Müharibənin romanı

665 Baxış

shamil sadiq Bu gün Azərbaycan ədəbiyyatında müharibə mövzulu əsərlər daha çox tarixi romanın tərkibində öyrənilir və tədqiq edilir. Əlbəttə bu da ondan xəbər verir ki, Azərbaycan ədəbiyyatşünaslığında “Müharibə ədəbiyyatı” termini hələ yaranmamışdır. Azərbaycan ədəbiyyatı türk təfəkküründən axib gələn əxlaqi-didaktik mövzulara toxunmaqla zərifliyi və incəliyi daima özünə mövzu seçmişdir. İkinci Dünya Müharibəsindən sonra müharibə mövzulu əsərlər sifarişlə də olsa yazılmış və süni şəkildə əsas mövzuya çevrilmişdir. Bu fikrimizi aşağıdakı faktlar sübut edir:

Ə.Bağırzadə Azərbaycanlıların ikinci dünya müharibəsində iştirakının bədii təcəssümunun statistikasını bu cür yazır: “Yazıçı və şairlər Azərbaycan oğullarının cəbhədəki əsgəri rəşadətini, arxa cəbhə qəhrəmanlarının fədakar əməyini tərənnüm edən onlarla əsər yazmışdılar.

Cəbhə üçün Azərbaycan yazıçılarının 12 külliyyatı, cəbhəçi şairlərin xüsusi şeirlər toplusu çap edilmişdi. Müharibənin ilk ilində ordu hissələrinə Azərbaycan dilində 172 adda 247 min nüsxə kitabça, 106 adda 736 min plakat, 66 adda 813 min vərəqə, 213 adda 11898 min şüar göndərilmişdi.”

Bu cür statistikalara meyil edilməsi  onu göstərir ki, rejim ədəbiyyatı dövlətin ideologiyası üçün bir növ zorlamışdır.

Azərbaycan torpaqlarını işğal edən Ermənistanla Azərbaycan arasında başlamış Qarabağ müharibəsində atəşkəsin élan edilməsindən iyirmi il keçir. Bu müharibə nəticəsində yüzminlərlə insan yurd-yuvasından didərgin düşdü, faciə yaşadı və hələ də yaşamaqdadır.

Müharibə nəticəsində övladını itirən analar, atasını itirən körpələr, qardaşını itirən bacılarla bərabər uşaqlıq və gənclik duyğusundan məhrum olub, psixoloji zərbələr alan və problemlərlə böyüyən minlərlə gənc var.

Atəşkəsin élan olunmasından illər keçməsinə baxmayaraq Azərbaycan ədəbiyyatında müharibənin fəlsəfi və ideoloji tərəfini əks etdirən sənət əsərləri az da olsa yaranmış və yaranmaqdadır. İnsan duyğularını birbaşa ifadə edən şeirdə bu mövzu lazımi qədər işlənsə də, romançılıq baxımından vəziyyət o qədər də ürəkaçan deyil. Əsərlərin böyük əksəriyyəti problemi deyil, duyğuları ifadə edir. Azərbaycan xalqı hələ də müharibə şəraitində yaşayır. Torpağımızın iyirmi faizi işğal altındadır. Bu isə o deməkdir ki, ədəbiyyatımızda müharibə mövzusu önəmli olmalıdır.

Ədəbiyyat insan ruhunu tərbiyələndirməyə xidmət etdiyi üçün, millətin mənliyinin, qürurunun, böyüklüyünün və qurulacaq gələcəyinin yönləndirilməsi baxımından ciddi əhəmiyyət kəsb edən peşələrdəndir.

Tarixi həqiqətlər bəzən tarixi əsərlərdən daha çox, sənət əsərlərində gizlənir. Çünki tarixi yazanlar hadisələri hər hansı siyasi quruluşun sifarişi ilə, ya da tərəfdarı olaraq qələmə alır. Fəqət ədəbiyyat insanı öyrəndiyi üçün, hadisələrə obyektiv baxmağa çalışır. Milli təəssüb siyasətini daha üstün tutan yazarlar belə, sətrlər arasında həqiqəti əks etdirməkdən vaz keçə bilmir.

