Senet.az Naxçıvan MR Əməkdar həkimi, Ali dərəcəli travmatoloqu, dosent Adil Qənbər oğlu Məmmədovun “Mənim yaralı mahnılarım” əsərini hissə-hissə yayımlayacaq.
İlk olaraq, ən bağışlanılmaz hallardan biri hesab etdiyim xalq mahnılarına vurulan yad xallardan söhbət açmaq istərdim.
“Xalq mahnıları bizim zəngin sərvətimizdir. Biz bu xəzinəni, bu sərvəti göz bəbəyimiz kimi qoruyub saxlamalıyıq. Lakin, təəssüf ki, bəzi müğənnilər xalq mahnılarını təhrif edir, eybəcər hala salırlar”. Yəqin ki, dünya şöhrətli müğənni Lütfiyar İmanov bu sözləri elə-belə deməyib. Onun etirazı, ürək yanğısı, mahnılarımızın gələcəyi üçün keçirdiyi hisslər qeyd olunan sətirlərdən açıq-aydın duyulur.
Axı, min illərlə, milyon dildə, ağızda cilalanıb bizə çatan, müasir “ulduz”ların dili ilə desək, xalqın “möhür vurduğu” bu əmanətə körpə sənətçi-
lərin saxta möhür vurmağa mənəvi haqqı yoxdur. Ata-babaların, nənələrin bizə saxladığı miras hansı formada, ruhda yaşayıb, salamat gəlib çıxıbsa, eləcə də biz onu gələcək nəsillərə əmanət verməliyik.
Xalq mahnıları hamımızın ümummilli sərvətidir. Onların bircə hərfini və ya səsini də təhrif etməyə heç kəsə ixtiyar, səlahiyyət verilməməlidir. Elə götürək, indiyədək daima dəbdə olan, bir an belə unudulmayan, həm də çox
məşhurların belə ifa etdiyi mahnını: – İrəvanda xal qalmadı,
Daha məndə hal qalmadı – misralarını. Müğənnilərin çoxu son misraları “Daha məndə can qalmadı”– kimi oxuyur.
Şeirəyyətdən cüzi məlumatı olan adam “can” sözünün mahnıya yamaq olduğunu duyur. Axı, min illərlə “xal” kəlməsinə daha təbii səslənən “hal” qafiyəsi işlənib, “can” “xala” qafiyə ola bilməz ki…
Tanınmış şair Dəmir Gədəbəylinin fikrinə görə, bu misraların əslinin:
– İrəvanda xan qalmadı,
Gəncədə Sultan qalmadı – şəklində olması, bəlkə də İrəvanın qədim Şərq əyaləti, Azərbaycan xanlığı olması anlamı baxımından təqdirəlayiqdir. Amma, mahnının başqa bəndlərindən aydın olur ki, burada “xal”dan söhbət gedir. Çox güman ki, bu kəlmələr, hələ qədimdən xal qoymaq, qadın bəzəyi üçün lazım olan vəsaitin, adətən, Azərbaycanın qədim İrəvan xanlığından gətirilməsinə işarədir.
Deyişmə şəklində oxunan bu mahnının qadına məxsus sonrakı misraları
belə səslənməlidir: – Xalxa nə borcdur – belə düzdürmüşəm,
Yarıma xoşdur, belə düzdürmüşəm.
Amma, belə lirik, vəzni, qafiyəsi yerində olan bu misralar, demək olar ki, bütün ifaçılar tərəfindən bərbad hala salınır:
– Xalqa nə borcdur, üzə düzdürmüşəm,
Yarım deyibdir, qoşa düzdürmüşəm.
Əvvəla, hanı şeirin qafiyəsi:nə “borcdur – deyibdir”, nə də “üzə – qoşa” qafi-yə deyildir. Əslində isə qafiyə “xoşdur – borcdur (borşdur)”, rədif isə kişinin sua-lından asılı olaraq, “belə düzdürmüşəm”, yaxud “qoşa düzdür-müşəm” olmalıdır.
