Müşfiq XAN. “Sonuncu görüş” – “CİNAYƏT MASASI”, 2-ci hissə

213 Baxış

cover cm6Senet.az ədəbiyyat və sənət dərgisində hər həftənin bazar ertəsi yayımlanan layihə – “CİNAYƏT MASASI”

Layihənin 5-ci buraxılışından başlayaraq detektiv yazıçı Müşfiq XANın şərti adı “Sonuncu görüş” olan yeni əsərini ilk dəfə hissə-hissə yayımlamağa başlayırıq.

 

 

 

Cinayət masası № 1

Cinayət masası № 2

Cinayət masası № 3

Cinayət masası № 4

Əsərin 1-ci hissəsi

Cinayət masası № 5

 

ikinci hissə

 

Həyət qapısı yarıya qədər açıq idi. Aradakı hissədən baxanda səliqə-sahmanla əkilmiş gül kollarını, bir qədər aralıda isə fıstıqdan hazırlanmış altınəfətlik masanı görmək olardı. Geniş həyətin qurtaracağında tikilmiş üçmərtəbəli evin pilləkənlərinin qarşısında isə dəhşətli mənzərə piyada qapısının yarıbağlı hissəsi arxasında görünməz olmuşdu. Mərmər döşənmiş həyətin dünən axşamdan bəri canlı görkəmini pozan yeganə mənzərə də bu idi – pilləkənin bir addımlığındakı qadın meyidi.

Kənardan baxanda belə yaşadığına heç bir ümid yox idi. Hardasa bədənindəki qanın yarıdan çoxu axıb mərmərin üstündə laxtalanmışdı.

– Qapını siz açıb qoyubsuzunuz?

Darvazaya hamıdan əvvəl yaxınlaşıb tələsik həyətə girən prokurorluğun açılmayan qətllər üzrə baş müstəntiqi Saday Oğuzun sualı Elnurun qapı qonşusu Niyaza ünvanlanmışdı.

– Bəli. Elnur da yuxarıdadı.

– Yaşayır?

– Polisə xəbər verəndə hələ xırıldayırdı, – hadisənin şokundan hələ də ayrıla bilməyən orta yaşlı bu adam müstəntiqin arxasınca yuxarı qalxdı.

– Cəld yuxarı gəlin, hələ sağdı, – üçüncü mərtəbənin balkonundan həyətdəki meyidin ətrafında dayanan təcili tibbi yardım həkiminə səslənən baş müstəntiq yenidən otağa qayıtdı. Meyidin yan-yörəsində artıq işə başlayan cinayət axtarış şöbəsi əməkdaşlarından Gündüz onun səsini eşidəndə başını qaldırıb nə isə soruşmaq istədisə də, macal tapmadı. Əslində hadisə yerinə gələndə də üzündə qəribə – sualdolu baxışlar var idi, dostuna qarşı. Sadayın son aylar nəyə görə məhz isti izlərlə təhqiqata can atdığının da səbəbini açıqlaya bilmirdi özü üçün. Yoxsa peşəkar olduğunu kiməsə sübut etməyə çalışırdı baş müstəntiq. Onlarla açılmayan qətllər qala-qala dostu nə üçün axı gündəlik cinayətlərin ardınca getməyə başlamışdı? Otuz iki yaşlı Sadayın təcrübəsini ki, prokurorluqda hamı təqdir edirdi. Eh Sato, – Gündüz təkcə özünün eşidəcəyi səslə yarınarazılıqla mızıldanıb meyidin əl çantasında zəng çalan telefonu götürdü.

– Cavab ver.

Telefonun səsinimi, yoxsa pıçıltı ilə dediyi adını eşidərəkmi yenidən balkona çıxdığının tam fərqinə varmayan Gündüz, Satonun sözündən sonra gələn zəngə baxdı. Displeydə “Kaaazım” deyə ad görünürdü. Gənc qızların tez-tez təsadüf olunan şıltaqlıqlarından biri, – cinayət axtarış şöbəsinin əməkdaşı başını bullayıb cavab verdi. Əlacı olsa, yuxarıda onun hərəkətlərinə göz qoyan dostuna – bu nə işdi axı biz gəldik ilişdik, – deyib hirsini tökərdi.

Zəng edən adamın salamsız-kalamsız təlaşlı, bir az da yarıxuyulu səsi eşidildi:

– Şəbnəm, yaxşısan?

