“Müqəddəs məkan Naxçıvan” kitabı çap olunub

6 Baxış

78377_vl6qd6hptw

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin elmi işçisi Nərgiz İsmayılovanın yaradıcılığı ilə yaxından tanışam. Öz dəsti-xətti ilə ayrı-ayrı mövzularda çap etdirdiyi əsərlərinin demək olar ki, hamısını maraqla oxumuşam.

Gənc yazarın müxtəlif mövzularda qələmə aldığı yazılarında təbiilik, səmimilik, yüksək vətəndaşlıq, vətənpərvərlik hissləri daha qabarıqdı. Bu da onunla bağlıdır ki, yaradıcılığının əsas qayəsi Vətən, tarix, qəhrəmanlıq, gözəllik üstə köklənib. Nərgiz İsmayılovanın yazılarının böyük əksəriyyəti bu günümüzün reallıqlarını əks etdirir. Müraciət etdiyi bütün mövzulara o, bir mövqedən yanaşır, oxucu marağı ilə üst-üstə düşən əsərlər ortaya çıxarmaq.

Bu dəfə həmsöhbət olduğum yeni əsəri-”Müqəddəs məkan Naxçıvan” kitabı haqqında oxuculara söz açmaq istəyirəm.

Nərgiz İsmayılovanın son illər Naxçıvan haqqında yazdığı bədii əsərlərinin, publisist məqalələrinin və o cümlədən, bir çox elmi məqalələrinin də toplanıldığı kitab AMEA Naxçıvan Bölməsinin Rəyasət heyətinin qərarı ilə bu günlərdə Naxçıvan “Əcəmi” nəşriyyatında işıq üzü görüb. İlk öncə qeyd edək ki, nəfis tərtibatda, yüksək poliqrafiya üslubunda oxuculara təqdim olunan 270 səhifəlik kitabda yer alan əsərlər Naxçıvanın orta əsrlərdən başlayaraq müasir dövrümüzədək keçdiyi keşməkeşli yolu özündə əks etdirir.

Yeni nəşrin ilk səhifələrində “Əcəmi” adlı (povest), Möminə Xatın adlı (pyes) və hekayələr yer alıb. Daha sonrakı bölmə publisistik məqalələr bölməsidir ki, burada da dövrünün görkəmli, tanınmış naxçıvanlı alim, təbib, şair, sənətkarlar və digər bir-birindən maraqlı faktlarla zəngin olan oxunaqlı yazılar işıqlandırılıb. Tanınmış naxçıvanlılardan Baba Nemətullah, Nəcməddin, Əkmələddin, Əmirəddin Məsud, Əhməd Əli oğlu əl-Hafiz, Osman Salman oğlu Naxçıvani və digərlərinin həyat və yaradıcılıqları əks olunub.

Burada müəllif əhatəli axrarışlar apardığının, qələmə aldığı hər bir mövzuya məsuliyyət hissilə yanaşdığının şahidi oluruq. Bu məsuliyyəti onun dolğun məlumatlarla öz əksini tapdığı məqalələrində daha açıq duyuruq. Mövzuların qaranlıq məsələlərində bir çox arxiv materiallarına, eyni zamanda tarixçilərə, tədqiqatçı alimlərin elmi əsərlərinə müraciət olunur və bu da onu göstərir ki, müəllif araşdırdığı mözvuların ağırlığını dərk edir. Maraqlı faktlarla zəngin olan sözügedən bölmədə müxtəlif illərdə yaşayıb-yaradan Naxçıvan elmi-ədəbi, ictimai-siyasi, mədəni mühitinin Azərbaycan tarixinə, əbəbiyyatına, elminə, mədəniyyətinə bəxş etdiyi naxçıvanlılar və Naxçıvan tarixinin bəzi maraqlı səhifələri öyrənilir.

Kitabda Azərbaycan ədəbiyyatında Şərq və Qərb mövzusuna da toxunulur. Bu mənada gənc tədqiqatçının “Sovet dövründə Naxçıvan ədəbi mühitində qərb ədəbi ənənəsinin zəifləməsinin səbəbləri və nəticələri”, “Naxçıvan ədəbi mühitində Qərb amili”, “Məhəmməd Tağı Sidqinin ədəbi-elmi pedaqoji fəaliyyətində Şərq və Qərb”, “Cəlil Məmmədquluzadə: Şərq-Qərb meyllərindən milli özünəməxsusluğa” və digər elmi məqalələri diqqətəlayiqdir. Kitabda müəllif XIX-XX əsr Azərbaycan ədəbiyyatının çox görkəmli nümayəndələrinin bir neçəsinin yaradıcılıq yoluna nəzər salır, onların əsərlərini ayrı-ayrılıqda təhlil edir və bir tədqiqatçı kimi Naxçıvan ədəbi mühitinin formalaşmasında misilsiz xidmətləri olan və ən əsası o dövrün mühitində yazıb-yaradan dəyərli maarifpərvər yazıçılarımızın əsərlərinin bir sıra məqamlarına işıq salır.

“…XIX-XX əsrlərdə yaşayıb yaratmış sənətkarlar, ədəbiyyatşünaslar və digər elm sahəsinin şəxsiyyətləri təkcə bu torpağın adını deyil, bütöv Azərbaycan xalqının adını qızıl hərflərlə həm xalqımızın, həm də beynəlxalq ədəbi mühitin, siyasi arenanın yaddaşına həkk etmişdilər. İstənilən yöndən mühitin formalaşmasına nəzər saldıqda ilk öncə əsasən milli mən, milli ənənə, milli kökə istiqamətlənmiş əhval-ruhiyyə və bu mühitə bağlılığın müxtəlif modern cizgilərlə əks olunduğunu görürük”. Bütövlükdə müəllifin XIX-XX əsrdə Naxçıvanda yaşayıb-yaradan yazıçılar, o cümlədən, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid,Məmməd Səid Ordubadi, Məhəmməd Tağı Sidqi və digərləri haqqında gəldiyi nəticə budur ki, “…müxtəlif mühitlər, müxtəlif ədəbiyyatlar, müxtəlif mədəniyyətlərlə, dünya ölkələrinin nailiyyətləri ilə tanış olublar. Lakin bu sənətkarları dəyərli edən o idi ki, onlar VƏTƏN, MİLLƏT naminə fanatik mühitə qarşı vuruşurdular”. Gənc tədqiqatçının dahi sənətkarlarımızın millətin tərəqqisində əvəzolunmaz xidmətləri müxtəlif başlıqlı elmi məqalələrində oxuculara təqdim olunur.

Bu kiçik qeydlərlə Nərgiz İsmayılovanı təbrik edir və inanırıq ki, “Müqəddəs məkan Naxçıvan” geniş ictimaiyyət tərəfindən maraqla qarşılanacaq.

Türkanə BƏYLƏRLİ
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsinin əməkdaşı

KÖŞƏ YAZARLARI
TOP 10