Musa Yaqub – “Ruh söhbəti”

106 Baxış

musa yaqub

Musa Yaqub:

 

Bu dəfə səninçün gül gətirmədim

Amma ürəyimdə qalmadı əhdim –

Qəbirstan gül açıb bu bahar çağı

Arada bir topla lalə ocağı

Elə bil əlimdən düşüb odlanır.

Qaymaq çiçəkləri həndəvərində

Göy otlar içində zərnişan yanır.

 

Tək bənövşə bitib yaxınında,

Mənə deyəcəyin gizli sözündü –

Xırda ləçəklərdə titrəyir səsin

Atam da, anam da yatır yanında,

Necə danışaq ki, eşidilməsin.

 

Gəl sükut içində mələk dilində,

Bənövşə dilində, lalə dilində,

Gül-çiçək dilində danışaq bu gün.

Cəhənnəm yəqin ki, çiçək bitirməz,

Bu incə çiçəklər cənnətdən gəlib, -

İncədən incə

Kim gedib görübki, biz də eləcə,

Gəl cənnət dilində danışaq bu gün.

Cənnət ağacımız tubu dilində,

Təbiət dilində danışaq bu gün.

 

Bir də qulaq verək o qərib səsə,

Qoyub başımızı gedər-gəlməzə

Daş məhbəs dilində danışaq bu gün.

Sonuncu sözünü tuta bilmədim,

Son nəfəs dilində danışaq bu gün.

 

Yatır daş altında ömürlər, illər,

Daşlarda çatlar var, torpaqda qatlar,

Xəzəli başında qaldırıb otlar,

Sarmaşıq üstündə hörüb çələnglər,

Yəqin ki, ruhundur  bu kəpənəklər  -

Kəpənək dilində, ruhun dilində

Bir mələk dilində danışaq bu gün.

 

 

Qəbrin min rəng alıb bahar çağından

Bənövşə dilisən, lalə ocağısan.

Asmışam könlümü gül yarpağından,

Baxsan ürəyimi tanıyacaqsan.

 

 

 

Səhra yanğısı

Ömrüm səhra yanğısı,

Yox əkində, biçində.

Qum yandırıb Məcnunu,

Qalıb külün içində.

 

Öz eşqimi aradım,

Nə tapdım, nə yarıdım.

Gül üstündə qanadım,

Bir kəpənək gücündə.

 

Ah, bu dövran, bu dövran –

Keçmək olmur yanından.

Girib dəyirmanından

Çıxdım başqa biçimdə.

 

Gecə uzun, gün yasaq,

Hava duman, yol uzaq.

Mən bir asi yalquzaq,

Qurd ulayır içimdə.

 

 

 

 

 

 

Bölmə : Poeziya
KÖŞƏ YAZARLARI
TOP 10