Muğannanın Ün-ü və “GurÜn”ü

53 Baxış

tahirememmed

 

Fiolologiya elmləri doktoru, professor  Tahirə Məmməd

İsa Hüseynovun Muğanna adı ilə yazdığı əsərləri bir zikr dönməsidir. Dönüb, dolanıb Ün eşidir, OdƏrə vəƏlAğa doğru gedir.   Rəmzləri açan yazıçı əslində dolanbaclarla yeni rəmzlər və çözülməsi lazım gələn düyün yaradır. Ondan yazmaq çətindir. Çünki onun mətnlərinin təhlilini aparmaq istəyən   tədqiqatçı yazıçının öyrətdiyi   dillə öz dili arasında çaşıb qalır.  Mən bir az əvvəl düyün yerinə bağ sözünü yazmaq istəyirdim, yaza bilmədim, çünki öz oxucumu çaşdırmaqdan qorxdum – düşündüm ki, elə bilərlər həmin cümlədə İ.Muğannanın Bağına eyham etmişəm, sonra  həmin cümləyə diqqətlə baxanda düyünlərin Bağa doğru gedən yolda sınaq vəimtahan aşırımları olduğunu  da hiss etdim. Muğanna rəmzlərlə bir Dil açmağa çalışır – rəmz, işarə hesab etdiklərini söz-söz aydınlatmaq istəyir, “təhrif” hesab etdiklərini ilkin şəklinə döndərir və bu zaman yaratdığı bədii model və oxucunu qarşılaşdırdığı yazıçı gerçəyi ilə yozulması gərəkən ikinci bir sistem ortaya qoyur. Bu poetik sistem özlüyündə bir  “quş dili”dir. “Quş dili” Tanrı ilə insan arasında gizli ünsiyyət dilidir; o dili öyrəndikcə Tanrıya, yoxdan vara doğru yol gedirsən. Muğannanın dil şifrələrini çözmə cəhdi, kitab sahibi olan peyğəmbərlərlə bərabər OdƏr yurdunun sakini kimi ƏlƏsMəndən – Süleymandan da bəhs etməsi “quş dili”nə meylliliyinin göstəriciləridir. Klassik poeziyamızın böyük təmsilçiləri də kamilliyə gedən yolun “quş dili”ndən keçməsinə inanırdılar.  Batini bir dilin olmasını söyləyir Muğanna.  Ondan əsrlərcəəvvəl isə Yunus Əmrə demişdi:

 

Süleyman kuş dilin bilir dedilər

Süleyman var Süleymandan içəri.

 

Unutdum din diyanet kaldı benden.

Bu nə məzhəpdürür dindən içəri. (6)

Muğanna yaradıcılığı ədəbiyyatımızdakı bu baxış sistemindən ayrılıb oxunanda oxucu mənaların çölündə qalır, içəri keçməkdə çətinlik çəkir.

Quş dilindən söz açılanda bizim  yadımıza ilk öncə Muğannanın da ruh dünyasının şəkillənməsində ayrıca yeri olan Nəsiminin aşağıdakı misraları düşür ki, onu da qeyd etmədən keçmək haqsızlıq olar:

Heç kimsə Nəsîmî sözünü kəşf edə bilməz,

Bu quş dilidir, bunu Süleyman bilir ancaq. (1)

Başqa bir qəzəlində Nəsimi yazır:

Ey Süleyman məntiqindən quş dilin örgənməyən,

Divəuymuşsan, anunçün tabei-əfsanəsən. (2,165)

Nəsiminin burada adını çəkdiyi divlə Muğannanın haqqında bəhs etdiyi div eyni dilin, eyni sözüdür.

Bəzi yozumlarla faktların uyğunsuzluğu İsa Muğanna-nın yanlış mülahizə yürütməsi qənaətinə gətirə bilər. Lakin poetik sistemin nizamı qəbul etmədiyimiz faktları belə İ.Muğanna modelində və dilində yerbəyer edir; yada yazıçının özünün çox önəm verdiyi çürümüş it cəmdəyindəki ağ diş və “Süleyman şahla əkinçi” düşür, özlüyündə hər şey hikmətə çevrilir, İ.Muğannanın düzümü isə hikmət xəzinəsinin açarına.

