Muğannanın son əsəri

157 Baxış

10403263_413895108777455_3514404838144489315_n“Türfə” adında bir ƏsƏr yazmışam. Hələ çap olunmayıb. Çap olunsa, dünya bir-birinə dəyəcək. Dünya çaxnaşacaq” – Muğanna.

İllər öncə müsahibələrinin birində oxumuşdum. “Türfə” adlı yazdığı əsərdə dəhşətli həqiqətlərin olduğunu deyirdi. ƏsƏrin çapı nədənsə gecikirdi. Adı kimi taleyi də müəmmalı olan bu ƏsƏrin Muğannanın ölümündən – özünün dediyi kimi OdAğÜz BağOdər planetinə getməsindən sonra itdiyini düşünürdüm.

Amma həftəsonu Kitabevim-də “Hədəf” nəşrlərinin bu ƏsƏri çap etdiyini görüb xeyli sevindim. Muğannanın əksər ƏsƏrlərini oxuyan biri kimi yekunda yazıçımızın nədən yazdığı maraqlı idi.

Kitabın üz qabığında da yazıldığı kimi Türfə gözəl deməkdir. Hansı ki, bu Türfənin – SafAğ elminin daşıyıcılarının uyuduğu ziyarətgahın 1930-cu illərdəki sahibi və davamçısı İsmayıl əfəndi idi. SafAğ elmini nəqşibəndilik təriqəti içində gizlədən İsmayıl əfəndi bir zamanlar bu elmin daşıyıcısı olan Mahmud əfəndi və Əsəd müəllimlə birlikdə dərs almışdılar. Mahmud əfəndi mollalar tərəfindən zəhərlədilərək öldürülmüş, Əsəd kənarlaşaraq məktəbdə direktorluğa başlamış, İsmayıl əfəndi isə Türfədə qalaraq dərvişləri də ətrafına yığıb SafAğ elmini yaymağa davam etmişdi. Bu, Türfənin gələcək sahibi isə İsmayıl əfəndinin dostu Mahmudun oğlu idi. Hansı ki ƏsƏr də onun dilindən yazılıb. İsmayıl əfəndinin Türfədə zəvvarlara nələrdən danışacağı İsa Hüseynovu deyil, Muğannanı sevənlərə bəllidir.

“İdeal”dan başlanan SafAğ elmi burada da davam etdirilir, OdƏr bəşəriyyəti, kainatı idarə edən Bağlar, qreklərin, vizantiyalıların OdƏr dilini təhrif etməsi, dinlərin təhriflərlə həyatımıza girməsi tipli söhbətlərlə yenə də qarşılaşırıq. Hansı bu söhbətlərin əksəriyyəti əvvəlki ƏsƏrlərdə də dönə-dönə qarşımıza çıxıb. Elə bu məqamda bu söhbətə münasibət yerinə düşər. İyirmi ildən çoxdur ki, İsa Muğanna özünün yaratdığı bir dünyagörüşü bütün etirazlara, tənqidlərə rəğmən romanlarına, müsahibələrinə daşıdı. Üstəlik daha öncə SafAğ elmsiz romanlarının da bu elmlə (!) zənginləşdirdi, eyni şeyləri təkrar-təkrar yazdı. Bu əsərlərlə tanış olanlar artıq Bağ Atanın övladlarını da, təhrif dinlərdəki adlarını da əzbər bilir. Hətta daha diqqətli oxucu elə bir “xəstəliyə” yoluxur ki, özü də Ün eşitdiyini zənn edib, tarixi-dini məsələlərə SafAğ elmi ilə izah etmək fikrinə düşür.

Bütün bunları ona deyən isə təhrif dinin İsa peyğəmbər adlandırdığı EySardır: “İlk dəfə, 1971-ci ildə həyat yoldaşım Füruzə xanımla Ukraynaya getmişdik. O vaxt mən “Nəsimi”nin ssenarisini və “Məhşər” romanının birinci hissəsini yazırdım. Dağın başında ev tutmuşduq. Pəncərələrinin altı masa kimi idi. Onun birini seçib üzərində yazırdım. Bir vaxt hiss elədim ki, əlim işləyir, ancaq beynim yox. Bundan bir az şübhələndim. Amma ötdü keçdi. Sonra Kinematoqrafiya komitəsində baş redaktor işləyəndə, 7-ci mərtəbədə balaca otağım var idi. Bax həmən o çardaqda mən birinci dəfə EysSarın səsini eşitdim” – müsahibəsində ilk dəfə Ün eşitdiyi vaxtı belə xatırlayırdı yazıçımız. İsa Muğannanın ideyasının kökündə həqiqət var. Yer üzündə şərti olaraq nəzərdə tutduğumuz ilkin həqiqət nə zamansa təhrif olunub. Məhz bu təhrif bəşəriyyətin alilikdən ibtidailiyə düşməsinə, beyindən qarına enməsinə, göydən qəbirə aşınmasına səbəb olub. Daha insanlar bir zamanlar tanrılarla əlaqədə ikən, indi torpağa qarışıb çürüyür, dəhşətli müharibələr davam edir, insanlıq bir-birinə qənim kəsilib. Amma bir zamanlar Yer üzündə Həqiqət İşığı anlamını verən OdƏrlər yaşayırmış, bir zamanlar da yenə onlar yaşayacaqlar.

