Müsavat ruhlu, İslam əxlaqlı, Cümhuriyyətçi

36 Baxış

mirze

Məzahim Mustafazadə

 

Əlbət ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları və əsas simaları haqqında çox eşitmişik. Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topşubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli (Usubbəyli) …. və bu qəbildən olan görkəmli dövlət xadimləri milli azadlıq hərəkatının əsas simaları idi.

Amma bu gün sizə adı heç də hamı tərəfindən eşidilməyən böyük mübariz Müsavat partiyasının əsas ideoloqlarından biri, Azərbaycan Demokratik Cümhuriyyətinin müstəqil Parlament üzvü Hacı Səlim Axundzadə haqqında məlumat vermək istərdim. 1918-ci il 27 may tarixində hazırlanan “İstiqlaliyyət Bəyannaməsi”nə əsasən AXC-nin müvəqqəti qanunverici orqanı kimi Milli Şura yaradıldı və bu şuraya üzv olan müsavatçılar sırasında Hacı Səlim Axundzadə də yer almışdı.

Həyatına nəzər salsaq Hacı Səlim Axundzadə 1872-ci ildə Lənkəran şəhərində dünyaya gəlib. Atası Mirzə İsmayıl Qasir (1805-1900) öz dövrünün tanınmış şairi və görkəmli maarifçisi idi. O Şirvandan Lənkərana köçəndən sonra “Üsuli-cədid” məktəbi yaradaraq, maarifçiliklə məşğul olmuşdur.

Hacı Mirzə Səlim ilk təhsilini atasının dərs dədiyi məktəbdə alır. O, “Üsuli-cədid”də fars və ərəb dillərini öyrənəndən sonra o dövrdə Lənkəranda fəaliyyət göstərən rus gimnaziyasına daxil olur. Gimnaziyada təhsilini uğurla başa vurub bir müddət şəhər polis idarəsində, sonra isə yerli mülkiyyətçi Əsgər xan Talışinskinin yanında katib işləyir. Sonra dini təhsil almaq məqsədilə Ərdəbil, Zəncan və Nəcəfşəhərlərinə gedir. Onun bu təhsili düz 8 il davam edir. Türkiyə və bir sıra Avropa ölkələrinə uzun müddətli səyahətə gedən Axundzadə Vətənə qayıdandan sonra 1911-1916-cı illərdə Lənkəran şəhər gimnaziyasında islam dini və şəriət dərsləri ilə yanaşı fransız dilindən də dərs deyir.

Hacı Səlim Axundzadə 1916-cı ildə yenidən Türkiyəyə səyahət edir, Rusiyada fevral burjua demokratik inqilabı baş verəndən dörd ay sonra Lənkərana qayıdır. “Müsavat” partiyasının yerli şöbəsinə üzv olur.

Hər yerdə olduğu kimi Cənubda da fevral inqilabının təsirilə ictimai-siyasi canlanma başlayır, yerli, məhəlli icraiyyə komitələri yaradılır. Bu təşkilatlar yerlərdə asayişi təmin etmək, xaos və qarmaqarışıqlığı aradan qaldırmaq məqsədilə fəaliyyət göstərirlər.