“Siyasi həqiqətin insan ruhunda qurduğu tələni ortaya çıxaran vasitələrdən biri olan ədəbiyyat, müharibənin məhv etdiyi və ya şikəst qoyduğu fərdlərin və toplumların iztirablarını, əziyyətlərini, onların başına gələnləri şeir və roman başda olmaqla müxtəlif janrlarda ələ alar və işləyər. Ədəbiyyatın funksiyası bu olmasa da, mövzu olaraq seçər və maarifçilik cəhdi ilə boynuna çəkdiyi bu vəzifəni müharibəsiz dünya arzusuyla qələmə alar.” (Eyüp Azlal. “Savaşta Edebiyat Edebiyatta Savaş)

Bu gün Azərbaycan ədəbiyyatında Qarabağ müharibəsi mövzusunda yazılan əsərlər həm kəmiyyət, həm də keyfiyyət baxımından heç də ürək açan deyil. Çünki bir milyondan çox qaçqının olmasını, iyirmi fazidən çox torpağın işğal edilməsinə vəsilə olan bir müharibədən yazmamaq və ya ötəri toxunmaq bir xalqın yazarları üçün heç bir halda xoş ola bilməz. Gərəkdir ki, yazıçılarımız bu mövzuda şah əsərlər yarada, xalqı ruhlandıra, xalqın damarlarındakı qanı coşdura. Yenə də deyirəm təssüf ki, bu belə olmadı. Son dövrlər bu mövzuya qayıdış başlasa da, hələ də ədəbi mənzərə ürək açan deyil. Müharibənin getdiyi dövrlərdə böyük həcmli əsərlərin yazılması mümkün deyildi. Lakin atəşkəs elan olunduğu ildən təqribən 20 il keçir və torpaqlarımız hələ də düşmən işğalı altındadır. Lakin bu dövlrədə Azərbaycan ədəbiyyatının 60-cılar deyilən nəsli bu mövzuya girə bilmədi. Yetişməkdə olan 80-90-cı illər ədəbiyyatın nümayəndələri də ya müharibənin ağrı acısı ilə, ya güzəran çətinliyi ilə üzləşdiyi üçün, ya da müharibənin xaotik abu-havasını yaşadıqları üçün bu mövzularda yazmağı tam istədikləri kimi bacarmadılar. 2000-ci illərdə yetişən gənclik isə Avropada gedən ədəbi proseslərin kor-koranə aşiqi olub özlərini yenilikçi və ya postmodernist adlandıraraq, tamamilə Azərbaycan-türk ənənələrinə yad olan mövzulara toxunur, qələmlərini yad ideologiyalara çalışdırırlar sanki. Bəlkə də, bu ədəbiyyatın azadlığıdır. Lakin heç bir azadlıq milli dəyərləri tapdalamamlıdır.

Bu mövzuya müraciət edənlərin qıtlığını duyan Azərbaycan mətbuatı konkret olaraq “Yeni Müsavat” qəzeti  2010-cu ildə yazarlar arasında bir soruğu keçirib. Sorğunun sualı isə bu cürdür: “Qarabağ mövzusunda əsərlər yazılsın, ya yox?” Göründüyü kimi sualın qoyuluşu belə bu mövzuya münasibəti ifadə edir. Verilən cavablar isə ondan daha ağırdır.

“Suala cavab verən yazıçı Səlim Babullaoğluya görə “son dövrlərdə Qarabağ mövzusunda qələmə alınan əsərlər “Hərb və sülh” səviyyəsinə çatmayıb. Yazıçının fikrincə, buna səbəb Azərbaycanın hələ qeyri-müəyyən situasiyada olmasıdır. Yəni, “müharibə həm var, həm də yoxdur”: “Əgər yazıçı, şair yaşadığı situasiyanı bilmirsə, o nə yazacaq? Azərbaycanda bir çox əsərlər plakat xarakteri daşıyır və şair kimi məni qane etmir, ürəyimi bulandırır, bu da onu göstərir ki, bizdə müharibəyə münasibət doğru deyil.

