Müşfiq XAN. “Sonuncu görüş” – “CİNAYƏT MASASI”

254 Baxış

cm5 coverSenet.az ədəbiyyat və sənət dərgisində hər həftənin bazar ertəsi yayımlanan layihə – “CİNAYƏT MASASI”

Layihənin 5-ci buraxılışından başlayaraq detektiv yazıçı Müşfiq XANın şərti adı “Sonuncu görüş” olan yeni əsərini ilk dəfə hissə-hissə yayımlamağa başlayırıq.

 

 

Cinayət masası № 1

Cinayət masası № 2

Cinayət masası № 3

Cinayət masası № 4

 

birinci hissə

 

Hava dözülməz dərəcədə isti idi. Amma sürücü kondisionerin havalandırıcısını axıra qədər açdığına görə arxa oturacaqdakı gənc qadın soyuğun təsirindən titrəməyə başlamışdı. Elə hiss edirdi ki, hardasa donmaq üzrədi. Deşiklərdən gur axan soyuq hava seli birbaşa qadının qısa ətəyinin altından bədəninə yol edib qarnına sarılırdı. Bir az önə əyilib çox üşütdüyünü deyərək, sürücüdən kondisioneri söndürməsini xahiş elədi. Taksinin sükanı arxasındakı adam maşının salonunu başına almış yüksək mahnı sədasının təsirindən ya onu eşitmədi, ya da ki, dediyinə məhəl qoymadı.

İyul günlərinin yeni başlamasına baxmayaraq, bayırdakı temperatur qırx dərəcəni rahat keçirdi. Sitildəyib arxa oturacağın küncündə büzüşmüş qadın bayırdakı istini yalnız küçə boyunca hərəkət edən adamların geyiminə görə müəyyənləşdirə bilirdi.

Bakı onun uşaqlığının xəyalları olan ən sevimli şəhər idi. İndi sürücünün etinasızlığına görə bir az əsəbiləşsə də, maşının şüşəsindən küçə boyunca səpələnmiş yay geyimində olan adamları izləmək  Şəbnəmə maraqlı gəlirdi. Xüsusilə qadınların geyimlərinə diqqət yetirməyə çalışırdı. Hərdən ötüb keçən gözəl qadınların isti havada nə üçün hələ də qalın geyimlərdən əl çəkmədiklərini düşünməyə çalışır, buna macal tapmamış, fikirləri bir neçə saniyəlik yeni qarşılaşdığı iri gövdəli və arxası biədəb böyük olan orta yaşlı qadının nə üçün parlaq stric geyinməsinə ilişib qalırdı. Nərmə-nazik şəhər qızlarının yolun bu hissəsinin bəxtinə düşmüş səliqəli səkilərində atdığı hər addımı yamsılamağa çalışardı. Əlbəttə indi imkanı olsaydı. Görəsən rayonda yaşayarkən anası ona bir qadının diqqətçəkən görünməsi üçün hansı sirri deməmişdi? Bəlkə də deməyə vaxtı olmamışdı, nə bilmək olar, – Şəbnəm dodaqlarının arasında mızıldandı. Axı on səkkiz yaşının tamam olmasına dörd ay qalmış Kazıma qoşulub qaçmış, Bakıya gəlmişdi.

Əsl kişi üçün hansı keyfiyyətlər vacibdisə, hamısı Kazımda var idi – bu Şəbnəmin əri haqqında bir il müddətində dəyişməyən yeganə fikri idi. Təəssüf ki, o hər gün içirdi. Ərinin içki düşkünü olmasına gənc qadın cəmi 2-3 ay dözə bildi. Sonralar aralarında yaranan mübahisələrin hamısının səbəbi də Kazımın içməsi idi. Amma yox, Kazımın işi də imkan vermirdi… Doğrudan, nəyə imkan vermirdi?

