Mustafa Çəmənli yaradıcılığının janr xüsusiyyətləri

1059 Baxış

berdeli

Filologiya üzrə fəlsəfə doktoru  Bahar Bərdəli

 

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri də Mustafa Çəmənlidir. O, XX əsrin 70-ci illər ədəbi nəslinə mənsub yazıçılarımızdandır. M.Çəmənlinin yaradıcılığını janr baxımından iki yerə bölmək olar: Birinci, nəsri – hekayə, povest-romanları. İkinci, bədii publisistikası.

Yazıçı hər iki janrda istənilən səviyyədə lazımı mövzuları seçməklə, onu real, həyati boyalarla təsvir və tərənnüm etməklə diqqətəlayiq əsərlər yarada bilmişdir.

M.Çəmənlinin yaradıcılığını dövr baxımından da iki yerə bölmək olar: Birinci, Sovet dövrü, 70-80-cı illər yaradıcılığı. İkinci, Müstəqillik dövrü yaradıcılığı.

Mustafa Çəmənli ədəbiyyata birbaşa həyatdan gələn yazıçıdır. Onun keçdiyi ömür yoluna ötəri nəzər salanda belə bunu aydınca görürük. Kənddə doğulub boya-başa çatıb, çox erkən yaşlarından isthsalatda çalışıb, şəhər mühitində püxtələşib, jurnalist təhsili alıb, nəşriyyat işində saç ağardıb. Bir sözlə, həyatın hər üzünü görüb. Bütün bunların müqabilində o, yazıçı kimi mövzu tapıb işləməkdə çətinlik çəkməyib.

M.Çəmənlinin sovet dövründə bir yazıçı olaraq seçdiyi mövzuların bir çoxu adi həyat hadisələridir. Lakin bu adi, sosial-məişət mövzusunda belə bədii dəyəri yüksək olan uğurlu hekayələr yazıb, çap etdirib. Mustafa Çəmənlinin iti müşahidə qabiliyyəti, yüksək istedadı, həyatı yaxşı dərk etmək bacarığı, qələm təcrübəsi, müdrikliyi imkan verib ki, həyat həqiqətlərini dolğun, düzgün, hərtərəfli və bədii şəkildə əks etdirə bilsin. Bu mənada, onun “Ləpirlər” adlı ilk hekayəsi dediyimizə əyani misaldır. Hekayə 1973-cü ildə “Mingəçevir işıqları” qəzetində çap olunub. Hekayənin süjet xətti sadə həyat hadisəsi üzərində qurulub. Gənc oğlan hər gün dərsə gedəndə yolda qol-qola girib harasa gedən qarı-qoca ilə qarşılaşır. Onlar hər gün qarşılaşdıqlarından üz-gözlərində təbəssüm işarır. Qış günlərinin birində oğlan qocanı tək görür. Qarısını soruşur: – “Əmi, olmaya qarın xəstələnib?”. Qoca doluxsunur: – “Onu cavanlığımda tapmışdım, qocalığımda itirdim”, – deyir. Sonra da oğlandan soruşur ki, görəsən, qışın ömrünə az qalıb? Oğlan əlüstü cavab verir ki, əlbəttə, qışın ömrünə lap az qalıb … Qoca bu xəbərdən heç də sevinmir. Qar əriyərsə qarısının qar üstünə düşmüş ləpirlərini silib aparacağını… – düşünür.

Bu kiçik hekayədə yazıçı iki məsələyə önəm verir: Birincisi, iki ömrün qürub çağının təsviridir. Qarı artıq batan günəşlə gedib və bir daha geri dönməyəcək. Qoca da ora – son dayanacağa, son mənzilə çatmaqdadır. Yazıçı təbiətin qanunu olan bu səhnəni – insan ömrünün son günlərini ürək ağrısı ilə təsvir edir. İkincisi, ata yurdunun, ana ocağının boş qalmasıdı. Bu vəziyyəti qoca da dilə gətirir. Böyütdükləri uşaqlar göyərçinlər kimi pərvazlanıb uçublar. Gözləyirdilər ki, övladları gəzib, dolanıb yenə geriyə qayıdacaqlar. Lakin onlar dönmədilər…

Yazıçı bu psixoloji anları da çox real, inandırıcı, təbii şəkildə təsvir edə bilib. Əslində valideyn-övlad münasibətləri bütün yazarların diqqət mərkəzində olub. Təəssüf ki, böyüyən övladlar heç vaxt ata yurduna sığmayıblar. Onlar bir-bir öz arzularının dalınca böyük şəhərlərə üz tutublar. Bunun nəticəsində bir çox kəndlərimiz, xüsusilə dağ kəndləri boş qalıb… Keçən əsrin 70-80-cı illərində ən çox toxunulan məsələlərdən biri də məhz bu mövzu idi ki, yazıçı burda da öz sözünü lazımi şəkildə deyə bilib.

