Mühacir ədəbiyyatşünasların gözü ilə

96 Baxış

tehranTehran Əlişanoğlu

 

 

Mühacir ədəbiyyatşünasların gözü ilə Mühacirətşünaslığın Azərbaycan ədəbiyyatşünaslığının bir sahəsi kimi irəli gəlməsi, formalaşmağa başlaması müstəqillik dövründən hesablanır. Nikpur Cabbarlı Elçin və Azərbaycan mühacirətşünaslığının problemləri (araşdırma və tərtib) (Bakı: Təhsil, 2014) kitabında bu yolda ilk addımları, nəzəri və əməli qaynaqları 1980-ci illərin sonlarından, xalq yazıçısı, filologiya elmləri doktoru Elçinin gərgin və məhsuldar fəaliyyətində, elmi yazılarında tapır. Elçinin 1987-ci ildən Vətən cəmiyyəti xətti ilə başlatdığı son dərəcə vacib və əhəmiyyətli işlər nəinki mühacirətşünaslığın gəlişməsinə start vermiş, habelə bu sahədə gələcək kadrların yetişməsinə də təkan olmuşdur (Bircə elə, o zaman cəmiyyətin təsis etdiyi Odlar yurdu qəzetinin baş redaktoru olmuş Abid Tahirlini xatırlatsaq, kifayətdir).

Yaş etibarilə daha sonrakı nəsli təmsil etsə də, Nikpur Cabbarlını da həmin dalğanın yetirdiyi mütəxəssislər sırasına aid etmək olar. Mühacirətşünaslıq sahəsində ardıcıl fəaliyyəti və Azərbaycan mühacirət ədəbiyyatı barəsində yeni-yeni tədqiqatları ilə Nikpur Cabbarlı elmi ictimaiyyətin rəğbətini qazana bilmişdir. Onun “Əhməd Cəfəroğlunun ədəbiyyatşünaslıq irsi” (Bakı: Elm, 2001), “Mühacirət və klassik ədəbi irs” (Bakı: Elm, 2003), “Abay Dağlının mühacirət dövrü yaradıcılığı” (Bakı: Elm, 2009), “Azərbaycan mühacirət nəsri” (Bakı: Elm və təhsil, 2011), “Azərbaycan mühacirət poeziyası (icmallar və portretlər)” (Bakı: Elm və təhsil, 2014) əsərlərindən sonra qələmə aldığı “Mühacirət və XX əsr Azərbaycan ədəbiyyatı məsələləri” monoqrafiyası (Bakı: Elm və Təhsil, 2015) bu fikrin daha bir əyani təsdiqi ola bilər.

Əsər bugün çox aktual bir məsələyə, XX əsr Azərbaycan ədəbiyyatı tarixinin yenidən dəyərləndirilməsi, müstəqillik illərinin bizə bəxş etdiyi obyektiv elmi prinsiplərlə yazılması məsələlərinə həsr olunmuşdur. Belə ki, bu problemin həllində mühacirət ədəbiyyatşünaslığının vaxtilə diqqətdən kənarda qalmış irsi mühüm rol oynaya bilər. N.Cabbarlının tədqiqatının əsas niyyəti məhz həmin irsi işıqlandırmaq, ədəbiyyat tarixçilərinin nəzərinə çatdırmaq, xidmətinə yönəltməkdir.

XX əsr Azərbaycan ədəbiyyatının müxtəlif qollarına münasibətdə metodoloji yanaşmanın fərqli xüsusiyyətlərini nəzərə çarpdırmaq üçün müəllif kitabını üç bölmədə strukturlaşdırmış (“Sovet Azərbaycanında ədəbi proses”, “Məhəmmədhüseyn Şəhriyar mühacirət ədəbi tənqidində”, “Mühacirət poeziyasına mühacir baxışı”), hər bir problem ətrafında mühacirət ədə- biyyatşünaslığının milli ədəbiyyata məhz sovet ədəbiyyatşünaslığından köklü şəkildə fərqlənən fikir mövqeyini, elmi konsepsiyalarını şərh etmişdir. Təbii, sovet dönəmi ədəbiyyatşünaslarının bir qədər çərçivəli, qeyd-şərtlərlə, ideoloji kommunizm eynəyi taxıb səciyyələndirdikləri milli ədəbiyyatı mühacir ədəbiyyatşünaslar sərbəst şəkildə milli istiqlal və ideoloji Azərbaycançılıq mövqeyindən şərh və təhlil edirdilər.

Bu platformadan yanaşanda H.Cavid, Ə.Cavad, C.Cabbarlı və digər istiqlal dövrü ədiblərinin sovet dönəmindəki yaradıcılığı da, sovet dövrünün yetirdiyi yeni nəsil şair və yazıçıların müqavimət ədəbiyyatı da, Cənub ədəbiyyatının ən parlaq ulduzu və zirvəsini təmsil edən M.Şəhriyar da, mühacirət ədəbiyyatının Vətən ədəbiyyatı yanında yeri və xidmətləri də tamam fərqli, obyektiv həqiqətlərə uyarlı və elmi baxımdan inandırıcı görünür. Belə ki, mühacirət ədəbiyyatının önəmini ədə- biyyatşünaslıqsız, konkret olaraq M.Ə.Rəsulzadə, Ə.Cəfəroğlu, M.B.Məhəmmədzadə, Ə.V.Yurdsevər, S.Təkinər və b.-nın yaratdığı nəzəri və ideoloji bazasız təsəvvür etmək olmaz.

