“Muzeylər və Nizami irsi” adlı virtual beynəlxalq proqrama yekun vurulub

4 Baxış

hg

Cariilin 18-26 may tarixlərini əhatə edən “Məktəblilər üçün muzey həftəsi” layihəsi çərçivəsində “Muzeylər və Nizami irsi” adlı virtual beynəlxalq proqrama yekun vurulub. Proqram Təhsil, Mədəniyyət nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əməkdaşlığı və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə icra edilib.

Senet.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli sərəncamı ilə 2021-ci ilin “Nizami ili” elan olunması ilə bağlı olaraq həyata keçirilən “Muzeylər və Nizami irsi” adlı virtual Beynəlxalq proqramın məqsədi məktəbliləri Nizami irsi ilə tanış etmək, onlarda klassik irsə məhəbbət hissiaşılamaq, həmçininonlarınasudəvaxtlarınısəmərəlitəşkiletməkdənibarətdir.

Proqram çərçivəsində mayın 18-dən başlayaraq 26-dək hər gün olaraq Azərbaycan Respublikası həmçinin Rusiya Federasiyası və ABŞ aparıcı muzeylərindən onlayn təqdimat və virtual ekskursiyalar təşkil edilib.
Belə ki, proqrama əsasən, mayın 18-də Gəncə şəhərində yerləşən Nizami Gəncəvi adına muzey, 19-da Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, mayın 20-də N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, mayın 21-də Azərbaycan Milli İncəsənət Muzeyi, mayın 24-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, mayın 25-də C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi və Moskva Şərq Dövlət Muzeyi, mayın 26-da Azərbaycan Xalça Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi və ABŞ Konqress Kitabxanası onlayn ekskursiyaların təqdimatları ilə nümayiş olunub.

Layihə çərçivəsində muzey işçiləri ilə birgə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin gənc bələdçiləri tərəfindən muzeylərə onlayn ekskursiyalar təşkil olunub. Virtual eksursiyalara məktəblilər və Bakı şəhəri ilə yanaşı respublikanın digər regionlarında fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri qoşulub.

18 may – Beynəlxalq Muzeylər Günü ilə əlaqədar tədbirin ilk günündəmayın 18-də proqramın rəsmi açılışındaməhz Gəncə şəhərində Nizami Gəncəvi adına muzeydən virtual ekskursiya təqdim edilib.Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə açılış nitqi iləçıxış edərəkbildirib ki, muzey həftəsi proqramı məktəblilərin maarifləndirilməsində xüsusi rol oynayırvə bu layihə çərçivəsində beynəlxalq muzeylər öz zəngin kolleksiyaları ilə iştirakçıları tanış edəcək və yeni proqram üzrə Nizami Gəncəvi irsinə aid nümunələrin, eksponatların araşdırılması və məktəblilərə aşılanması təqdim olunacaq.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Nərgiz Abdullayeva “Nizami irsi” mövzusunda keçirilən “Muzey həftəsi”-nin gənc nəsil və xüsusilə də məktəblilər üçün çox önəmli olduğunu, muzeylərin təhsilin inkişafında mühüm rol oynadığını bildirib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədr müavini Rəfi Qurbanov qeyd edib ki, bu günün məktəblisi sabah Azərbaycan mədəniyyətinin beynəlxalq auditoriyada təbliğatçısı və azərbaycan mədəniyyətinin daşıyıcısıdır, Gəncə şəhər UGİM-in direktoru Sevinc Ələkbərova Gəncənin tarix boyu Azərbaycanın Mədəniyyət mərkəzlərindən biri olduğunu, hazırda da şəhərin mədəni həyatının kifayət qədər zənğinliyini və bu işdə muzeylərin böyük rol oynadığını vurğulayıb.

Mayın 19-da M.Füzuli adına Əlyazmalar İnstitunun elmi işlər üzrə direktor müavini, filologiya elmlər doktoru Paşa Kərimov Əlyazmalar İnstitununda azərbaycan və rus dillərində toplanan 12 mindən çox əsərlərin arasında Nizami Gəncəvinin əsərlərinin böyük yer tutduğunu vəəlyazmaların oxunması, saxlanması, qorunması, tədqiqatların aparılması haqqında xüsusi məlumat verib.

Mayın 20-də N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik, millət vəkili Rafael Hüseynov N.Gəncəvinin zəngin ədəbi irsinin öyrənilməsi və gələcəkdə bütün dünyada təbliğ etməkdə azərbaycan gəncliyinin mühüm rolunu qeyd edib. Ekspozisiyanın qorunması, izahı və audio-müşayiətin təmini şöbəsinin müdiri, əməkdar mədəniyyət işçisi Tomris Babanlı N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yaranma tarixi, N.Gəncəvinin ədəbi irsinə həsr olunmuş ekspozisiya zalı və onun yaradıcılığı haqqında ətraflı məlumat verib.

Mayın 21-də Azərbaycan Milli incəsənət Muzeyinin məktəb bölməsinin müdiri Mənsurə Məmmədəliyeva öz çıxışında “Nizami irsi” nin təbliğatının vacibliyini qeyd edib və qədim dövrdən başlayaraq müasir dövrə qədər müxtəlif azərbaycan incəsənət nümunələrinin nümayiş olunduğu haqqında məlumat verib və gənc bələdçilərə öz arzularını çatdırıb.

