Mütaliə  şərəfli vərdişdir

125 Baxış

rovshenyerfiRövşən Yerfi

Kitab çapı yaranandan və tarixdə özünə mövqe qazanan gündən dünyada ən çox sevilən şeylər arasında böyük sənətkarların əsərləri də yer alıb. Təbii ki, kitab mütaliəsinin faydasından danışarkən, əlbəttə, hansısa ehtiras yaradan, amansızlıq təbliğ edən mənfi yüklü əsərlər heç də nəzərdə tutulmur.

Kitab oxumaq, daimi kitab oxucusu olmaq həqiqətən hər kəsin hünəri deyil. Ətrafınıza baxın, axtarsanız  tanıdığınız hər on nəfərdən bir ya iki nəfər müntəzəm kitab oxuyan tapa bilərsiniz.  Qalan böyük əksəriyyət saysız-hesabsız bəhanələr edib vaxt qıtlığından, vaxtının olmamasından yaxud da sağlamlığından şikayətlənəcəklər. Yüz faiz boş və əsassız bəhanələrdir.  Sadəcə bu bəhanələrdən yararlanan insanların kitab oxumağa düzünü desək gücləri yetmir.  Yəni onların ağlı, dünyagörüşü, mənəvi səviyyəsi mütaliəni qəbul edə bilmir, daha doğrusu bu insanların qavramaq qabiliyyətləri qədərindən azdır. Bunu etiraf etmək əvəzinə, işlərinin çoxluğunu dilə gətirirlər.

Əslində isə kitab oxumamaqla, mütaliədən yayınan bu sayaq adamlar  guya vaxtlarını qorumaqla nəsə qazanırlar, həqiqətdə isə, əksinə itirirlər. Belələrinin nə qədər çox pulu, əmlakı olsa da bir məclisdə, beş təhsilli arasında söhbət zamanı ard-ardınca üç normal cümləni, hər hansı mənalı fikri deməyi bacarmadıqlarından,  danışılan mövzudan mümkün qədər tez yayınmağa, söhbətdən kənarlaşmağa çalışırlar.

Müntəzəm mütaliə isə söz ehtiyatının  genişlənməsində, düşüncə və xəyalların zənginləşməsində, ümumi mədəniyyətin yüksəlməsində və insanlarla ünsiyyət yaratmaqda əvəzsiz rol oynayır. Mütaliəni həm də insanın özünə əminlik yaranmasında  böyük təsiri var. O, istənilən stressdən çıxmağa kömək edir, yaddaşı mıhkəmləndirir, təxəyyülünüzü genişləndirir, məntiqinizi inkişaf etdirir, cəmiyyət içərisində, insanlar arasında sayılıb seçilməyə yol açır. Dahi şairimiz Nizami Gəncəvi demişkəm:

Bilik öyrənməyi ar bilən hər kəs

Dünyada mərifət qazana bilməz…

Kitab oxumağı sevənlər çox zaman digərlərindən fərqlənirlər. Bu fərqlər həmişə açıq-aydın görsənməsə də, psixoloqlar oxumağın insan xarakterinə və səhhətinə xeyli faydalı olduğunu deyirlər. Yadda saxlayın: “Kitab oxuyarkən ürək döyüntüsü normallaşır”.

Sözüm gənclərədir: biliyi və məntiqi ilə seçilənlərdən, fərqlənənlərdən olun, ən şərəfli vərdişlərdən birinə – mütaliəçiliyə ürəkdən bağlanın. O. sizin həyatdakı gələcək uğurlarınızın ən böyük qarantıdır…

Bölmə : Rövşən Yerfi
KÖŞƏ YAZARLARI
TOP 10