“GurÜn”də intertekstuallıq yazıçının nişan verdiyi, göstərdiyi  və göstərmədiyi mətnlərlə müşahidə olunur. O, özünə lazım olanı motivin, elementin parçası, tikəsi kimi  götürür və onu istədiyi şəkildə tamamlayır. Bu orijinallıqla  quramanı, mətni yeni üsulla oxuma özü bizi təzə bir mətnlə üz-üzə qoyur. Guya ki, sirr açmaq istəyən yazıçı təqdim etdiyi modellə yenə də sirrin yarısını “quş dili”ndə saxlayır və oxucusunu dərs öyrənib imtahan verməyə çağırır. Nizaminin əsərlərinin və həyatının mahiyyətini açdıqca təzə yollara, cığırlara, düyünlərəişarələr qoyur. Leyli-Məcnun süjetinin sirrini açmaq üçün Nizami-Qutayba sirri ilə qarşılaşdırır bizi, çətinlik çəkəcəyimizi hiss edib Afaq-Nizami göz yaşında aydınlığa çıxartmaq istəyir oxucusunu – gerçək sirrə çatmağın dərmanının göz yaşı vəəzab olduğunu deyəndə  yazıçı sanki tayyi-zamana uğrayır – Nizaminin, Yunus Əmrənin, Nəsiminin müasiri olur. Bəzi məqamlarda bizim həmzamanımız olduğunu göstərmək, elə adını çəkdiklərimizin də bizdə yol getdiyini göstərmək üçün  gördüyümüz, bildiyimiz və şahidlərdən eşitdiyimiz yaxın dövrün hadisələrinə keçir.

Təcriddən, tənhalıqdan danışır. Yola çıxmağın və haqqa varmağınəsas dərslərindən biri də budur.

İ.Muğannaya görə bəşəriyyət təhrif içindədir, öz elmini, dinini və dilini unudub. Bu, müsəlmanların xristianlığa baxışını yada salır. İslam aləmində geniş yayılmış görüşə görə İncilin əsli yox, təhrifi xristianlar arasında yayıldığından onlar gerçək dindən uzaq düşüblər. Muğannaya görə isə bütün dünya öz tarixini, elmini, dinini unudub və təhrif  bilik, təhrif din, təhrif dillə yaşayır. Öz missiyasını isə bu təhrifləri açmaqda görür.

Bir çox məlumlara yeni interpretasiya verir.

Şiəliyin yayılan mənasının əleyhinədir, ancaq imamiyyətə inanır – Əlini, Mehdini inkar etmir, əksinə onlara yeni yozum verir; elə yozum ki, həmin yozumla müasir insanı onlara qoşur. ƏlAğ (Allah), EySar (İsa),  BağHəm Od (Məhəmməd), və Mehdini bir sıraya düzür, onların ruh halında eyniləşməsindən göndərilən Ün vasitəsilə dərs alır, o halqaya, zəncirə qoşulur. Bu düzüm və ondakı sıralama, keçidlər və keçid arası axarlar zikr dərəcələridir, bütün dönüş və fırlanma bir nöqtəyə – “yox”da – var olmaya; vəhdəti – vücuda, fəna fillaha aparır. Bu məqamda paralellik müstəvisində S.Ə.Şirvaninin, sovet ideologiyası əsasında rəmzlərdən uzaqlaşdırılılaraq ateist fikir ifadə edən nümunə kimi təhlil olunan, bir şeiri yada düşür:

Minayi-meyi aldım əba altına, Zahid,

Gəl tökmə bunun qanın kim, Ali əbadır.

Tökməmeyi-nabi yerə, ey zahidi-gümrah,

Bu xuni-xuda, xuni-şahi-Kərbübəladır. (5,197)

OdAğÜzdən röya, Ün göndərən EySarın olması,  onun Məhəmməd peyğəmbər və Mehdi ilə ruh vəhdəti, ƏlAğ EySarın təhrif olaraq Allah yazılması haqda yazıçı təqdimatı fikrimizdə   insan, imam, peyğəmbər, Allah düzümünü canlandırır. Yazıçı bu yanaşmanı təsəvvüfdən mənimsəyir. Çox yerdə o, təsəvvüfi gedişlər edir; Qutaybanın sirli, nazlı üzü, gizliliyi, həyacanları, Nizaminin əzabları, kənizin şərbət verməsi, Əxi babanın yol göstərməsi, yeddi gözəlin rolunun dəyərləndirilməsi və s.

İ.Muğannada intertekstuallıq, yaddaş baxımından açıq görünən həm Nizami, həmYunus Əmrə,  həm Nəsimi, həm də Quran kompleksi var. Bundan başqa, sızıb gələn Hacı Vəli Bektaş,  Nöqtəvilik izlərini də müşahidə etmək mümkündür. Təhriflərdən, onun səbəb və məqsədlərindən danışdıqca Kabala mexanizmini də gözəl bildiyi aydınlaşır.

