Nəşriyyatların dəfələrlə rədd etdiyi 10 məşhur roman

241 Baxış

dm

Uğursuz insanlardan inadkar olmağı öyrən

 

Bəzi romanların təhlili rəqəmlərdən başlayır – əlyazmalardan imtina edən naşirlərin sayından. Hansısa naşir zirəklik edib kitabın uğurlu olacağına inanaraq onu nəşr etməsəydi, bəlkə də, heç vaxt tənqidlər olmazdı. Nəticədə belə kitablar xırdavat əşya kimi sayılsa da, bestseller olmasalar da çox pərəstiş edilən kitablara çevrilirlər. Əgər bir çox autsayderləri qəbul edən kiçik müstəqil nəşriyyatlar olmasaydı, kim bilir, bəlkə də, gələcəyin nə qədər klassikləri, ya da nüfuzlu mükafat sahibləri ədəbiyyatın künc-bucaqlarında itib-batardı. Bir vaxtlar heç kimə gərək olmayan kitabların hekayələri olduqca ümidvericidi: gözlərin yaşarır, diksinirsən, növbəti dəfə “Sizə gələcəkdə uğurlar!” kimi soyuqqanlılıqla yazıldığı o qədər də yaxşı gizlədilməmiş məktub alırsan. Və beləliklə, xəlvətcə bu yazıçılardan birinin taleyini əyninə alıb yoxlayırsan. Məsələn, Robert Pirsiq kimi heç kəsin tanımadığı bir adam ola bilərsən, 121 rədd cavabı alarsan və nəticədə bestseller olan “Zen və Motosiklet təmiri sənəti” kitabını yazan müəllifə çevrilərsən, yaxud böyük kapitalist nəşriyyatlarının naümidliyilə qarşılaşıb samizdatlara üz tuta, nəticədə dünyaya silsilə bəxş edən Marsel Prustun “İtmiş zamanın axtarışında” kitabını ərsəyə gətirə bilərsən. Əlbəttə, depressiyasız da olmaya bilər; 100 dəfə rədd cavabı alan Layza Cenova kimi. Ancaq buna dəyərdi, əgər sənin kitabın Culianna Mur ilə filmə çıxacaqsa, üstəlik, bu film Oskara layiq görüləcəksə, həqiqətən, dəyər.


 

1381488816_stephen-king-carrie

Stiven Kinq “Keri”, 1974

 

Rədd cavabı alıb: 30 dəfə

Mövzusu: Stiven Kinqin ilk romanı bütün məktəbin təpiyi altında qalan Keri adlı məktəbli qızdan bəhs edir. Evdə isə bu qızın qənimi fanatik dindar zalım anasıdır. Kerini vəziyyətdən çıxaran hormonları, bədəninin metamorfozu və ilk menstruasiya ilə yaranan telekinez bacarığı olur. Ümumilikdə bu roman əxlaqi fanatik və zorakılıqla böyüyən qız haqqındadır: ekstrasens bacarığı olan sızanaqlı qıza kim sataşsa tez bir zamanda ölümlə üzləşə bilər.

Naşirləri çaşdıran səbəb: Kinq deyirdi ki, Keri bişməmiş qaralamadır, şübhəli məhsullardan olan potensial dadlı peçenyedir.

Nəticə: Kinqin həyat yoldaşı Tabita əlyazmanı zibil vedrəsində tapmasaydı və onu davam etməyə həvəsləndirməsəydi, o zaman ola bilsin ki, Kinq indiki zamanın ədəbiyyatının ən məhsuldar fiqurlarından deyil, indi hardasa qazon kəsirdi. “Keri”ni ekranlaşdıran Brayan de Palma oldu. Əldə etdiyi gəlir Kinqin bütünlüklə ədəbiyyata gəlməsinə kömək etdi. Sonrasa o, onlarca qorxu janrlı romanlarla ədəbiyyatdakı yerininin sərhədlərini müəyyənləşdirdi.


 lord

Vilyam Qoldinq, “Milçəklərin Tanrısı”, 1954

 

Rədd cavabı alıb: 21 dəfə

Mövzusu: Roman əvvəlcə Böyük Britaniya imperiyasının ambisiyalarına ironik əsaslar kimi düşünülmüşdü. Nəticədə məktəblilər haqqında qanlı robinzonada survival dəhşəti oldu. Kimsəsiz adaya düşmüş uşaqlar həyatda qalmağa çalışır, zamanla vəhşiləşir, bir qrup o birini təqib edir və burada sakitcə gizlənən vəhşi heyvana itaət etməyə başlayırlar. Əlbəttə ki, Qoldinq qanı o qədər də sevmirdi; yuxarıda qeyd olunanlar isə insan məsumluğunun itməsinin araşdırmaları, daxilimizdəki pislik qatılığı və başlanğıc instinktlər üçün karkas idi.