M.Çəmənlinin 70-ci illərdə “Nişanə”, “Meşə yeri”, “Əks-səda”, “İstək” kimi hekayələri də eyni ahənglə, dəsti-xətlə yazılıb. Və hər biri yazıçının mövqeyini əks etdirir. Müəllifin 1982-ci ildə çap etdirdiyi ilk kitabını “Mənim dünyamın adamları” adlandırması da təsadüfi deyildir. Adından da göründüyü kimi, yazıçı gördüyü, duyduğu, iştirakçısı olduğu hadisələrdən, müsahib olduğu, görüşdüyü insanlardan bəhs etməyə üstünlük verir və istəyinə təbii ki, nail olur.

80-cı illər bədii yaradıcılığında da M.Çəmənli bu dəsti-xəttinə sadiq qalmaqla yanaşı, yeni mövzulara da üz tutub. Bu mənada onun “Halallıq”, “Yaddaş” povestləri diqqəti çəlb edir. Tənqidçi Vaqif Yusifli “Yaddaş” povesti haqqında “Yaddaş nəsri” adlı məqaləsində belə yazır: “Ötən on illiyin (əsər 1984-cü ildə yazılıb, məqalə isə 1997-ci ildə, – B.B) ən yaxşı nəsr əsərləri ilə səsləşən, öz psixoloji ahəngi ilə seçilən bu povest Mustafanın yaradıcılığında xüsusi yer tutur. Yaddaşın boy göstərməsi, insan ömrünün bir də təkrar olunmayan anlarının mühakiməyə çəkilməsi “Yaddaş” povestində real boyalarla əks olunmuşdur”. Daha sonra tənqidçi göstərir: “Ümumiyyətlə, M.Çəmənlinin nəsrində yaddaşa istinad çox güclüdür. Məsələn, onun “İtirilmiş səs” hekayəsində də yaddaş köməyə gəlir, lakin povestdən fərqli olaraq bu dəfə xeyirxah bir missiyanı yerinə yetirir. Hələ də yaddaşlarda yaşayan qocaman xanəndə Pərvanə vaxtı ilə əfsunlu səsi ilə insanları gözəlliyə səsləyib. İndi o, adamların – onu tanıyanların yaddaşını silkələyir».

M.Çəmənlinin 70-80-cı illər yaradıcılığında kulminasiya nöqtəsi “Xallı gürzə” tarixi romanıdır, – desək, əsla yanılmarıq. Roman Qarabağ xanlığının tarixinə həsr olunub. Xanlığın əsasını qoyan Pənahəli xanın həyatı, düşüncələri, mübarizəsi əsərdə yetərincə əks etdirilib. Həmçinin, Qarabağla qonşu, həmsərhəd olan Şəki xanlığı, onunla münasibətlər, münaqişələr, İranla aparılan müharibələr, daxili çəkişmələr, xanlığın ərazisində məskunlaşan ermənilər, onların hiyləsi, üsyanı, beş erməni məliklikləri haqqında tarixi faktlar da romanda öz bədii həllini yüksək səviyyədə tapmışdı. Ədəbiyyatşünas Nazif Qəhrəmanlı yazırdı ki, “Qarabağ haqqında, onun tarixi keçmişi barədə bədii əsərlər çox yazılıb. Zənnimizcə, “Xallı kürzə” Qarabağ tarixinə yeni bədii baxışdır”.

«Xallı gürzə» romanın üçüncü nəşrinə (2006) ön söz yazan Vaqif Yusifli «Xallı gürzə» romanını da «tarixi dövrün» psixologiyasını təşrih edən bir əsər kimi qiymətləndirərək qeyd edir ki, … «Xallı gürzə» romanı XVIII əsr Azərbaycan koloritini, ələlxüsus, Qarabağ koloritini dolğun əks etdirir. Pənah xanın xarakterinə gəlincə, müəllif, hətta iki əsr sonra onun qəzəbini də, kədərini də, dalğınlığını da, yeri gəldikcə hikkəsini, iddiasını, əzabını da görür, hiss edir».