Muğannanın bu utopiyası bir yazıçının dünyanı görmək istəməsi baxımından mükəmməldir. Hansı ki, uzun əsrlər boyu təhrif dinlər bir-biri ilə savaşmış, insan Allahlıqdan uzaqlaşıb vəhşicəsinə bir-birinə qənim kəsilmişdi. Bu proses hələ də davam edir. Amma yazıçımız bütün dinlərin eyni qaynaqdan, bütün xalqların kainatdan olduğunu deyib əbədi bir sülhə çağırır. Bu sülhün açarı isə təhriflərdən uzaq durmaqdır. Ona görə də Muğanna özü bildiyi kimi, bu təhriflərin səbəblərini göstərir, əslində necə olduğunu bizə təqdim edir. “GurÜn”də Nizami və əxilik dönəmini, “İsahəq-Musahəq”də uzaq Troya, axeylər dönəmini, “Cəhənnəm”, “Qəbiristan”da müasir təhrifləri, “Məhşər”də Nəsimi və hürufilik məsələlərini, “İdeal”da isə bütün zamanların təhriflərini göstərir.

“Türfə”də isə əsasən, nəqşibəndilik, Yunus Əmrənin necə təhrif edilməsindən danışılır. Ən əsası, Muğanna bu ƏsƏrində açıq şəkildə iddia irəli sürür: Quran təhrif olunub!

Müsahibələrinin birində deyir: “Əsərin adı “Türfə”dir. Mən bir az irəli gedib yazmışam, peyğəmbərin həyatı, “Quran” təhrif olunub. “Quran”ı ərəb dilində tərcümə ediblər”. İsa Muğanna hələ uzaq 1980-ci illərin sonunda “İdeal”ın ikinci nəşrində Quranın və Məhəmməd peyğəmbərin kimliyinin təhrif olunduğunu yazmışdı. Daha sonra Topqapı muzeyində saxlanılan möhürün OdƏr dilində yazıldığını iddia etmişdi. Ona görə də biz ilk dəfə deyil bu iddia ilə qarşılaşırıq. Amma “Türfə”də Muğanna təhrifin qorxu ilə necə əvəz edildiyi məsələsinə toxunulub. Üç-dörd səhifə Qurandan qorxu ilə bağlı ayələri seçən Muğanna Allahın bu cür təqdim edilməsini yenə də OdƏr bəşəriyyətini məhv etmək üçün düşünülmüş bir plan olduğunu yazır. Təhrif həqiqəti yox edir, öz varlığını isə qorxu ilə yaşadır. Muğanna qorxulu Allah ideyasına qarşıdır. Necə ki, biz bu gün bu ideyanın yarada bildiyi qorxunc İŞİD-ə qarşıyıq. Muğanna ilahi kitabda bəşəri dəyərlər əvəzinə neçə qadınla evlənə bilməyin yazılmasını Göylərə sığışdırmır, bunu təhrif insan beyninin məhsulu olduğunu qeyd edir. Açığı, “Türfə” Muğannanın dediyi kimi, çaxnaşma yaradacaq bir ƏsƏr deyil. Məktəbdə dərs deyən, Türfənin gələcək sahibi olan gəncin şagirdinə aşiq olması, hökumətə işləyən qızın atasının zalımlığı, qızı ona vermək istəməməsi, repressiya illəri ərəfəsində Muğannaların təqibi kimi məsələləri ehtiva edir. Əsas məzmun da odur ki, neçə min illərdir bütün təqiblərə rəğmən SafAğ elmi gizli şəkildə yenə də qorunur, Türfədə bu elm yayılır. Gizli Muğannalar yenə də batində Həq- Ağ söyləyirlər…  

P.S:Yazıda Muğannaya sayğı olaraq bəzi sözlər onun yazdığı kimi qeyd olunub. 

Dilqəm Əhməd

kult.az

Bölmə : Tənqid, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10