Müşfiq XAN – Qorxmaz

51 Baxış

musfiq-xan

Senet.az oxucularına “Ustad” jurnalının 14-cü sayından Müşfiq XANın “Qorxmaz” hekayəsini təqdim edir.

Hekayə 

Moskvanın müdafiəsi uğrunda Novqorod vilayətinin Pustinka kəndi yaxınlığında qəhrəmanlıqla döyüşən azərbaycanlı snayper Ziba Qəniyevanın və bütün Böyük Vətən Müharibəsi iştirakçılarının əziz xatirəsinə ehtiramla…

– Ziba!

Nadejda Aleksandrovna az qala qışqıraraq adımı çağıranda yerimdə dik atıldım və nə baş verdiyini anlamadan yüksək səslə təkcə bunu deyə bildim:

– Vseqda qotov!

Pioner salamı (bu hərəkəti çox sevdiyim üçün məndə vərdişə çevrilmişdi, baxmayaraq ki, artıq iki il idi komsomola keçmişdim) üçün çəpəki qalxan qolumun necə titrədiyini də o zaman hiss etdim. Elə bil mənə deyil, bir başqasına aid idi. Hələ sağ əlimin göstərici barmağı, aman Allah, havada – dayandığı boşluqda nə axtarırdı, anlamıram – hansısa toxunuşu itiribmişcəsinə ehmalca irəli-geri gedib-gəlirdi. Əslində, nələr olub-bitdiyini, çiynimin qundaq, hələ də əsməcəsi keçməmiş barmağımın isə tətik axtardığını bir neçə saniyə sonra başa düşmüşdüm. Amma indi bunu burda – Sovet ədəbiyyatı dərsinin ortasında izah etməyə çalışsaydım da heç kim mənə inanmayacaqdı. Odur ki, susub əlimi pərt halda aşağı endirdim.

– Ziba, sənə nə olub?

Müəlliməm bayaqkından daha təmkinli davranıb oturduğum partanın – düz mənim başımın üstündə dikəldi. Yenidən ayağa qalxmaq istəyirdim ki, ehmalca çiynimin aşağısına toxundu:

– Əyləş, əyləş. Sən mənə qulaq asmırsan?

Ona qulaq asmırdım. Haqlıydı. Heç indi də sualına cavab vermək fikrində deyildim. Bir az əvvəl çiynimdə toxunduğu yerdə bu dəfə də titrəmək əvəzinə anlaşıqsız gizilti qopdu. Sinəmin sürətlə qalxıb-endiyini hiss edirdim. Sol tərəfimin. Sağ əlimi qeyri-ixtiyari çiynimin qurtaracağına – döşümün yuxarı tərəfinə qoyub sakitləşməyə çalışdım. Bu yerin bir snayperçi üçün, ələlxüsus da əgər o qadındırsa, nə qədər vacib yer olduğunu atam demişdi. Qundağın ən əziz yeri, rahat, sözəbaxan olduğu yuvası.

Gizilti keçməmişdi. Barmaqlarımsa sığalladığım yerdə ilişib qalmışdı. Fikrim çox uzaqlardaydı. Burnuma lap yaxından barıt qoxusu gəlirdi. Sağ tərəfdə birinci partada oturan Arifin oğrun-oğrun məni süzüb ehtiras dolu sırtıqlıqla qımışdığını görəndə səksənib əlimi çiynimdən çəkdim. O an sanki uzun, dərin bir yuxudan ayıldım.

– Qulaq asıram, Nadejda Aleksandrovna, – handan-hana nəhayət kəkələyib bunu deyə bildim.

– Axırıncı dediyimi təkrar et görüm, – yoxlamağa çalışdı.

– O müharibə ədalətlidir ki, zəruridir, – təkrar etdim.

Doğrusu, yəqin siz də təxmin etdiniz ki, müəlliməmin nə dediyini eşitməmişdim. Sadəcə gözümü döyüb susmaqdansa, şansımı yoxlamağa cəhd etdim. Və deyəsən, alındı. Çünki artıq əzbərləmişdim, bu, onun tez-tez işlətdiyi sevimli kəlməsi idi. Hər dəfə də bunu deyəndən sonra bir müddət diqqətlə sinfə nəzər salar, sanki kəşfiyyata çıxar, az qala, hamını tək-tək süzər, axırda da fikrinə qaldığı yerdən davam edərdi. Elə mən də indi bu kəşfiyyatın “qurbanı” olmuşdum.