Əslində, mühacirət ədəbiyyatşünaslığının milli ədəbiyyatın ayrı-ayrı nümayəndələri və problemlərinə dair istər kitab müəllifinin özünün, istərsə də digər tədqiqatçıların az da olsa araşdırma məqalələri mövcuddur. Bir ədəbiyyatşünas kimi N.Cabbarlının elmi səliqəsi, araşdırıcılıq intizamı və nizamı təqdirəlayiqdir. İstər “Giriş”də, istərsə də “Ədəbiyyat” siyahısında o, mövcud tədqiqatlara diqqət çəkərək, problemə konkret yanaşma tərzini müəyyən edir. Belə ki, əsərin başlıca məramı XX əsr Azərbaycan ədəbiyyatına mühacirət ədəbiyyatşünaslığının baxışlarını problematik şəkildə qabartmaq və XX əsr ədəbiyyatı probleminin həllində ən doğru və səmərəli yol tutmuş həmin irsi müasir elmin diqqətinə çatdırmaqdadır. Müəllif səhih və dürüst şəkildə qarşısına qoyduğu məqsədə nail olmuşdur.

Belə ki, sovet ideoloji diskursunu kənara qoyub, bugün biz yenidən 1920-1930-cu, 1930-1950-ci və sonrakı illər ədəbi prosesinə milli varlığın təcəssümü müstəvisində baxanda tədqiqatlar hansı nəticələri verirsə, bu qənaətləri daha əvvəl və eynilə mühacirət ədəbi tənqidi və ədəbiyyatşünaslığında tapırıq. M.B.Məhəmmədzadənin 1924-cü ildə qələmə aldığı Azəri ədəbiyyatının dünü və bugünü, 1930-cu ildə çap etdirdiyi Ədəbi hakimiyyət qovğası, Proletar ədəbiyyatı milliyyətçi ədəbiyyatın vahid cəbhəsi qarşısında, Ədəbiyyatda hegemoni qovğası, 1935- ci ildə yazdığı Cəfər Cabbarlı: Diriliyi, yaratdıqları və vaxtsız ölümü, M.Ə.Rəsulzadənin 1951-ci ildə işıq üzü görmüş Çağdaş Azərbaycan ədəbiyyatı, Ə.V.Yurdsevərin 1952 və 1962-ci illərdə dərc olunmuş Azərbaycan dram ədiblərindən Cəfər Cabbarlı və Qız qalası haqqında bir neçə söz və s. məqalələrin konseptual şərhi qarşımızda tamam ayrı bir Azərbaycan ədəbiyyatı, özgə bir ədəbi prosesi canlandırır.

Bu ədəbiyyat heç də proletar inqilabından nəşətlənmir; axı məsələn, rus ədəbiyyatından fərqli olaraq elə bir sinfi kökü, ənənəsi də yoxdur. Bu ədəbiyyat milliyyət dövründə yetişib, yenə də ona sadiq qalaraq H.Cavidin, Ə.Cavadın, A.Şaiqin, C.Cabbarlının yaradıcılığında, Molla Nəsrəddinin fəaliyyətində təzahür edir. Ələmdən nəşəyə proletar yalanı üzərində azca ayaq tutursa da, yenə qayıdıb Mirzə Fətəlinin xalqçı ədəbiyyat ənənələrini himayə etməyə, Sabirə abidələr ucaltmağa məcbur olur…

Təbii ki, sosrealist ədəbiyyat müstəvisində axtarsaq, həmin dövr ədəbiyyatımızda belə bir mövzu tapmarıq – repressiya! N.Cabbarlı yazır: 1930-1940-cı illərin siyasi repressiyası və onun ədəbi-mədəni mühitdəki acınacaqlı nəticələri də ilk dəfə öz obyektiv elmi təhlilini və qiymətini məhz mühacirət irsində tapmışdır. M.Ə.Rəsulzadə, M.B.Məhəmmədzadə, H.Baykara, Ə.Yurdsevər, S.Təkinər kimi mühacir müəlliflərin müxtəlif araşdırmalarında, məqalələrində bu mövzuya toxunulmuşdur. Həm də təkcə H.Cavid, Ə.Cavad, C.Cabbarlı kimi milliyyətçilikdə bişmiş sənətkarların uğraşdıqları altyapılara nəzərən yox, eləcə də S.Vurğun, R.Rza, S.Rəhman, H.Axundlu və s. sosialist vətənpərvərlərin müqavimət duyğularında…

