Mühüm söhbət – Əli Nəzmi

14 Baxış

20

M ə ş ə d i – Kabla Həsənqulu, bu biyabanda, şəhərdən kənar yerdə bu dikili nədir?

K a b l a y ı – Məşədi, hankı dikilini deyirsən?

M. – Bax, bu dikili, bax! Bu dərənin kənarındakı, həmi də nə gözəl tikişdir, lap məscidə oxşuyur, üstündə də ayparə var, bu nədir?

K. – Məşədi, gözüm seçmir, hankı tərəfdədir, bir qolumdan yapış, barmağını da uzat, səmtini görüm, bəlkə biləm.

M. – A kişi, bir bəri dur! Bax, bax, bax! Odur Gəncə şəhərindən üç-dörd verst kənarda o daşlı-dikənli səhranın içində, o boyda evi görmürsənmi? Hələ ətrafında dikili dəmirdən hasar çəkilib, hasarın içində bir neçə ağac əkilibdir. Pəh, pəh, pəh, nə gözəl evdir. Allahın altında o ev mənim olaydı. Özü də Yuropa üsulu üzrə dikilib. Kablayı, sən Allah de görüm orası nədir!?

K. – Hə, hə gördüm, Məşədi! Bəs orayı bilmirsən nədir?

M. – Yox nə bilirəm, indiyə kimi burada mən belə şey görməmişəm ki!

K. – Vay eyb olsun sənə Məşədi! Bəs bu vəqtədək onu bilmirsən ki, nədir?

M. – Yox vallah!

K. – O belə Şeyx Nizaminin türbəsidir!

M. – Mən ölüm necə?

K. – Bu sən öləsən!

M. – Sən öl inanmaram!

K. – Başın üçün doğru deyirəm.

M. – Degilən vallah!

K. – Vallah!

M. – Degilən həzrət Abbas haqqı!

K. – Həzrət Abbas haqqı!

M. – Bəs onun ki, günbəzini dağıtmışdılar, bunu kim dikdirdi?

K. – Gəncənin ürəfa və əyanı.

M. – Elə təkcə ürəfa ilə əyan o qədər pul xərclədilər ha!?

K. – Yox, bir dəfə də cavanlar tiyatro qoydular, kitab satdılar, əlli min qəpikdən artıq pul da yığıb banka qoydular, bu saətdə bankda durur, yerdə qalanını da Gəncə pulluları verdilər.

M. – Pəh, pəh, pəh, afərin, afərin, qurban olum hikmətinizə Kabla Həsənqulu. Bəs indi niyə elə tiyatrolar qoyub pul yığmırlar ki, bir xeyir işə sərf olunsun?

K. – Vallah, Məşədi! İndi Sidqinin əlində macal tapa bilmirlər ki, bir tiyatro qoysunlar.

M. – A kişi, necə Sidqi?

K. – Artist Sidqi..

M. – Eşqabaddakı?

K. – Yox!

M. – Tiflisdəki?

K. – Yox!

M. – Bəs hardakı?

K. – Gəncədəki, Gəncədəki, tanıdınmı?

M. – Hə..

K. – Eləsə xudahafiz.

Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1914, N 12. 

KÖŞƏ YAZARLARI
TOP 10