Müslüm Maqomayevin Məmməd Səid Ordubadiyə məktubu – İstəyirsən inan, istəmirsən inanma!

7 Baxış

96199

Azərbaycan bəstəkarı, dirijor, pedaqoq Müslüm Maqomayev (18 sentyabr 1885 – 28 iyul 1937) yazıçı Məmməd Səid Ordubadiyə bir sıra məsələlər haqqında məktub yazır. Məktubunda gördüyü işlər barəsində M.S.Ordubadiyə məlumat verən M.Maqomayev Yessentukidə rastlaşdığı bir sıra məqamları da qeyd edib.

Senet.az həmin məktubu təqdim edir:

“Möhtərəm qardaşım M. Səid!

Məktubunu indi bu saat aldım və cavabını yazıram.

Əvvəla, sən gedəndən sonra mən heç evdən çıxmırdım, hey yazırdım… İstəyirsən inan, istəmirsən inanma! Kəblə Fatmayı heç görməmişəm. Amma sənin salamını yetirməkçin bu axşam gedib görərəm onu! Sözün doğrusu başıma onlar heç girmirlər: bir tərəfdən opera, bir tərəfdən də Cəmaləddindən heç bir xəbər yox. Kəblə Kövsər də vədələr verdi, amma bir nəticəsi çıxmadı.

Səid! IV məclisi qurtardım. Bilirsən nə xorlar yazmışam? “Şah İsmayıl” yadından çıxacaqdır. İndi bir dənə əngəlim qalıb, o da Əlyarın ariyası. Onun da eskizini düzəltmişəm, amma o qədər də xoşuma gəlmir. Xülasə, bu günlərdə teleqram alacaqsan ki, “Nərgiz”i qurtarmışam. Ondan sonra varam hara deyirsən!..

Kağızı (not) bu gün aldım. Yoxsa məəttəlçiliyim varıdı. Ramazana,… Yavər xanıma, Rəcəbova, Saraya və kimə özün lazım bildin məndən çox-çox salam…

Ha!.. Səndən sonra bu gün getdim Yessentukiyə! Bilirsən nə xarablaşıb? Yediyimiz xörəklərdən heç bir əsər qalmayıb. Bir də qiymətləri qaldırıblar 100% (məsələn, kabab 9 manat, cücə 9 manat, çoxaxbibi heç yoxdur). Yazıq bizim dostlarımız qalıblar avara. Çünki heç gələn yox!.. Məni görəndə elə sevindilər ki, elə bilginən ki, qardaşını görüblər. İndi iyirmisində o yeri tərpədən varıdı ha, o gələcək  bura – bir balaca işimiz var.

Burda o qədər sərinləşib ki, paltosuz çıxmaq mümkün deyildir. Yağışlar tökülürdü dünənə kimi, indi bir az hava açılıb, yaxşıdır. O yağışlar mənə çox kömək elədi, operanı demək olar ki, qurtardım. Bakının havası bir az sərinləşsə, qayıdaram Bakıya, çünki burda darıxıram: gecələr işıq yox, dost-aşnam yox – qurzal da adamın zəhləsini tökür…

Sənə atəşli salam. Müslim.”

Təqdim etdi: Rəşad Sahil

Mənbə: Enter.News 

KÖŞƏ YAZARLARI
TOP 10