Musiqili Teatrın aktrisası Beynəlxalq festivalda çıxış edəcək

3 Baxış

Nərgiz Kərimova

Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası, Respublikanın Əməkdar artisti Nərgiz Kərimova Ukraynada keçiriləcək Beynəlxalq festivala dəvət alıb. Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Nərgiz Kərimova 2016-cı il 4-5 iyun tarixlərində IV “O-FEST” Beynəlxalq Opera, Operetta və Müzkl festivalında Azərbaycanı təmsil edəcək. Dövlət Musiqili Teatrının aktrisasını bu mötəbər tədbirə Kiyev Akademik Operetta Teatrı dəvət edib. “O-FEST” Beynəlxalq Opera, Operetta və Müzkl festivalı dördüncü dəfə keçirilməsinə baxmayaraq, dünyada kifayət qədər böyük şöhrətə və nüfuza malikdir. Bir çox Beynəlxalq müsabiqələrin laureatı olan Əməkdar artist Nərgiz Kərimova sözü gedən festivalın Qala gecəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin dünya şöhrətli “Arşın mal alan” operettasından Gülçöhrənin ariyasını və İmre Kalmanın “Maritsa” əsərindən Maritsanın ariyasının ifa edəcək. Tədbirdə Nərgiz Kərimova ilə yanaşı Almaniya, Belarus, Avstriya, Polşa, Gürcüstan, Kanada, Çex Respublikası və başqa ölkələrin tanınmış sənətçiləri də çıxış edəcəklər.

Qeyd edək ki, IV “O-FEST” Beynəlxalq Opera, Operetta və Müzkl festivalı Kiyev Akademik Operetta Teatrında keçiriləcək.