Bir neçə dəqiqə əvvəlki anlaşılmaz hərəkətlərimə görə uşaqların hamısı gülüşmüşdüsə də, indi cavabımdan sonra sinfə elə bil su səpdilər – hər kəs sakitləşdi.

Bu hadisə uzun illər əvvəl – 1942-ci ilin yazında – biz onuncu sinifdə oxuyanda baş vermişdi. Onda atam artıq həyatda yox idi. Evə gəlib baş verənləri anama danışanda xeyli gülmüş, sonra qadın birdən-birə kədərə qərq olmuşdu. Bu, əlbəttə ki, cəbhəyə getmək istədiyimi deyəndən sonra baş vermişdi. Amma nə etməli, fikrimdə qəti idim.

Anamın gözünü oğurlayıb (məktəbdən ac canavar kimi qayıtdığıma görə o, mətbəxə mənə xörək çəkməyə keçmişdi) dama qalxdım. Barmaqlarımın ucunda ehmalca irəli yeriyib saman bağlamasının arasındakı atamdanqalma tüfəngi əlimə aldım. Qəribədi, indi əllərim titrəmirdi. Hələ sağ əlimin göstərici barmağı, necə məğrur dayanmışdı tətikdə, ilahi!

Necə oldusa, gözüm qəfil tüfəngin lüləsindəki iyirmi qəpiklik ölçüsündəki qonur ləkəyə sataşdı. Tüstüm təpəmdən çıxdı. Necə ola bilərdi, axı niyə paslansın ki? Az qala hər həftə yağlı əski ilə silib qoruduğum “sevgilim” niyə belə vəfasızlıq etmişdi?! Atamdan mənə qalan yeganə nişanə idi bu tüfəng. Ona ad da qoymuşdum – “Qorxmaz” idi adı.

Anamın məni səslədiyini duyub tez-tələsik aşağı düşdüm.

– Qayıdıb yaranı saracam, məni gözlə, Qorxmaz, – tüfəngin lüləsindən öpərkən bunları pıçıldadım.

Görəsən, “yarasını” təmizləyib dırnaq boyası ilə rəngləsəm bir şey alınarmı? – qarşımdakı yeməyi könülsüzcə qaşıqlayanda ağlımdan bunu keçirdim…

* * *

O illər, elə bir az əvvəl danışdığım həmin əcaib hadisə məktəbdə başıma gələndə həmyaşıdlarım məndən fərqli olaraq daha fərqli, sevgi dolu, eşq dolu xəyallar qurar, dərslərdəki “özündəngetmələr” də, müəllimin danışdıqlarını duymamaqlar da bu üzdən baş verərdi. Bəlkə də, bəlkə yox, mən əminəm ki, həmin gün sinif yoldaşlarımın hamısı, hətta müəlliməm də mənim düşüncələrimi yanlış yerə yozmuşdular. Doğrusu, nə onda, nə də sonralar bu mənim vecimə deyildi. Orta məktəbin sonuncu sinfinə çatanda sinif qızlarımızdan doqquzu artıq “yox” idi. İkisi sevdiyi oğlana qoşulub qaçmış (gülməyim gəlir, amma sonra onları tapıb geri qaytarmış, məktəbi bitirənə qədər səbirli olmalarını bərk-bərk tapşırmışdılar), qalanları isə nişanlanmışdı – biri-iki aya toyları olacaqdı. Sinfimizdə sevgilisi olmayan qızlar sırasındasa hələlik dördümüz qalmışdıq – mən, həmişə arxa partada yanaşı oturan Sveta ilə Gülnaz və bir də sinif rəhbərimiz Nadejda Aleksandrovna. Hə, bayaq unutdum deməyi, o çox gözəl, buruq saçları ağ çöhrəsinə ecazkarlıq bağışlayan gənc qadın idi. Sevdiyi oğlan keçən il – 1941-ci ilin dekabrında Moskvanın müdafiəsində qəhrəmancasına həlak olmuşdu – Pustinka kəndi yaxınlığında…

