Müstəqillik dövrünün ilk xalq yazıçısı

142 Baxış

SabirehmedliRövşən Yerfi

“Xatırlanasılar”…                                     

 

Azərbaycan ədəbiyyatının görkəmli nasiri və publisisti Sabir Əhmədli 1930-cu il iyulun 10-da Cəbrayıl rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Sonra Cəbrayıl rayonunda müəllim, məktəb direktoru işləmişdir.

Ədəbi fəaliyyətə 1951- ci ildən “Pioner” jurnalında dərc edilən “Poçtalyon” hekayəsi ilə başlamışdır. “Bir payız axşamı” adlı ilk kitabı 1961-ci ildə çap olunmuşdur.1957-ci ildən “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında ədəbi işçi, sonralar nəsr şöbəsinin müdiri, 1993-1996-cı illərdə isə qəzetin baş redaktoru işləmişdir.

Yaradıcılığının başlanğıcında “Arabaçı” hekayəsi ilə tanınan yazıçı illər keçdikcə  “Aran”, “Pillələr”, “Görünməz dalğa”, “Yamacda nişanə”, “Toğana”, “Dünyanın arşını”, “Qanköçürmə stansiyası”, “Yasamal gölündə qayıqlar üzür”, “Gedənlərin qayıtmağı”, “Kütlə”, “Axirət sevdası”, “Şəhid ruhu”, “Uyuq”, “Yazılmayan yazı” adlı əsərləri ilə ədəbiyyatımızda özünə möhtəşəm mövqe qazanmışdır. 1983-cü ildə Əbdürrəhim bəy Haqverdiyevin hekayələri əsasında çəkilmiş ”Evlənmək istəyirəm” adlı filmin ssenarisini İsi Məlikzadə ilə birgə yazmışdır. Əsərləri keçmiş SSRİ xalqlarının  və xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir. Sağlığında Moskvada üç və Bakıda on yeddi kitabı nəşr olunmuşdur. 1984-cü ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüşdür. 1992-ci ildə isə ona Xalq yazıçısı adı verilmişdir.

Böyük qardaşı Cəmil Əhmədov İkinci Dünya müharibəsində göstərdiyi şücaətə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Oğlu Məhəmməd isə 1994-cü ildə Qarabağ uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Dövrümüzün əvəzsiz yazıçısı altı il əvvəl, 2009-cu ilin aprelin 17-də vəfat etmişdir.

Sabir Əhmədli zamanının reallıqlarını əsərlərində təsvir edən tanınmış qələm ustası idi. O, gördüklərini və eşitdiklərini olduğu kimi düzü-düzünə yazırdı. Bu əsərlərdə cəmiyyətdəki çatışmamazlıqların, kəm-kəsirlərin əks edilməsi isə sovet ideologiyasına qulluq edən məmurların ürəyincə olmurdu. Ona görə də uzun illər kitablarının çapına əngəllər törədilir, əsərlərinin təbliğinə, yayılmasına imkan verilmir, ona soyuq münasibət bəslənilirdi.

Sabir Əhmədlinin əsas günahı mədhiyyəçi olmaması idi. Dövrün “züy tutanlarının” təbirincə yazıçı gərəksiz həqiqətdənsə, sosializmin nailiyyətlərini tərənnüm etməli idi. Böyük nasir ona edilən təzyiqlərə gərgin əməyi. çoxsaylı roman və povestləri ilə cavab vermişdir. Bəlkə də bu səbəbdəndir ki, Sabir Əhmədli ədəbiyyatımızda ən çox – iyirmidən artıq roman yazan sənətkardır.

Xalq həmişə onu sevənin dəyərini verir. Təsadüfi deyil ki, Sabir Əhmədli müstəqillik dövrümüzün ilk xalq yazıçısıdır. Bu il yazıçının yubiley ilidir – 85 yaşı tamam olur. Şübhəsiz ki, bu yubiley onu sevənlər tərəfindən layiqli səviyyədə qeyd ediləcəkdir.

Mən inanıram ki, gələcəkdə çox yazıçılar unudulsa da Sabir Əhmədlinin əsərləri oxunmaqda, öz ədəbi tutumunu, əhəmiyyətini saxlamaqda davam edəcəkdir.

 

Bölmə : Manşet, Tənqid
KÖŞƏ YAZARLARI
TOP 10