Yazıçı-dramaturq Əli Əmirli roman haqqında belə yazır: “Sanbalına, əhatə etdiyi dövrün mürəkkəbliyinə, genişliyinə, surətlərin və hadisələrin sayına, müxtəlifliyinə görə “Xallı gürzə” romanı yaşadığımız sovetdən sonrakı keşməkeşli dövrün yaddaqalan, seçilən tarixi əsərlərindən biridir”. Məqalə müəllifi daha sonra qeyd edir ki, “Tez-tez eşidirik ki, Qarabağ haqqında kitablar yazılmır, yazılsa da guya pis yazılır. Bu gileylərə Qarabağın tarixindən bəhs edən “Xallı gürzə” və Qarabağ uğrunda döyüşlərin canlı qəhrəmanlarından olan Asif Məhərrəmov və onun silahdaşlarının keçdiyi döyüş yolundan bəhs edən “Fred Asif” sənədli romanı tutarlı cavabdır”.

“Fred Asif” yazıçının müstəqillik illərində qələmə aldığı ən böyük sənədli əsəridir. Qarabağ müharibəsinə, onun igid oğlunun döyüş yoluna, qəhrəmanlığına həsr olunmuş bu əsər təkcə M.Çəmənli yaradıcılığında deyil, ümumiyyətlə, bu dövrdə hərbi-vətənpərvərlik mövzusunda yazılmış əsərlər içərisində də xüsusi yer tutur.
Əsərin baş qəhrəmanı Asif Məhərrəmov Ağdamlı gəncdir. Onun da hər bir gənc oğlan kimi böyük arzuları vardır. Ali təhsil almaq, vətəninə, xalqına qulluq etmək, xidmət göstərmək. Ailə qurmaq, oğul-uşaq sahibi olmaq, onları böyüdüb boya-başa çatdırmaq… Lakin zaman, dövran pis gəldi. Onun arzuları ilə üst-üstə düşmədi. Həyatdan tez-tez gözlənilməz zərbələr alan Asifi, sanki, mühit müharibə üçün yetişdirir, hazırlayırdı. Ali təhsil ala bilməsə də həyat məktəbi keçirdi. Qarabağı hazır olmadığı müharibəyə sürükləyən ermənilərin cavabını verməyə o hazır idi! Ömrünü bu yolda qurban verən Asifin həyat yolunu yazıçı elə incəliklə, heyranlıqla, ürək ağrısı ilə təsvir, tərənnüm edir ki, o günləri bir oxucu kimi xatırlayıb, özün də sarsılmaya bilmirsən. Müharibə təkcə Fred Asifin deyil, yüzlərcə gəncin həyatını, arzu-istəyini puç etdi. Qarabağ tez, ya gec geri qayıdacaq! Biz buna zərrə qədər şübhə etmirik. Lakin o gənclər bir daha dönməyəcək! Bir onunla təsəlli tapırıq ki, vətən naminə ölümü seçənlər heç də sıradan biri deyillər. Onlar hər vaxt xatırlanacaq, dildə-ağızda, ürəklərdə-könüllərdə yaşayacaqlar. Eləcə də yazıçı M.Çəmənlinin aylarını, illərini həsr etdiyi bu kitabın səhifələrində yaşayacaqlar: “Əzizim Asif! Sənin allahın dərgahına qovuşduğun vaxtdan artıq on altı il keçir. Amma biz səni heç zaman unutmamışıq. Mən hələ sənin qırxında Azərbaycanın müxtəlif bölgələrindən yasına gəlmiş döyüşçü dostlarının, silahdaşlarının sənin haqqında xatirələrini diktafona yazmışdım. Çünki sənin barəndə kitab yazmaq istəyirdim. Əlbəttə, sən sağlığında haqqında kitab yazılmasına qətiyyən razı olmazdın. Amma sən haqqa qovuşduğuna və bir döyüşçü, komandir kimi xalqının məhəbbətini qazandığına görə mən bu kitabı yazmalı idim”.

