“Müharibə bizi koronavirusa yoluxmağa qoymadı” – Psixoloq Elnur Rüstəmov ilə müsahibə

16 Baxış

hg

Tanınmış psixoloq Elnur Rüstəmovla pandemiya mövzusunda müsahibəni təqdim edirik:

- Pandemiya kimi sosial hadisələrdə hər xalqın öz spesifik xüsusiyyətləri ortaya çıxır. Bizim hansı xüsusiyyətlərimiz üzə çıxdı və hansı Avropa, ya Şərq ölkəsi ilə bənzərliyimiz var?

- COVİD-19 pandemiyasından sonrakı davranışlarımıza görə bizi daha çox italyanlarla müqayisə etmək olar. Onlar da bizim kimi istiqanlı, emosional və temperamentlidirlər. Bu temperament onların pandemiya müddətindəki davranışına da təsir edir. Şimali Avropa ölkələrində isə başqa cürdür. Amma indi məsələ pandemiya, virusdur və əsas məqsəd özümüzü qorumaqdır. Virus bizim gözəgörünməz düşmənimizdir, ona görə də mümkün qədər ehtiyatlı olmalıyıq.

- Pandemiya nələri dəyişdi?

- Pandemiya ən əsası yeni bir davranış, ünsiyyət modeli gətirdi, insanların həyata baxış tərzini dəyişdi. Məsafəli ünsiyyət tamam fərqlidir. Hətta, üzümüzdə maska varkən ünsiyyətdə olmaq da tamam fərqlidir, bu cür ünsiyyətin istiliyini duymaq olmur, adam özünü narahat hiss edir. Pandemiya təzə ortaya çıxandan bugünəcən bizim ən böyük problemimiz yeni davranış modelinə öyrəşə bilməməyimizdi.

- Yoluxmaların sayının artması nələrisə səhv etməyimizə, nələrisə bacarmamağımıza dəlalət edir. Biz nəyi səhv etdik, nəyi bacarmırıq?

- Birincisi o idi ki, COVİD-19 virusu ilə bağlı kifayət qədər informasiya yanlışları oldu. Uzun müddət virusun olub-olmamağı ilə bağlı müzakirələr getdi. Hətta indi də inanmayanlar var. Bu cür səhv düşüncələrin acı nəticəsini artıq bir ildir ki, görürük. Amma bir gerçək də var ki, biz bu virusla necə davranmalı olduğumuzu öyrənmişik. Bu yoluxma sayı ötən il olsaydı, ölüm halları qat-qat çox olardı. Təcrübəmiz yarandı və müəyyən qədər də psixoloji cəhətdən hazırlandıq. Ancaq düşünürəm ki, pandemiya bitdikdən sonra daha çox insanın psixoloji-profilaktik tədbirlərə ehtiyacı olacaq. Xroniki yorğunluq və digər psixoloji sindromlar artacaq.

- Bəs indi sizə pandemiya ilə bağlı psixoloji problem yaşadığı üçün müraciət edənlər olur?

- Olur. Xəstələnməkdən qorxduğu üçün problem yaşayanlar, ya da yaxınlarını bu xəstəliyə görə itirib psixoloji sarsıntı keçirənlər… Xəstəlikdən sonra hələ də yoluxmaq qorxusu ilə təşviş, panika keçirənlər də var.

- Müharibə də bir yandan…

- Əslində, sizə deyim, müharibə bizim virusa qarşı immunitetimizi artırdı. Fikir verdinizsə, müharibə dönəmində yoluxanların sayı az idi. Hələ nəzərə alın ki, şəhidlərimizin dəfn mərasimlərində böyük izdihamlar olurdu. Bir sözlə, psixoloji immunitetimiz çox yüksəldi. Bir düşmənimiz var idi: Ermənistan. İndi COVİD-19 üzərində qələbə qazanmalıyıq. Ümumiyyətlə, koronavirus ilə mübarizədə psixoloji dayanıqlılıq ən vacib faktorlardan biridir. Bu xəstəlikdən vəfat edənlərin əksəriyyəti psixoloji zəiflik, stress və qorxudan virusa uduzurlar. Bunu unutmamaq lazımdır. İstənilən xəstəlikdə psixoloji dözümlülük mütləq lazımdır.

- Çox vaxt deyirlər, bizim ictimai şüurumuz hələ də formalaşmayıb. Ona görə, ailədə, məhəllədə özümüzü yaxşı aparsaq da, ölkə üçün məsuliyyət hissimiz yetərli deyil. Pandemiya dövründə bu cəhətdən nələr müşahidə etdiniz?

- Psixologiyada identiklik anlayışı var. Bir insanın dedikləri ilə etdiklərinin üst-üstə düşməsi. İdentiklik müxtəlif məsələlərdə ola bilər. Məsələn, milli identiklik, dini identiklik, mədəni identiklik… Bütün bunları analiz edib özümüz haqqında bir nəticəyə gələ bilərik. Etiraf etməliyik ki, biz çox vaxt bu identikliyi qoruya bilmirik.

Kulis.az

Bölmə : Manşet, Müsahibə
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10