Şəbnəm həmişə bu sual barəsində düşünəndə əvvəlcə qımışır, sonra yanaqlarına qeyri-ixtiyari çökən qızartının təsiri ilə xəcalət çəkməyə başlayırdı. Gənc idi. Qadınlıq duyğularının aşıb-daşan yaşındaydı. Həm də çox hissiyyatlı qadın idi. Üz cizgilərində qeyri-adi gözəllik olmasa da, Şəbnəmi adi qız da saymaq insafdan deyildi. Qızlıqdan qalan məsumluğu var idi ki, bu da onu şirin və şıltaq xasiyyətlərilə ətrafındakılara qısa vaxtda sevdirə bilirdi. Ələlxüsus da bədən biçimi görən hər kəsi başdan çıxaracaq qədər baxımlı idi. Elə bil qızın siluetini hissə-hissə tuncdan tökmüşdülər. Bunu əri də bir neçə dəfə eşitdirmişdi. Heyf ki, Kazım ona ehtiyacı olduğu gecələrdə yanında deyil, dənizin ortasında – gəmidə olurdu. Yaxşı qazanırdı. Şəbnəmi də çox istəyirdi. Bütün dediklərini deyinmədən, sevə-sevə yerinə gətirirdi.

Amma Kazımın işi imkan vermirdi… Şəbnəmsə son iki aya qədər gecələri tək yataqda qovrulub içində tüğyan edən ehtiras hislərini özü söndürürdü. On doqquz yaşlı gənc qadının bircə dəqiqəlik kişi toxunuşunu şiddətlə arzu etdiyi o qədər günlər olmuşdu ki… İndi isə Kazımdan daha çox görə bildiyi, nəvazişini çəkən, ən əsası da hislərini paylaşa bildiyi Elnur var idi yanında.

Əl çantasındakı qutudan nikotini zəif olan siqaretlərdən birini çıxardıb yandırdı. Qayğılanmışdı. Bir azdan yenə də onu həyəcanla evində gözləyən Elnurun yanında olacaqdı. Boynundan sinəsinə doğru axan qıdıqlayıcı duyğunun müşayiəti ilə indicə yandırdığı siqaretdən bir qullab aldı.

– Söndürün, xanım! – sürücünün amiranə səsi eşidildi. – Mənim maşınımda siqaret çəkmək olmaz.

Şəbnəm bayaqdan bəri onu saymayan bu adamın yalnız arxadan gur qara saçlarını görə bilirdi. Utanıb yandırdığı siqareti tələsik söndürdü:

– Üzr istəyirəm. Zəhmət olmasa, kondisioneri söndürə bilərsiz? Mənə çox soyuqdu…

Adam mahnının səsini bir az da artırıb sükanı adamların sıx olduğu yoldan xeyli sakit bir küçəyə tərəf döndərdi. Təxminən beş-altı dəqiqə sonra nə fikirləşdisə, havalandırmanı söndürdü. Yəqin ki, özü də üşütməyə başlamışdı.

– Çox sağ olun, – Şəbnəm dilləndi. – İt oğlu, – bunusa səsini qısaraq pıçıltı ilə dedi.

Taksi artıq Elnurun üçmərtəbəli həyət evinin qarşısında dayanmışdı. Şəbnəm sürücünün yanındakı oturacağa iyirmi manatlıq atıb, pulun qalığını gözləmədən tələsik maşından düşdü. Hava yarım saata yaxın idi ki, qaralmışdı. Bir anlıq gözünü yumub özünü Elnurun yanında görmək istədi. Fərqinə vara bilmədi ki, havanın yoxsa öz hərarətidi, amma bütün bədəni od tutub yanırdı.

İlk zənginə Elnurun cavab vermədiyini görüb, açıq qapıdan həyətə girdi. Görünür Şəbnəm üçün növbəti sürprizini hazırlamışdı…

 

ikinci hissədə

– Şəbnəmin görüşdüyü adamın – Elnurun evində ölməsi həqiqətən intihar idimi, yoxsa ortada öncədən planlaşdırılmış qətl hadisəsi var idi?

– Hadisə anlarında Elnurun feysbukda yazışdığı qadının ölümlə nə əlaqəsi var idi?

“Cinayət masası” layihəsinin 23 martda yayımlanacaq 6-cı buraxılışında əsərin ikinci hissəsini oxuya bilərsiniz.

 

Bölmə : Manşet, Nəsr, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10