Nəcib Məhfuz – iki sivilizasiyanın oğlu – Günel İmran

11 Baxış

g

“Nə vaxtsa piramidalar da yox olacaq. Amma insanlığın ağlı və vicdanı yaşadıqca həqiqət və ədalət qalacaqdır”. Nəcib Məhfuzun Nobel nitqi

Nobel nitqində özünü “Mən iki sivilizasiyanın oğluyam” – sözləri ilə təqdim edən yazıcı Nəcib Məhfuzun mükafatı, əslində, Şərq nəsrinin uğurudur. Doxsan beş il ömür sürən yazıçının yaşadığı illər Misir dövlətinin tarixində siyasi, iqtisadi, sosial baxımdan çox təlatümlü dövrə təsadüf edir. Məhfuzun çox az müsahibə verməyini, hətta 1988-ci ildə İsveç Akademiyası tərəfindən Nobel mükafatına layiq görülərkən tədbirdə iştirak etməməyini onun həyatı  ilə deyil, yazdığı əsərlərlə yadda qalmaq istəyi kimi qiymətləndirmək olar. Nəcib Məhfuz zamanında qoyulan qadağalara, senzuraya  baxmayaraq millətinin, aid olduğu hər iki mədəniyyətin, sivilizasiyanın səsini bəşərə çatdıra bilmiş yazıçıdır. Özünün də dediyi kimi, bir üçüncü dünya ölkəsinin insanının həyatını, yaşadığı çətinlikləri alleqoriya, simvolizm, ezop dilindən istifadə edərək çox böyük peşəkarlıqla dünya oxucusuna təqdim etmişdir.

