…Nə çox bir bilsən…

147 Baxış

muradahiz
Murad Ahiz

(esselər)

Üç cümləyə üç söz sığar, üç cümləyə köhnə evin divarlarından hörümçək torunu, çatlaqlardan gələn rahatlıq verici o kəsif qoxusunu da sığdırmaq olar… amma   biri gələr üç cümlə içində, rüzgarın dünyanın hər yerindən toplayıb- toparlayıb gətirdiyi xatirələrini bir əlçim qarın içində qapının önünə atıb gedər..

ANILAR

rüzgar burdan keçmiş bu sabah
keçerken anılarını burakmış qapıma
tala-tala toparlamış qarı evin bayır küncünə…( Dadaş  Adna)

 

Bədəninə  yayın ortasında  gizilti dolar… İnsan olma giziltisi.  Həzin səsdə musiqiyə qapılıb əriyirmişcəsinə rüzgarın gətirib toparladığı qar, evin bayır küncündə əriməyə üz tutar  astaca… Burda artıq  gözdənqaçmışlıq da var. O, elə bir gözdənqaçmışlıqdı ki, rüzgar belə fərqli “ulayar”.  Soyuq – soyuq, yaşamağa “hey”in qalmadan , donuq  ruhunla çıxarsan çölə… Yalnız o anda, yalnızlıqda duyular  rüzgarın xatirələrinin  varlığı…

 

***       

     Şeir ədəbiyyatda artıq  Koroğlu dastanındakı “Allah, Allah, Allah…” deyib irəliyə doğru qaçmaq zamanını geridə qoymuş bir ədəbiyyat nümunəsinə çevrilib. Bunu hələ də qəbul edə bilməyənlər ədəbiyyat yaradırıq deyə misraların ucundan sallanmış qafiyələrlə şeir yazdıqlarını cani dildən göz önünə gətirən miskin insanlardır ki, onları da ədəbiyyat aləmi özü, alaq edilən zəhərli otları atırmış  kimi öz içindən təmizləyib çölə atır. Artıq şeir, O dediyimiz dastanların hallahallalı, vurhavurlu aurasından sıyrılıb  təmiz duyğularla balaca uşaq misalı ovcumuzun dərinliklərində gizlətdiyimiz özünəməxsusluqdan çöl dünyaya təzahür kimi doğulur. Əsasən söz öz kəsərliliyi ilə artıq, “savaşı kəsər”liliyindən öz həqiqi gücünə, reallığın harmoniyasına çevrilməyə xidmət edir. Zamanıyla sözün bir savaşı sonlandıracağından bəhs edən şeir, artıq insanlığın ülvi duyğularına baş əyib, qul olmaqdan bircə addım həqiqətə tərəf dönərək,  sadəcə, gücü çatdığını etməyə – mərmidən söz-söz asılaraq, insanlığın ülvi duyğularıyla paralel yürüməkdən əl çəkməyən, bəzənsə bir addım önə keçməsilə insanlığın həqiqi simasını üzə çıxaran o şər yüklü duyğularla insan arasında sipərə çevrilib.

Müharibədə tərəflər yox

Ölənlər məğlub olur

əlsiz-ayaqsız bədənlər xatırlayır mərmiləri

beş addıma düşən bombaları

yadları öldürmək üçün hər şey pulsuz

silah

geyim

yemək

mənzil… (Ayaz Şirin)

Bir az keçir, şeir ruhuna canına hopub ona söz söyləyənlərə qüdrətini göstərmək üçün ağ divin sülhdən yaranmış çiyinləri üstündə qaranlıqlaşmağa üz tutmuş dünyamıza səyahətə gəlir. Şeir müharibəyə yadlaşmış dildən, müharibənin “m”  indən belə diksinən, təmiz, saf yetişmiş şəxsiyyətin  insanlığın vicdanlı halını görmək üçün susamış, cadar- cadar olmuş şərin tarlasında xeyrin vadisini axtaran o söz sahibinin dodaqlarından pıçıldanır.

