“Nə qədər olsam da səndən uzaqda” İlham Aslanovun ŞEİRLƏRİ

301 Baxış

ilhamQƏLBIMIN  SƏSİ

 

Daima düşünür, xəyalım səni,

Fikrimdən çıxmayır ismin bir an da,

Sözümün hər biri bağlıdır sənə,

Sən mənim nitqimin, nida yerisən.

 

Qəlbimdən çıxara bilmirəm səni,

Eşqinlə damarda,  axır qanım da,

Könlüm də, ruhum da möhtacdır sənə,

Sən mənim ruhumun, qida yerisən.

 

Fəxarət  hissiylə  anıram  səni,

Ürəyim riqqətə gəlir bu anda.

Əzəldən bağlıdır mənliyim sənə,

Sən mənum qürurumun, əda yerisən.

 

Sanıram daima yanımda səni,

Tənhalıq zamanı, sükut olanda.

Ürəyim boşluqda hayqıran zaman,

Sən mənim könlümün, səda yerisən.

 

 

 

AY BAKI

Nə qədər olsam da səndən uzaqda,

Qoynunda dolaşıb, gəzirəm sanki.

İsti nəfəsini duyuram sənin,

Səninlə qaynayır qanım ay Bakı.

 

Dünyaya gəldim sənin qucağında,

Vuruldum sənə uşaqlıq çağında,

Bir gözəlsən ki, Xəzər qırağında,

Cənnətməkandır hər yanın ay Bakı.

 

Cahana səs salıb dövlətin, varın,

Abşeron boyunca yaşıl bağların,

Çox bərəkətlidir suyun, torpağın,

Səndə keçib xoş dövranım ay Bakı.

 

Qara qızıl ilə artıb şöhrətin,

Boldur yeraltı, yerüstü sərvətin,

Hər kəsə bəllidir gücün,qüvvətin,

Sənlə ucalıb ad-sanım ay Bakı.

 

Qız qalası yaraşıqdır adına,

Pərvaz verir qoluna-qanadına.

Ləyaqətdir, şəfəfdir övladına,

Qürurum, şöhrətim-şanım ay Bakı.

 

İçəri şəhərin bir başqa gözəldir,

Döngələri dar, evləri özəldir,

Tanrının yazdığı  şeir-qəzəldir,

Ürəyim, doğma məkanım ay Bakı.

 

Bir zinətdir Xəzər sənin əksinə,

Xəzinədir, quştək qonub köksünə,

Qoşulubdur dalğaların səsinə,

Danışır tarım, kamanım ay Bakı.

 

Günəşin səhərlər çıxır, Xəzərdən,

Adın odlar yurdu olub əzəldən,

Allah qorusun səni bədnəzərdən,

Başına dönüm, dolanım ay Bakı.

 

Məşhurlaşıb xəzərüstü bulvarın,

Burada dalğalanır uca bayrağın,

Sarsılmazdır əzəmətin, vüqarın,

Məqrursan! Budur bəyanım ay Bakı.

 

Çox gəzmişəm ölkələri, elləri,

Görmüşəm gözəl-gözəl şəhərləri,

Tək bir istəyim olub səhərləri,

Hər gün sinəndə oyanım ay Bakı.

 

Səndə boya-başa çatdım, ucaldım,

Qucağında ömür sürdüm, qocaldım,

Eşq dolu ilhamımı səndən aldim,

Özəl keşdi hər bir anım ay Bakı.

 

Azərbaycanın vuran ürəyisən,

Söykənəcək arxası, kürəyisən,

Qızının, oğlunun xoş diləyisən,

Küləklər şəhəri, canım ay Bakı,

Şəhərlər gözəli, canım ay Bakı!

 

İlham Aslanov.

23.03.2015

İspaniya, Barselona.

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Poeziya, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10