İkincisi, heç kəs inanmaz ki, Koroğlu babamız Nigarına, Qaçaq Nəbi Həcərinə, Cahangir ağa, Məhəmmədhəsən əmi öz xanımına desin ki, “get yana-ğına qoşa xal qoy, belə gözəl görünürsən”. Ola bilsin ki, əyalının, nişanlı-sının, adaxlısının üzündəki xaldan xoşlanan oğlan, kişi öz heyran baxişi, təbəssümü, “bəh-bəh necə yaraşır” və s. ehyamları ilə ondan xoşu gəldiyinə işarə edə.
Üçüncüsü, nənələrimiz heç vaxt xalqın fikrinə biganə qalmazdı, ətrafdakıların tənəsindən çəkinərdilər. Odur ki, el arasında, ağızlarda “xalq”dan fərqlənən “özgələr, yadlar” mənasını verən incə “xalx” kəlməsi yaranıb: “bilmirəm xalxa nə var” və s. Başqa bir xalq mahnısında olduğu kimi:
– Su gəlir, arxa nə var,
Tökülür çarxa nə var.
Səni, yar, mən sevirəm,
Bilmirəm, xalxa nə var ?!
Dördüncüsü, məgər min illərin kişisi bilmirmi ki, süni qoyulan xal, boya, ənlik, kirşan gözəlliyi üzə su dəyənədək, xalq şairi S.Vurğunun bir şeirindən anlaşılan kimi – “gözəl yağış altına düşənəcəndir ?”.
Xalq mahnılarının təhrifinə aid başqa bir misal:
“Yar bizə qonaq gələcək,
Bilmirəm nə vaxt gələcək.
Söz verib – sabah gələcək.
Qadın müğənni əvvəl deyir “bilmirəm”, sonra bildirir ki, söz verib – sabah gələcək. Axı, bizim babalar müasir gənclər kimi olmayıb. Əgər xəbər çatdıra bilibsə ki, “sabah”, deməli, sabah gələcək. Amma, bu xəbər ənənəyə görə, adətən, başqası tərəfindən çatdırıldığı üçün “söz verib” kəlməsi də inandırıcı deyil. Odur ki, 3-cü misrasını – “Olsun ki, sabah gələcək” – kimi səslənməsi daha düzgün olar.
Bu mahnını oğlanın oxuması isə heç bir ənənəyə, məntiqə uyuşmur. Çünki, müasir dövrdən fərqli olaraq, qədimdə deyikli, ya nişanlı qızın yargilə qonaq getməsi ağlasığışmazdır.
Bu baxımdan, mahnılara fərdi yaradıcılıqla yanaşan, səlis ifası ilə fərqlə-
nən kişi müğənninin: – Ay gözəl, gər yar gilə – cümləsi də uğurlu alınmır. Həm də anlaşılmır ki, hansı yar gildən söhbət gedir, qızı özlərinə, yoxsa qonşuya dəvət edir.
Bəlkə bu müğınniləri Nizami babamızın
– Gecə xəlvətcə bizə, nazlı nigar gəlmiş idi,
…Bir busə istədim ondan, yeri var, gəlmiş idi – cümlələri olan qəzəli çaşdırır. Unutmaq olmaz ki, ulu şairimzin bu qəzəli
– Demə, röyada bizə çeşmi-xumar gəlmiş idi – misrası ilə novellasayağı bitir. Sən demə, bütün qəzəl boyu təsvir olunan bu xoş mənzərələr yuxu imiş. Belə yerdə deyirlər “Onu yuxuda görərsən”.
Bir muğam müsabiqəsində qız müğənni isə belə oxuyur:
– Mən gəlmişəm sizə qonaq,
Sübhə kimi qaldım oyaq.
