Müzakirəyə son: 38 nəfərə tutarlı cavab

145 Baxış

unnamedBu yaxınlarda senet.az saytında “Detektiv ciddi janrdır yoxsa?” sualı ilə sorğu keçirilib. Əslində sual daha geniş verilib. Təqribən belə:   Detektivi ədəbiyyat janrı hesab edən və etməyən fərqli auditoriyalar, qələm adamları, tənqidçilər və ədəbiyyatşünaslar var. Sizcə hansı tərəf haqlıdır – ədəbiyyat janrıdır deyənlər, yoxsa bunu inkar edənlər?

Fikirlərini oxuduğum 38 qələm əhli bu “fəlsəfi sualın” cavabında baş sındırıb. Maraqlı izahlar yazanlar da var, suala sualla cavab verənlər də, bir cümlə ilə fikrini tamamlayanlar da.

Sorğuda iştirak edənlərdən birinin fikrinə diqqət edək. Janrı müəyyənləşdirmək üçün isitfadə etdiyi meyar çox orijinaldır.  Təbii ki, ədəbiyyat janrıdır. Bunu müzakirə eləmək ən azı günahdı. Edqar Ponu, Artur Konan Doyl, Corco Falletti, Ahmet Ümit kimi gözəl detektiv ustaları var. Orxan Pamukun “Qara kitab”, “Mənim adım Qırmızı” romanları da detektiv janrdadı. Söhbət ancaq bu və ya digər detektiv əsərin hansı səviyyədə yazılmasından gedə bilər. Səthi və sadəlövh əsərlərinsə heç bir janra aidiyyatı yoxdu.” Bu dərinmənalı fikrin müəllifi Nəriman Əbdürrəhmanlıdır.

Nəriman müəllim, sual yaranır:  Adını sadaladığınız sənətkarlara görə detektivə janr demək hansı məntiqə sığır?

Digər fikirlər də maraqlıdır. Mən indi onların hamısını bura yazsam nə mənası var ki? Amma bir-ikisi ilə tanış etməyə çalışacam.  Bu qısa fikir isə cəmiyyətdə olduqca tanınmış  ziyalımız, millət vəkili Fazil Mustafaya aiddir: Əlbəttə, ədəbiyyat janrıdır. Bədii təxəyyülün məhsuludursa, başqa necə ola bilər?” Fazil müəllim, deyəsən səthi yanaşdız suala. Bu cavab ədəbiyyata azdan-çoxdan yaxın olanları qane etməz. Cavabınızda  cümlənizin uzunluğu qədər yanlışlıq var.

Ən gözləmədiyim cavab isə f.ü.f.d., dos. Şəmil Sadiq tərəfindən verilib. Niyə belə cavab verib, hansı dəlil-sübut gətirəcək xəbərim yoxdur. Baxmayaraq ki, bu haqda xeyli mübahisəmiz olub. Sorğuda verdiyi cavabın ilk cümlələrindən elə hiss edirdim ki, detektivin janr olmadığını deyəcək və hər şey əla olacaq. Amma nə oldu? Belə bir qeyd verdi: Çəkinmədən buna janr deyə bilərik. Yaxşı janrdır, ciddi janrdır, pis janrdır məsələsi isə tamam başqa məsələdir. Kiminsə zövqünü oxşamırsa, buna görə də, buna janr və ya ciddi ədəbiyyat demirsə, o, onun problemidir. Şəmil müəllim, belə olmaz axı. Siz barı belə deməyin. Detektivə janr deyib poemaya, hekayəyə, povestə forma deməklə çaşqınlıq yaratmamısınızmı?

Sorğuda iştirak edənlərin bəzisində belə bir hiss müşahidə olunur. Sanki hansısa yaxın adamlarından biri detektiv yazır və ona xoş olsun deyə detektivə janr deməklə xətirxoşluq edir. Şəxsi təəssübkeşlikdən irəli gələn duyğularla hər hansı bədii əsərin janrını müəyyənləşdirmək harada yazılıb?

Əkbər Qoşalı isə öz fikirlərini belə başlayıb:Detektiv ədəbiyyat janrı deyil deyincə, həmən sual ortaya çıxır: bəs nədir? Mən də fikirlərimi Əkbər Qoşalıya cavab olaraq bildirim və razılaşmayanlarla çay içərik. Deməli belə. Sizlərin də bildiyiniz kimi ədəbiyyatşünaslıqda məzmunforma deyilən anlayış var. Forma anlayışına ədəbi növlər, ədəbi janrlar, vəzn, bölgü, qafiyə, bədii təsvirvəifadə vasitələri  daxildir. Forma əsərdə “nəyin yazıldığına” deyil, “necə yazıldığına” verilən sualların cavab toplusudur.  Bədii əsərdə məzmun anlayışına isə mövzu və ideya daxildir. İndi insafımızı qoyaq ortaya. Soyuqqanlı şəkildə həzm etməyə çalışaq. Əsər hansısa janrda yazılır. Həmin əsərdə məhəbbət, tarixilik, ailə-məişət və həmçinin detektiv mövzular ola bilər. Yəni bu mövzular bir ideya ilə bitər və əsərin janrına qəti qarışmazlar. Əsərin janrını müəyyənləşdirən forma anlayışı ilə məzmunu – mövzunu qarışdırmaq düzgün deyil, insafdan heç deyil.

Əslində bir neçə sualım bəlkə detektivə janr deyənləri düşündürə bilər. Tutaq ki, Çingiz Abdullayevin, Müşfiq Xanın, Elxan Elatlının yazdıqları “detektiv roman janrı”ndadır. (Adını çəkdiyim sənətkarların detektiv roman adlandırdıqları əsərlərin bəzisinin roman janrında olması belə sual altındadır) Bəs ədəbiyyatımızda zamanla şeir şəklində, povest, hekayə janrlarında detektiv əsərlər meydana gələndə nə deyəcəyik? Bu zamanda yeni janrlarmı icad etmiş olacağıq? Detektiv povest janrı, detektiv hekayə janrı, detektiv şeir janrımı deyəcəyik? Dostlar, əziz 38-lər, detektivə janr deyənlər və deməyənlər, detektiv janr deyil. Detektiv mövzudur. İnanın ki əsərə detektiv məzmunlu  əsər deməklə onu kiçiltmiş olmursuz. O, onsuz da yazıçının istedadının məhsuludur. Detektiv ədəbiyyatın tərkib hissəsidir və ədəbiyyatın müasir dövrdə ən çox oxunan mövzularındandır.

Xülasə:

Nə detektiv əsərlər yazanlar detektivin janr olmasında maraqlı olsunlar, nə də oxucular və həmin yazarların ətrafı “janrdır” deməklə xətirxoşluq etsinlər. Əsərin janrı romandır, məzmunu detektivdir və ya əsərin janrı hekayədir, məzmunu detektivdir.  Bunu belə qəbul edək.

Məndən bu qədər.

Sağlıqla…

 

Müzakirəni buradan oxuya bilərsiniz:

http://senet.az/detektiv-ciddi-%C9%99d%C9%99biyyatdirmi-senet-az-in-sorgusu/

Bölmə : Manşet, Nəsr
KÖŞƏ YAZARLARI
TOP 10