Mühacirət ədəbiyyatşünaslığı və tənqidinin açdığı rakursdan baxıb, demək istəyirsən: əgər biz sovet dönəmi ədəbiyyatında xalq nöqteyi-nəzəri, milliyyətçilik sevdası, Azərbaycançılıq mündəricəsi axtarırıqsa, hər hansı yeni baxış uydurmağa hacət yoxdur, həmin yeni – elə mühacir ədəbiyyatşünasların ortaya qoyduğu köhnəsidir ki, var!. Yox əgər həmin ədəbiyyatda daha da nələrsə tapmaq, digər qeyri aspektlər də kəşf eləmək istəyiriksə, bəlkə onda düşünməyinə dəyər…

Nikpur Cabbarlının tədqiqatçı üslubu çox təvazökar və korrektdir. O, üzə çıxardığı, dərk və həzm elədiyi həqiqətləri heç zaman öz adına və öz adından bəyan eləmir. Eləcə təmkin göstərərək, konseptual düzülüşdə faktlara və sitatlara meydan, gen-bol danışmağa imkan verir. Belə ki, son halda mühacir ədiblərin dili ilə danışan – XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatının özü olur. Oxucu ilə bu çoxsəsli dialoq əsrin ikinci yarısı ədəbiyyatına nəzərən də davam edir. Məlumdur ki, XX yüzilin ikinci yarısı mühacir ədəbiyyatşünaslığı heç də birinci qədər suqqestiv deyil. Çox səbəblərdən birisi də odur ki, əsrin ikinci yarısı Azərbaycan sovet ədəbiyyatşünaslığının özü də həmənki olmayıb, problemlərinin həllində daha suqqestivdir. Məsələn, kitabda Cavidə isnadlar (M.Rəfili, M.C.Cəfərov, C.Cəfərov, M.Məmmədov) əsasən həmin dövr ədəbiyyatşünaslığının qayıdış repertuarındandır…

Bununla belə, onu da vurğulayaq: əsrin ikinci yarısında hələ çox həqiqətlər də vardır ki, milli ədəbiyyatşünaslıq vətəndə susurkən, onu mühacir dili ilə danışmalı olur. Nikpur Cabbarlı buna misal olaraq tanınmış sovetoloq, hələ elmi irsi araşdırmaya möhtac, Süleyman Təkinərin Sovet Azərbaycanında tənqidlərə hədəf olan bəzi şeirlər üzərində incələmələr, Azərbaycan sovet ədəbiyyatında müqavimət hərəkatının milli xarakteri, Stalinin ölümündən on il sonra Azərbaycan, Türk-müsəlman sovet cümhuriyyətlərinin son yazarlar konqreləri üzərinə, Azərbaycan istiqlal mücadiləsində Rəsulzadəsiz keçən 30 il və s. məqalələrini göstərir. R.Rza, X.Rza, M.Rahim, Qabilin sovet hücumuna məruz qalmış müəyyən şeirlərinin şərhində totalitar rejimə müqavimətin ifadəsini qeydə alır, Azərbaycan sovet ədəbiyyatı tarixinin I cildi ətafındakı polemikada Azərbaycan ədəbiyyatı vurğusuna diqqət çəkir. Habelə M.Ə.Rəsulzadənin 1954-cü ildə dərc olunmuş, Heydərbabaya salam poeması haqqında ilk rəylərdən olan Ədəbi bir hadisə, on il sonra böyük türkoloqalim, professor Əhməd Cəfəroğlunun qələmə aldığı Şair Şəhriyar məqalələrini də bu sıradan, sovet ədəbiyyatşünaslığının tamlıqda girə bilmədiyi həqiqət məqamının ifadəsinə yozmaq gərəkir.

O həqiqətlər ki, bu barədə milli ədəbiyyatşünaslıq yalnız müstəqillik illərində gur səsiylə danışa bildi. Nikpur Cabbarlının Yaşar Qarayevdən, Qasım Qasımzadədən sitat və isnadları bir daha bunu təsdiqləyir, düz yetmiş il öncə parçalanmış milli ədəbi prosesin ən nəhayət yenidən qoşuşduğunu konstatasiya edir. Bir anlıq belə təsəvvür oyanır ki: şimalda və cənubda – yad ictimai-siyasi mühitdə irəliləməli olan milli ədəbiyyatın əsl məğzini, hünər və çabalarını yalnız kənardan, kənar baxışla görmək olur; mühacir ədəbiyyatşünaslığı və ədəbi tənqidi bu məqamda baş arbitr rolunu oynayır.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Nikpur Cabbarlının ədəbiyyatşünaslığımız üçün hələ yeni və xam torpaqlar olan mühacirət irsini tədricən, hissə-hissə fəth etməsi, eləcə də qazandığı bilgi və bilikləri dərhal oxucularla bölüşməsi təqdiredicidir. Mühacirət ədəbiyyatı haqqında elmi təsəvvürlərin bütövlənməsi ilə yanaşı, bu həm də boşluqlara, tədqiqini gözləyən qaranlıq məqamlara diqqət cəlb edir, gələcək araşdırmalara rəvac verir.

 

 

 

 

 

Bölmə : Tənqid, Ədəbiyyat