təəssüratını təmin edir. “Fevral şaxtasından
üşüyən və isinməyə əsgər sinəsi axtaran”, “qız arzularını özü ilə aparan güllə” də, “gəlinlik paltarına” bürünmüş tabut da, tağım komandirinin “Kimsə sağdı?!” çağırışı da bu anlamda öz məna yükü, detallı təsviri və gücü ilə təsirli ola, eyni zamanda da ümumiləşə, qloballaşa bilir.  İstər döyüş məkanı və başını qaldırıb “Kimsə sağdı?!” soruşan tağım komandirinin səsi, istərsə də soba yanında məktub yazan qızın təsviri qətiyyən bir məkanın xarakterik cizgiləri ilə yüklənmir. Bir məkana doğru istiqamət almır…

Gənclər həyata da, dünyaya da daha yüksəkdən baxmağı bacarırlar.  Onlar üçün vətən dünyadır. Hər şey burdaymış, dünya hər kəsinmiş, hardasa gedən müharibə hamınınmış kimi görünür:

Əziz Balerina,

körpələr işarət barmağımızdan yapışar həmişə

Yəni demək istəyirlər ki,

“bizə doğru yolu göstərin, böyüklər!”

Bəlkə də, silahın lüləsi də istiqamət üçündür

Bəlkə də,

siçanları insanlardan qorumaq üçün yeyir pişiklər… (Aqşin Evren)

Amma bu məqamda onu da deyim ki, təsvir olunan problemin ifadəsində mövcud olan oxşarlıq onun həllinə yanaşmada haçalanır. Burada artıq Ruhun irəli keçməsi ilə Məntiqin irəli adlaması arasında olan fərq kimi bir fərq meydana çıxır… “Bizə doğru yolu göstərin, böyüklər!” və “siçanları insanlardan qorumaq üçün yeyir pişiklər” versiyaları “hər şey insanın öz əlindədir”, “insanın vəhşiliyindən heç heyvanlar belə sığortalanmayıb” fikirlərini irəli atırsa, aşağıdakı parçada (dəqiq ritmli formada!) bu problemin çözümü yenə  İlahi qüvvəyə “həvalə edilir”. Ona ünvanlanan ümidlə pararlel ifadə olunur:

Ölüm qapımıza elə gəlsin ki,
Birini alanda, biri qayıtsın…
Uşaqların üzü elə gülsün ki,
Mərmilər utanıb geri qayıtsın.
Yağış səhərəcən yağsın şəhərə,
Titrəsin evlərin navalçaları….
Yağmur mələkləri enmişkən yerə,
Verək aparsınlar tapançaları… (Qismət)

Yenə “uşaq gülüşü”, yenə “yerə enən mələklər” çıxış edir xilaskar rolunda. Təbii ki, bir də adı çəkilməsə belə, onları yerə göndərən Tanrı. Qismətin şeirinin poetik gücü nə qədər ağır olsa da (uşaqların gülən üzündən “mərmilər utanıb geri qayıtsın”, tapançaların yerə enən yağmur mələklərinə verilməsi və s.) ənənəvi forma daxilində ənənəvi inanc qatı daha çox qabararaq diqqəti özünə çəkir…

Bu, yalnızca qlobal bir problemin – Müharibənin deyil, eyni zamanda sosial çətinliklərin, mənəvi-ruhsal ziddiyyətlərin də ifadəsində müşahidə olunur…  Gənclərin yaradıcılığında bu coğrafiya çox genişdir. Bu, əsəb küpünə çevrilən qadının da obrazında özünü tapa bilər, “Qəzəb” (Qismət) şeirində olduğu kimi bir ölkənin də. Emin Pirinin şeirində olduğu kimi, ana bətnində ikən məhv edilən körpənin də… İstənilən halda qaldırılan problem, bəhs edilən mövzu qlobal əhəmiyyət daşıyır.

Məsələn, cəmiyyətdən, öz həyatından, güzəranından, taleyindən narazılığı olan qadının analıq, qadınlıq duyğuları belə korşala bilir. Və bu elə bir ağrılı faktdır ki, yalnız bir cəmiyyətin deyil, dünyanın problemidir. Şeiri maraqlı edən yalnızca maraqlı poetik ifadələr, təsvirlər deyil, eyni zamanda da dəqiq tutulan, dəqiq yaradılan əsəbi, narazı ana-qadın portretidir… Situasiyanın özüdür.

Qadın söyər, söyər öz körpəsinə
Gedər itlərəcən söyüş xəttləri.
İtlər susmayanda insan səsinə,
Qadın itə dönüb söyər itləri…
Bir söz də saxlamaz qadın sabaha,
Sabah lazım olar söyərəm deyə.
İtlərdən qurtarıb keçər allaha,
Başlayar allaha qarğış deməyə…
İtlər hürüşdükcə körpə ağlayar,
Ağlayar,az qalar gözləri çıxsın…
Qadınsa allahı belə qarğıyar :
“ Allah, bu allahın evini yıxsın!“

Bir çox şeirlərini süjetli yazan Qismətin bu şeirindəki qadın obrazı küfrləri ilə, narazılığı ilə, hətta övladına olan münasibəti ilə realdır. Canlıdır. Və ən əsası bir cəmiyyətə məxsus deyil… Və bütün bunlar onu göstərir ki, mövzu-problem seçimindəki bu istiqamət dünyanın (dünyamızın) və cəmiyyətin (cəmiyyətimizin!) hərəkət istiqaməti ilə bağlı bir məsələdir. Təsadüf deyil…

Ardı var…