Nizami kimi İ.Muğanna da bir türk aşiqidir. O da Nizami kimi Türkün aliliyi və nurdan yaranması görüşünə sahibdir. Nizaminin  türk qadın obrazları – Fitnə, Nüşabə və Şirinin digər xalqlardan olan hökmdarları aydınlığa, işığa nura aparması bizdə bu qənaəti formalaşdırmaqla yanaşı, “Yeddi gözəl”də rastlaşdığımız bir epizod  qənaətimizi təsdiqləyir. Nizaminin “Yeddi gözəl” əsərinin “Bəhramın şənbə günü qara günbəddə oturması və birinci iqlim padşahı qızının əfsanəsi” bölümündə  görürük ki, o tatar anlamını ifadə edən qıyıqgözlü, dargözlü sözündən  istifadə edərək onların – tatarların, qıyıqgözlülərin, türklərin başqalarına görə üstün olması fikrini irəli sürür:

O dargözlü dargözlülükdən uzaq idi,

Oradakı sərvlərin hamısı torpaqdan, o isə nurdan idi. (4,138)

Muğannaya görə başqa millətlər kimi türk də təhrifdədir öz mənşəyini unudub, lakin onun mənşəyi birbaşa Tanrı və işıqla – Od ƏlAğla bağlıdır. Bütün dünya işıqdan yaranan türkə, OdƏr övladına qoşulub ƏlAğa – Allaha doğru gedəcək.

Yazıçı inanır və inandırmağa çalışır ki, hər şeydə Tanrı əlaməti və Tanrı iradəsi var – hətta Səlib yürüşlərində belə. (3,95) Hər şey OdƏrin vəƏlAğın iradəsi ilə baş verir. Bütün yanaşmaları ilə insanlarda xoş niyət və məram oyatmağa çalışır. Onları içində olduqları ölülük və təhriflərdən xilas etməklə diriltmək istəyir – cəmiyyətdəki, fərdlərdəki, şəxsiyyət-lərdəki, şüurlardakı, münasibətlərdəki ölülük it leşidirsə onun bir ağ dişi, işığı da var. Muğanna İsa-Eysar kimi, Əxi baba kimi, Şəmsəddin Eldəgiz kimi, Nizami kimi bu ağ dişə, işığa baxır və fikirlərini ünvanladığı şəxslərin də gözünü, beynini həmin işığa doğru yönəltməyə çalışır. Yazıçının keçdiyi təlim sonucunda insan istər-istəməz bütün münasibətlərdə dişdən daha tez leşə baxmasının utancını yaşayır – budur Muğanna İDEALI və insanlıq dərsi, insanı içindən neçə boy daha böyüdən, özünü özündən aşırdan təlim.  Faktların yozumu oxucu məlumatı, biliyi və həyati faktlarla üst-üstə düşüb-düşməməsindən asılı olmayaraq məqsəd və ideal, onun əsərdə təqdimi üsulu, bu təqdimatdakı ənənə və novatorluq mükəmməldir.

Gerçək biliklərimiz, qəbul etdiklərimizlə yanaşsaq bir çox məsələlərdə, xüsusən Din-ə aid təhrifləri düzəltmə cəhdində – ƏlAğ – Allah, BağOdMən – Məhəmməd, EySar-İsa,  GurÜn-Quran yozumlarında, onların muğ kahinləri ilə yan-yana qoyulmasında yazıçı ilə razılaşmaq çətindir. Ancaq əməlin və məqsədin gözəlliyi yazıçını adı çəkilən müqəddəslərin idealından uzaqlaşdırmır, əksinə, onların yolunu, izini davam  etdirən kimi qəbul edirik Muğannanı. Nəsimi, Yunus Əmrə, Seyid Əzim qədər onu da anlamağa çalışırıq və amalından, tənbehlərindən dərs alırıq.

“GurÜn”lə İsa Muğanna Quranın, işığın, işıq övladlarının təliminin mahiyyətini açmağa və çatdırmağa çalışır. Yadda onun yozumlarından çox, yandırdığı çıraq qalır – onda çıraq sözünün də özünəməxsus yozumu var.