* * *

İki ay sonra orta məktəbi bitirdik. Sinfimizin ən kifir qızına – Svetaya elə son zəng günü elçi gəldilər (bu dəfə həqiqətən özümü gülməmək üçün zorla saxlayıram, adamlar gərəksiz şeyləri necə dəqiq, günə-gün planlaşdırırlar; amma etiraf edim ki, nişanlısı olduqca yaraşıqlı oğlan idi). Gülnaz isə qaraqabaqlığından yaxa qurtara bilməsəydi, yəqin ki, ömrünün sonuna kimi ağ atlı oğlanını gözləmək məcburiyyətində qalacaqdı.

Günlər yel kimi ötüşürdü. Məktəblə vidalaşmağa bircə imtahanlarımız qalırdı. Həvəslə hazırlaşırdım. Hiss edirdim ki, dərslərə belə bağlanmağım anamı sonsuz xoşbəxt edir. Necə olsa gözünün ağı-qarası bircə övladıydım. Mən onun üçün təkcə qızı yox, həm də dünyası, gələcəyi idim. Lakin heç cür izah edə, izah etsəm də onu razı sala bilmirdim ki, imtahanları bitirən kimi birbaşa cəbhəyə gedəcəm. Mənimlə bağlı nə xəyallar, planlar qururdu, yazıq qadın…

Heyif ki, o planların heç biri mənim üçün cazibəli deyildi. Ərə getmək, olmadısa oxuyub ali savad almaq, hansısa kənddə lap elə Nadejda Aleksandrovna kimi bütün şagirdlərin sevimlisi olan müəllim olaraq özünü yetişdirmək və daha nələr, nələr…

Mənsə hər gecə yatanda tamam başqa planlar qururdum. Plan deyəndə ki, əslində, onlara heç plan da demək olmazdı. Sadəcə bir istəyim, məqsədim var idi – cəbhəyə getmək, atamın yarıda qoyduğu işi sona çatdırmaq. Ancaq bilmirəm, o işin sonu var idimi, yoxsa necə. Bircə bunu dərk edirdim ki, kiməsə könül verməyə haqqım yox idi. Vətən üçün, hədəflərin üçün döyüşməyin yeganə yolu budur. Bir döyüşçü, bir əsgər, bir snayper ən böyük sevgili – Vətən qala-qala başqasını niyə sevsin ki?!

Vətənə qəhrəmanın adı gərək deyil. Qəhrəmanın adını xalq yaşatmalıdır. Yumruq kimi olmalı – bir yumruq kimi. Qəhrəman olmaq üçün sevməli Vətəni. Adını, şəklini kitablarda, məktəblərdə, qəlblərə sığmayan böyük ürəklərdə görə, düşünə bilməli əsil döyüşçü – qəhrəman ola biləcəyinə inanması üçün. Və bu inamı içindən əskik etməməli…

* * *

– Za rodinu! – öz bağırtıma ayıldım. Qalxmağa çalışdım. Sol çiynimdəki şiddətli ağrının təsirindən elə bil hansısa məchul qüvvə məni təzədən yatağıma sıxdı. Neçə saat, yaxud gün yatdığımı xatırlamırdım. Ümumiyyətlə nə baş verdiyini, indi harda olduğumu da başa düşə bilmirdim. Gözlərimin qabağındakı toran pərdə tədricən aydınlaşmağa başladı. Zəif işıqlanan kiçik bir otaqdaydım və burda məndən başqa heç kim yox idi. Xarakterik qoxunu içimə çəkdikcə bir xəstəxana palatasında olduğumu düşündüm. Bu dəfə daha ehtiyatla yerimdə dikəlməyə başladım. Lakin başımın üstündən qoluma, damarlarıma, qanıma, vücuduma qədər uzanan kiçik borunun – sistem şlankının canımı yandıran göynərtisi buna imkan vermədi.

