“Müqəddəs məkan – Naxçıvan”la müqəddəsləşən duyğular – Elxan Yurdoğlu

108 Baxış

images

Senet.az oxucularına “Ustad” jurnalından Elxan Yurdoğlunun “Müqəddəs məkan–Naxçıvan”la müqəddəsləşən duyğular” adlı yazısını təqdim edir.

Nərgiz İsmayılovanı (Nargis) əksər oxucular yazıçı kimi qəbul edir, bir çoxu onu mətbuat səhifələrindəki publisistik məqalələrinə görə jurnalist kimi tanıyırlar. Bununla bərabər onun həm də elmi məqalələrini oxuyanlar gənc və qabiliyyətli elm adamı kimi də qəbul edirlər.

Bugünə kimi “İçimdəki Merilin” (bu kitab Türkiyədə də eyni adla nəşr olunub) hekayələr və “Qardələn” romanı işıq üzü görən Nərgizin bu yaxınlarda daha bir kitabı nəşr olunub. “Müqəddəs məkan – Naxçıvan” adlı həmin kitabda yuxarıda qeyd etdiyim hər üç sahəni özündə ümumiləşdirən bir müəllif obrazı ilə qarşılaşırıq. Belə ki, Nərgiz İsmayılovanın sayca üçüncü kitabında bir povest, bir pyes, dörd hekayə, iyirmi dörd publisistik və on bir elmi məqaləsi özünə yer tapıb. Kitabda toplanan müxtəlif janrlı yazıların isə ortaq bir cəhəti var: müəllif özünün üçbucaqlı yaradıcılığında sırf Naxçıvanla bağlı olan nümunələri bir kitabda toplayaraq oxuculara təqdim edir.

Kitab Nərgiz İsmayılovanın Şərq memarlıq məktəbinin usta sənətkarlarından biri olan Əcəmi Əbubəkr oğlu Naxçıvaniyə həsr olunmuş “Əcəmi” povesti ilə başlayır. Bunadək Əcəmi haqqında bir neçə əsər yazılsa da, müəllifin qələmə aldığı povest həmin yazılanlarda istər mövzunun qoyuluşu, istər povestin üslubi keyfiyyətləri, istərsə də məlumat zənginliyi baxımından seçilir. Əsərdə Cahan Pəhləvan, Cəlaliyyə, Murad, Rüzgar kişi, Zahidə xatın hadisələrin inkişafında mətnin əsas obrazı Əcəminin duyğu və düşüncələrinin açılmasına köməklik edirlər. Müəllif Əcəmi və Cəlaliyyə sevgisini povestin aparıcı xətti kimi izləməklə həm ülvi bir sevdanın tarixçəsinə işıq tutur, həm də memar kimi Əcəmi sənətkarlığını özünəməxsus şəkildə oxuculara çatdırır.

Kitabda yer alan “Möminə Xatın” pyesi də “Əcəmi” povesti ilə eyni dövrü əhatə etməsi baxımından diqqəti çəksə də burada hadisələrin və müəllifin təhkiyə seçiminin tamamilə fərqli çalarları üzə çıxır. 4 pərdəli, 12 şəkilli pyesdə biz Nərgiz İsmayılovanı öz tarixinə yaxşı bələd olan gənc müəllif kimi görürük. Həmçinin həmin dövrlə bağlı olaraq yazılmış ədəbiyyatlara bələd olması da onun həm fərqli bir üslub seçiminə, həm də Atabəylər dövlətinin qurucusu, qıpçaq türkü olan atabəy Şəmsəddin Eldənizin qul statusundan hökmdar vəzifəsinə kimi keçdiyi yolu əhatəli şəkildə işıqlandırmasına şahidlik edirik. Bu hadisələrin fonunda biz Şəmsəddin Eldənizlə Möminə Xatın sevgisini əsərin ana xəttini təşkil etdiyini də müşahidə edirik. Məhz bu məqamı müəllif əsərin sonunda “Qeybdən səs”lə oxucusuna belə çatdırır: “Qadının aliliyinin simvolu kimi Möminə Xatın türbəsi bu gün də öz füsunkarlığı ilə cahanı özünə valeh edir. Sevginin təcəssümü olan bu türbə bu gün də əzəmətli bir qadın kimi məğrurluqla dayanıb gözəl Naxçıvanı seyr edir. Minillərcə tikilən və yerlə-yeksan olan abidələrə inadla dimdik ayaq üstə durub Naxçıvanın rəmzinə çevrilən bu abidə sevginin gücü ilə gün-gündən gözəlləşir və aliləşir. Yəqin onu mühafizə edən də elə sevginin xətir və hörmətinə ucaldılmasıdır”.

“Möminə Xatın” pyesi haqqında onu da əlavə edək ki, bu əsər bir neçə il bundan əvvəl hər il gənclər arasında keçirilən “Anamın kitabı” pyes müsabiqəsində münsiflər tərəfindən yüksək qiymətləndirilmiş və mükafatçılar sırasında yer almışdır.

