Müharibə olmasın

7 Baxış

 

Mirmehdi

Mirmehdi Ağaoğlu

 

“Mən… Sən… O… Feysbuk…” silsiləsindən ikinci hekayə

 

İstəyirəm Qarabağ müharibəsi başlasın. Günü sabah. Yuxudan ayılıb əlimi tənbəl-tənbəl yastığın altına aparım. Telefonu götürüb mürgülü gözlərlə həmişəki kimi birinci Facebooka girim. Dostlardan hansınınsa yazdığı statusu əvvəl növbəti gop deyə keçmək istəyim. Axı nə qədər olar bizim Facebookda müharibə aparıb düşmənə hücum eləməyimiz, filan kəndi alıb bəhmən kəndi top atəşinə tutmağımız.

 

Müharibə xəbəri haqqında statusu aldırmadan onun mənə yazıb-yazmadığını bilmək üçün inboksu yoxlayım. Ağır işləyən telefonumun inboks bölməsinə keçməyini gözlədiyim vaxt başqa bir dostumda da “Müharibə başlayıb” xəbərinə rast gəlim. İçimi şübhə bürüsün, əvvəl-əvvəl tərəddüd içində, sonra sevinə-sevinə o biri statuslara göz atım.

Əksər statuslarda məni yerindən oynadan o xəbərə rast gəldikdə kenquru kimi yataqdan atılım. Qonaq otağına qaçıb televizoru açım. Ekran ağarar-ağarmaz  Nəsimi Nəbizadənin tanış səsini eşidim. Yox, belə vacib xəbəri Nəsimi kimisinə etibar etməzlər. Burda daha stajlı diktor lazımdır. Xalqın taleyüklü xəbərini Sabir Ələsgərov çatdırmalıdır, özünün qoca və əzəmətli səsilə. Nəsimi bu xalqa çox yalan satıb, çox hökumət görüb, ona inanmazlar. Amma Sabir… Sovet dövrünə olan o intizarla Sabirə inanacaqlar. Kanalları dəyişim. Hamısında onun təmkinli, bir az da vahiməli səsini eşidim: dünən gecə rəşadətli ordumuz…

Bu dəm yaşlı anam sulu əllərini üstünə silə-silə mətbəxdən bəri qaçsın. Elə otağa girməyi ilə televizorun qabağında dayanmağı bir olsun. Xəbəri eşidəntək qartal kimi qıyya çəkib divana çöksün. Mən də həyəcanlanım. Anamın halının pisləşdiyini görüb mətbəxə su dalınca qaçım. Anam sudan bir qurtum alıb dizlərinə döysün. Erməniləri, xalqı güdaza verənləri qarğısın. Bircə oğlunun müharibəyə getməsinə tab eləməsin.
Anamı sakitləşdirməyə çalışsam da xəyalən başqa qadının yanında olum. Elə bil anam da gözlərimdəki sevinc hissini görüb daha içdən fəryad eləsin. Belə vəziyyətdə o, qəhrəman yox,  fərari oğula üstünlük verərdi: qoy getsin nazir balaları döyüşsün.

Gözlərimdəki bu arsız sevinci qovmaq üçün daha ucadan çığırsın: “Balamı heç yana qoyan deyiləm!”
Anamı sakitləşdirə-sakitləşdirə gözlərim ekranda olsun. Budur qırıcı təyyarələr havanı yararaq düşmən mövqelərinə sarı uçur. Bir bölük əsgər çay kimi səngərin içiylə axır. Güllə vıyıltıları mərmi gurultularına, tank nəriltiləri, təyyarə uğultularına, bütün bu səslər isə anamın naləsinə qarışıb.
Mən tez yataq otağına qaçıb telefonu götürüm və təyyarə kimi qollarımı yana açıb qonaq otağına qayıdım, divana “eniş” edim. Facebookda müharibə ilə bağlı statuslar bayaqkından çox olsun. İmkan tapıb şəkil qoyanlar da var. Kimsə cəbhəyə gedən hərbi maşınların karvanını çəkib. Başqası video paylaşıb.  Snaryadlar Ermənistan tərəfə uçuşur: vyu-vyu. Ölənlərdən yazan yoxdu. Düşmən tərəfin ağır itki verdiyi deyilir. Biri yazıb ki, üç kənd artıq bizdədi. Nə tez! Umud Qəhrəmanovsa səfərbərlik elan olunduğunu deyir, hələ xəbər də paylaşıb.  Bu lap ləzzət oldu ki…
Ara yerdə Tolikin mesajı məni güldürür: Bilsin ana torpaq, eşitsin vətən, müsəlləh əsgərəm mən də bu gündən.