Yazıçı, şair, publisist Rəşad Məcid “Yazarlarda bir depressiya, stress, ruh düşkünlüyü var” deyir. Sonra isə əlavə edir: “ekspertlər Böyük Vətən Müharibəsinə həsr olunan əsərlərlə Qarabağ mövzusunda yazılan(və yazılmayan) əsərləri müqayisə etməyi düzgün saymır. Ümumi rəy belədir ki, birinci müharibə iki ideoloji tərəf arasında baş verib, nəticədə Rusiya və keçmiş qardaş ölkələr qalib duruma düşüb. Hökumət isə bu ideoloji sahəyə böyük sərmayə qoyduğu üçün ortaya güclü bədii nümunələr çıxıb. İndi isə… Hələ ki, müharibə bitməyib…”

Tanınmış yazıçı Seyran Səxavətin isə məsələyə baxışı fərqlidir. “Mən bütün ərkim keçən yaradıcı ziyalıların hamısından əvvəl xahiş, sonra da tələb edirəm, Qarabağ mövzusunda heç nə yazmasınlar. Çünki mən bütün varlığım qədər inanıram ki, bu gün Qarabağ mövzusu yazıçılardan daha çox, dövlətin, müdafiə nazirinin, ümumilikdə bütün xalqın mövzusudur. Mən sabah bir roman yazım, azdan-çoxdan fantaziyam da var, bir azərbaycanlı obrazı yaradım, bir ucdan qırsın erməniləri… Bu, absurd bir şeydir. Biz kimi aldadırıq? Ona görə də mən bütün dostlarımdan xahiş edirəm ki, Qarabağdan heç nə yazmasınlar”.

Lakin 2005-ci ildən sonra sanki Azərbaycan yazıçılarında bir oyanış hiss olunur. Çünki milli düşüncənin xaotik durumdan çıxaraq yenidən bərqərar olunması, Qarabağ müharibəsi mövzusunun ədəbiyyata gəlişinin işartılarını göstərmiş olur.

2013-cü ildə modern.az saytının apardığı digər bir sorğuda Qarabağ müharibəsi mövzusunda yazılan əsərlərin bədii keyfiyyətindən danışılır. Çünki yazılan romanların dünya ədəbiyyatı ilə ayaqlaşıb-ayaqlaşmaması artıq mövzuya çevrilib. Əslində bu sorğunun aparılması yuxarıda qeyd etdiyim kimi, müharibə mövzusuna ehtiyacın olduğundan xəbər verir və oxucunun tələblərinə cavab verib-verməməsi mövzuya çevrilmişdir.

“Filologiya elmləri doktoru, ədəbi tənqidçi Vaqif Yusiflinin fikrincə “Aqil Abbasın “Dolu “ romanı, Hüseynbala Mirələmovun “Dağlarda atılan güllə” romanı, və s. göstərə bilərik. Amma ümumilikdə 1988-ci ildən bu yana baş verənləri, müharibəni tam, dolğun şəkildə heç bir əsərdə görmürəm”.

“Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs isə yazılan əsərlərin ədəbi mətn olmamasından gileylənir: “Bu əsərlər bir qarış işğal altında olan torpağı azad etməyib. Əvəzində ədəbiyyatın ərazilərini işğal edib. Bu cür mövzularla ədəbiyyata gəlib Yazıçılar Birliyinin üzvü olan xeyli adamlar var. Qarabağ barədə yazılan əsərlər öncə ədəbiyyatın, sonra isə Qarabağın, vətənin meyarlarına cavab verməlidir. Amma Qarabağ mövzusunda yazılanlar ədəbiyyat meyarlarına cavab vermir.”

Gənc yazıçı Qan Tural “Yazıçılar qınanır ki, Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunda əsərlər yazılmır. Amma baxıb görürük ki, bu mövzularda yazılmış ədəbiyyat nümunələri digər mövzuda yazılanlardan əhəmiyyətli dərəcədə çoxdur. Lakin bu əsərlərin əksəriyyətini ədəbiyyat aləmində nüfuzu və qabiliyyəti olmayan adamlar tərəfindən yazılır.
Şair Qismətin gəldiyi qənaət isə bu cürdür: “90-cı illərdən bu tərəfə Qarabağ mövzusunda yazılan əsərlərdə həddən artıq plakatçılıq, şüarçılıq var. Ağrı-acıdan qismən də olsa, uzaqlaşıb düşüncəli şəkildə məsələnin praktik yönünü ifadə edən məsələlərə toxunmaq lazımdır. Aqressiv şüarçılıq ifadə edən əsərlər bədii cəhətdən o qədər də yüksək keyfiyyətə malik deyil. Amma bəzi yaxşı nümunələr də var. Şərif Ağayarın yazdığı hekayələr və son romanını buna misal göstərmək olar. Aqil Abbasın “Dolu” romanı da çox maraqlıdır”.

