“Nə sevgi var, nə də məhəbbət şeirləri!” – Mehmet Kurtoğlu ilə müsahibə

21 Baxış

58659892_304490090450150_2621339426898313216_n

Türk yazıçısı, şairi və dramaturqu Mehmet Kurtoğlu 1969-cu ildə Türkiyənin Urfa şəhərində anadan olub. Anadolu Yazıçılar Birliyi, GAP Jurnalistlər Cəmiyyəti, İLESAM, Elm Yayım Cəmiyyətinin üzvü olan yazıçı Türkiyə Yazıçılar Birliyinin Şanlıurfa şöbəsinin təsisçilərindən biri olub, 8 il Urfada, 4 il Ankarada şöbə müdiri işləyib. 2008-ci ildə Vəqflər Baş İdarəsi Mədəniyyət və Qeydiyyat Şöbəsinin rəhbəri, Kitabxanalar və Nəşrlər Şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Şeir, məqalə, araşdırma, bioqrafiya, sənədli film, roman və dram janrında əsərlər qələmə alıb. 30-dan çox kitabın müəllifidir.

Senet.az “Ustad” dərgisinin 29-cu sayından Mehmet Kurtoğlu ilə müsahibəni təqdim edir.

 

Şeirə marağınız nə vaxt başladı? İlk şeirlərinizi nə zaman və kimin təsirilə yazdınız?

 

– Poeziyaya marağım 1979-cu ildə hələ orta məktəbdə, birinci sinifdə oxuyarkən başlayıb. Ətrafımda şeir yazanlar vardı. “Onlar yazırsa, mən niyə yazmayım?” – deyərək şeirlər yazmağa başladım. Məktəbimizdə tematik şeir müsabiqəsi elan olunmuşdu, orada iştirak etdim. İlk şeirim məktəb lövhəsində dərc olunub. Daha sonra Nəcib Fazilin “Çilə” adlı şeir kitabını oxudum. Bu kitab mənim zövq və estetik anlayışımda dönüş nöqtəsi oldu. Ustad Nəcib Fazilin bütün kitablarını oxumuşam. Onun təsiri altında yazdığım şeirlər çoxdur. Təbii ki, bu şeirlərim tələbəlik illərinə təsadüf edir. Poeziyada öz səsimi sonralar tapdım.

 

– Şeirləri günün hansı vaxtı və hansı şəraitlərdə yazırsınız?

 

– Şeir yazmaq üçün xüsusi zaman seçmirəm. Çünki ilhamın nə vaxt və harada gələcəyini bilmək olmur. Buna görə də şeirlərimi gecə-gündüz fərq etmədən, ilhamın məni tapdığı anda yazıram. Gərək şeir gəlib səni tapsın. Bu sualınız nəsr üçün keçərli ola bilər. Nəsr yazılarını daha çox işdə yaranan boş vaxtımda yazıram. Bəzən də gecəyarısı qalxıb yazdığım zamanlar olur. Əsasən gecələr evdə kitab oxuyuram.

 

– Yazdığınız şeirlər arasında ən sevdiyiniz varmı?

 

Bir şair üçün yazdığı bütün şeirlər gözəldir və hamısını sevir, çünki özünü təsvir edir. İnsan özünü təsvir etdiyi şeirləri sevməyə bilərmi? Biz başqalarının şeirlərini niyə sevirik? Bizə özümüzdən danışdığı üçün! Mən bütün şeirlərimi çox sevirəm. Amma oxucularımın, şair dostlarımın çox sevdiyi, zaman-zaman mənə oxutduğu şeirlərim də var. Məsələn, 1996-cı ildə yazdığım bu şeir:

KEŞKE TOPRAK OLSAYDIM

 

Ömrümün yarısı geçti ayna önünde,

Bir tek sana güzel görünmek için.

Değil mi her ayna bir Yusuf,

Her Yusuf bir aşk ve güzellik saklar.

Sevda sürgünüyüm yaban ellerde,

Kafamdan silinmeyen modelsin.

Güzelliği güzelliğin belirler,

Ne yapsam oturmaz kişiliğim.

İçimde çan çalar ezan işitilir,

Ruhumda derin bir boşluk dans eder.

