Musiqili Teatr mövsümü bu tamaşa ilə bağlayır

20 Baxış

musiqiliteatrjpg

Musiqili Teatr mövsümün bağlanışını “O olmasın, bu olsun” tamaşasıyla edəcək.
Azərbaycan Dövlət Musiqili Teatrı 105-ci mövsümünə gələn ay yekun vuracaq. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Senet.az-a açıqlamasında bildirib ki, sona çatmaqda olan mövsüm uğurlu və əlamətdar hadisələrlə zəngin olub. Belə ki, mövsüm boyu bir sıra tamaşaların premyerası keçirilib, teatrın aktyorları səmərəli fəaliyyətlərinə görə müxtəlif rəsmi və yaradıcı təşkilatların mükafatlarını qazanıblar. Ən əsası Musiqili Teatrın bir çox tamaşaları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ingilis dilinə tərcümə edilərək I Avropa Oyunlarıyla əlaqədar ölkəmizə gəlmiş qonaqlara – turistlərə, idmançılara tərcümə sətirlər – qaçan titrlər vasitəsilə nümayiş olunub və onların yaddaşında dərin iz buraxıb.

Mövsümün bağlanış günü – 12 iyul saat 19.00-da dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası nümayiş olunacaq. Xatırladaq ki, “O olmasın, bu olsun” tamaşası Musiqili Teatrın 105-ci mövsümdəki ən uğurlu tamaşalarından biri olub. Tamaşada Məşədi İbad obrazını canladıran Əməkdar artist Şövqi Hüseynov bu rolun ifasına görə Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” Milli Mükafatına layiq görülüb.
Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli, Cənnət Səlimovadır. Tamaşada rolları milyonların sevimli gülüş ustası, Xalq artisti, “Şöhrət” ordenli Afaq Bəşirqızı, Əməkdar artistlər Şövqi Hüseynov, Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, aktyorlar Amil Məmmədov, Əzizağa Əzizov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları ifa edirlər.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10