Multikulturalizm və teatr

4 Baxış

Noyabrın 7-də paytaxtımızda “Multikulturalizm və teatr” mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı işə başlayıb. Konfrans Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə reallaşıb.

Bakı Beynəlxalq Teatr Konfransı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı”na uyğun olaraq keçirilir. Konfransda 38 ölkədən 150-yə yaxın teatr xadimi, dramaturq, teatr və teatrla bağlı beynəlxalq institutların rəhbərləri iştirak edirlər. Tədbirin əsas məqsədlərindən biri iştirakçıları ölkəmizdə mövcud olan mədəni platforma ilə tanış etməkdir.

Senet.az saytı AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə konfrans iştirakçıları Musiqili Teatrın foyesində ötən illərdəki beynəlxalq teatr konfranslarından bəhs edən fotosərgi ilə tanış olublar.

Musiqili Teatrın səhnəsində balet ustalarının təqdim etdikləri performans, incəsənət ustalarının ifa etdikləri klassik musiqi nömrələri, eləcə də nümayiş olunan videomateriallar Azərbaycan teatrının şanlı keçmişinə, müasir inkişafına baxışın musiqili-ədəbi xülasəsi idi. Bütün bunlar deməyə əsas verir ki, həmişə olduğu kimi bu dəfə də Bakı növbəti beynəlxalq tədbirə yüksək səviyyədə ev sahibliyi edəcək.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciətini oxuyub.

Konfrans işini plenar iclaslarla davam etdirib.

IV Bakı Beynəlxalq Teatr Konfransı noyabrın 8-də başa çatacaq.

Bölmə : Teatr