Təxminən on beş dəqiqəni beləcə – yarıoturaq vəziyyətdə qalıb kor-peşman yenidən yerimə uzandım. Deyəsən, yavaş-yavaş xatırlayırdım. Çox yatmamışdımsa indi aprelin ya 14-ü, ya da 15-i olmalı idi. Bəlkə də 16-sı, nə bilim. Çünki alay komandirimiz Camal Qasımovdan axırıncı dəfə döyüş tapşırığını aldığım günün aprelin 12-si olduğunu xatırlayıram. Ən son xatırladığımsa hədəfimdəki düşmən snayperinin yerini müəyyən etməyim olmuşdu. Görünür, bu dəfə bəxtim üzümə gülməmiş, rəqibim məndən daha çevik davranmışdı. Dəqiq bilmirəm, bəlkə də, həmin gün görmədiyim başqa snayperin də hədəfində olmuşdum. İndi bunun üstündə baş sındırmaq, uydurma versiyalar irəli sürmək mənim üçün gərəksiz təsəllidən başqa bir şey deyildi. Vurulmuşdum, vəssalam. Və bir də ki, sağ idim, ölməmişdim. Heç nəyə təəssüflənmirəm, bircə “Berlin Tülküsü” ləqəbli o təhlükəli snayperi əlimdən qaçırdığıma görə özümü bağışlaya bilmirəm… Amma olan-olmuşdu, necə olsa da, ötən 3 il ərzində hər saniyəmi ön cəbhədə keçirmişdim, evə – anamın yanına bircə dəfə də olsun gəlməmişdim. Hə, az qala 3 il… 1942-1945…

Əlacım olsaydı indi də qalxıb gedərdim, amma öz əlimdə deyildi. Düşüncələrə daldıqca bir gözüm də qapıda kiminsə içəri təşrif buyurmasını dördgözlə gözləməkdəydim. Hərdən dəhlizlərdəki ayaq səsləri palatamın qarşısına yaxınlaşır, sonra isə ayaq saxlamadan ötüb hansısa qonşu palatalara tərəf gedirdilər. Xoşbəxtlikdən bu uzun sürmədi. Bu dəfə qapı döyülmədən açıldı. Tibb bacısı gözlərimi açıq görüb sevincək geri qayıdıb dəhlizə yüyürdü (kaş qapı açılanda gözlərimi yumaydım). Heç ağzımı açmağa macal da olmadı. Doğrudan, bayaqdan bəri heç yoxlamamışam, səsim çıxırmı, bəlkə səsim də batıb, çağırsam kimsə duymayacaq. Yox, bayaq qışqırıb səsimə yuxudan ayılanda çox gur çıxmışdı. Bəlkə yoxlayım? Var qüvvəmi toplayıb qapıya tərəf qışqırdım:

– Eyyy, kim var orda?

– Qızııımmmm!

İlahi, bu anam idi! Sən demə, tibb bacısı qapıda gözləyən anama muştuluq verməkdən ötrü geri qayıdıbmış.

Bu an qanadlanıb anama tərəf uçmaq istəyirdim. O da sevincindən özünü itirmiş, nə edəcəyini, mənə necə yaxınlaşacağını kəsdirə bilmirdi. Hətta arada bir neçə saniyəlik ayaq saxlayıb fağırcasına mənə baxdı. Yazıq qadın, gözlərinə inana bilmirdi.

Yanıma çatıb məni bağrına basanda elə bil bütün dünyanın rahatlığı hüceyrələrimə yayıldı. Çiynimdəki ağrını hiss etmədən ayağa qalxdım. Bu 3 ilin içində necə də sınıxmışdı anam… Güzgü tapıb, özümə baxıb, müqayisə etmək istəyi keçdi içimdən. Məktəbi bitirəndə hamının “Ay Parçası” çağırdığı o Zibanı axtarırdı gözlərim. Elə bil üstündən yüz il keçmişdi…

– Tərs qızı tərs! Axır dediyini elədin, atanın yolu ilə getdin!

– Anaaaa…

– Sözümü kəsmə! – sonra nə düşündüsə qımışdı, üzünü yuyan sevinc gözyaşlarını cib yaylığı ilə sildi. – Daha böyümüsən, qəhrəman qız olmusan, səni danlayası deyiləm ki!

– Qəhrəman, qəhrəman, qəhrəman, – ürəyimdə öz-özümə bir neçə dəfə bunu pıçıldadım. Səbəbsiz duyğular içində xəcalət çəkirdim. Məndən qəhrəman olar?! Zillətlə yaxaladığım düşməni də vura bilmədim. Bu azmış kimi döyüşçü yoldaşlarım savaşarkən mən yaralanıb burda – rahat yataqda uzanıb anamla söhbət edirəm.