Hər yeni kitab oxucusu üçün yeni bir səyahətdir. Və mənim Nəcib Məhfuzun kitablarına səyahətim onun “İbn Fattumanın səyahəti”  əsəri ilə başlamışdır. Əsər bu sözlərlə başlayır: “Həyat və ölüm, yuxu və gerçəklik – arayan ruhun yolundakı pillələrdir. O, hər şeydə işarət və nişanları müəyyən edərək, qaranlığın girdabında çırpınaraq, ona sirli şəkildə gülümsəyən hər yeni ümiddən çılğınca tutunaraq bu pillələri addım-addım keçir. Sən nəyi axtarırsan, səyyah?” Nəcib Məhfuzun bu roman-pritçası ilk səhifələrindən oxucuya ərəb nağıllarını xatırladır. Əsərin qəhrəmanı Kandil qoca tacirin on yeddi yaşlı gənc qızla evliliyindən doğulur. Körpəykən atasını itirən Kandil ondan miras qalan  pullarla ömrünün sonunadək firavan yaşaya biləcək gəncdir. Yaşca ondan çox böyük olan qardaşları onu qəbul etmir, Kandilə öz adı ilə deyil,  “İbn Fattuma” kimi müraciət edirlər. İnsanların qınağından qorumaq üçün anası onu məktəbə getməyə qoymur. Kandil evdə şeyxdən dərs alır. Bir gün şeyx ona öz səyahətlərindən, heç vaxt görmədiyi Qabal adlı möcüzəli şəhərdən danışır. Qabal hələ heç bir insanın ayağı dəyməyən, mükəmməl şəhərdir. Həlimə adlı qıza aşiq olan və tezliklə baş tutacaq toya hazırlaşan Kandilin həyatı umduğunun əksinə dəyişir.  Həlimə Kandillə toyuna sayılı günlər qalmış sultanın keşikçisinə ərə gedir. Şübhələr Kandili boğur. Həlimənin onun sevgisinə xəyanət etdiyini, yoxsa  məcbur qaldığına  görə belə davrandığını bilə bilmir. Ona elə gəlir ki, hər kəs onu tərk edib. İnamını itirən, xoşbəxt ailə, sevgi ilə bağlı ümidləri puç olan Kandil çarəni uzaqlaşmaqda, Qabal şəhərinə getməkdə görür. Bu səyahət ona özünü tapmaq, cəmiyyətin seçim qoymadan  təqdim etdiyi həqiqətləri dərk etmək və son nəticədə öz həqiqətini seçmək yolunda başlanğıc olur. Ərəb nağıllarını xatırladan bu romanda yazıçı həm də bir Şərq ölkəsində qadına olan münasibət, onun hüquqlarını da müzakirə mövzusuna çıxarır. İslam adətləri ilə böyüyən Kandilin karvana qoşularaq getdiyi ilk şəhər Maşrik olur. Dindən uzaq, əhalisi feodalizmdə yaşayan, qadınlara heç bir qadağa, məhdudiyyət qoyulmayan şəhərdə Kandil üçün  ibadət etmək də təhlükəli olur. Bu şəhərin sakinləri Aya sitayiş edirlər. İlk günlər darıxan, karvanla yolunu davam etməyi düşünən Kandil burda Arusa adlı yerli qızı sevir. Qabal şəhərinə getmək arzusunu unadaraq Arusanın yanında qalır. Arusaya olan sevgisi gözünü kor etsə də, övladlarının olması ilə hər şey dəyişir. Heç bir mənəvi dəyərin olmadığı, insanların ibtidai instinktləri ilə hərəkət etdiyi şəhərdə Kandil uşaqlarını müsəlman kimi tərbiyə etmək istəyəndə  kafirlikdə günahlandırıb qovulur. Səyahətinin ikinci şəhəri Hiranın Maşrikdən daha mədəni olduğuna sevinir. Ən gözə çarpan fərq burda insanların əyinlərində geyimin olması olur. Amma  Kandil burda da axtardığı mənəvi rahatlığı tapa bilmir. Hiranın camaatı da heç bir dinə inanmır. Bura xoşuna gəlməsə də, ailəsini düşünərək Maşrikə yaxın olan Hira şəhərində qalmağa məcbur olur. Müharibədə əsir düşən Arusanı qul bazarında alır. Amma uşaqlarının aqibətini öyrənə bilmir. Hər şeyin tam qaydaya düşəcəyinə ümidi yaranan kimi  yenə hər şey əksinə olur. Arusaya vurulan şəhərdəki ən müdrik adam Kandilə böhtan ataraq onu həbs etdirir. Əmlakı əlindən alınan Kandil Qabal arzusundan əl çəkərək, həyatının həbsxanadan ibarət olduğuna inanır. Həbsxanada keçirdiyi iyirmi ildən sonra  azadlığa çıxan Kandil Qabal yolundakı növbəti şəhərə – Hələbə üz tutur. Uzun illərdən sonra Azan səsini bu şəhərdə eşidəndə Kandil özünü yenidən doğulmuş kimi hiss edir. Buranın insanları onunla eyni dini, inancı paylaşırlar. Amma bu insanlar onun böyüdüyü şəriət qaydalarına əməl etmirlər. İlk vaxtlar bu məsələ Kandili çox düşündürür. Bu şəhərdə o, həqiqi sevgisini, xoşbəxtliyini tapır. Amma bu xoşbəxtlikdə onun ruhunu saktiləşdirməyə yetərli olmur. O, Hələbdə qurduğu ailəsi ilə sağollaşaraq xəyallarının şəhəri Qabala getmək üçün yola çıxır. Bu yolun üstündəki növbəti şəhər Aman şəhəri olur. Bu şəhər varlı və kasıbın olmadığı, insanların yalnız işləmək üçün doğuldu bir yerdir. Burda insanların işləməkdən başqa heç bir məşğuliyyəti olmur. Növbəti  Qurub şəhərinin isə  heç bir sərhədi olmur, hər kəs istədiyi vaxt şəhərə gələ bilir. Bu gözəl şəhərin insanlarının danışmaması, ünsiyyətdən qaçması buranı insansız cənnətə bənzədir. Dünyanın hər yerindən gələrək Qurubda toplaşan insanlar Qabal səfərinə hazırlaşırlar. “Qabala getməyə  hazırlaşan insanın ilk olaraq sahib olduğu gizli xəzinəni kəşf etməyi vacibdir”- sözləri Kandilə maraqlı gəlir. Müdrik kişinin sözlərinə görə Kandil qanadsız uçmağı öyrəndiyi vaxt buna hazır olacaq. Əsər Kandilin  arzularının şəhəri olan Qabala getmək üçün yola çıxdığı sonuncu səfərilə bitir. Nəcib Məhfuz qəhrəmanı Kandilin timsalında özünü axtarmaq yolunda olan insanın çəkdiyi mənəvi əzabları, qəlb çırpıntılarını göz önünə gətirir.  Kandil şərtlər daxilində getdiyi hər şəhərdə uzun müddət qalmağa məcbur olur. O, Hələbdə həyatının ən xoşbəxt günlərini yaşayır. Lakin bu da ona sözün əsl mənasında xoşbəxt olmağa yetmir. Əsərin qəhrəmanı hər zaman xoşbəxtliyi uzaqlarda axtarır. Bu səyahət xoşbəxtliyin bir ruh halı olduğunu və insanın bunu uzaqda deyil,   öz daxilində axtarması gərəkdiyi fikrini oxucuya çatdırır.