Naşirləri çaşdıran səbəb: Kvadratbaş redaktorların çoxu “Milçəklərin Tanrısı” romanını macəra romanı kimi dəyərləndirdilər, halbuki, bu belə deyildi. Əgər orda uşaqlar varsa, deməli, uşaqlara məxsusdur. Yazıq ağıl dəryası Xryuşanı qaya parçası ilə vurdular, Saymonu isə parçaladılar. Bunu uşaq kitabları stendinə qoymaq mümkün deyil.

Nəticə: İndi “Milçəklərin Tanrısı” düzgün analiz edilib, bir çox xarici məktəb və kolleclərin vacib proqramlarına salınıb, ingilis dilində olan ən yaxşı 100 romandan biri hesab olunur və əlbəttə ki, roman ədəbiyyat biliciləri ilə yanaşı, siravi oxucuların da sonsuz rəğbətini qazandı. Vilyam Qoldinq Nobel mükafatını İngilis səhrasının sakit sularına apardı.


 irish

Dik Uimmer, “İrland şərabı”, 1988

 

Rədd cavabı alıb: 162 dəfə

Mövzusu: “Pikassonun dövründən böyük”, rəssam Şeymus Boyn öz yaquarında intihar etməyə çalışır, birdən bu prossesi uğursuz alınan sui-qəsd yarıda saxlayır. Eyni zamanda, yerində sayan yazıçı dostu (peşəsi dizinfektor olan) Jene Xaqar Manxetendən Dublinə rədd olub getmək və daxilində “yetişmiş” romanını, nəhayət ki, sona çatdırmaq arzusundadır. Elə buradaca iki qitəyə səyahət başlayır, taksi sürücülərinin sözləşməsi, London qalereyalarının qeyri-adiliyi və Temzanın yeraltı dünyası.

Naşirləri çaşdıran səbəb: Anladığınız kimi, yöndəmsiz olsa da haqq vermək lazımdır ki, maraqlı süjetdir. Bundan əlavə, müəllifə iradlardan ibarət “necə olmaz” manualı düzüb-quraşdırmaq olardı – kobud, yanlış təhkiyə və ya kəskin keçidlə bağlı iradlar, faciədən komizmə… Agentlərdən biri müəllifə belə yazıb: ”O qədər gic bir şeydir ki, dahiyanədir”.

Nəticə: Uimmerin hekayəsi o qədər də ilhamlandırıcı motivator deyil – kitab bestsseller olmadı. Lakin onu İrland ədəbiyyatının klassiki Ceyms Patrik Danlivlə müqayisə edirlər, roman isə trilogiyanın başlanğıcı oldu, hardasa Vudxausun “Civs və Vuster”in macərasını xatırladır, Riklə Martinin absurdluğunun artırılmış forması da saymaq olar.


 con4

Marlon Ceyms, “Con Krounun şeytanı”, 2005

 

Rədd cavabı alıb: 71 dəfə

Mövzusu: Tanrının unutduğu Yamayka şəhərinin fleqmatik keşişi Gektar Blay üçün şərab şüşəsinin küpünə girmək, Yaradana və dindarlara yaxın olmaqdan daha maraqlıdır. Zalım həmkarı Apostol Yorkun müdaxiləsi olmasaydı bu səhlənkarlıq çox davam edə bilərdi. Sayılı günlər ərzində o Blaydan bütün dindarları uzaqlaşdırır və demək olar, bütün yaşayış məntəqəsini ələ keçirir. Kirlənmiş Yamaykanın dəyişkən taleyi və iki kahin arasındakı qarşıdurmada güclü şərlə passiv, ancaq yenə də xeyirin bibliya savaşına qədər şişirdilməsi haqqında yazılmış kədərli sosial bir mətndir bu roman.

Naşirləri çaşdıran səbəb: Latın amerikalı və ya yamaykalının Britaniya və ABŞ-da debütü bu günə qədər hələ də böyük problemdir. Hamı Ceymsə deyirdi ki, yerli kolorit və ora-bura qaçışan vudularla dolu olsa belə, heç kəsə ucqar əyalətin hekayəsi maraqlı olmayacaq. Onda o, mətni sadəcə öz noutbukundan deyil, dostlarının kompüterindən də silmişdi. Xoşbəxtlikdən onunla maraqlanan naşir peyda olanda faylı elektron poçtun dərinliklərindən tapmaq mümkün oldu.