Yox əşşi. Sənin əsgər getməyin nəyimə gərək, a Tolik. Yaxşısını yazıçı Qan Turalı yazıb: Heç bir torpaq insandan üstün deyil. Allah “On əmr”də deyir: Öldürmə.
Turalın yenə pasifistliyi tutub, yox mən bu dəfə Tolikin tərəfindəyəm. Hamı döyüşə. O, da.
“O“ deyirəm o, yadıma düşür. Hekayəni rus dilində yazsaydım, fikrim daha aydın olardı, o zaman birinci “O”nun yerinə “on”, ikincinin yerinə “ona” əvəzliyini qoyardım, işlər düzələrdi. İndiki halda vəziyyət bir qədər qarışıqdır. Eybi yox, növbəti abzaslarda kimi nəzərdə tutduğum aydın olar.

Müharibənin başlamağına əmin olmaq üçün bir-iki sayta göz atım. Bütün manşetlərdə böyük hərflərlə yazılıb: Qarabağ müharibəsi başladı.

Məsələ aydındır. Daha o yan, bu yan ola bilməz. Müharibə başladı. Vəssəlam.

Urraa! Axır ki.

Telefon əlimdəcə divandan qalxıb əvvəl tumanın qabağını düzəldim – anamdan ayıbdır – sonra qollarımı qaldırıb şıdırğı gedim: Oh, oh, müharibə başladı. Oh… Oh! Allah səsimi eşitdi.

Anam bircəcik oğlunun səylədiyini görüb əllərini başına aparsın, ağ saçlarını yolsun: “Allah sən saxla, qoyaram gedəsən, müharibəyə?! Günü bu gün yollayıram dayının yanına – Rusyətə.”

Mən oralı olmayım. Tüklü ayaqlarımı qabağa-dala ata-ata hoppanım-düşüm. Evimizin köhnə döşəməsi silkələnsin, servantımız da içindəki vazalar, qənddanlar, qədəhlər, boşqablarla birgə mənə qoşulub müharibənin başlamağına sevinclə dingildəsin.

“Distansionnı” ev telefonunu axtaran anam bir anlıq həyəcanını unudub üstümə çığırsın ki, ədə, qablar gəldi yerəəə.

Elə bağıra-bağıra da telefonu yığıb bibimlə dərdini bölüşsün. Bizdə belədi. Hər gün səhər ev işlərini yekunlaşdırandan sonra bibimə zəng vurmaq, necə deyərlər, hərbi məruzə eləmək anamın neçə illik vərdişidir. Ya da bibim zəng vurur. Hansı ev işini tez görüb qurtarsa.

Anam üçün bəd sayılan bu xəbər onun günlük iş ritmini pozsun. Bibimə vaxtından tez zəng vursun. Xəttin hər iki başında ağlaşmalar, oxşamalar başlasın. Yəqin bibim ancaq mənə görə narahat olar, onun nə vecinə, iki qızı var. Bıy… Heç əri ağlıma gəlmir.

Yaxşı… Arvadları baş-başa qoyub qayıdım otağıma.

Soyuq yatağa girən kimi bədənimi xoş üşütmə bürüsün, o dəqiqə o, yadıma düşsün. Yorğanla üstümü basdırıb üzüaşağı çevrilim. Onun profilinə girib yoxlayım. Səhifəsində yenilik yoxdursa, deməli hələ yatır. Əvvəl inboksuna yazmaq istəyim, amma ehtiyatı əldən verməmək üçün bir az da səbrimi basım. Neçə vaxtdır dözən adamam, indi bu vədədə işləri korlamayım, soyub-soyub quyruğunda murdarlamayım.

O, yadıma düşən kimi içimin odu-alovu gurlasın, yorğanın altıma dürtdüyüm hissəsinə özümü bir az da möhkəm sıxım. Şirin xəyallar məni onun qoynuna aparan vaxtı qonşu otaqdan anamın adda-budda səsi eşidilsin: (Allah erməninin…) Mənsə onunla necə görüşəcəyimizi xəyal edim. (İndi qağamla Skaypda danışıb ona deyəcəm…) Əməlli-başlı geyinib-kecinmişəm. (Rusyetdə qağamgildə qalar…) Oğrun-oğrun məhəllələrinə girirəm. (Nə min, on min də tapıb düzəldərik…) O, qapını açır. (Bircə oğlum vaay…)

Anam lap ucadan qışqırır. (Şəhid olsa…)

