Mühacirlər arasında bir şair – Dilqəm Əhməd

50 Baxış

images

Mühacirlər arasında bir şair. Azərbaycana həsr edilən nadir kitab.

Azərbaycan mühacirətinə aid kitab kolleksiyamda nadir bir əsər var. 1962-ci ildə Ankarada “Doğuş” mətbəəsində çap olunan kitabın müəllifi iğdırlı şair Kərim Yaycılıdır.

K.Yaycılı imzası mühacirət mətbuatında geniş yayılıb. Şeirləri ilə yanaşı məqalələri, hekayələri, məktubları, müxtəlif konfranslardakı çıxışları jurnal səhifələrində yer alıb. Azərbaycan mühacirləri və dərnəkləri ilə sıx əməkdaşlıq içində olduğu üçün bəzən tədqiqatçılar onu da mühacir şairlər arasında qeyd edirlər. Digər tərəfdən, onun doğulduğu İğdır şəhəri Azərbaycan mədəniyyət coğrafiyasına aid olduğu üçün Azərbaycan şairi də saymaq mümkündür.

Kərim Yaycılı Alxan 1913-cü ildə İğdırda Hacı Abdullah Əfəndinin ailəsində doğulub. Uşaqlığı I Dünya Müharibəsi dönəminə təsadüf edib. “Anadolu, Qafqaz, Azərbaycana ərməğan” adlı kitabında verilən bioqrafiyasına görə, hələ körpə ikən ailəsi ilə birlikdə rus-erməni hücumunun ən vəhşi və yırtıcı səhnələrinə şahid olub. Süngüyə keçirilən uşaq və kişilər, ləkələnən məsum qız və qadınlar, yandırılan, dağıdılan kəndlər onda unudulmaz kin və nifrət hislərinin yaranmasına səbəb olub. Bu acınacaqlı səhnələr onun zabit olaraq vətənə xidmət eşqini körükləyib, lakin ciyərlərindəki narahatlığa görə 1931-ci ildə zabitlikdən kənarlaşdırılıb. 1934-cü ilə qədər Karaköse, Qaraqoyunlu və Ərzurum ibtidai məktəblərində müəllimlik edib. Həmin il Ərzurum liseyinin ədəbiyyat bölməsindən məzun olaraq ehtiyatda olan zabit kimi hərbi xidmətdə yer alıb. 1937-ci ildə tərxis olduqdan sonra Ankaraya gələrək Dil, Tarix və Coğrafiya fakültəsində “Türk dili və ədəbiyyatı” bölümünə daxil olub. 1940-cı ildə II Dünya Müharibəsinin başlaması ilə yenidən hərbi xidmətə çağırılıb, lakin iki il davam edən ağır xidmət dönəmində yenə xəstələnib, təxrisdən sonra fakültədəki dərslərə davam etməsi imkansız olub.

K.Yaycılının imzasını ilk olaraq Berlində Rəsulzadənin çap etdiyi “Qurtuluş” jurnalında görürük. Hələ bu illərdən Rəsulzadə və silahdaşları ilə əlaqə quran Yaycılı sonralar Azərbaycan Kültür Dərnəyinin ikinci başqanı vəzifəsinə qədər yüksəlir.

* * *

“Azərbaycan eşqi heç bir gözəlin eşqinə bənzəmir”

Kərim Yaycılının həyatı ilə bağlı mühacirət mətbuatında qısa məktub və xəbərlərdən əlavə bilgi almaq olur.

“Azərbaycan” jurnalının 1954-cü ildə çap olunan 28-29-cu qoşasayındakı “Qiymətli şair Kərim Yaycılı Amerikaya getdi” başlıqlı kiçik xəbərdə bildirilir: “Uzun zamandır yırtıqdan əziyyət çəkən Kərim Yaycılı müalicə olunmaq üçün Amerikaya gedib. Dərnəyimizin üzvü və “Azərbaycan” dərgisinin yazı heyətində təmsil olunan dostumuzun müalicəsi ilə Böyük Millət Məclisi başqanımız hörmətli Refik Koraltan və baş nazirimiz hörmətli Adnan Menderes yaxından maraqlanıb. “Azərbaycan” dərgisinin ədəbiyyat səhifəsinin hazırlanmasında böyük əmək sərf edən Yaycılıya çoxlu şəfa diləyirik”.

Bu mətndən aydın olur ki, “Azərbaycan” jurnalının ədəbiyyat səhifəsi Kərim Yaycılının redaktorluğu ilə çap olunub.

“Azərbaycan”ın növbəti 30-31-ci qoşasayında Türk İnqilab Ocaqlarının Kadıköy Ocağının başqanı Dr.Arın Enginin şairin xəstəliyi ilə bağlı məktubu yayımlanıb: “Hörmətli, “Azərbaycan” dərgisinə. Dəyərli dərginizin ötən sayında yazı heyətinizdən böyük türkçü əqidədaşımız Kərim Yaycılı bəyin xəstələnməsi səbəbi ilə Amerikaya getməsini dərin bir acı və üzüntü ilə oxuduq. Məşğul olduğu böyük və çox uğurlu vəzifəsinə yenidən başlaması üçün tezliklə sağalmasını, yaxşı olmasını diləyirik”.

