Musiqili Teatrın aktrisası Beynəlxalq festivaldan diplomla qayıdıb-FOTO

2 Baxış

Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası, Respublikanın Əməkdar artisti Nərgiz Kərimova Ukraynada keçirilən Beynəlxalq festivalda ölkəmizi uğurla təmsil edib. Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Nərgiz Kərimova IV “O-FEST” Beynəlxalq Opera, Operetta və Müzkl festivalındakı çıxışına görə diplomla təltif olunub. Dövlət Musiqili Teatrının aktrisasını bu mötəbər tədbirə Kiyev Akademik Operetta Teatrı dəvət edib. Dördüncü dəfə keçirilən “O-FEST” Beynəlxalq Opera, Operetta və Müzkl festivalı dünyada kifayət qədər böyük şöhrətə və nüfuza malikdir. Bir çox Beynəlxalq müsabiqələrin laureatı olan Əməkdar artist Nərgiz Kərimova sözü gedən festivalın Qala gecəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin dünya şöhrətli “Arşın mal alan” operettasından Gülçöhrənin ariyasını və İmre Kalmanın “Maritsa” əsərindən Maritsanın ariyasının ifa edib. Tədbirdə Nərgiz Kərimova ilə yanaşı Çin, ABŞ, Belarus, Rumıniya, Moldova, Polşa, Gürcüstan, Sloveniya, Çex Respublikası, Estoniya, Bolqarıstan, Litva, Finlandiya, Qazaxıstan və başqa ölkələrin tanınmış sənətçiləri də çıxış ediblər.

Qeyd edək ki, IV “O-FEST” Beynəlxalq Opera, Operetta və Müzkl festivalı 2016-cı il 4-5 iyun tarixlərində Kiyev Akademik Operetta Teatrında keçirilib.