Mən düşüncələrə qərq olduğum anlarda anam da bilmirəm nədənsə peşman adamlar kimi susmağa başlamışdı. Onu xəyallarından ayırdım:

– Anacan, nə oldu?

– Fərasətsizlik elədim, – bu dəfə lap ürəkdən güldü. Elə bil bir az əvvəl dərin xəyallara dalan, bundan da əvvəl gözyaşları selə dönən qadın o deyildi.

Doğrusu, heç nə anlamadım:

– Niyə axı?

– Sürprizi pozdum…

– Ay ana, qurban olum, ürəyimi partlatma görək, nə sürpriz? Olmaya məni bu gün ərə verirsən? – gücümün yetdiyi qədər şaqqanaq çəkib ürəkdən güldüm.

– Ay səni, dəli. O da olacaq, tələsmə, hələ sən bir ayağa qalx.

– Qalxıb cəbhəyə gedəcəm.

– Bala, hökumətimiz deyir ki, müharibə qurtarır ey! Nə cəbhə?!

– Qurtarsa…

– Ziba… – sözümü kəsdi.

– Ay can.

– Qızım, heç soruşmayacaqsanmı sürpriz dediyim nədir?

– Ana, nəhayət de, nolar, – bu dəfə ikimiz də gülüşdük.

– Qızım, “İgidliyə görə” medalı ilə təltif olunubsan!

– Ay ana, zarafat eləmə, bəsdir görək, – pərt halda dilləndim.

– Ciddi deyirəm, mənim qəhrəman qızım! Mənim igid qızım! Komandirin tapşırmışdı ki, hələ sənə xəbər verməyim, çünki medalı şəxsən özü gətirəcək. Amma dilim dinc qalmadı, nə edim?! Sevincimdən uçmağa qanad axtarıram!

– Dayan, dayan, bir özümə gəlim, – bir anlıq hardan başlayacağımı, nə soruşacağımı qarışdırdım.

– Komandirim də Bakıdadır? Bakıya niyə gəlib? Mənə medalı hansı igidliyimə görə veriblər?

– Camal Qasımov sənə baş çəkməyə gəlib. Çox təhlükəli və məşhur bir alman snayperini öldürübsən. Dediyinə görə, medalı da buna görə veriblər.

Ürəyim şiddətlə döyünməyə başladı. “Çox təhlükəli və məşhur” – sözləri qulağımda təkrar-təkrar cingildədi.

– Bəs adını demədimi? – həyəcandan dil-dodağım qupquru oldu.

– Yox, canım qızım, adını demədi. Özü gələndə soruşarsan. Amma Berlin tülküsüymüş-nəymiş, belə bir ləqəbi varmış, deyəsən.

– Yavaş-yavaşşşş, tikişlərin söküləcək, – anamın axırıncı dediyi sözləri eşidər-eşitməz sevincdən atılıb boynuna necə sarıldımsa qadın məəttəl qaldı.

Möcüzə baş vermişdi. Necə olduğunu bilmirəm. Hələlik bircə bu bəlliydi ki, “Berlin Tülküsü” artıq həyatda yox idi. İndi səbirsizliklə Camal Qasımovun gəlişini gözləyirdim. Dəqiqələri geridə qoyduqca qeyi-müəyyənliklər içində itib-batmağa başlayırdım. Bir yandan gözləmədiyim halda medal almağım, o biri yandan medalı nəyə görə komandirimin məhz özünün gətirməsi, mənə baş çəkmə səbəbi və hamısı bir yana, mən yaralandığım halda “Berlin Tülküsü”nün də ölməsi beynimin içini didib-parçalayırdı…

Mən bunları düşünərkən anam həkimin “çox yormayın, bir az yatmalıdır” – məsləhətindən sonra naəlac qalıb getmişdi…

***

Anam gedəndən sonra bir saata yaxın gözümə yuxu getmədi. Yorğunluqdan çöksəm də, fikrim hələ də suallarımın yanındaydı. Camal Qasımovsa gəlib çıxmaq bilmirdi…