1918-ci il yanvarın 9-da Bakıdan teleqram göndərib, bir nəfər rus dili bilən lənkəranlının da Tiflisə gedib erməni və gürcülərlə birlikdə “Seym”in işində iştirak edəcəyini bildirirlər. Çox illər sonra qürbətdə yaşayan 58 yaşlı Hacı Səlim Axundzadə bu hadisəni belə xatırlayacaq: “Mən təklif etdim ki, Ağa Məhəmmədəli getsin. Lakin təşkilatın üzvləri mənim getməyimi məsləhət gördülər. 1918-ci il yanvarın 10-da Bakıya gəlib “Açıq söz” idarəsinə getdim və “Xeyriyyə”də sakin oldum. Məmməd Əmin Rəsulzadə məni görcək ehtiram göstərdi. Həmin gün axşam saat 8-də Bakıdan qatarla Tiflisə yola çıxdıq. Heyyətimizdən adları yadımda qalan yoldaşlarım bunlar idi: Məmməd Əmin RəsulzadəXəlil bəy XasməmmədovMəhəmmədhəsən bəy HacınskiMehdi bəy HacıbababəyovCavad bəy MəlikyeqanovMehdi bəy Mustafabəyov, Mahmudov,Məmməd Yusif CəfərovFətəli xan Xoyski, doktor Həsən bəy Ağayev və İslam bəy QəbulzadəGəncədə Nəsib bəy Yusifbəyli vaqona minib bizə qatıldı. “İttihat” firqəsindən Sultan Məcid Qənizadə, doktor Miryaqub və Həybətqulu bəy də bizimlə idi. Qatar yavaş-yavaş hərəkət edirdi. Hər Bir münasib yerdə dayanıb bura toplaşan camaat üçün müvafiq nitqlər edilirdi… Yanvarın 12-də günorta vaxtı Tiflisə varid olduq…”

Türk qoşunlarının Azərbaycana gəlişi ilə də bağlı Axundzadənin xatirələrində bir sıra maraqlı bilgilər var. Belə ki, türk qoşunu Batuma yaxınlaşanda almanlar gürcüləri öyrədirdilər ki, türkləri Batumdan keçməyə qoymasınlar. Buna görə də, Nuru paşa yolu dəyişib başqa tərəfdən Gəncəyə gəldi. Bununla da Qafqaz müsəlman əhlinə böyük bir qüvvə hasil oldu. Sonra Gəncədən 4 min türk əsgəri Hacı Mirzə Səlim Axund Axundzadənin nümayəndələri ilə  Zəngəzura tərəf hərəkət edir ki, orada ermənilərin mühasirəsində olan azərbaycanlıları azad etsin. Və buna nail olurlar. Odur ki, sonralar Zəngəzur camaatı Hacı Mirzə Səlim Axundzadəni Azərbaycan Cümhuriyyəti parlamentinə deputat seçmişdi.

1920-ci ilin aprel işğalından sonra, o dövrün görkəmli siyasi xadimləri, hökumət üzvləri kimi Axundzadə də zorən vətəni tərk etməli olur. İranagedir, əvvəlcə Ərdəbildə məskunlaşır, sonra Ənzəli şəhərinə köçur. Hökumət mədrəsəsində müəllimlik etməyə başlayır.

Rus-bolşevik işğalından sonra digər ictimai-siyasi xadimlər kimi Axundzadə də mübarizəni dayandırmır. Şərqdə, xüsusilə yaxın müsəlman ölkələrində böyük nüfuz sahibi olan Hacı Səlim həmin ölkələrə üz tutur. Onun əsas məqsədi müsəlman dünyasından hərbi yardım almaq, Vətəni yadelli işğalçılardan xilas etmək idi. Elə bu məqsədlə də o, İrandan Əfqanıstana yollanır. Ötən əsrin 20-ci illərində Əfqanıstanda hakimiyyətdə olan rusiyameylli Əmənullaxan Hacı Səlimin bu xahişini qulaqardına vurur. Ona bu mübarizədən əl çəkməyi və Əfqanıstanda qalmağı təklif edir. Axundzadə bu təklifi qəbul etməyib, Tac-bəy sarayını tərk edir. Bir tərəfdən işğal altında olan Azərbaycan dərdi, digər tərəfdən qürbətdə doğma od-ocaq həsrəti, övlad nisgili onu əzir.

Hacı Mirzə Səlim Axundzadə 1930-cu il dekabrın 15-də, 58 yaşında vəfat edir. Onu Ənzəlidə torpağa tapşırırlar.

Bölmə : Bölməsiz, Manşet, Tarix
KÖŞƏ YAZARLARI
TOP 10