Kitabın üçüncü bölməsində gənc yazarın hekayələri oxuculara təqdim olunur.  Müxtəlif mövzularda qələmə alınmış “Həsrətin qoxusu”, “Gilənar rənginə boyanan ovuclar”, “Kölgə” və “Aydınlanmağa gedən yol” hekayələrində müəllifin özünü doğrultmuş hekayə yaradıcılığının yeni nümunələri ilə tanış oluruq. Əgər “Kölgə”, “Həsrətin qoxusu” öz simvolizmi ilə diqqəti çəkirsə, “Gilənar rənginə boyanan ovuclar”da biz avtobioqrafik məqamları hiss edirik. “Aydınlanmağa gedən yol” hekayəsində isə Nərgiz İsmayılova oxucunu Naxçıvanın yetişdirdiyi əvəzsiz şəxsiyyətlərdən biri olan Baba Nemətullah Naxçıvaninin ömür yoluna səyahətə çıxarır.  Qeyri-adi ssenariylə hekyəsinə yön verən müəllif orta əsrlər təsəvvüf düşüncəsinin Naxçıvanlı nümayəndələrindən olan Baba Nemətullah Naxçıvaninin Naxçıvan və Konyada sufi-Şeyx kimi həyatına işıq salır.

Kitabda “Publisistik məqalələr” bölməsində Nərgiz İsmayılovanın müxtəlif mətbuat orqanlarında, xüsusilə “Şərq qapısı” qəzetində dərc olunmuş araşdırma yazıları toplanıb. Həmin məqalələri oxuduqca Naxçıvanın tarixdən günümüzədək olan işıqlı ziyalılarının həyatı haqqında məlumat sahibi olur, muxtar respublikanın milli-mənəvi dəyərləri barədə məlumat əldə edir, həmçinin Naxıvanda meydana gələn Azərbaycan miqyasında qeydə alınan ilklər haqqında ətraflı bilgiyə yiyələnirsən. Belə ki, Baba Nemətulla Naxçıvani, Nəcməddin Naxçıvani, Əkmələddin Naxçıvani, Yusif Küseyir oğlu, Hacı Məhəmməd Əli Abbas oğlu Naxçıvani, Əmirəddin Məsud Naxçıvani, Əhməd Əyyub oğlu əl-Hafiz Naxçıvani, Osman Salman oğlu Naxçıvani, Ətiq Ordubadi, Murad Ağa Şeştari kimi məşhur naxçıvanlılar müəllifin publisistik qələmi ilə oxuculara tanıdılır, Naxçıvanın maddi və mənəvi mədəniyyət inciləri barədə ətraflı məlumat verilir.

Sonuncu bölmədə müəllifin bir neçə elmi axtarışları tədqiqatçı gözü ilə oxucu müzakirəsinə təqdim edilir. “Elmi məqalələr” adlanan bölmədə biz yazıçı və publisist Nərgiz İsmayılovanı həm də bir alim kimi müşahidə edə bilirik. Qeyd edək ki, Nərgiz İsmayılova Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin elmi işçisi kimi 4 ilə yaxındır elmi fəalliyyətlə məşğuldur. O, akademik İsa Həbibbəylinin rəhbərliyi altında “XIX-XX əsrlər Naxçıvan ədəbi mühitində Şərq və Qərb meyilləri” adlı fəlsəfə doktorluğu dissertasiyasını uğurla yekunlaşdıraraq ötən ilin noyabr ayında müdafiə etdi. Məhz həmin axtarışlar zamanı yazılmış bir neçə məqalə kitabın bu bölməsində toplanıb. Belə ki, “M.S.Ordubadinin “Dumanlı Təbriz” əsərində Şərq-və Qərb”, “Hüseyn Cavidin “İblis” və Joze Saramaqonun “İsanın İncili” əsərlərində “İblis” surətləri”, “Naxçıvan ədəbi mühitində Qərb amili” və bu kimi mövzularda Nərgiz İsmayılova gənc olmasına baxmayaraq yetkin və bitkin nəticələr əldə edən, öz elmi mülahizələri ilə Azərbaycan və dünya ədəbiyyatında qəbul edilən məşhur əsərlərin müqayisəli təhlilində postmodern elmi üslubla yadda qalan gənc alim kimi özünü göstərə bilir.

Kitabın məsləhtçiləri AMEA-nın müxbir üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, professor Əbülfəz Quliyev və “Şərq qapısı” qəzetinin baş redaktoru Tural Səfərovdur. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru, filologiya elmlər doktoru Fərman Xəlilovun rəy verdiyi nəşrin redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri Elxan Məmmədovdur.

Ümumilikdə Nərgiz İsmayılovanın sayca üçüncü kitabı olan “Müqəddəs məkan – Naxçıvan” muxtar respublikamızın bir çox sahələrinə işıq tutan, bir çox məşhur naxçıvanlıların tanıdılması və öyrənilməsi istiqamətində dəyərli mənbələrdən biri kimi oxucu yaddaşında qalacaqdır. Kitab həm də Naxçıvanı görməyən və onu tanımayan insanlara bir mesaj xarakteri daşıyır. Müəllif hər kəsi Naxçıvana gəlməyə, onu görüb tanımağa səsləyir. Bu səslənişi biz “Aydınlanmağa gedən yol” hekayəsindəki bu misralarda apaydın görürük: “İnsan həqiqətən də görmək istəməlidir. İnsan görmək istəmədikcə heç nəyi görə bilmir”.

Naxçıvanın tanıdılması və təbliğində öz yeri olan bu kitab münasibətilə biz də müəllifi təbrik edir, yazımızın əvvəlində qeyd etdiyimiz kimi üç istiqamətli elmi-bədii-publisistik yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq.

Mənbə: “Ustad” jurnalının 10-cu sayı.

KÖŞƏ YAZARLARI
TOP 10