Xəyallarım uçub 5-6 il əvvələ getmişdi, 14-15 yaşım var idi onda. Cəbhədə olanda da belə xatirələrə daldığım çox olurdu. Bu məqamlarda həmişə atamı yanımda hiss edirdim. Əlimdən tutub hədəfi nişan almağı, sərrast atəş açmağı öyrətdiyi o günlər yadıma düşürdü. “Qorxmaz” hələ onda təptəzəydi. Bülbül kimi ötürdü mərmiləri. Atamın ağrıları da hələ onda başlamamışdı. Əlləri də əsmirdi. Paraliç də vurmamışdı… Qəribədir ki, atam mənim oğlanlar sayaq maraqlarımdan heç vaxt narahat olmurdu. Əksinə, bildiyi, bacardığı hər şeyi mənə sevə-sevə öyrədərdi. Bəlkə də, məndən başqa övladı olmadığına görəydi bu, bəlkə də yox. Bircə bunu bilirəm ki, o, məni canı kimi istəyirdi. Anam danışırdı ki, mən doğulandan 4-5 gün əvvəl atam ölümcül yaralanmışdı. Mənim kimi – sol çiynindən… Əsil snayperlərin namına dəyər qızıl nöqtədən… Qospitalda günlərlə komada qalıbmış. Həkimlər ən son saatlarda atamı yenidən həyata qaytaracağına dair bütün ümidlərini üzüblər. Mən doğulan saatlarda atam qospitalda canı ilə halallaşırmış. Anam deyir başqa qadınlar doğuşdan sonra yayxanıb af-ufla sızladıqları halda, mən ağrılar içində qalxıb sevincək atanın yatdığı qospitala zəng elədim və həkiminə bərk-bərk tapşırdım ki, vaxt itirmədən bunu atana çatdırsınlar. Sonralar atam da bunu mənə danışanda, mənə “Xilaskar Mələyim” deyəndə hadisənin təsirindən dəhşətə gəlirdim. Çünki bir övladının – mənim dünyaya gəldiyimi eşidən atam komadan ayılmış, elə həmin gün də reanimasiyadan çıxarılıb adi palataya köçürülmüş, 2-3 gün sonra isə evə buraxılmışdı. İndi bunları yenidən xatırladıqca başıma gələnlərə möcüzə kimi baxdığıma görə həqiqətən xəcalət çəkirəm. Əsil möcüzəni anam yaşatmışdı atama, mənimki nə idi ki, onlarınınkının yanında.

Qapının ehmalca tıqqıltısı ilə fikirlərimdən ayrıldım. Həkim olsaydı, çox güman, qapını döymədən girərdi. Məncə, bu dəfə gələn Camal Qasımov idi. Ürəyim köksümdən çıxacaqdı sanki.

– Gəlin, – az qala qışqıraraq dedim.

Qapı açıldı. O idi – komandirim! Mülki geyimdəydi. İlahi, indiyə qədər necə olmuşdu heç diqqət etməmişdim – olduqca yaraşıqlı görünürdü. Səliqə ilə daranmış qısa saçları, məğrur baxışları məni bir anlıq tilsimə saldı. Özümü itirmişdim. Qəfil sıçrayıb ayağa qalxdım.

– Yox, yox, Ziba, qalxmaq olmaz. Uzan, rahat ol, – ilk dəfəydi komandirim məni adımla çağırırdı.

Çiçəklərə görə təşəkkür edib, gözucu əlindəki qutuya nəzər saldım. Bu, əlbəttə, aldığım medal olmalıydı. Özümü o yerə qoymadım. Stul gətirib lap yanımda oturdu.

– İndi necəsən? – mehribanlıqla gülümsədi.

– Sizi gördüm, lap yaxşı oldum, – bu sözümdən sonra utandığını hiss etdim. Gözlərini kənara qaçırtdı.

– Sənə əla xəbərlərim var. Amma heç bilmirəm hansından başlayım.

O, belə dedikcə ürək döyüntülərimi bədənimin hər yerində duymağa başladım. Ha istədim deyəm ki, çox şeydən xəbərim var. Bilmirəm, nədənsə yenə də səsimi çıxarmadım, özünün danışmasını münasib bildim.

