Nəcəf bəy Vəzirov qadın paltarı geyinib, tamaşada çıxış etmişdi

111 Baxış

necefbeyCahangir Zeynalov yaradıcı aktyor idi. O, “Yağışdan çıxdıq, yağmura düşdük” komediya­sında Hacı Qənbər sürətini yaratmaq üçün, o tipli tacirləri xüsusi öyrənmişdi. O, bəzən səhnədə ti­pin səviyyəsinə münasib sözlər tapıb işlədirdi. Bir dəfə C.Zeynalov Hacı Qənbər rolunda oyna­yar­kən, arvadı ilə sözləşdiyi səhnədə gözlənilmədən dedi:

– Ay arvad, məndən nə istəyirsən? İyirmi yaşayıram, yaşayırsan, otuz yaşayıram, yaşayır­san, qırx yaşayıram, yaşayırsan. Mənimlə qəbrə getmək fikrindəsən? Mən səninlə qəbrə getmək istəmirəm. Heç olmasa, qoy orda asudə yaşayım.

Təsadüfən teatrda olan N.Vəzirov fasilə zamanı səhnə arxasına gəlib C.Zeynalova təşəkkür edir:

– O sözləri çox yerində dedin. Əsəri yazarkən, o sözlər mənim ağlıma gəlsəydi, mütləq yazardım.

 

***

N.Vəzirov keçən əsrin axırlarında Bakıya ikinci dəfə gələndə, bir müddət neft çıxan yerləri alıb-satan və əlində geniş imtiyazlar olan mü­həndis Fərrux bəy Vəzirovun yanında çalışmış, onun aldadıcı və hiyləgər üsullarının şahidi ol­duq­dan sonra “ağası” ilə arası bərk dəymiş, işdən çıxa­rılmışdır. Fərrux bəylə Nəcəf bəy arasında be­lə bir söhbət də olmuşdu:

– Sən, camaatı aldatmaqda bizi təqsirləndir­mək­lə nə qazanırsan? Kasıb adamsan, biz deyənə bax, var-dövlət sahibi ol, xeyir götür!

Nəcəf bəy ona belə cavab vermişdi ki, -mən xeyrimi götürmüşəm, qazandığım çox şey olub, elə sizin özünüz mənim qazancımsınız!

Dramaturq düz deyirdi, onun “qazancı” böyük idi. “Pəhlivani-zəmanə” pyesinin baş qəhrəmanı Aslan bəyin prototipi Fərrux bəyin özüydü.

***

Nəcəf bəy ömrü boyu öz ədəbi-bədii əsərlərinə bir qəpik də qonorar almamış, daima onu xeyriyyə cəmiyyətlərinə bağışlamışdı. 1913-cü ildə “Kaspi” qəzetinin müxbiri ondan sual etdikdə ki, siz nə üçün ədəbi muzddan imtina edirsiniz, Vəzirov belə cavab vermişdi:

– Bu, mənim prinsipimdir. Mən hələ vicdanımı itirməmişəm ki, xalqımın maariflənməsinə kömək edən yazılarımdan qazanc götürəm.

 

 

***

 Nəcəf bəy Vəzirov, yeri düşdükdə,  iste­dad­lı bir aktyor kimi səhnədə də çıxış edirdi. On­un sevdiyi rollardan biri də “Müsibəti-Fəxrəd­din” faciəsindəki Hürü nənə idi. 1916-cı ildə pyes tamaşaya qoyulanda Hürü nənəni oynayacaq aktrisa çatışmır. Məşqi dayandırmaq istədikdə, Və­zirov razı olmur. Truppa rəhbəri Mirzağa Əli­yev Vəzirova yaxınlaşıb utana-utana deyir:

– Nəcəf əmi, Azərbaycan səhnəsində aktrisa olmadığını bildiyiniz halda bəs nə səbəbə  əsərlərinizdə bu qədər qadın rolu var?

– Oğlum, sözlərin tamamilə doğrudur, ak­trisamız yoxdur. Ancaq biz Azərbaycan dra­ma­tur­qları indiki vaxtı və zamanı nəzərdə tutub yaz­mırıq. Bir vaxt olacaq ki, doğma səhnəmizdə oğ­lan­dan çox qızlarımız olacaqdır.

– Yaxşı, bəs indi biz nə edək? Hürü nənə rolunda artistimiz çatmır axı?

Nəcəf bəy gülə-gülə:

–Tapılar. Siz işinizdə olun. Hürü nənə rolunu oynayanım var, təvəqqe edərəm, gəlib oynayar. Hələlik salamat qalın! – deyib gedir.

Tamaşa axşamı, pərdənin açılmasına ya­rım saat qalmış Vəzirov gəlir. M.Əliyev tez ona ya­naşır:

- Nəcəf əmi, bəs Hürü nənəni oynayan nə oldu? Niyə gəlmədi?

Nəcəf bəy tez də cavab verir:

– Bu saat hamısı düzələr. Tez paltarları bura verin.

Nəcəf bəy soyunur, Hürü nənənin paltarlarını geyinib, saqqalı və bığı görünməsin deyə burnunun üstündən yaşmaq bağlayır. Vaxti-müəyyəndə səhnəyə daxil olub, tamaşanın axırına qə­­dər öz rolunu gözəl oynayır. Tamaşa qurtar­dıqdan sonra aktyorlarla vidalaşıb gedəndə, Və­zirov gülə-gülə deyir:

– Adətdir, qız qarıyıb qocalanda, güc dayısına düşər, – deyərlər.

 

 

***

1923-cü ildə Azərbaycan milli teatrının yaranmasının əlli illik yubiley gecəsində, onun ya-radıcılarından biri kimi Vəzirov parlaq nitq söy­ləmiş, nitqinin sonunda gözləri yaşara-yaşara de­mişdi:

– Azərbaycan teatrının başlanğıcı mənə səhrada əkilmiş tənha bir ağacı xatırladır. Bu ağ­acı əkmiş olan adam, qoca yaşlarında bir daha bu­raya qayıdır və qarşısında gözəl və qəşəng bir bağ gö­rür. Bu bağda bir çox gözəl bağbanlar öz ağaclarına səylə qulluq edirlər. Yaşasın sevgili vətənim Azərbaycan!..

 

 

***

Vəzirovun kefi kök olanda oxuduğu mah­nılardan biri “Ev tərbiyəsinin bir şəkli” pyesində nökər Əsgərin dilində səslənən mahnı idi:

 

Mirzə tərəqqa budur ha gəlir,

Əldə fələqqa budur ha gəlir.

Döyməyə sizi, ya incitməyə

Haqqında-haqqında budur ha gəlir.

 

İkincisi isə, “Vay şələküm məəlləküm” məzhəkəsində Kefcil Almasın oxuduğu:

 

Fayton gəlir qoşa-qoşa.

Biri Saşa, biri Maşa.

 

– mahnısı imiş ki, o vaxt xalq arasında da geniş yayılmışdır.

 

 

 

 

 

 

Bölmə : Manşet, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10