Aydındır ki, bu oğlan mahnısıdır. Qondarmalığı o saat nəzərə çarpan ikinci misranın mənası – qonağın sübhədək oyaq qalmasının səbəbi aydın olmur. Lap oğlan olsun, qonaq gəlib, qarşılayanı, diqqət yetirəni yoxdursa, qalmağa nə hacət ? Əvvəllər, bəlkə elə indi də adaxlı oğlan qız gilə gedəndə qaynana, baldız, ya qız özü tezbazar ona qayğanaq bişirərdi. Mahnı da belə idi:
– Mən gəlmişəm sizə qonaq,
Bişir mənə bir qayqanaq.
Qonaq gələn qız nişanlısından qayqanaq tələb edə bilməzdi. Odur ki, qafiyə və uyarlı cümlə axtarmaq üzündən “sübhə kimi oyaq qalmalı” olmuşdur.
Bəs, cavan oğlanın ifa etdiyi xalq mahnısında: – Əlbət evə gələrsən,
Gör, sənə mən neylərəm – hədələyici misralara nə məna vermək olar ? İraq, olmaya bunun da əyalı, Molla Nəsrəddinin gəzəyən arvadı kimi öz evlərinə nadir halda gəlib çıxır. Yeri gəlmişkən: Molla Nəsrəddinin arvadı çox gəzəyən imiş. Dostlar, qonşular bu barədə Mollaya tənə vuranda, o: “Mənim arvadıma niyə şər atırsız, o, gəzəyən olsa, bizim də evə gəlib çıxar da” – deyə cavab verir.
Heç olmasa, bu mahnını qız oxusaydı, yeri olardı.
Yaxud: – Endim bulaq başına,
Yarım çıxdı qarşıma.
Sevda nədir, bilməzdim
O da çıxdı qarşıma.
Əvvəla, sevda nədir, bilməzdinsə, qarşıya çıxan “yarın” kim idi ? Bəlkə,
“Bir qız çıxdı qarşıma” – demək istəyir.
İkincisi, sevda havası başa vurar, başa gələr, qarşıya çıxmaz.
Yəni – Sevda nədir, bilməzdim
O da gəldi başıma.
Bu bəndi qocaman müğənni əmimiz başqa variantda belə də oxuyur:
– Mən gəlirdim, yarım çıxdı qarşıma,
Onu sevdim, nələr gəldi başıma…
Qarşısına çıxan “yarına” bələd deyildimi ki, onu yenidən sevir və öz başına oyun açırdı ?
“Süsən sümbül” xalq mahnısının hamı, hətta ən hörmətli, məşhur müğənnimiz tərəfindən nə hala salındığını görəndə adam polisin köməyinə əl atmağa, 102 nömrəsinə zəng etməyə ehtiyac duyur: – Süsən sümbül, itirmişəm
Mən yarımı, mən gülümü.
Ömrü başa yetirmişəm –
Aman Gülgəz, yarım hanı ?
Mahnıda Gülgəzə xitab edildiyi halda, yarın itkisi barədə Süsən sümbülə niyə müraciət edilir ? Süsən sümbül nə vaxtdan axtarış idarəsinin agenti olub ki, itki barədə ona məlumat verilir. Halbuki, birinci misradakı “itirmişəm” “bitirmişəm”lə əvəz edilsə (sümbülü əkib becərir, bitirirlər), onun özü isə ikinci sətrə endirilsə misranın əsli alınır: – Süsən sümbül bitirmişəm,
Mən yarımı itirmişəm.
Ömrü başa yetirmişəm,
Aman Gülgəz, yarım hanı ?
Amma, ha gözləyirsən ki, müğənni avaz əsarətindən, aludəçiliyindən çıxıb, məzmuna fikir verərək, misraları bərpa edəcək, istəmir ki, istəmir…
Başqa bir müğənni isə bu qüsuru düzəltmədən əlavə bir anlaşılmazlıq da yaradır: – Süsən sümbül, itirmişəm
Mən balamı, mən yarımı. Buna adamın daha çox yazığı gəlir, bilmək olmur, yarını, balasını, ya hər ikisini itirib.