Nəcib Məhfuzun Misirdə yaşanan iqtisadi, sosial vəziyyətin insan taleyinə necə təsir etməsini özündə əks edən “Zülmət gecədən işıqlı sabaha” povesti və “Başqaları üçün yaşanan ömür” hekayəsi də xüsusilə maraqlıdır. Hər iki əsərin  qəhrəmanı maddi çətinlik səbəbindən vaxtında ailə qura bilmir. Yazıçının özünün də çox gec ailə qurmasını düşünsək, bu əslində həmin illərdə yaşamış misirli gənclərin çoxunun taleyidir. “Zülmət gecədən işıqlı sabaha” povestinin qəhrəmanı doğulduğu gündən eyni evdə yaşayan, uşaqlıqdan bəri eyni çarpayıda yatan,  köhnə əşyaların əhatəsində tənhalıqdan sıxılan təqaüdçü Həlim bəydir. Firavan uşaqlıq keçirən, universiteti bitirən və sevdiyi qızla evliliyə hazırlaşan Həlim bəyin həyatı atasının ölümü ilə dəyişir. Həmişə varlı olduqlarını düşünsə də, atasının məmur maaşından başqa heç bir gəlir yerinin olmadığını onun ölümündən sonra anlayır. Atasının qızların təhsil almağını ailə üçün ləyaqətsizlik hesab etməsinə görə Həlimin bacıları savadsız olurlar. Toya hazırlaşan və kiçik məvaciblə işləməyə başlayan Həlimi həyat şərtləri sevdiyi qızdan, evlənməkdən imtina etməyə məcbur edir. O, evdəki tək kişi kimi təhsilsiz anasını, bacılarını saxlamağa məcburdur.  Ölkədəki iqtisadi vəziyyətdə o, anasıgilə çətinliklə baxa bilir, evlənməyi düşünmək onun üçün mümkünsüz olur. Belə şəraitdə işləyərək yaşlanır. İllər keçir, anası, bacıları sırayla vəfat edirlər. Tamamilə tənha qalan Həlim işdən təqaüdə çıxarıldıqdan sonra məhv olmuş həyatında nəyisə dəyişmək, hazırda dul qalmış keçmiş nişanlısı Mələklə evlənmək cəhdi ilə tənhalıqdan xilas olmaq istəyir. “Başqaları üçün yaşanan ömür” hekayəsinin qəhrəmanı Əbdürrəhmanın da taleyi buna bənzəyir. Əbdürrəhman da ailəsinin, balaca qardaşlarının yükünü çəkdiyinə görə evlənmir. Yaşı ötən Əbdürrəhmanın qonşu qıza aşiq olduqda xoşbəxt olmaq üçün ümidi yaranır. Özündən yaşca çox kiçik olan qızla xoşbəxt olacağını xəyal edərkən balaca qardaşı həmin qızla evlənmək istədiyini ona deyir. Əbdürrəhman bir vaxtlar evlilik yaşına çatsa da, elə bu qardaşını oxutmaq üçün evlilikdən imtina etmişdir. Beləcə böyütdüyü qardaşı onun son ümid qığılcımlarını da söndürür. Bu əsərlərin hər ikisinində qəhrəmanının həyatı o illərdə ölkədəki çətin vəziyyətdən zərbə alan  misirli gənclərin həyatıdır.

Nəcib Məhfuzun yaradıcılığında önəmli əsərlərdən biri “Məhəlləmizin övladları” romanıdır. Yazıçının bu əsərdə dini mövzuya toxunması çoxlarının qəzəbinə səbəb olmuşdu. Roman bir-birilə kəsişən beş sərbəst hissədən ibarətdir. Məhfuzun alleqoriya, ezop dilindən istifadə edərək yazdığı əsərin qəhrəmanları yer üzünə xüsusi missiya üçün gəlmiş seçilmiş insanlardır. Romanda məhəllədəki böyük evin sakinlərinin rahat, firavan həyatı ilə başlayan yaşamları İdrisin, sonra isə Adham və həyat yoldaşının  böyük evdən qovulması ilə dəyişir. Bu məhəllənin sonrakı seçilmiş qəhramanlarının hər biri  həyatda ədaləti, dürüstlüyü qorumaq amalı ilə yaşayırlar.

34 roman və 350-dən çox hekayə müəllifi Nəcib Məhfuzun zəngin ədəbi irsini ifadə etmək üçün sözlər, cümlələr yetərli olmaya bilər. Onun əsərlərində Şərq nağıllarını sehri, fironların mistik həyatı duyulur.

edebiyyatqazeti.az

KÖŞƏ YAZARLARI
TOP 10