Aman vermez haramlar,

Sunarım düşkünlüğümü bir-bir,

Fahişe odalarının loş ışıklarında

Yaşanılan zevk değil,

Tiksinilen bir günahtır yalnızca.

 

Dilimin ucunda vahiy:

Keşke toprak olsaydım”

 

– Nə cür kitabları, hansı yazıçıları oxuyursunuz?

 

– Son illərdə daha çox fəlsəfə və ən yeni tarixə aid kitablar oxuyuram. Amma otuz ildən artıq müddətdir ki, vaxtımın daha çoxunu klassiklərə həsr edirəm: Şekspir, Dostoyevski, Tolstoy, Balzak, Höte, Sveyq və s. Dostoyevski və Balzakın məndə ayrı yeri var. Fəlsəfi traktatları çox sevirəm, xüsusilə Kamyu, Sartr və Kierkeqard və Nitsşenin yazdıqlarını. Türk müəlliflərindən Cəmil Meriç, Sezai Karakoç, Yəhya Kamal, Tanpınar və İsmət Özeli mütaliə edirəm. Bildiyiniz kimi, bunlardan Şekspir və Tanpınarla bağlı kitab yazmışam. Nəcib Fazil, Mehmet Akif və divan ədəbiyyatının böyük şairi, həmyerlim Yusif Nəbinin yaradıcılığına həsr etdiyim kitablar var. Bu işləri görərkən onlarla bağlı çox oxumuşam.

 

– Boş vaxtlarınızı necə dəyərləndirirsiniz?

 

– Mənim boş vaxtım olmur. İyirmi dörd saat mənə azlıq edir. Adətən ya oxuyur, ya yazır, ya da səyahət edirəm. Bundan başqa, vaxtımın boş keçməsinə heç vaxt yol vermirəm. Vaxt tapan kimi Ankarada yerləşən Kurtuba adlı kitab kafesinə gedirəm. Ziyalı və bürokratların getdiyi yerdir. Orada söhbət etməklə vaxt keçirirəm. Bundan başqa, boş vaxtım olduğunu deyə bilmərəm.

 

Azərbaycan ədəbiyyatından kimləri tanıyırsınız?

 

– Azərbaycan ədəbiyyatını çox yaxşı tanıdığımı deyə bilmərəm. Şəhriyarı bilirəm. Yalnız şeirlərini oxumuşam. Arada öz səsindən şeirlərini dinləyirəm.

 

Hansı növ musiqiləri xoşlayırsınız? Kimləri dinləyirsiniz?

 

– Mən şəxsiyyət olaraq, yəqin ki, ənənələrin tərəfdarıyam. Çünki xalq musiqisini çox sevirəm. Təbii ki, Türk sənət musiqisini də dinləyirəm. Xüsusən Türk ədəbiyyatına da yaramış Qaracaoğlan, Pir Sultan Abdal, Aşıq Mahsuni, Neşat Ertaş və s. Ozanların şeirlərinə yazılmış xalq musiqisini dinləyirəm. Fərqli ifaları sevirəm. Türk sənət musiqisində Zəki Müren, Nəşə və Güldən Karaböcək, xalq musiqisində İbrahim Tatlısəs, Bedia Akartürk, Nuri Sesigüzəl. Azərbaycanlı Elnarəni də tez-tez dinləyirəm. Məncə, çox gözəl ifası var!

 

– İndiki təhsildə şeir varmı? Gənclərimizin ədəbiyyata, şeirə marağı, biliyi nə vəziyyətdədir?

 