Başqa bir xam (səriştəsiz) müğənni isə, “Bəri bax” xalq mahnısının bəndlərindəki misraları qarışıq salmaqla, şeiriyyəti və məzmunu pozmağa çalışır:
– Pəncərənin milləri,
Ay bəri bax, bəri bax.
Açıb qızıl gülləri,
Ay bəri bax, bəri bax.
(Oğlanı yoldan eylər,
Qızın şirin dilləri) – əvəzinə
Səni mənə versələr,
Hər görənə xoş gəlir – oxuyur.
Halbuki, sonuncu 2 misra: – Pəncərədən daş gəlir,
Xumar gözdən yaş gəlir-in davamı olmalıdır.
Mənə elə gəlir ki, qəriblikdən qayıdan müğənnimiz vətəndə bu gözəl mahnının başına oyun açıldığını görərək, acıqdan:
İndi, məgər, yenə də pəncərədən daş gəlir ?
İndi hansı sevgidə xumar gözdən yaş gəlir ? – nəzirə mahnısını oxumalı olur.
Bir başqası isə: – Aşıq illər uzunu,
Gül sünbüllər uzunu.
(Çəkərəm yar həsrətini
Aylar, illər uzunu) – əvəzinə
Yarı məndən ayıran,
Düşsün itkin diyara – oxuyur.
“Nədən oldu?” – xalq mahnısının da başına kim necə istədi oyun açır, amma nə bədii rəhbərlərin, nə də başqa məsul işçilərin tükü də ürpəşmir, heç kəs “niyə belə oxuyursan ?” – demək istəmir. Demək olar ki, gənclərin əksəriy-yəti “öz eşqimdən, diləyimdən” – misrasını – Yar eşqiylə yana-yana (?)
Ayrı düşdüm illərlə mən – oxuyur.
Yaxud: – Yandı bağrım dən-dən oldu,
Gül bağçada xəndan oldu – əvəzinə, gənc müğənni:
– Ürək yandı kabab oldu,
Gül bağçada xəzan oldu – kimi tələffüs edərək, biri bağrını, başqası ürəyini yandırıb kabab eləsələr də, kababın nə iyi, nə dadı duyulmur. Heç biri də fikirləşmir ki, gül quruyub, ləçəkləri töküləndə xəndan olur, nə xəzəl, nə xəzan olmur.
Xorun solisti isə “Ləbu-ləb” xalq mahnısında:
– Əhli-eşqə (eşq əhlinə) bu qədər naz eləmək yaxşı deyil – əvəzinə
– Əhdə, eşqə bu qədər naz eləmək yaxşı deyil – oxuyur.
Mənə ən çox təsir edən isə “Qarabağ şiksətəsi”nə bütün müğənniləri-mizin soyuq münasibətidir. Əslində isə Qarabağ fikri onların başını elə hərləndirir ki, onun haqqında yana-yana oxuduqları halda, mahnının sinəsinə bir sağalmaz qafiyə dağı da çəkirlər. Əvvəlki iki misranın “Can, Şirvan” qafiyələrinə “yaddan” müvafiq gəldiyi halda, görəsən, “Çıxmaz yaddan Qarabağ” əvəzinə, niyə: Dünya cənnət olsa da,
Yaddan çıxmaz Qarabağ – kimi oxunur ?
Korifeyimizdən tutmuş gənc ifaçılara kimi heç kəs bu incə, lirik məsələyə fikir vermir, sonuncu misradakı sözlərin yerini dəyişdirməklə mahnıdan alınan mənəvi və estetik zövqü öldürür. Görən, doğrudanmı incəsənət xadimlərimiz bunu duymurlar, yaxud Qarabağın və eləcə də “Qarabağ” – mahnısının taleyinə belə biganədirlər ?
(Ardı var)