Jurnalın 1955-ci ildə çap olunan 34-35-ci qoşasayında isə Yaycılının Frankfurtdan göndərdiyi bir məktubu yayımlanıb. Məktubu təqdim edirik:

“Hörmətli, başqanım.

1955-ci yeni il münasibətilə dərnəyimizin üzvlərini, dostları və bütün oxucuları hörmətlə təbrik edirəm, bu ilin qəlbimizə yeni işıq, nəşə və bəxtiyarlıq gətirməsini diləyirəm. Nyu-Yorkda müalicə olunduğum müddət ərzində orada yaşayan və Amerika mühitində dürüst xarakterləri, mədəni yaşayışı və kültürləri ilə seçilən, sevilən qardaşlarımız çox səmimi diqqət göstərdilər, ziyarət etdilər… Onları gördüyüm zaman nələr hiss etdiyimi, nələr öyrəndiyimi burada izah etməyi mümkün görmürəm. Ancaq bunu öyrəndim ki, bir yığın külün içində bir almaz, bir qızıl necə parıldayıb özünü göstərirsə, qələbəlik, böyük kütlələr içində də bir azəri daima türklüyünü qoruyub, öz cövhər və xislətini itirməyib.

Bu, necə mümkün ola bilir, bu məfkurə atəşi, geniş ölkələrin yalnızlıq və yadlığı içində necə sönmədən davam edə bilir? Bunu izah etməyə bir səhifə kifayət deyil! Ancaq buna inanıram ki, Azərbaycan eşqi hər gözəlin eşqinə bənzəmir. Bir könüldə özünə yer tapdısa, onu heç bir şey silə bilmir! Nə amerikalılar, nə yer üzü, nə də göy üzü!…

1955-ci ilin bu gözələ və ona bağlı könüllərə böyük nəşə və səadət ili olmasını təmənni edirəm”.

Frankfurt, 12/01/1955

Dərgidə dərnəyin Kərim Yaycılıya cavab məktubu da yayımlanıb:

“Əziz dost!

Milli həyəcanla dolu gözəl məktubunuz dərnək üzvləri hüzurunda oxunularaq hərarətlə alqışlandı… Gözəl şeiriniz dostların dərin təqdirinə səbəb oldu.

Ankaradan ayrıldığınız gündən bəri həsrətlə yaxşı xəbərlərinizi gözləyirdik. Oxucularımız səhhətinizlə yaxından maraqlanırdılar. Məktubunuz bütün həmyerlilərimiz üçün yaxşı bir müjdə xəbəri olacaqdır. Yazılarınızı və şeirlərinizi dərgimizin hər sayı üçün gözləyirik. Hər şeydən öncə sizi sağ-salamat aramızda görmək istəyirik… Bütün dərnək üzvlərinin və yurddaşlarımızın səmimi salamlarını göndərir, sizə çoxlu şəfalar diləyirik. Dərin hörmətlərimizlə.

Azərbaycan Kültür Dərnəyi başqanı Rəsul Ünsal

Ümumi katib: Qurban Biter”.

Bu məktublardan da görünür ki, Yaycılı mühacir azərbaycanlılar arasında dərin hörmət və sevgi qazanıb.

 

Vətəni və milli şeirlər

Kərim Yaycılının arxivimizdəki “Anadolu, Qafqaz, Azərbaycana ərməğan” kitabı “21.03.1962. Kardaşım Nazıma sayğı və sevgilerle. İmza” ithafı ilədir. Əsər üç bölümdən ibarətdir:

Birinci bölüm “Anadolu” adlanır, bu hissədə “Türkün böyük matəmi” (Atatürkün ölüm günü yazılıb), “Ərzincan yollarında” (zəlzələ fəlakəti ilə bağlı), “Acı xatirələr”, “Arazlı qız”, “Durnalar”, “Hədəfimiz”, “Gəl, sevgilim, qaçalım”, “Araza”, “İğdır marşı” (musiqisi Nazım Ülgen), “Şəhid leytenant”, “İğdırın qurtuluşu” şeirləri daxildir.

İkinci bölüm “Qafqaz” adlanır, buraya “Məktub”, “Qafqaz barı”, “Hürriyyət yolçuları”, “Böyüyən ümidlər”, “Qürbət şəhidi”, “Azad gəncliyə”, “Onu mən yandıracağam!”, “Qafqaz gülü”, “Qafqaz gecəsi”, “Sahildə”, “Qürbətdə” (mühacir Həmid Atamana ithaf), “Qafqazın üsyanı”, “Şamilin məzarında”, “Ümid günəşi”, “Quşlar”, “Aşıq Kərəmə” şeirləri daxildir.

