MUĞAM

50 Baxış

128Soruşdum mən müəllimdən,

Bəzi incə məqamları.

Dedim, müəllim, bizim üçün,

Kim yazıb bu muğamları?

 

Dedi:- qulaq assan mənə,

Açıqlaram bu mətləbi.

Tanrı yazıb muğamları,

Keyf ilə, gələndə təbi.

 

Muğamı lütf edib Allah,

Azərbaycan millətinə.

Ona görə hər guşəsi,

Bənzər xalqın xislətinə.

 

Muğam, ulu babaların,

Heysiyyətinin səsidir.

Ruhumuza  qida verən,

Ürəyimizin bəstəsidir.

 

Nə əcəbdir, hər an yaşar,

Hər bir kəsin nəfəsində.

Məskunlaşıb YUNESKOnun,

Şedevrlər listəsində.

 

Bəşəriyyət verib ona,

Layiqincə qədir-qiymət.

Şöhrətini qorumağa,

İnsanımda vardır qeyrət.

 

Sənətçilər təbliğ edib,

Bütün dünyaya tanıtdı.

Dövlətimin dəstəyiylə,

Muğam bu zirvəyə  çatdı.

 

Üzeyir bəy sayəsində,

Bu gün muğam çatıb ərsə.

Mahiyyətin xırdalamaq,

Oğul, qalsın gələn dərsə.

 

Gələn dərs mən danışaram,

Sənə Rastdan, Çahargahdan.

Şur, Şüştər, Hümayun, Nəva,

Bayatı-Şiraz,  Segahdan.

 

Tanıdaram vaxtı ilə,

Mövcud olan məktəbləri.

Muğamatı təbliq edən,

Sənətçi və alimləri.

 

Şuşada,Nəvvab məclisi,

Şamaxıda Mahmud ağa,

Bakıda Məşədi Məlik,

Baş vurarıq  Qarabağa.

 

Bir şeyi unutma kı sən,

Muğam irsdir, xəzinədir.

Gərək elminə baş vurub,

Biləsən ki, muğam nədir.

 

Muğamat, bahardır,yazdır,

Muğamat, işvədir, nazdır,

Millətimə qürur verən,

Tar- kamandır, telli sazdır.

 

 

İlham Aslanov

03.04.2015

Bakı

Bölmə : Poeziya
KÖŞƏ YAZARLARI
TOP 10