Dərs kitablarında şeir keçilmir. Vizual və rəqəmsal dünya da şeiri arxa plana atıb. Amma bununla belə, artıq gənc nəsil görərək oxuyur, görərək öyrənir. Vizual yaddaşları çox güclüdür. Qarşımızda yeni bir nəsil var. Hətta bu nəsilləri sosioloqlar hərflə işarələyərək adlandırırlar: X nəsli, Y nəsli, Z nəsli və s. Nə ad verirlər-versinlər, bunlar rəqəmsal dövrün uşaqlarıdır. Bunların duyğuları da, düşüncələri də konkretdir. Mücərrəd düşünmə, mücərrəd dünyagörüşləri çox zəifdir. Mənə görə, metafizikanı anlamayan bir nəsil gəlir. Hər şeyi görmək, toxunmaq üzərindən oxuyan bir nəsil. Belə bir nəslin həyatında şeir yer tutmaz. Sosial mediaya baxıram – seçilmiş sözlər, aforizmlər, qısa nəfəsli yazılar, fikirlər maraqla qarşılanır. Gənc nəslin klassiklər kimi beş min səhifəlik romanlar oxumağa vaxtı yoxdur. Həyat çox sürətlidir. Buna görə də, yeni nəsil şeirin yerinə, aforizmləri, vizual bölgüləri qoyub. Mənə görə, artıq roman əsri, şeir əsri, hətta teatr əsri belə, bitib. İndi vizual görüntü, rəqəmsal əsrdə yaşayırıq. Bu dövrün uşaqlarının dili ilə ədəbiyyat yaratmaq lazımdır. Amma gənclərə toxunmamaq şərtilə. Gənclər ənənədən uzaq yeni bir dünyaya qapı açacaqlar.

İnsanların poeziyaya ehtiyacı olub-olmadığı məsələsinə gəlincə, zamanın sürətlə axdığı, qadın-kişi münasibətlərinin eyş-işrətə əsaslandığı, məhəbbətin mənasını itirdiyi bir vaxtda poeziyaya o qədər də ehtiyac olacağını düşünmürəm. Poeziya sevgiylə yazılır, məhəbbətlə oxunur. Hələ gəncləri demirəm, ortayaşlı nəsil belə, bu məhəbbəti itirib. Artıq nə sevgi var, nə məhəbbət şeirləri! Əgər şeirə dediyiniz ehtiyac olsaydı, şeir həm qarın, həm də könül doyurardı. Qədimdən şeirin təbliğat və media funksiyası var imiş. Dastanlar şeirlə yazılır, sevgilər şeirlərlə elan edilirdi. Artıq şeirin yerini başqa şeylər alıb. Nəhayət, bunu görmək lazımdır.

 

– Gənc nəslə ədəbiyyat mövzusunda məsləhətləriniz nədir? Gəzib-dolaşdığınız, araşdırmalar apardığınız xarici ölkələrlə həmyerli ədəbiyyata baxış və təhsildə ədəbiyyatın yeri məsələsini müqayisə edəndə, nə deyərdiniz?

 

İstəyirəm, gənclər ədəbiyyatı bizdən də çox oxusunlar, onu sevsinlər. Çünki sevmədən ədəbiyyatı mənimsəyə bilməzsiniz. Yaxşı ədəbiyyatçı olmaq üçün çox oxumalısınız. Xüsusilə güclü teoloji və fəlsəfi məlumatınız olmalıdır. Yoxsa yazdığınız mətnlər yavan qalar. Çarpaz mütaliəyə önəm verməlidirlər. Şərq-Qərb ayrı-seçkiliyi etmədən oxumalıdırlar.

Gəzib-dolaşdığım ölkə və şəhərlər dünyagörüşümə çox şey qatdı. Çox gəzmək, yoxsa çox oxumaq? Məncə, hər ikisi. Allah nəsib etdi, gəzdim və oxudum. Bu səfərlərim zamanı ölkəmin dəyərini bir daha başa düşdüm. Ölkəmə kənardan baxmağı öyrəndim. Daxildən baxışla kənar baxışı birləşdirərək yenidən ölkəm haqqında düşündüm. Bütün bunlar səfərlərimə görə oldu. Əlbəttə, təhsili bizim ölkəmizdən yaxşı və pis olan yerlər də var. Görə bildiyim qədəriylə, bizim təhsilimizin ən böyük nöqsanlarından biri – mühakimə üzərində qurulmuş sistemi olmamasıdır. İkinci, dil öyrətməkdə çox naşı və uğursuzuq. Bosniya və Herseqoviniyada lisey məzunu olan bir şagird bir neçə dil bilərkən, bizim böyük professorlarımız hələ öyrəndikləri ingilis dilində düz-əməlli danışmırlar. Özləri danışmadığı üçün tələbələrinə də öyrədə bilmirlər. Təhsil məsələsində inqilabi qərarların verilməsinə, onun yenidən sistemləşdirilməsinə böyük ehtiyac var.

 

Söhbətləşdi: Tural Cəfərli