Nəticə: Ceymsin debütünü nisbətən yaxşı qarşıladılar, ancaq əsl maraq ona qarşı ”Buker”dən sonra yarandı – Ceyms üçüncü romandan sonra bu mükafatı qazandı – “Yeddi qətlin qısa hekayəsi”. Və bu bukeryönümlü mətndə Ceyms yenə də öz yolu ilə davam etdi: küt Yamayka, Bob Marlinin həyatına sui-qəsd, öldürülənlərin ruhu və ürək oxşayan reqqi musiqisi.


 vit

Devid Markson, “Vitqenşteynin məşuqəsi”, 1988

 

Rədd cavabı alıb: 54 dəfə

Mövzusu: “Məşuqə”nin süjeti sadədir: rəssam Keyt dünyanı gəzərək incəsənət haqqında düşünür. Bir də ki, o, yer kürəsində axırıncı insandı, ona görə də bikarçılıqdan Metropoliten muzeyindən Teyt qalereyasına sal ilə üzərək, onu gözləyən qurğular və mücərrəd ekspressionizm haqqında fikirləşir.

Naşirləri çəkindirən səbəblər: Qəribə novatorluq qurumu. Özünün aforistik ifadəetmə tərzi ilə kitab “Məntiqi-fəlsəfi əsər”i xatırladır – filosof və məntiqçi Lyudviq Vitqenşteynin magnum opusu – kitabın adı burdan yaranıb. Həm də bir çox naşirləri süjetin kiçikliyi, hətta nöqtəyə bənzər olmağı düşündürürdü, daha çox ensiklopediyalarla mühasirəyə alınmış sənət tarixçisinin şüurunun dərəsini xatırladırdı. Keyt qədim yunan qütblərindən necə çaylar axdığı və ya rəssam Robert Rauşenberqin texnikası haqqında düşünə bilir – bax, belə dahiyanə düşüncələrin üst-üstə yığılması “Vitqenşteynin məşuqəsi”ni təşkil edir.

Nəticə: Marksonu Amerika postmodernizminin totemi adlandırmaq olar, ancaq yenə də “yazıçıların yazıçısı üçün” yerində daha rahat görünür və əgər onun hər yeni romanı (yeri gəlmişkən, bir romanının adı “Bu roman deyil” idi) tənqid edilməsə, deyək ki, “The New York Times” tərəfindən, onda onu yeraltı (underground) ədəbiyyat gözləyir.


 

fall

Heydi Darrou, “Göydən düşən qız”, 2010

 

Rədd cavabı alıb: 48 dəfə

Mövzusu: Bu, Şimalın soyuq küləyi ilə döyülmüş, yarı danimarkalı, yarı afroamerikalı Reyçelin hekayəsidir. “Black Community”ə köçərək, onu ya ağdərili kimi görmək, ya da ümumiyyətlə yox olmasını istəyən dünyanı qarşısına almaq məcburiyyətindədir.

Naşirləri çəkindirən səbəb: Darrounu bir çox nəşriyyatlar inandırıb ki, ümumilikdə pis roman deyil, sadəcə afrovikinq oxucuları tapmaq çətindir – məsələ budur.

Nəticə: Bəlkə də, afrovikinq oxucular tapılmadı, ancaq kitab çap olundu. 2008-ci ildə “Göydən düşən qız” sosial yönümlü nəsr nominasiyalı mükafat qazandı və yazıçı Toni Morisson bu əsəri “Qara Amerikanın iradə səsi” adlandırdı.


 murphy

Semuel Bekket, “Merfi”, 1938

 

Rədd cavabı alıb: 42 dəfə

Mövzusu: Münzəvi olan Merfi meditasiya etməyi sevir, özünü yellənən kresloya bağlayaraq, fahişələrlə görüşür. Korkdan olan filosof-mistiklə tanışlıq yaradır və nəhayət, süründürməçilikdən xilas olaraq psixiatrik xəstəxanaya işə düzəlir. Lakin bu Bekketdir – ona görə də, hətta bu cür axmaqyönlü süjet onun əllərində insan psixikasının asketizminin və hüzurunun, dilinin və qavrayışının araşdırmasına çevrilir.

Naşirləri çəkindirən səbəb: Onlardan biri deyib ki, “Bu cür romanın oxunulması, qəbul edilməsi mümkün deyil, çünki oxucudan yüksək intellekt tələb edir”.