Bütün bu deyilənlər Azərbaycan ədəbi mənzərəsinin bir növ göstəricisidir. Gördüyümüz kimi, tənqidçi, yazıçı, oxucularımız bu mövzuda əsərlərin ya olmamasından, ya bədii keyfiyyətlərinin aşağı səviyyədə olmasından narahatdırlar. Sual oluna bilər, doğrudanmı, Azərbaycan ədəbiyyatında Qarabağ müharibəsindən yazılan romanlar bu qədər qıtdır? Doğrudanmı, yazılan əsərlər bu qədər zəifdir? Düşünürəm ki, adlarını sadaladığım tənqidçilər, yazarlar bəzən başlarını öz pənəcərələrindən çıxarmırlar. Və sadəcə yan-yörələrində gedən prosesləri müşahidə etməklə qənaətlənirlər. Çünki yazılan əsərlər var. Düzdür, onların poetikasının zənginliyindən narazı qalanlar olsa da, bu mövzuda  yazılan az qism əsərlərin təbliği sahəsində də ciddi problemlər var. Bu da Azərbaycan ədəbi tənqidində yaşanan qütbləşmə probleminin olmasıdır.

Diqqətinizə yazılan bir neçə əsəri çatdırmaq istərdim:

İsa Muğannanın “Qəbirstan”, Sabir Əhmədlinin Qarabağ trilogiyası “Axirət sevdası”, “Kef”, “Ömür urası” Aqil Abbasın “Dolu”, Şəmil Sadiq və Müşfiq Xanın  “Umidlərin izi ilə”, Hüseynbala Mirələmovun “Yanan qar”, Orxan Fikrətoğlunun “Tək”, Cingiz Abdullayevin  “Əclaflarin qanunu”, Elxan Elatlının “Cəhənnəmdən gələn səs”, Sərdar Aminin  “Qaratoyuq nəğməsi”, Rasim Qaracanın “Qarabağ Dekameronu”, Seymur Baycanın “Quqark”, Elçin Mehrəliyevin “90-cı illər” Nüşabə xanım Məmmədlinin “Zəngülə”,  Yusif Əhmədovun “Torpağa tökülən qan”, Zaur Abdullayevin (Akifoğlu) ilk bədii əsəri olan “Qız və Qurd”, bəndənizin “OdƏrlər” və s. kimi romanları ədəbi-tarixi yaddaşımızı özündə əks etdirən, əldə olan bədii nümunələrdir.

Apardığımız kiçik araşdırmanın sonunda belə qənaətə gəlirik ki, Azərbaycan ədəbiyyatında, o cümlədən romanında Qarabağ mövzusuna müraciətin ürəkaçan olmamasının bir neçə səbəbi var:

-Birincisi Azərbaycanın Qarabağ müharibəsində məğlub olması,
-İkincisi, rejim dəyişikliyinin olması, yəni bir ictimai quruluşun, digər bir ictimai quruluşa keçid dövrü yaşandığı üçün yazıçılar arasında ədəbi varislik, sələf-xələf prinsipinin pozulması,
-Üçüncüsü, Azərbaycan yazıçısının öz oxucusunu itirməsi və bu gün oxucuların yazarlardan tələbinin olmaması,
-Dördüncüsü, Müstəqil Azərbaycan nəşriyyatlarının tam inkişaf etməməsi,
-Beşincisi, ədəbi tənqidin obyektiv olmaması, sadəcə dəstəbazlığa xidmət etməsi,
-Altıncısı isə dövlətin ədəbiyyatı bir ideoloji maşın kimi istifadə etmək cəhdinin olmaması.         Adlarını qeyd etdiyimiz və haqqında danışdığımız romanların Qarabağ müharibəsinə yanaşmasını ümumiləşdirdikdə:  müharibənin gedişində Azərbaycan xalqının Ermənilər tərəfindən zülmlərə düçar olmasını, müharibədə məğlub tərəf olsaq da, ayrı-ayrılıqda şücaət göstərən əsgərlərimizin igidliklərini, müharibədən sonra qaçqın və köçünlərin yaşadıqları durumunu, müharibənin hər iki xalqa vurduğu mənəvi, psixoloji ziyanı, girovluq həyatı yaşamış azərbaycanlıların xatirələrini, Sovet hokumətinin varisi olan Rusiyadan və dünya ictimaiyyətindən Azərbaycana qarşı bir tərəfli münasibətinin şahidi oluruq.

KÖŞƏ YAZARLARI
TOP 10