Musiqili Teatrda bu həftə də maraqlı tamaşalar olacaq

10 Baxış

musiqili teatrAzərbaycan Dövlət Musiqili Teatrında bu həftə də maraqlı tamaşalar nümayiş olunacaq. Həftəsonu tamaşaçılara 3 gün ərzində 6 tamaşa təqdim ediləcək. Azərbaycan Dövlət Musiqili Teatrından Senet.az-a verilən məlumata görə, bunlar 19, 20, 21 fevral tarixlərində saat 12.00, 14.00 və 19.00-da göstəriləcək “O olmasın, bu olsun” (Ü. Hacıbəyli), “Skapenin kələkləri” (J.B. Molyer), “Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər), “Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva) və “Bir dayan, canavar!” (R. Ağayeva, A. Xayt, A. Kurlyanski) tamaşalarıdır. Dövlət Musiqili Teatrı bu həftəsonu da həm rusdilli, həm də balaca tamaşaçılarını unutmayıb. Belə ki, 19 fevral saat 19.00-da J.B. Molyerin “Skapenin kələkləri” əsəri böyüklər üçün, 21 fevral saat 12.00 və 14.00-da isə R. Ağayeva, A. Xayt, A. Kurlyanskinin “Bir dayan, canavar!” tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq. Balacalar həmçinin 20 fevral saat 12.00-da O. Zülfüqarov, R. Heydərin “Dəcəl çəpişlər” əsərini Azərbaycan dilində izləyə biləcəklər. Tamaşaçılar həftəsonu 3 gün ərzində nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorları – Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Şövqi Hüseynov, Nərgiz Kərimova, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, Novruz Qartal, Svetlana Bulax, Əzizağa Əzizov, Nahidə Orucova, Boris Qrafkin, Ələkbər Əliyev, aktyorlar Ülviyyə Əliyeva, Emil Heydərov, Ruslan Mürsəlov, Rəsmiyyə Nurməmmədova, Elçin İmanov, Yuliya Heydərova, Rauf Babayev, Gülnarə Abdullayeva, Ağaxan Şərifov, Marina Litvinenko, Fərid Rzayev, Nadejda Povelitsına, Əliməmməd Novruzov, Mehriban Zalıyeva, Şaban Cəfərov, Güldanə Əzimova, Elməddin Dadaşov, Aydan Həsənova, Elxan İsmayılov və başqalarının ifalarını izləyə biləcəklər. Azərbaycan Dövlət Musiqili Teatrı həftəni xoş ovqatla yekunlaşdırmaq arzusunda olan hər kəsi bu maraqlı səhnə əsərlərini izləməyə dəvət edir. Qeyd edək ki, biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.