Üçüncü bölüm “Azərbaycan” adlanır, buraya “Azərbaycanın sehr və gözəlliyinə ithaf”, “Azəricə” (Əhməd Qaracaya ithaf), “Dedilər!”, “Azəri gəncinə”, “Qürbətdə”, “Ay balam!”, “Gözəlim Gəncə”, “Gəncliyə”, “Nəyi gözləyirik?”, “Milli vaiz!” (mühacir şair Əli Volkana ithaf), “Aprel axşamında…”, “Müqəddəs axın”, “Bükülməz biləyimiz”, “Yurdum və bayrağım” (mühacir Kərim Odərə ithaf), “Xəzər ağlayır”, “Azərbaycan” (mühacir şair Teymur Atəşliyə ithaf), “Durnalar”, “Xəzərə”, “Qalmasın o matəm gözlərində!” (mühacir Əbdülvahab Yurdsevərə ithaf), “Batan günəş” (Rəsulzadənin ölümü üzərinə), “Alageyik nağılı” (Rəsulzadənin vəfatı ilə bağlı), “Mirzəbala üçün”, “Məhəmməd Əmin bəyin əziz ruhuna”, “Göygöl” (Əhməd Cavada nəzirə) adlı şeirləri, “Hacı Tağı” adlı millətçi bir Qafqaz mühacirinin acınacaqlı həyatı ilə bağlı hekayəsi daxildir.

Kitabın içində belə bir qeyd var: “Bu kitabın yeganə və səmimi məqsədi türkü türkə tanıtmaq və sevdirməkdir. Kitab millətçi Atatürk gəncliyinə, qafqazlı və azərbaycanlı qardaşlarımıza ərməğan edilib”.

Kitabın üz səhifəsində üçrəngli Azərbaycan bayrağının təsviri verilib. Kitaba ön sözü isə mühacir Əbdülvahab Yurdsevər yazıb.

Yurdsevər şairin şeirləri haqqında yazır: “Kərim Yaycılının şeirlərində hüzn sevinclə, şikayət qürurla gözəl bir şəkildə uzlaşmaqdadır. Onun hüznü Əhməd Cavadın şeirlərində gördüyümüz o dərin hüznə çox bənzəyir. Bu hüzn Azərbaycanın iki illik şanlı istiqlal həyatından sonra təkrar əsarət boyunduruğu altına düşməsindən irəli gəlir”.

Rəsulzadə “Çağdaş Azərbaycan ədəbiyyatı” kitabında Yaycılı haqqında yazır: “Gültəkinin yanında milli mühacirət şəraitində yaşayan və yurdsevərlik ideyalarını tərənnüm edən başqa şairlər də vardır. Bunlardan Sənan və Yaycılı Kərimi göstərə bilərik… Yaycılı Kərim Anadolu istiqlal hərbi zamanı Şərq komandanlığı tərəfindən himayə edilən azərbaycanlı yetim uşaqlar arasında yetişmiş gənc bir şairdir. Hələ uşaq ikən yaşadığı faciələrlə duyduğu iztirab bu içli şairi həsrət və iztirab hisləri ilə canlandırıb. Bunu biz onun Araz çayına müraciət etdiyi bir şeirindən görürük”.

K.Yaycılının bu kitabı haqqında Sovet İttifaqını Öyrənmə İnstitutunun Münhendə nəşr etdiyi “Dergi” jurnalının 1962-ci ildə çap olunan 29-cu sayında da məlumat verilib. Onun şeirləri haqqında isə Mehmet Akif Ersoy universitetinin “Sosial Elmlər İnstitutu” jurnalında (Cild 8, sayı 14, mart, 2016) Muharrem Aras imzası ilə “Kərim Yaycılının əsərlərində vətən həsrəti” adlı məqalə yayımlanıb. Aygün Attar və Sebahettin Şimşirin birlikdə yazdıqları “Tarixdən günümüzə Türkiyədə yaşayan Azərbaycan türkləri” (Ankara, 2013) adlı kitabda isə Yaycılı haqqında qısa məlumat verilib.

“Türk Birliyi” jurnalı

Şəxsi kolleksiyamızda Kərim Yaycılının çap etdiyi “Türk birliyi” jurnalının bir nüsxəsi də var. Bu jurnal haqqında tarix elmləri doktoru Nəsiman Yaqublu yazır: “1966-cı ilin aprelində Türkiyədə “Türk Birliyi” jurnalı nəşrə başladı.  Jurnalın sonuncu – 47-ci sayı 1970-ci ilin fevralında çap olundu. Jurnalın sahibi və Baş yayım müdiri Kərim Alxan (Yaycılı), məsul müdiri isə Firudin O.Kuranər olub. Jurnalın fəaliyyət istiqamətləri belə idi: “Türklük üçün çalışır, aylıq milliyyətçi, kültür və sənət dərgisidir”.  “Türk Birliyi” jurnalı hər ilin 28 mayında və 27 aprel hadisələrində bu mövzularla bağlı ayrıca yazılar çap edirdi”.

K.Yaycılı 13 iyul 1979-cu ildə Qarsda vəfat edib. “Azərbaycan” dərgisinin 1979-cu ildə çap olunan 231-ci sayında onun xatirəsinə yazılar həsr edilib.

Mənbə: “Ustad” jurnalının 14-cü sayı.

KÖŞƏ YAZARLARI
TOP 10