Anamın hönkürtüsü evi bürüyür. Özümü içəri dürtən kimi o mənim boynuna atılır. (Nə müharibə, ay qız… Vaxtında evləndirib nəvə-nəticə də görmədim). Mən elə kandardaca ona əl qatanda desin ki, tələsmə. Mətbəxə keçsin, mən də ardıyca götürülüm. (Xəbəri eşidəndən əlim-ayağım quruyub, işdən də soyumuşam…) Mən ərini soruşum, harda döyüşür, zəng zad edirmi? (Qaçqınların uşaqları gedib döyüşsün də…) O, mənə ərindən danışsın, telefonu çıxarıb şəklini göstərsin (Yaxşı, kişiyə zəng eləyim, görək nolur…). Mənə desin axır ki, arzuna çatdın (Qardaşun gəlsin, nə qərarə gəlsək sənə deyəcəm…). Mən ona deyim ki, hə, arzuma çatdım. (Yaxşı sağ ol, bacı…).

“Yazıq balam, dur, dur gəl yeməyə, bəlkə də sənə axırıncı dəfə yemək hazırlayıram”, – Anamın ağlar səsini bu dəfə mətbəxdən eşidim.

Yataqdan durmağa heç heyim olmasın, bədənim gərilsin, onu arzulayım. Daha səbrim çatmasın. İnboksda ona yazım. Qorxu bürüsün məni: birdən sözünün üstündə durmaz. Heyf o inboks söhbətini skrin edib saxlamamışdım, bu gün gərək olardı. Onunla birlikdə olacağım günü düşündükcə ehtiraslanım. Hər ehtimala qarşı, əri hələ evdə olar deyə, sadəcə “Salam” yazım. O vaxt nə demişdi axı?! Xəyallar məni qanadlarına alıb aparsın, ya da onu bura mənim yatağıma gətirsin. Yorğana daha möhkəm sıxılım. Ondansa hələ cavab yoxdu. Yenə ona yazım: “Müharibə başladı”.

Amma birdən əri mesajımı görər deyə smaylik qoyub eyham vurmayım. İşdir, görsə də deyərəm səhv yazmışam. Mətbəxdənsə təkəmseyrək səslər gəlsin; soyuducunun qabağı örtülsün, qəhvədan sobaya danqıltı ilə toxunsun, kibrit çırtıldasın, qab-qaşıq cingiltisi göyərti qoxusu ilə bərabər evə yayılsın.

Ondan hələ də cavab olmasın. Telefonu yastığın altına dürtüb yerimdə qurcuxum. Axı nə söz vermişdi o mənə: “Qorxuram, inad eləmə, görüşə bilmərik, burda yazışırıq, bəsindi. Mümkün deyil (Gülüş işarəsi qoyur). Dua elə ya boşanım, ya da… Ya da müharibə başlasın dul qalım. Söz verirəm. Hə, də dua elə müharibə başlasın”.

Dünən gecə belə demişdi mənə.

Mətbəxdən anamın səsi eşidilsin: “A bala, dur gəl tay, sənin üçün kükü eləmişəm”.

Telefonu götürüb yenə inboksu yoxlayım. Hələ də mesaj intizarındayam. Ana səhifədəki müharibə xəbərlərini oxumaq heyində olmayım. Yerimdən qalxmaq da istəməyim. Sonuncu dəfə döşəyə sürtüşüm: kaş indi burda olaydı, ahhhh…

Əlimi yenidən telefona aparım. Hələ də mətbəxdən anamın səsi eşidilsin.

Budur mesaj gəlib. Açım: “Salam. Hə, gördüm. Arzun yerinə yetdi, müharibə başladı”.

 

Sevinə-sevinə telefondan ikiəlli yapışım. Cavab yazmaq istəyim: “Nə vaxt gəlim?” Amma o məni üstələsin: “Gələn dəfə başqa şey arzula. Ərim dedi, yığışın, axşama qədər ölkədən çıxmalıyıq”. Bədənim sustalsın, əlim donsun, beynim də, heç nə yaza bilməyim. Mən fikirləşənəcən, o yenə yazsın: “Pul dalınca getdi, mən də yır-yığış edirəm. Qorx ki, sənin özünü müharibəyə aparsınlar”. Ardınca da smaylik. Budur yenə yazdı: “Di salamat qal. Profili dondururam. Qaynımın yanına Rusiyaya gedirik, salamat gedib yerləşsək yazacam yenə. Sağ ol”.

Mən elə özümü toparlayıb bir şey yazmaq istəyən zaman profilini dondursun.

Eh…. Gül kimi gəlin əlimdən çıxdı.

Telefonu yatağa tullayıb var gücümlə anamı səsləyim: “Bəs deyirdin dayına zəng edəcəm, ana?!”

 

Bölmə : Nəsr, Ədəbiyyat