Mükəmməl roman haqqında xırda qeydlər – Sabir Şahtaxtının yazısı

8 Baxış

hg

 

“Ümidlərin izi ilə” əsəri acı tarixə, ağır məşəqqətə, amansız qəbilənin namərd düşmənçiliyinə iz salmaqla bərabər, dünya romançılıq məktəbinə layiqli bir töhfədir.

Sabir Şahtaxtı

Haqqında yazdığın əsərin müəllifləri və romanın adı barədə məlumat verməzdən əvvəl istərdim ki, bədii ədəbiyyatın cəmiyyətdəki yeri və rolu ilə bağlı mülahizələrimi bölüşüm.

İstərdim ki, məqalədə öz əsərlərimlə bəzi müqayisələr aparmağım şəxsi yaradıcılığımın təbliği kimi qəbul edilməsin. Nə dərc olunmağımda, nə də yaradıcılığımı təbliğ etməkdə heç bir məkan məhdudiyyəti yoxdur. Bu yazını qələmə almaqda və bəzi məqamlarda müqayisəli paralellər aparmaqda məqsədim milli dövlətçilik ideologiyası ilə bədii ədəbiyyat arasındakı sintezin faydalılığı barədə fikir və qənaətlərimi hörmətli oxucularımla bölüşməkdən ibarətdir.

Tarixi və siyasi əsərlər olduqca məhdud dairələri əhatə etdiyi halda, bədii yaradıcılığın auditoriyası onları dəfələrlə üstələyir. Digər tərəfdən, yaş və digər bölgülər üzrə təbəqələrin maraq və istəklərini roman və hekayələrdə təmin etmək üçün geniş yaradıcılıq imkanları olur.

…Şəmil Sadiq və Müşfiq Xanın birgə qələmə aldıqları “Ümidlərin izi ilə” romanı mənə həm yazıçı, həm siyasi araşdırmaçı, həm də oxucu kimi çox doğmadır. Ən azı ona görə ki, əsər bu üç amilin hər birini özündə ehtiva edir. Birinci, yaradıcılığımın təxminən iyirmi ili qondarma “erməni məsələsi” və onun doğurduğu bəşəri cinayətlərə, həmçinin Xocalı soyqırımının tədqiqinə aiddir. İkincisi, “Heç kəs heç kəsin kitabını oxumur” ifadəsinin tüğyan etdiyi bir dövrdə müəlliflər bu əsərdə (bax: s. 37) 2005-ci ildə ilk dəfə Bakıda, sonra İranda farsca və Ankarada türkcə nəşr olunan “Xəzəl oldu Xocalının Xəzəngülü” siyasi-tarixi kitabıma istinad etmələri və nəhayət, janrından asılı olmayaraq fəal oxucu olmağımdır. Deməli, istər-istəməz “Ümidlərin izi ilə” romanı barədə hər bir sözü, fikri və cümləni üçqat məsuliyyət hissi ilə ifadə etməliyəm. Azərbaycan adlı dövlətimizin 1918-ci ildən günümüzədək qarşılaşdığı əsas problemlər, eləcə də milli təqvimimizdəki əbədi dörd qara gün – 1918-ci ilin Mart soyqırımı, 1920-ci ilin Aprel işğalı, 1990-cı ilin 20 Yanvar faciəsi və 1992-ci ilin Xocalı soyqırımı böyük güclərin 1800-cü ilin əvvəllərindən ortaya atdıqları saxta “erməni məsələsi” ilə birbaşa bağlıdır (qeyd: Azərbaycan Xalq Cümhuriyyətindən əvvəl həyata keçirilmiş məlum Mart qırğınlarının əsas məqsədi milli dövlətçiliyin yaranmasının qarşısını almaq olmuşdur). Kiçik bir haşiyə çıxım ki, “Ümidlərin izi ilə” romanı kitabın cildində qeyd olunduğu kimi, “kriminal-detektiv” deyil, məncə, “siyasi-tarixi-detektiv” roman olaraq təqdim edilməli idi (arzu edərdim ki, əsər yenidən nəşr olunarsa, bu məqam nəzərə alınsın). Çünki əsər məhz bu üç amili özündə əks etdirməklə Xocalı soyqırımının dəhşətlərini böyük bədii ustalıqla oxucuya, daha geniş mənada dünya ictimaiyyətinə çatdırır.

