…Nəsiminin, Füzulinin, Sabirin, Cavidin… ruhlarını dinlərkən

70 Baxış

Hüseyn Bağıroğlu

Senet.az Hüseyn Bağıroğlunun şeirlərini təqdim edir:

 

Sözün yolunda

 

…Nəsiminin, Füzulinin, Sabirin, Cavidin…

ruhlarını dinlərkən

 

Necə Günəşlər söndü

Bir ulduzun yolunda.

Halaldı al qanımız

Uca sözün yolunda.

 

Fələklər külə döndü

Bizim bir ahımızla.

Unudulmaq qorxusu

Yox bizim canımızda.

 

Küfürdən doğulanlar

Kafir söylədi bizə.

Nifrətlər xəncər kimi

Saplandı köksümüzə.

 

Zaman bizi qınadı,

Dövran bizə daş atdı.

Biz anlatdıq dünyaya

Ömür nədən yanadı.

 

Elə bilmə bircə yol

Havamızı çaldılar.

Biz hava istəyəndə

Halvamızı çaldılar.

 

Sürgünlərdən qayıtdıq

Mələklər qanadında.

Göylərdə cövlan etdik

Küləklər qanadında.

 

Tarix çox hədələdi

Bizi dar ağacıyla.

Biz yendik bu tarixi:

Həm taxtı, həm tacıyla.

 

 

Fikir-xəyal içində

 

Dar gəlir bu yollar mənə

İzimdən çıxıb gedirəm.

Bu yolların dumanından,

Tozundan çıxıb gedirəm.

 

Ürək yaralı ov kimi,

Dərdlər saçda qrov kimi,

Tüstü kimi, alov kimi

Közümdən çıxıb gedirəm.

 

Hər nəğmə bir dərdə hədə

Bu dərdləri didə-didə

Darıxıram şeirdə də

Sözümdən çıxıb gedirəm.

 

Nələr gördüm içimdə mən,

Necə deyim türkümdə mən,

Fikir-xəyal içində mən,

Özümdən çıxıb gedirəm.

 

İlahi, Sən bizə sevməyi öyrət

 

Qüdrət sahibisən bir əlac eylə,

İlahi, Sən bizə sevməyi öyrət.

Bizim könlümüzü eşqə ac eylə,

İlahi, Sən bizə sevməyi öyrət.

 

Bu həyat çox şeylər öyrədir bizə,

Danışmır Arazın dərdin Kür bizə,

Bizim özümüzdən xəbər ver bizə,

İlahi, Sən bizə sevməyi öyrət.

 

Səndən yavaş-yavaş qırılır insan,

Quru xəzəl kimi sovrulur insan,

Sevməyə-sevməyə zay olur insan

İlahi, Sən bizə sevməyi öyrət.

 

Göylərin eşqinə, Yerin xətrinə,

Bizdən saxladığın sirrin xətrinə,

Bir qərib üzüdəki nurun xətrinə,

İlahi, Sən bizə sevməyi öyrət.

 

Hərə bir yalançı din içindədi,

Günümüz bir qara gün içindədi,

Bu dünya elə bil kin içindədi,

İlahi, Sən bizə sevməyi öyrət.

 

Uzaqdan gəlsə də eşqin sorağı,

Solmur ümidimin bu son yarpağı,

Sevilmək istəyir Vətən torpağı,

İlahi, Sən bizə sevməyi öyrət.

 

Daha düşməni də tutmaz ahımız

 

O qədər eşq ilə dolub sinəmiz

Daha düşməni də tutmaz ahımız.

Meh olub gülləri oxşar eləcə

Gedib Allaha da çatmaz ahımız.

 

Uçmaz ahımızdan uca damları,

Narahat olmasın fələklər daha.

Yanmaz ahımızdan tül qanadları

Qorxuya düşməsin mələklər daha.

 

Qovmaz göy üzündən buludları da,

Qaralmaz nə Günəş, Ay ahımızdan.

Heç puça çıxarmaz umudları da,

Bir nəğmə yoğurar ney ahımızdan.

 

Aha bənzəmir ki, bizim ahımız

Yanan içimizin tüstüsüdü bu.

Heç kəs bilməsə də bilir Şahımız

Sönməyən bir eşqin istisidi bu.

 

O qədər eşq ilə dolub sinəmiz

Daha düşməni də tutmaz ahımız.

Meh olub gülləri oxşar eləcə

Gedib Allaha da çatmaz ahımız.

 

Harda olsaq belə…

 

Harda olsaq belə bir anlığa da,

Biz Səni tərk edə bilmədik Tanrım.

Çıxsaq qaranlıqdan aydınlığa da,

Biz Səni dərk edə bilmədik Tanrım.

 

Bilmirəm fikrimi heç necə deyim,

Sənin söz-söhbətin Sözlük deyil ki.

Çatladı fikirdən bu baş, bu beyin,

Səni dərk eləmək bizlik deyil ki.

 

Cənnəti buğdaya satandan bəri,

Bəlkə də Sən bizə bel bağlamırsan.

Bizi yer üzünə atandan bəri

Heç bizdən Özünə yol saxlamırsan.

 

Biz Sənin gözündən yayınan kimi,

Atəşpərəst olduq, bütpərəst olduq.

Başımız küfürdən ayılan kimi,

Yalançı meyləri içib məst olduq.

 

Küfür qaranlıqtək çökdü dünyaya,

Dünyanın işləri kafirdən keçdi.

Gözəllik özünü qorumaq üçün

Əsrlər boyunca kifirdən keçdi.

 

Ay olub dünyaya doğa bilmədik,

Günəş qürub edib batana kimi.

Heyf, nəfsimizi boğa bilmədik

Əlimiz əlinə çatana kimi.

 

Heç alqış eləməz bəndə-bəndəyə,

Özün hərdən-hərdən alqışla bizi.

Günahkar-günahkar sevərik Səni,

Bu günahsız eşqə bağışla bizi.

 

 

Sevgi susan kimi

 

Sevgi susan kimi dindi bu dərdlər,

Hərəsi bir divə döndü bu dərdlər.

Məni sənsiz görüb indi bu dərdlər

Üstümə bir qoşun yeridə bilər.

 

Yaman yerdə yerə dəydi kürəyim,

İndi fələyin də çırtlar çiçəyi…

Elə bilirlər bə daşdı ürəyim,

Hönkürsəm kim məni kiridə bilər.

 

Qəmsiz gözlərindən qəm oldu barım.

Heç xəzan görmədi qəmin baharı.

Qaldı qar altında qara saçlarım,

Bu qarı hansı gün əridə bilər.

 

Vətənimizin sərhədləri

 

Vətənimizin sərhədləri

bir-birimizə sevgimiz qədər

böyüyə,

Və bir-birimizə

nifrətimiz qədər

kiçilə bilər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Poeziya
KÖŞƏ YAZARLARI
TOP 10