“Nə yaxşı göydədi hələ göy üzü” – Hüseyn Bağıroğlu

489 Baxış

kamal abdulla

Xalq yazıçısı Kamal Abdullanın 70 illiyinə ithaf olunur.

 

Dağlar kimi

 

Durub dünyadan çıxarıq,

Çıxmarıq bu meyxanədən.

Boylanıb fani dünyaya,

Baxmarıq bu meyxanədən.

 

Ayağımızın tozudu,

Torpağıdı bu dünya.

Nəfsimizin xəzəl olan

Yarpağıdı bu dünya.

 

Qalmarıq tozlar altında,

Qısılmarıq bucaqlara.

Nə satılar, nə satarıq,

Pərvanəyik ocaqlara.

 

Qovduqca qovar nurumuz

Ürəklərdən şeytanları.

Biz eşq ilə təmizlərik

Ürək adlı meydanları.

 

Günəşlə Ay üzün sürtər

İzimiz düşən yerlərə.

Düşməz bir də gün işığı

Sözümüz düşən yerlərə.

 

Haldan-hala düşə-düşə

Ələ düşməz hal yaşarıq.

Bu dünyanın dərdlərini

Dağlar kimi lal yaşarıq.

 

Zaman əvvəl-axır söz eylər səni

Yerdə yaşasan da, Yerdən uzaq dur,
Bələyib tozuna toz eylər səni.
Düşmənin əlacsız dərdinə dərman,
Dostun yarasına duz eylər səni.

Dərd-qəm görməsən də, gör dərdi-qəmi,
Ömrünün çölünə sər dərdi-qəmi,
Boynuna mindirmə hər dərdi-qəmi,
Qəmlər çala-çala saz eylər səni.

Ürəklər tapınan pir kəlmə söylə,
Dünyanı çaşdıran sirr kəlmə söylə,
San ağla gəlməyən bir kəlmə söylə,
Zaman əvvəl-axır söz eylər səni.

 

Nə yaxşı göydədi hələ göy üzü

 

Həvəsim yox özgələri ötməyə,

Mən yenə özümü qabaqlayıram.

Fanidə fanidən fani olsam da,

Əbədi olanı soraqlayıram.

 

Nə yaxşı göydədi hələ göy üzü,

Nə yaxşı udmayıb gecə gündüzü.

Səhərtək açılır qəlbimin gözü,

Nəfsimin gözünü torpaqlayıram.

 

Kim deyir bu ömür, bu gün havayı…

Hər ürək bir eşqin uçmuş sarayı.

Səhərlər Günəşi, axşamlar Ayı,

Gecələr özümü varaqlayıram.