Nəticə: Ceyms Coysun təsiri hiss edilən Bekketin ilk ciddi mətni və özünəməxsus tərzi ortaya çıxmağa başlayır. “Merfi” daha da fenomenal yazıların başlanğıc nöqtəsi olur; o yazılar ki, ona yazı filosofu adını qazandırır və Nobel mükafatını bəxş edir.


 catch

Cozef Heller, ”Maddə-22”, 1961

 

Rədd cavabı alıb: 22 dəfə

Mövzusu: Kapitan Yossarian Pianaoza adasında bombardmana tutulmuş hərbi hava qüvvələrinə yerləşdirilir. Onu orda qəhrəman və öz işinin ustası hesab edirlər. Lakin Yossarian əslində qorxudan bütün düymələrə və tətiklərə necə gəldi basır; nəticədə inanılmaz manevrlər alınır. Digər baş qəhrəman Mayor Mayor Mayor (bəli, onu adı elə belədi) kapitana döyüş əməliyyatlarının teatrından xilas olmasına müxtəlif maneçilik törətməyə çalışır. Bundan əlavə, Yossarian həmişə paradoksal bürokratik mexanizmlərlə qarşı-qarşıya gəlir: məsələn, normanı uçmaq üçün bütün həyatını təyyarədə keçirməlisən. Hellerin mətni təxminən belədir – hərbçi absurdluğunun gülünc görüntüləri, bir-birini mümkünsüz ideyaya görə qurğuşun atəşinə tutmağı gözə almaq.

Naşirləri çəkindirən səbəb: Heller postmodernin ustası idi, ancaq naşirlərə onun novatorluğu deyil, daha çox tikanlı, kələ-kötür məzmunu toxundu. Senzor yatmayıb: 50-ci illərin sonudur və müharibənin dəhşətini xalça altında gizlətməyə çalışırlar. Onda “Maddə-22” öz çılpaq həqiqəti ilə irəliləyirdi. Heller özü Korsikdə bombardmançı olmuşdu, ona görə də şəxsən hərbi mexanizmin entropiyası ilə tanış idi.

Nəticə: Müxtəlif reytinqlərdə “Maddə-22” ilk iyirmilikdə yer alır. Romanın adı səyyar fraza olur, məntiqsiz vəziyyətin mənasını izah edir: “Qaydalara riayət etmək üçün onları pozmaq lazımdır”.


 sellout

Pol Beyti, “Satqın”, 2015

 

Rədd cavabı alıb: 18 dəfə

Mövzusu: Afroamerikalı əsas qəhrəmanı (həmin o satqın) irqi ayrıseçkiliyi təhrik etməkdə günahlandırırlar və bu, onu Rufus əmi ilə doğmalaşdırır – “Getto” cizgi serialından olan “bütün zəncilərə nifrət edən zənci ilə”. Burda son dərəcə dəli sosioloq ata var, qara Ken və barbidən istifadə edərək uşaqların üzərində təcrübələr aparır, qəhrəmanların doğma şəhəri Dikens isə həddən artıq “qaralıq konsentrasiyasına” görə ABŞ-ın xəritəsindən yoxa çıxır.

Naşirləri çəkindirən səbəb: Mətnin qəribə eksperimental quruluşu. Daha dəqiq desək, buna roman deyil, 300 səhifəlik fristayl demək olar; təxminən Eddi Merfi və Kris Rokun afroamerikalılar haqqında stendap çıxışı və psevdo-sosioloji esselərin hissəcikləri ilə qarışmış tərzdə bir şey. Bəlkə də, Beytini himayə etməkdən sadəcə olaraq qorxdular, çünki bu satira, yəni ağ Amerikanın məsğərəyə qoyulması, onun bəzi rəngsiz həmvətənlərinin gözünü göynədərdi.

Nəticə: Beyti ənənəvi Britaniya Buker kitab mükafatına layiq görülən ilk amerikalı oldu. Onu daxili mizoqiniyasını və məhvedilməz irqçilik problemini açan yeni Svift, Kanye Uest və afro-Kafka adlandırdılar.


 dubliner

Ceyms Coys, “Dublinlilər”, 1914

 

Rədd cavabı alıb: 18 dəfə

Mövzusu: Coysun ilk 15 hekayəsi, dayanıqlı, başgicəlləndirici “Uillis”dən fərqli olaraq, regional-realistik tərzdə. Coys özünəməxsus incə psixologiya və gündəlik həyatın absurdluğu ilə qorunub saxlanılan İrlandiya, onun ləyaqətsizliyi, bütpərəstliyi və ümidsizliyi haqqında yazır.

Naşirləri çəkindirən səbəb: Onları tam olaraq nəyin qane etmədiyi müəyyənləşmədi. Çap üçün razılıq verən ilk redaksiya öz şərtlərini qoydu: Coys ən azı 500 nüsxə satıldıqdan sonra qonorar alacaq. 499 nüsxə satıldı. 500-cünü elə gələcək klassikin özü aldı.

Nəticə: Ceyms Coys XX əsrdə nəsr vektorunu təyin etdi, son dərəcə güclü sintaksisin və şüur axınının ustası oldu, bir çox kitab üçün kifayət qədər fikir və təcrübi üsullar verdi.

 

“Ustad” jurnalı üçün hazırladı: Xanım Anela

Bölmə : Manşet
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10