Fred Asifin ölümündən 20 il sonra onun qəhrəmanlığını davam və təkrar etdirən Mübarizi Fred Asifin mənəvi övladı hesab etmək olar. Yazıçı M.Çəmənlinin bu mövzuya müraciət etməsi, vətənpərvər duyğularla süslənmiş bir əsəri araya-ərsəyə gətirməsi özü də çox təbiidir. Çünki Qarabağın yetirməsi olan, onun münaqişəsini, müharibəsini görən yazıçı Vətənini sevən igid döyüşçüləri hər yerdə axtarır. Yeni gəncliyə örnək olacaq bir oğulun həyatını, dünyagörüşünü, mübarizliyini, vətən üçün ömrünü qıymasını ədəbiyyata gətirmək, onu əbədiləşdirmək axı yazıçı üçün də fəxrdir, fəxarətdi. Elə buna görə müəllif yazır ki, Respublika Prezidentinin Mübarizə “Milli Qəhrəman” adının verilməsi, həmçinin, adının əbədiləşməsi haqqında imzaladığı sərəncamlar mətbuatda çap olunan kimi o, 22 yaşlı qəhrəmanın ata yurduna – Biləsuvara üz tutub. Onun doğulub, boya-başa çatdığı Biləsuvarın Əliabad kəndinə gəlib, atası, dostları, qohum-əqrəbası ilə görüşüb. Bir vaxtlar Mübarizin oylağı olmuş Muğan düzünü, Biləsuvarı qarış-qarış gəzib-dolanıb. Atası Ağakərim kişinin həyat yoluna, onların məskunlaşdığı Əliabad kəndinin tarixinə də nəzər salıb və nəhayət bu qərara gəlib ki, atalar demiş, ot öz kökü üstə bitər!.

Kitab Prezident İlham Əliyevin Mübariz İbrahimov haqqında imzaladığı iki sərəncamla açılır. Bu da təsadüfi deyil. Mübarizin – bir hərbçi gizirin döyüş bölgəsində etdiyi qəhrəmanlığı dövlət başçısının, həm də Ali Baş Komandanın dərhal, layiqincə qiymətləndirməsi xalqla – dövlətin birliyindən xəbər verir. Demək, Ali Baş Komandanın da, gizirin də məramı, məqsədi eynidir: Vətənin birliyi, bölünməzliyi!
Cəbhə xəttində atəşkəs olsa da, hər gün düşmən silahı ilə neçə-neçə vətən övladı şəhid olur, şikəst edilirdi. Ön cəbhədə hərbi xidmətdə olan Mübariz gördüklərinə dözmür, təkbaşına müvəqqəti də olsa düşmən postunu susdurmaq istəyir və bilir ki, bu yolun gedişi var, dönüşü yox. Odur ki, valideynlərinə məktub yazmağı da unutmur: “Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam ağlamayın, əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim… Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.

İnanırıq ki, həm “Fred Asif”, həm də “Mübariz” hər gələn yeni nəslin vətənpərvər böyüməsində, öz yurduna, xalqına bağlı olmasında böyük rol oynayacaq!

Müstəqillik dövründə M.Çəmənli hər iki janrda paralel olaraq maraqlı əsərlər üzərində işləmiş və ardıcıllıqla çap etdirmişdir. Bunu, yazıçının, demək olar ki, hər il çap olunan kitablarının tarixinə baxmaqla da aydın görmək olar: “Səs qərib olmur”, “Fred Asif”, “Nəğməli xatirələr”, “Muğam dünyasının Xanı”, “Burdan bir atlı keçdi”, “Səsin ruhu”, “Leyli və Məcnun” – 100 səhnədə», “Məcnunun Məcnunu”, “Ruhların üsyanı”, “Yaddaşlarda yaşamaq haqqı”, “Ölüm mələyi”, «Sənət hekayələri” və s. Cəmi iyirmi yeddi müstəqil kitab bu gün oxucularının ixtiyarındadır. Demək, yazıçı bir ili povest, romanlarını çap etdirirsə, növbəti ildə mütləq bədii publisistikası işıq üzü görməlidir və görür də. Ümumiyyətlə, müstəqillik illərində yazıçının yaradıcılığı həm mövzu seçimi, həm janr xüsusiyyətlərinə, işlənmə mexanizminə görə, həm də keyfiyyətcə, kəmiyyətcə zəngin və dolğun olmuşdur.

