Mürəkkəb qələm

31 Baxış

357_13244Səni ələ alan kimi,

Barmaqlarımız birləşir.

İçimizdəki duyğular

Get-gedə dərinləşir.

Özümüzü ifadə etməyin bir yolu da təbii ki, əlimizə qələmi götürüb duyğularımızı kağız üzərinə köçürməkdi. Bu zaman ən yaxın sirdaşımız qələmimiz olur. Bu sirdaşımızın bizi anladığı qədər biz də bir az onun cansız da olsa, nələr deyə biləcəyini düşünsək, məncə çox maraqlı olar.

İlk dəfə Misir, Yunan daha sonra 1880-ci ildə ABŞ-dan keçib müassirləşərək bu gün hər kəsin ixtiyarına verilmişəm. Bu vaxta qədər müxtəlif  insan əlində onların fərqli-fərqli düşüncə tərzlərini kağız üzərində əks etdirmək üçün barmaqları arasında tətik kimi fəaliyyətim olub. Bəzən ən kobud, bəzən ən cılız, ya da ən zərif əllər məni bərk-bərk sıxıb, amma bu an ən zərif, yumuşaq və məni daha çox istifadə edən, peşəsinin simvolu seçən əllərdə olduğum üçün daha çox zövq alıram. Çünki, mənim hiss etdiklərimi yalnız sən daha doğru və aydın təsvir edə bilərsən.

Fiziki görünüşüm olduqca sadə olsa da, fəaliyyət sferam çox geniş və gərgin məkanları əhatə edib.

Bəzən möhtəşəm salonlarda ən ciddi rəsmi qərarlar vermək üçün bir imza yerinə işləndiyim vaxtlar olur.

Bəzən kiminsə cəzası üçün qəzəbli əllərdə sıxılıram.

Kiminsə azadlığı üçün verilən ədalətli qərarların qürurunu yaşayıram.

Hərdən titrək əllərin gövdəmdən tutaraq imza atdığı zaman ən böyük xoşbəxtliyi hiss edirəm.

Hərdən də bəzi insanların  “ bir qələmdə silib atdım” deyən ayrılığına yardımçı oluram. Çox fərqli, dəyişkən duyğular yaşayıram o anlarda. Bəzən inciyirəm, məktəb uşaqlarının ”qələmim evdə qalıb, əlavə qələminiz olar?” kəlməsi mürəkkəbimi dondurur. Belə lazımsız, belə laqeyd yanaşmalar olarmı? Mənim mürəkkəb ləkəmi arzulanan hisslə qəbul edən ən yaxın dostum ağ kağızlardır. Məşhur ədiblərin, jurnalistlərin əlində elə rəvan işlənirəm ki, su kimi axıb kağız üzərinə səpələnirəm. Hərdən dostumdan utanıram da. Savadsız uşaqların səhvləri ucbatından kağızı qaralayıram, hansısa mənfi ifadələrin yazılmasına səbəb oluram. Amma yenə də ağ vərəqlər yalnışımla, doğrumla məni qəbul edən tək sirdaşımdı. Düşünürəm ki, bəlkə də mənim müassir formamı vegetariyanlar kəşf edib. Amma köhnə lələk quruluşumun funksiyası ilə hələ də hərdən yazıçıların, ədiblərin əllərində ilham qaynağı oluram, pərvazlanıb göylərdə uçurlar. Yeddi not üzərində öz izlərimi qoyduğum zamanda insanların əhvalına bəxş olunan ruhun qidasında mənimdə payım olduğunu hiss edirəm. Rəssam əlində istedadını nümayiş etdirməkçün ən yaxşı vasitəyəm. Mən hərfləri sevirəm, rəqəmləri sevirəm, kitabları, sənədləri, şeirləri sevirəm. Məni əllərində dilləndirən insanları sevirəm!

Yazının sonuna gəldik…Mənim də boyuma, çəkimə uyğun ömür biçilib. Bir də ki, mürəkkəbə heç etibarım yoxdu…Hər an məni səndən ayıra bilər. Əllərində bu gözəl zövqü təkrar-təkrar yenidən yaşamağım üçün mənə fasilə et. Ayrılıqların deyil, qovuşmaların və başlanğıcların yazısında görüşənədək!

AFƏT  HACIYEVA

Bölmə : Nəsr, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10