“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı”

14 Baxış

45

“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı işıq üzü görüb

Senet.az saytı AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutuna istinadən xəbər verir ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” adlı kitab çap etdirilib. İnstitutun direktoru, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə iki cilddə, iri həcmdə (1890 səh.) hazırlanmış kitab monoqrafik səciyyə daşıyır.

Kitabda müstəqillik dövrü ədəbiyyatının təşəkkülü, formalaşması, ümumi xüsusiyyətləri, müasir inkişaf tendensiyaları araşdırılıb və əsas yaradıcı simalarına oçerklər həsr olunub. Nəşrdə 15 fəsil, onlarla icmal və portret oçerk, yüzdən çox yarımbaşlıq yer alıb. Kitab müstəqillik dövrü Azərbaycan ədəbiyyatının yeniliyi, zənginliyi və təkrarsızlığını ortaya çıxarır.

İkicildlik kitabın elmi redaktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Müstəqilliyin şərəfli yolu və müstəqillik ədəbiyyatı” adlı geniş “Ön söz” məqaləsi ilə açılır. Məqalədə müstəqillik dövrü ədəbiyyatını yetirən ictimai-siyasi və tarixi-mədəni durum səciyyələndirilir. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqını dərin uçurumdan qurtaran xilaskarlıq missiyası və yeni dövr ədəbiyyatının formalaşmasındakı tarixi rolu diqqətə çatdırılır. Müasir ədəbiyyatın layiqli yer tutmasında Prezident İlham Əliyevin Ulu Öndərin quruculuq missiyasını davam və inkişaf etdirməsinə, respublikanın qabaqcıl dünya mədəniyyəti kontekstində təmsil olunmasına böyük önəm verilir. Eyni zamanda, məqalədə müstəqillik dövrü ədəbiyyatının xarakteri, tipoloji xüsusiyyətləri, yaradıcılıq prinsip və metodları, inkişaf tendensiyaları və perspektivləri hərtərəfli şərh olunur.

Kitabın birinci cildi “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı 1990-cı illərdə” adlanır və burada müstəqillik ədəbiyyatının təşəkkül mərhələsi “keçid ədəbiyyatı” kimi xarakterizə olunur. “Müstəqillik ədəbiyyatının mövzu və tendensiyaları”, “Qanlı Yanvardan başlanan yol”, “Qarabağ müharibəsinin ədəbiyyatda inikası”, “1990-cı illərdə nəsr” və digər tematik və problematik bölgülər dövrün ədəbi-bədii mənzərəsini təsəvvür etməyə imkan verir.

Kitabın ikinci cildi XXI əsrdən başlayaraq müstəqillik zəminində tam ifadəsini tapan müasir dövr ədəbiyyatından söz açır və “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı müasir mərhələdə” adlanır. Tam plüralizmə, azad yaradıcılıq seçiminə, çoxüslubluluğa meyil edən müasir Azərbaycan ədəbiyyatı burada başlıca olaraq janrlar üzrə nəzərdən keçirilib, ideya-tematik və poetika zənginliyi üzə çıxarılıb.

Müasir Azərbaycan ədəbiyyatında cərəyanlaşma, realizmlə yanaşı, magik realizm, ekzistensializm, dekadans və modernizm, avanqard və postmodernizmin təzahürü qeydə alınıb və kitabda ayrıca nəzərdən keçirilib. Müstəqillik dövründə uşaq ədəbiyyatı, ədəbiyyatşünaslıq və tənqid, müasir nəzəriyyə, Azərbaycan ədəbiyyatının dünyaya inteqrasiyası və əlaqələri məsələləri də ayrı-ayrı fəsillərdə araşdırılıb, təqdim olunub.

“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabında icmal oçerklər də geniş yer almaqla yanaşı, əllidən çox yazıçı və şairlər haqqında portret oçerklər də verilib. O cümlədən, ikinci cilddə Hidayət, Kamal Abdulla, Aqil Abbas, Mövlud Süleymanlı və başqaları barədə oçerklər dövr ədəbiyyatını ədəbi simalarda da izləməyə imkan verir.

İkicildlik “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı Ədəbiyyat İnstitutunun eyniadlı şöbəsində, digər şöbələrin əməkdaşlarının da fəal iştirakı ilə hazırlanıb. Ümumilikdə, kitab üzərində 45 müəllif işləyib.

Kitabın elmi redaktoru akademik İsa Həbibbəyli, məsul redaktoru filologiya üzrə elmlər doktoru Tehran Əlişanoğludur.

Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyində Prezident İlham Əliyev alimlərimizə Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyi münasibətilə kitab yazmağı tövsiyə edib. Prezidentimizin çağırışına cavab olaraq ərsəyə gəlmiş “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı Ədəbiyyat İnstitutunun ədəbi-mədəni ictimaiyyətə yubiley hədiyyəsi, eyni zamanda, müstəqil dövlətçiliyimizin 25 illiyinə elmi hesabatıdır.

Bölmə : Əlfəcin