Bu baxımdan yazıçının bədii publisistika sahəsində tanınmış musiqi xadimlərinin həyat və yaradıcılığı haqqında yazmış olduğu tədqiqat xarakterli əsərləri yetərincədir. Ölməz sənətkar, təkrar olunmaz səs tembri, xüsusi görkəmi ilə seçilən Xan Şuşiniskinin həyat və yaradıcılığından bəhs edən “Muğam dünyasının Xanı”, Şövkət Ələkbərova haqqında “Oxu, gözəl…”, həmçinin “Arif Babayev-70”, “Habil Əliyev-80”, “Əlibaba Məmmədov-80”, “Canəli Əkbərov-70”, “Ağaxan Abdullayev-60” kitab-albomları bu gün hər kəsin stolüstü kitabına çevrilib. Mən, düzünü deyim ki, musiqi üzrə tədqiqatçıların nəyi tədqiq etdiklərini, nələrə önəm verdiklərini bilmirəm. Lakin Mustafa Çəmənli bu sahədə bir neçə tədqiqatçının görə biləcəyi işdən qat-qat çox iş görüb. Yazıçı-publisistin iki kitabının – “Leyli və Məcnun” – 100 il səhnədə” və “Sənət hekayələri» kitablarının adlarını çəkmək kifayətdi ki, nə boyda iş gördüyünü görək. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2008-ci ildə nəşr olunmuş “Leyli və Məcnun” – 100 il səhnədə” kitabı 100 il səhnədən düşməyən ilk milli operamız haqqında bədii, sənədli ensiklopediyadır. Adından da göründüyü kimi, burada səhnəyə qoyulduğu ilk gündən başlayaraq dövrümüzə qədər “Leyli və Məcnun» tamaşasında iştirak etmiş müğənnilər, bu möhtəşəm əsəri müxtəlif quruluşlarda səhnəyə qoyan quruluşçu rejissorlar, dirijorlar, xormeysterlər, rəssamlar, baletmeysterlər, konsertmeysterlər haqqında ensiklopedik məlumatlar, bədii oçerklər toplanmışdır. Müəllif hətta “Leyli və Məcnun» operasının oynanıldığı əyalət teatrlarından, eyni zamanda Tiflis Azərbaycan teatrı, Aşqabad Azərbaycan teatrı, Təbriz teatrı, İrəvan teatrından da bəhs etmiş, bu teatların səhnələrində Leyli, Məcnun rollarını canlandıran ifaçılar haqqında ensiklopedik bilgilər vermişdir. İnanırıq ki, bu kitabın dəyəri illər keçdikcə daha da artacaqdır.

Yazıçının 2014-cü ildə nəşr olunmuş “Sənət hekayələri” kitabında isə son otuz beş ildə yazdığı hekayələri, portret-oçerkləri, esseləri, xatirələri toplanmışdır. Nəsr əsəri səviyyəsində qələmə alınmış ensiklopedik xarakterli bu kitabda Azərtbaycan mədəniyyətinrin ən parlaq şəxsiyyətlərinin həyat yolundan söhbət açılır.

M.Çəmənli müstəqillik dövründə də daha bir tarixi roman yazıb. “Ölüm mələyi” adlanan bu əsər Səfəvilər dövlətinin tarixi əks etdirir. Əsərdə I Şah Təhmasibin, II Şah İsmayılın, Gövhər bəyimin və başqalarının bədii obrazlarını yaratmaqla yazıçı Azərbaycan tarixinin çox mürəkkəb dövründə saraydaxili ziddiyyətləri, hakimiyyət uğrunda mübarizəni, insani münasibətləri çox canlı, təbii boyalarla təsvir edib, oxucusuna çatdıra bilib. Bu əsər ayrıca tədqiqat mövzusudur.

“60 yaşından yaman qorxuram”! – deyən yazıçının 70 illiyinə az qalıb. Hər yaşın öz gözəlliyi, öz müdrikliyi var, – deyiblər. Elə bilirəm, M.Çəmənli quru rəqəmlərin çoxluğundan qorxmayıb yeni-yeni əsərləri ilə bizi hələ çox sevindirəcək!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Manşet, Tənqid
KÖŞƏ YAZARLARI
TOP 10