 … 100 metr irəlidə üzünü görmədiyin düşman

 Silahında mərmi

Başında xatirələr

Müharibədə ölənlər məğlub olur

Müharibədə olmayanlar qalib olur

Müharibədə xatirələr əsir düşür…

                      ***

  …100 metr irəlidə öldürmək üçün yeniyetmə

  Hələ sevişməmiş

  Ona məktub göndərmək olar

  Onunla pivə içmək

  Onunla uzunuzadı söhbət etmək olar…

            ***

  …Ona Nazim Hikmətin “Bu gün bazar…” şeirini oxumaq olar

   Qocalıb ölənə qədər onunla qonşu yaşamaq…(Ayaz Şirin)

   Şeir yazıçı tənhalığının labirintlərində, itmişliklə insan olma hissinin qarışımından doğan vecsizlikdə  yuvarlaq-yuvarlaq yoğrulub, elə yer kürəsinin özü boyda, bir nəsnə olaraq yer üzündə doğulmağa başladı artıq. Yüksək hissin həyəcanın nida modelində təsiri kimi deyil, artıq yorulmuşluğun, “dur!” demənin ağırlığında ərimişlik kimi  əsl söz sahiblərinin dilindən süzülüb yeni, qeyri adi doğulmuşluğuna vardı. Birazca dərinə getsək, özünlə keçmişindəki özünün telepatiyasından doğulmuşluq, hər yaşadığın günün sıxıcılığı ilə, hər keçən günə duyduğun darıxmışlığından yaranan sözlərin ahəngli harmoniysına şeir deyilir. Və bunun üstünə “dedidedilərin” təsirindən çıxmışlıq, hər şeyi- həyatındakı ən özəl, gizli şeyləri belə rahatlıqla deyə bilmə azadlığına gəlib çatmış, hətta,  çox insanların qıra bilmədiyi qəlibləri öz soyuq vecsizliyilə sındırıb qəlibləşmişliyi yox etmiş insanoğlunun yazması, “dediqoduların” zarafata salınaraq “əl yelləməklə” qovulması şeirin içində hazır olmadığımız bir dünyaya, üst insanın bizi hazırlamasıdı.

 

     ******CUMAERTESİ                                                         

Bir cumaertesi,
Sabah geyindim
ən gözəl,
köynəyimi,
pencəyimi,
ayaqqabıarımı boyadım qəhvəyiyə
endim dayanacağa
seni bekledim
yağmurlu payız sabahı..
yağmurlar səndən öncə yağmış
islatmışdı şəhəri
burda çətirə də pis baxırlar.
illərdir burdayım,
bekliyorum
eyni həyacanla,
eyni endişəylə
çətirimdə yox.
illərdir bir tək cumaertesim var
O, da səni beklemekle keçiyor… (Dadaş Adna  2010)

 

Bir cümə ertəsi… Bəlkə bu cümə ertəsi yüz ilin, min ilin cümə ertəsidi… bəlkə də eləcə adi cümə ertəsidi. Amma başqa günlərdən fərqli olmağının  sirri , bizə, anlaya bilmədiyimiz çatdıqları o sonsuz rahatlıqdan, o sonsuz kamillik “oturuşmuşluğundan” göndərilən mesajın içində gizlənib, həftənin adı fərqli özü mahiyyət etibrilə eyni günlərin axıcılığında keçsədə, bu cümə ertəsi adi deyil, əsla! Illər içində gizlənmiş bu cümə ertəsi bütün günlərdən “səni gözləmək”  dəymədüşərliliyinə görə seçilir. Müqəddəsdir!  Qeyri adi şair ruhunun duyumluluğu içində  “çətir götürməyə pis baxılan şəhərdə”  bir də “gözləməklik”  ağrıları yer alıb. Sıxdıqca sıxır şairi… amma sıxıldıqca, darıxdıqca cümlələr daha axıcı, daha anlaşılan, daha çox “sərxoş” olmağa başlayır…

nə çox canım acıyır
yaşadıqlarıma
dediyim oflara
ehlərə
nə çox canım acıyır
bir bilsən
yaşayamadığım günlərə
yaşamayacağım günlərə
nə çox
nə çox
bir bilsən… (Dadaş Adna )

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                 

Bölmə : Tənqid, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10