Əsərdə hadisələrin bir-birini təqibi, obrazlar arasındakı münasibətlər çoxluğu, xarakterlərin əməllər əsasında təsviri mükəmməl şəkildə qələmə alınmışdır. Təsadüfi deyildir ki, 2012-ci ildə nəşr olunan “Ümidlərin izi ilə” romanı terrorçu Ermənistanın, eləcə də bulanıq suda balıq tutmaq prinsipi ilə, insan haqları, söz və mətbuat azadlığı, demokratik çağırışlar pərdəsi arxasında maskalanan ölkələri təmsil edən böyük şirkətlərin işğal altındakı Azərbaycan torpaqlarındakı soyğunçuluğu ilə bağlı təkzibolunmaz faktların izini obrazlı şəkildə tarixiləşdirmişdir.

hg

“Xəzəl oldu Xocalının Xəzəngülü”, “Soyqırımından Xocalıya…” və “Xocalı: Bitməyən acı” (təxminən 600 səhifəlik bu əsər Ankarada nəşrə hazırlanır) kitabları üzərində işləyərkən Xocalı soyqırımı zamanı əsir düşən, erməni vəhşiliyinin bütün simasızlığını görən iyirmiyə yaxın soydaşımızla üz-üzə, göz-gözə oturub yaşadıqları məşəqqətləri olduğu kimi danışmalarını xahiş etmişəm. Eşitdiyim elə dəhşətlər olub ki, onları yazmağı özümə sığışdırmadım, həya etdim, utandım və xəcalət çəkdim… Lakin 44 günlük Vətən müharibəsində erməni simasızlığının yalan uydurmaq və onun ətrafında saxta müzakirələr yaratmaq mexanizmi bütün gücü ilə işə düşəndə özümü qınadım. 1905-ci ildən bu günədək nələr ediblərsə, hamısını çılpaqlığı ilə yazmalı və dünyaya çatdırmalıyıq. Biz millət, ölkə və dövlət olaraq amansız və həyasız bir bəla ilə üz-üzəyik. Bu bəlanın təməlində məharətli yalan mexanizmi dayanır. Məhz 44 günlük Zəfər ayında qəti qənaətə gəldim ki, Şəmil Sadiqin mənə hədiyyə etdiyi bu kitab, “Ümidlərin izi ilə” romanında erməni vandalizminin bütün iç üzünü çılpaqlığı ilə verməklə zamanı qabaqlayıb və haqq yolunda olduqlarını mükəmməl əsərləri ilə təsdiq ediblər. Əsərin sadə və cəlbedici bədii quruluşu, rəngarəng obrazlar silsiləsi, axıcı dili, rəvan ədəbi təsviri, üslubu oxucunu yormur, özünə bağlayır və israrla “məndən ayrılma” deyir. Xüsusilə qeyd etməliyəm ki, kitabın adı əsər boyu dəfələrlə sərrast fikir və mülahizələrlə özünü təsdiqləyir və “sərlövhə mətnin yarısıdır” ifadəsinin doğruluğunu təsdiqləyir. Bundan başqa, bir neçə kəlmə də əsərdəki rəsmlərlə bağlı demək ədalətin qorunması olardı. Burada iki mühüm cəhət özünün göstərir. Rəssam Vaqif Ucatay əsəri mükəmməl oxumuş, problemin qoyuluşu ilə yaxından tanış olmuş, yazıçıların məqsədini dərindən mənimsəyə bilmiş, müəlliflər rəsmin ona aid məzmunla uzlaşmasına ciddi nəzarət etmişlər. Bu mənada əsərin tərtibatı Çarlz Dikkensin kitabları ilə müqayisə oluna bilər.

Bütün bunlarla bərabər, “Hədəf” nəşriyyatının yüksək poliqrafiyası, eləcə də kitabın məhz fərqli kağızda çap edilməsi oxucu ilə kitab arasında münasibətləri yüngülləşdirir, ortada gerçək bir doğmalıq yaradır.

Xüsusi qeyd: gözəl insan və istedadlı yazıçı Şəmil Sadiq romanı mənə 2012-ci ildə İstanbulda kitab sərgisində imza ilə hədiyyə etmişdi. Ötən dövrdə bu əsəri sadəcə “bu kitabdan sonra bunu oxuyaram” düşüncəsi ilə daim arxa plana saldım. Ciyərparam Sunayın “Əmi, “Ümidlərin izi ilə” romanını hərbi məktəbdə bütün kursantlar oxuyub, kitab əl-əl gəzir, “Xəzəl oldu Xocalının Xəzəngülü” əsərinə istinad da var deyəndə, sözsüz ki, öz kitabıma belə doğma münasibətin olmasından qürurlandım və həm də utandım ki, çoxdan oxumalı olduğum əsəri çox-çox arxa plana keçirmişəm. Əziz qələm dostlarım – Sadiq bəy, Müşfiq bəy qələminizə, qəlbinizə, zehninizə, gözünüzə qüvvət. Davam edin, mübarizənin çox həssas və məsuliyyətli dövrünü yaşayırıq. Sizlərin bu yaradıcılıq üslubuna böyük ehtiyac var… Xalqın yaşadığı, üz-üzə olduğu, onu gözləyən təhlükələri çatdırmağın ən gözəl və düzgün yolu bədii ədəbiyyatdır.

Sabir ŞAHTAXTI

Edebiyyatqazeti.az

Bölmə : Ədəbiyyat