“GurÜn”dəən çox yadda qalan iki varlıq var – EySar və onun Ünü. EySar işıq kimi dolaşır, laməkan və lazəmandır. Hər yerdə və doğru yoldan sapmayan hər kəsdə – hətta Mağda, Muğannada təcəlla edir. Muğannaya görə hər şeyin ölüsü və dirisi var – ölü dil-diri dil, ölü dəstan-diri dəstan  və s. Bu cəhət bölümündə insan da ayrılır, paralelləşir – “təhrif” insan- OdƏr insanı. Belə qarşılaşdırma mexanizmi yenə də təsəvüff sistemini xatırladır -  gerçək Varolan – onu əks etdirən kainat; məcazi, dünyəvi eşq – gerçək, yaradana qarşı bəslənən həqiqi eşq və s.

Muğanna yazdıqlarının gerçəkliyinə inanır. Ündən eşitdiklərini bədii təxəyyülün məhsulu kimi qəbul etmir.

“Həft peykər”in rəmzlərini həm Bəhram, həm də müasir oxucu üçün açır – bununla həm oxucunu, həm də Bəhramı müdrikliyə dəvət edir, ətrafdakı əlamətlərə ayıq gözlə bax-mağa, onları oxumağa, anlamağa səsləyir – tutulmuş beyni, dili açmağa çalışır; yeddi gözəlin səsi də ündür, EySarın səsidir.

Muğannanın  əsərinin  sonuna doğru idealının mikromodelini təqdim edir: “ÜnƏs idin, cəmi kainatın – on səkkiz min Aləmin sahibi idin, əbədi idin sən, ey ÜnƏsliyindən – Yaradan Ünlüyündən tərik düşmüş Türküm! “Qrek” – GurAğım da tərikdir” – Türkdür, “Fars” – EvƏrƏsim də, “Ərəb” – ƏrEvim də, EyOd – “Yəhud”um da, ƏrÜz- “Rus”um da,ƏlMən – “Alman”ım, OdEy ƏlƏsim – “Doyliçim” də, BirOd – “Brit”im, ÜnOdƏlƏsim – “İngilis”im də tərikdir – Türkdür. OdƏr – AzƏrimin indiki ən yaxın qonşuları “Gürcü”dən, “Hay” – “Erməni”dən, “Ləzgi”dən başlamış, “Yaponiya”nın, “Çin”in, “Hindistan”ın, “Afrika”nın, “Amerika”nın ən qədim sakinlərinə qədər “Yer” üzündəən kiçik “etnik qrup”lara qədər, hamısı OdƏr ikən tərikdir – Türkdür; özündən xəbərsiz “Allah” – ƏlAğdır, “Boq” – Bağdır.

Dərk etdinizmi niyə ölümlüsünüz, ey hər şeyi dərk edə-edə heç nə dərk etməyən qeyri-adi idraksızlar?! Dildə – OdƏldədir əbədiyyət, ey ölümlülər! OdƏldə – İdealda – EySardadır.” (3, 158) Yenə də yozumları birmənalı şəkildə qəbul etmək çətindir. Amma mahiyyət əsər boyu yayılanları bir yerə toplayır. Muğanna  OdƏr ikən tərik – Türk olanları – öz millətini sevir və hamıda OdƏr işığı axtarır. Əksəriyyətin başqa millətdən, başqa dövlətdən sayıb düşmən münasibət bəslədik-lərinə belə sevgi ilə yanaşır, onun varlığında özünə doğma olan öz, mahiyyət, türklük arayır. Onun yozumlarından çox sevgisi əsasdır.  Türklərin də təhriflər içində olduğunu, bir çox ger-çəkdən uzaqlaşdıqlarını göstərir, OdƏrə dönmək, Ün eşitmək üçün Elmə, Dinə və Dilə sahib olmağa çağırır.

 

 

Qaynaqlar:

1. İmadeddin Nesimi – |Azerbaycan Edebiyatı|

azerbaycan.diledebiyat.net/…/imameddin-nesim..

2.İmadəddin Nəsimi. Seçilmiş əsərləri. Tərtib edəni Həmid Araslı. Azərnəşr, Bakı,1973

3. İsa Muğanna. GurÜn. Hədəf nəşriyyatı, Bakı, 2013

  1. Nizami Gəncəvi. Yeddi gözəl. Filoloji tərcümə, izahlar və qeydlər professor Rüstəm Əliyevindir. Elm nəşriyyatı, Bakı, 1983.

5.Seyid Əzim Şirvani. Qəzəllər. Azərnəşr, Bakı, 1960

6.  Yunus Əmrə | Şiir destesi

cetinbayramoglusiir.wordpress.com/…/yunus-ə…‎

Bölmə : Yazarlar
KÖŞƏ YAZARLARI
TOP 10