– Salam. Üzr istəyirəm, siz Şəbnəmin nəyisiniz?

– Kimdi danışan? Şəbnəm hardadı?

– Cinayət-axtarış şöbəsindən – Gündüz.

– Əriyəm. Şəbnəmə noolub?

– Başınız sağ olsun, o intihar edib, yaxud da öldürüblər. Hələlik biz də bunu araşdırırıq.

Gündüz hiss etdi ki, o, “intihar edib” deyəndə Sato başını yelləyib bir neçə saniyə qımışdı.

– Ünvanı deyirəm, bir yerə qeyd edin. Gecikmədən gəlsəniz yaxşı olar, – Gündüz telefonun digər ucunda dil boğaza qoymadan suallar verən çaşqın adama bunu deyib, əlaqəni kəsdi.

– Əri idi? – Sato sınayıcı nəzərlə yuxarıdan dostuna baxdı.

– Aha, – zəng edənin məhz Şəbnəmin əri olduğunu necə müəyyən etdiyini soruşmadı belə. Onsuz da Sato yenə nə isə uydurub deyəcəkdi. Amma fikirləri daha çox dostunun bir az əvvəl gülməsinin səbəbinə ilişib qalmışdı.

– Adı nədi?

– Hər halda “Kazım” olmalıdı. Həşdat səkkiz dəfə zəng, – Gündüz telefona gələn zəngləri işarə etdi.

– Sevirmiş, – Sato sirli məlumatı üzə çıxarıbmış kimi qətiyyətlə bildirdi.

Bu dəfə özünü gülməkdən zorla saxlayan Gündüz oldu. Dostunun sevməkdən danışması nədənsə ona çox gülünc gəlirdi. Həm də belə diaqnoz qoyurmuşcasına deməsi daha komik səsləndi.

– Sən niyə gülürdün mən Kazımla danışanda? – özünü saxlaya bilməyib soruşdu. Hiss edirdi ki, Şəbnəmin ölümünün intihar olmadığını Sato ilk təhqiqatdan müəyyən edib.

– İntihar deyil, əzizim.

– Olsun. Amma bədbəxt hadisə olmasını heç kim istisna edə bilməz.

– Yıxılıb?

– Yıxıla bilməzdi?

– Burdan?

– Sato! Dostunun təhqiqat zamanı kiminləsə fikir bölüşməyini və indi onu azdırmağa çalışdığını, yaxud da suallarından yayınmağa çalışdığını, zarafata saldığını düşünüb özündən çıxdı. – Aydındı, sən onsuz da nəsə bölüşən deyilsən.

– Razılaşdıq. Amma Şəbnəmi öldürüblər. Xahiş edirəm, təhqiqatı buna görə davam etdir.

– Mən bütün versiyaları yoxlayacam, – Gündüz inad etməyə başladı ki, bəlkə bir söz qopara bilsin.

– Yaxşı. Dayandığım yerə bax. Görürsən, bu hissəyə bax, bu hissəyə. Bədbəxt hadisədisə və Şəbnəm sürüşüb yıxılıbsa girişə yaxın yerə düşməliydi. Yəni pilləkənlərin üstünə. İntihar edibsə qorxudan, həyəcandan var gücü ilə tullanmalı idi, elə deyilmi? Bu halda da bu qədər yaxına yox, bax, təxminən indi sənin dayandığın yerə düşməliydi. Onu isə burdan itələyiblər. Buna görə də dediyim düşmə nöqtələrinin arasındadı meyit. Müqavimət də göstərib, görürsən bunu – Sato bunu deyib balkonda düşüb qalmış qırılan düyməni işarə etdi. Aşağıda işini bitirməmiş yuxarı qalxsan, daha maraqlı faktı görə bilərsən. Əminəm ki, diqqətini çox çəkəcək. Sənin bildiyin mövzudu – Elnurun başqa bir qadınla feysbuk yazışmasıdı.

Cinayətin müəmması nəhayət ki, Gündüzü özünə cəlb edə bilmişdi. Şöbənin digər əməkdaşına tapşırıqlar verib yuxarı qalxdı.

Bu dəqiqələrdə təcili tibbi yardım maşını da Elnuru xəstəxanaya çatdırmaq üçün yola düşmüşdü. Başından aldığı ağır zərbədən sonra xeyli qan itirmişdisə də, hələ ki, sağ idi…

Bölmə : Manşet, Nəsr, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10