Mayın 24-də Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova öz çıxışında qeyd edib ki, Nizami Gəncəvinin əsərlərindən Azərbaycan bəstəkarlıq yaradıcılığında da geniş istifadə olunub. Qara Qarayev, Üzeyir Hacıbəyov, Soltan Hacıbəyov və bir çox Azərbaycan bəstəkarları Nizaminin şeirlərinə əsərlər bəstələyib.

Mayın 25-də C. Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin bələdçisi Ümidə Hacıyevə milli teatrın yaranma tarixi, inkişaf yolları, teatr korifeylərinin həyat və yaradıcılığı haqqında və muzey fondlarıda qorunan materialların böyük əksəriyyətinin orijinal olması barədə məlumat verib. Həmçinin günün 2-ci virtual turunda Moskva şəhərinin Dövlət Şərq Muzeyinə onlayn ekskursiya təşkil olunub. Muzeyin direktor müavini İlya Zaytsev öz təqdimatında muzeydə Heydər Əliyev Fondunun dəsətəyi ilə keçirilən “Nizami Gəncəvinin sujetləri və obrazları” adlı sərgi haqqında məlumat verib,muzeydə yer alan bütün Şərq ölkələrinə məxsus, o cümlədən Çin, Yaponiya, Şimali və Cənubi Afrika ölkələrinin sənət əsərlərini izləyicilərlə paylaşıb. Virtual turda kolleksiyanın əhəmiyyətli bir hissəsini ən qədim dövrdən müasir günümüzə qədər olan Azərbaycanın görkəmli sənət nümunələrinin xüsusi yer tutduğunu qeyd edib. Bu eksponatlar arasında Azərbaycanın dahi şairi Nizami Gəncəvinin əsərlərini əks etdirən sənət nümunələrini xüsusilə vurğulayıb. N.Gəncəvi əsərlərində dünyaya yalnız öz yaradıcılığını deyil, özünün sevgi fəlsəfəsini də təqdim etdiyini bildirib.

Mayın 26-da Azərbaycan Xalça Muzeyin Mədəniyyət və təhsil şöbəsinin müdiri Aygün Abasova muzeyin yaranma tarixi barədə ətraflə məlumat verib və burada Azərbaycanın bütün bölgələrinə aid olan məhşur xalçaların həmçinin Nizami Gəncəvi yaradıcılığının əks olunduğu xalçaların nümayiş olduğunu vurğulayıb. Daha sonra Milli Azərbaycan Tarixi Muzeyinin Tarix üzrə fəlsəfə doktoru dosent Bəhmən Kərimov öz çıxışında layihə iştirakçılarının muzey işi ilə yaxından tanış olmasını yüksək qiymətləndirib və qeyd edib ki, muzeydə Nizami Gəncəvi dövrünə aid olan geniş materiallar öz əksini tapır.

Mayın 26-da bağlanış mərasimində ABŞ Konqress Kitabxanasından Orta Şərq şöbəsinin müdiri və Türk bölgəsi mütəxəssisi Joan Viks öz çıxışında qeyd edib ki, uzun illər ərzində türk dilli xalqların əlyazmaları və Azərbaycanın dahi şairi Nizami Gəncəvinin yaradıcılığı üzrə tədqiqat işi aparıb. Nizami Gəncəvinin yaradıcılığının ətraflı öyrənilməsi nəinki türk dilli ölkələrin, eyni zamanda dünya mədəniyyəti tarixinə böyük töhfə verib. Virtual turda Nizami Gəncəvi irsinə dair Konqres Kitabxanasında mühafizə olunan ən qədim əlyazmaların ilk nüsxələri, orijinal nümunələri təqdim olunub və bildirilib ki, digitilizasiya olunmuş nüsxələr sərbəst auditoriyaya təqdim olunur.Sonda Joan Viks Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş elmi işini təqdim edib.

“Muzeylər və Nizami irsi” “Muzey həftəsi” COVID-19 pandemiyası ilə əlaqədar olaraq onlayn formada Zoom platforması üzərindən həyata keçirilib. Keçirilən onlayn bağlantılar Live canlı yayımı, Youtube və Facebook kimi sosial şəbəkələrdə yayımlanib.

Layihə çərçivəsində RUGİM-in ən fəal dərnək üzvü olan məktəblilər muzeylərdə Nizami irsinə aid olan eksponatlar haqqında topladıqları məlumatları onlayn bağlantı zamanı virtual ekskursiya formatda nümayiş etdiriblər.

Qeyd edək ki, 18 may tarixi dünyanın 150-dən çox ölkəsində Beynəlxalq Muzeylər Günü (International Museum Day) kimi qeyd olunur. Bununla əlaqədar olaraq, 2015-ci ildən başlayaraq Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə təşəbbüsü ilə keçirilən “Məktəblilər üçün muzey həftəsi” layihəsinə start verilib və onun əsasında yeni interaktiv təhsil proqramı yaradılıb. Proqram çərçivəsində hər il mayın 18-dən 26-dək bir həftə ərzində Bakı şəhəri və regionlarda fəaliyyət göstərən muzeyləri əhatə etməklə “Muzey həftəsi” keçirilir. Beş il ərzində maarifləndirici “Muzeylər həftəsi” proqramı çərçivəsində Bakı şəhəri və regionlarda fəaliyyət göstərən muzeylərə 75000-ə yaxın şagirdin ekskursiyası təşkil edilib, bu il onlayn platformada keçirilən “Muzeylər və Nizami irsi” proqrama 700-dən çöx məktəbli goşulub və 20000-ə yaxın baxış sayı müşahidə edilib.

 

Bölmə : Sənət xəbər
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10