– Sən susduqca mən lap həyəcanlanıram.

Bunları mənə deyərkən əlindəki qutunu qərarsız şəkildə açıb-bağlaması nəzərimdən qaçmadı. Nə də olmasa, diqqətimin hər şeyə hakim kəsilməsi snayper alışqanlığı idi. Ən çox qəribə gələnsə “lap həyəcanlanıram” sözləri idi. Axı nə üçün? Hansı səbəbə görə? O, müharibənin bütün ağrı-acısını görmüş, ölümün gözünə dik baxmağı bacaran bir komandir indi niyə bu qədər sıxılırdı? Sevinsəydi, əsgərinin “İgidliyə görə” medalı ilə təltif olunmasına görə qürur duysaydı və ən əsası rahat olsaydı, olmazdımı?

Elə bilirdim, anamdan sonra Camal Qasımov gələcək və mən bütün suallarıma cavab alıb hüzur tapacam. Amma tam əksi olmuşdu – indi daha da gərginləşmişdim.

– Bilirsən bu qutunun içindəki nədir? – yaranan qısa sükutu pozub ümiddolu nəzərlə mənə baxdı.

Bu dəfə özümü saxlaya bilmədim. Səbrim tarıma çəkilmişdi:

– Bilirəm, yoldaş komandir! Anam mənə hər şeyi danışdı! Sözlərimin qeyri-ixtiyari bir az sərt səsləndiyini düşünüb mülayimləşib gülümsəyərək əlavə elədim:

– O qutuda mənə aid olan bir medal var.

– Yox, tapmadın, – o da qımışıb bayaqkından daha rahat görünməyə çalışdı.

Yanaqlarıma anidən istilik çökdüyünü hiss elədim. Çox pərt olmuşdum. Necə yəni “yox”?! Nəsə soruşmağa çalışırdım ki, qutunu sona qədər açıb mənə sarı çevirdi. İndi içindəkinin nə olduğunu rahatlıqla görə bilirdim. Heyrət içindəydim. O an nə hislər keçirdiyimi, xoşbəxtlikmi, sevincmi, həyəcanmı və adını hələ də bilmədiyim neçə-neçə duyğunun bir-birinə qarışdığını hiss elədim. Bu dəfə yanaqlarımdakı istilik sürətlə bütün bədənimə yayıldı. Utandığımdan yanaqlarım sanki od tutub alışacaqdı. Hər şey açıq-aydın ortadaydı. Qutudakı əşya bütün sözləri Camalın əvəzinə söyləmişdi. Bəlkə də nə mənim, nə də onun danışmasına gərək yox idi. İndiyə qədər heç bu barədə düşünməmişdim də. Naşı idim. Nə etməliydim? Bilmirəm. Yox, nəsə deməliydim. Ancaq birinci o nəsə soruşmalıydı axı ki, mən də nəsə deyəm…

Nəhayət, boğazını arıtlayıb, sanki son nəfəsini səfərbər edib, gözlərini düz gözlərimin içinə dikərək dedi:

– Ziba, həyat yoldaşım olmağını istəyirəm.

Bu sözlər o qədər ecazkar, o qədər möhtəşəm səsləndi ki, onun dilindən, düşünmədən, tərəddüd etmədən suala bənzəməyən bu istəyinə bircə qarşılıq verə bildim – əlimi uzadıb bərk-bərk əlindən tutdum. Çox möhkəm. Əminliklə. Həyatımın sonuna qədər yanımda ol. Qoru məni, – deyirdi bu titrək toxunuşum.

Mənə sarı əyildi. Yerimdə dikəldim. Boynunu qucaqladım. İnanılmaz doğmalıq hiss etdim. İstiliyini duya bilirdim. İlk dəfə sezdiyim şıltaqlıqla sol əlini pencəyinin cibinə salıb medalı çıxardı:

– “Berlin Tülküsü” səni yaralaya bilsə də, onun canını almağı bacardın. Səninlə qürur duyuram, Ziba!

O an sanki bütün dünyanı mənim ixtiyarıma verdilər.

Vətənim mənə öz qəhrəmanımı – Camalı bağışlamışdı.

KÖŞƏ YAZARLARI
TOP 10