Mütaliə ilə bağlı acı gerçək…

234 Baxış

 Rövşən Yerfi10943136_854318074632844_370416403_n

(Və ya 2 faizlə uğur qazanmaq mümkündürmü?)

Kitab mağazasında bir cavan satıcı dostum var. Hər dəfə məni görəndə kamali-ədəblə görüşür, hal-əhvallaşır. Satılması üçün o mağazaya kitablarımdan bir neçəsini vermişəm. Ötən gün yenə rastlaşdıq, mənə belə dedi:

-Məllim (məni belə çağırır), təzə kitabınızı oxudum, xoşuma gəldi. Yaxşı yazırsız. Ama, hayıf ki, oxuyan yoxdu. Kitablarınız belə də… satılır, ama çox az satılır.

Yaralı yerimə dəydiyindən bir az da fağırlaşıram:

-Bəs kimin kitabını alırlar?

-Axır vaxtlar dəb düşüb hamı türk kitabı alır. Xaricilərdən tərcümələri alıb oxuyurlar. Özümüzkülərdən bir heçə bəlli imzadan başqa, demək olar ki, heç kimi almırlar. Bilirsən, məllim, sən özün də elə fəal deyilsən e… Gözləyirsən ki, kimsə gəlib kitabını alsın. Adamlar tanıyıram ki, vəzifəsindən istifadə edib təqdimat adı ilə bütün qohum-əqrəbasını, dost-tanışını yığır başına, sənin bir ilə satilan yüz iyirmi kitabını bir gündə sırıyır gələnlərə. Eh, sən heç bunu da bacaran deyilsən…

-Bəs onu nəzərə almırsan ki, elələrinin bir gün yaşadığı sevinci mən bir il yaşayıram, -“qalibanə” gülümsündüm.

-Yaxşı, indi nə məsləhət görürsən?

-Gənə türmədən yaz, cavanlar ona daha çox maraq göstərirlər. Bir də ki reklam. Reklam etməsən, özünü tanıtmasan, heç kim sizi xoşluqla tanıyan deyil.

Satıcı dostumun səsi qulağımda gəlirəm evə, kompüteri açıb onun məsləhətinə əməl etmək üçün yollar arıyıram. Reklam… Reklam məgər havayıdırmı, – düşünürəm…

Bu günlərdə belə düşünə-düşünə kompüterlə vaxt öldürəndə haradansa uçuz facebook reklamı yadıma düşdü. Ondan istifadə etməklə satıcı dostumun reklam barədə tapşırığını sınamaq qərarına gəldim. Saytların birində dərc edilən həbsxanaya dair yazdığım romandan bir parçanın Bakı şəhəri üzrə (nəzərə aldım ki, ölkə əhalisinin əsas ziyalı təbəqəsi və 15 kitab mağazası Bakıdadır) 18-50 yaş arası facebook istifadəçilərinin səhifəsinə çıxması üçün 5 dollar ödədim.

Facebook üç gün ərzində həmin yazını 5200-dən çox fb səhifəsinə payladı. Amma sonda, xüsusilə bir fakt məni olmazın dərəcədə heyrətləndirdi və təəssüfləndirdi: 5200 nəfərdən vur-tut 75 nəfəri yazını açıb oxumuşdu. Qalanı isə əhəmiyyət verməmişdi. Demək paylanılan səhifələrin cəmi bir faiz yarımında yazıya baxılmışdı! Lap fərz edək ki, 65 yaşadək (və üstəlik iyirmiyədək daimi oxucu dostum) bu rəqəm olsun 2 faiz (yəni 104 nəfər). Belə nəticə alınır ki, o biri 98 faiz üçün ədəbiyyat, romandan parça məfhumları tam maraqsız, gərəksiz şeylər imiş. Təkcə bir yaxşı cəhət vardı ki, yazını bundan əvvəl dostlarıma paylaşdığımdan bu dəfə 75 nəfərdən 72-si fb dostum olmayanlar idi.

Şübhəsiz, o əsər parçasınının əvəzinə bir erotik mətn və ya yarımlüt qadın şəkli paylaşsaydım əminəm ki, nəticə əksinə olacaqdı – 98 faiz diqqət yetirəcəkdi..

Sonra da deyirlər kitab niyə satılmır?

Hə, qardaş, bu acı gerçəkliyi görəndən sonra məni fikir aparıb: bilmirəm kiçik hissəsini dərc etdirdiyim romanın ardını yazımmı, yoxsa yazmayım?!..

Yazaramsa, görəsən növbəti kitabımı almaq üçün , o 2 faizdən neçəsinin əlini cibinə aparmağa imkanı olacaq?!.

 

Bölmə : Rövşən Yerfi
KÖŞƏ YAZARLARI
TOP 10