Müsəlman ustası – Səməd Mənsur

22 Baxış

35

Hər işə qıl dəvət, ay millət, müsəlman ustası,

İş görəndə çox edər diqqət müsəlman ustası.

 

Bircə günlik iş bir ay kifayətdir yəqin,

Görməz heç təcilə bir hacət müsəlman ustası.

 

Əgri bögri yansa da, möhkəm yapar, çün eyləmiş,

“Tüstisi düz çıxsın”a adət müsəlman ustası.

 

On dəqiqə işləyəndən sonra bir qəlyan çəkər,

Bircə saət də edər söhbət müsəlman ustası.

 

Cümleyi-ərbabi-hikmətdir, işin əslin tapar,

Sevməz əsla mənisiz zinət müsəlman ustası.

 

Diş çıxardar, ev tikər, fayton sürər, yorğan sırar,

Saxlamaz heç əldə bir sənət müsəlman ustası.

 

“Kəs dilin xanəndə “Yansı”n usta İslamın əlin”,

Böylə der əcdadımız, əlbət, müsəlman ustası.

 

Çünki dünya beşcə günlikdir, nə lazım səy edib,

Sənətində əxz edə rifət müsəlman ustası.

 

Pul alar iş sahibindən işlərin qurtarmamış,

Verməsən, dalca edər qeybət müsəlman ustası.

1918

KÖŞƏ YAZARLARI
TOP 10