Nədən və necə yazmalı?

211 Baxış

nədən və necə yazmalı Müşfiq XANSenet.az “Ustad” jurnalının ikinci sayının “Düşündürücü” rubrikasında dərc olunan məqaləni təqdim edir.

Müşfiq XAN

İnsan beyni və ədəbiyyat

Nədən və necə yazmalı?

(Birinci məqalə)

Yazacağınız mətn barəsində saatlarla, bəzən də günlərlə baş sındırdığınız zamanlar olur. Əslində isə gözoxşayan, biçimli bir mətn yazmaq üçün illərin təcrübəsinə, yaxud uzun zamana qətiyyən ehtiyac yoxdur. Çünki bir neçə saata oxucuların böyük əksəriyyətinin bəyənəcəyi hekayə də yazmaq olar, bir neçə ilə hamının dodaq büzdüyü, maraqsız, ya da uğursuzluğunu hər addımda  üzünə çırpan altı yüz səhifəlik roman da. Hətta belə də olur: haqqında heç düşünmədiyimiz bir mətnin öz-özünə yazıldığının, qələmdən kağıza, yaxud kompüterin klaviaturasından sərt diskin yaddaşına su kimi axıb getdiyinin hamımız şahidi olmuşuq. Bir yazıçı üçün bu, əsl xoşbəxtlik, əsl can rahatlığıdır. Amma əlbəttə ki, həmişə belə olmur.

Adətən biz gördüyümüz, yaxud eşitdiyimiz hansısa hadisənin bütövlükdə özündən, ya da olduqca kiçik bir detalından təsirlənərək yazmağa başlayırıq. Belə olan halda nədən deyil, necə yazmaq ön plana keçir.

Məsələn: mətbəxin küncündə qalan və şam yeməyindən sonra hamılıqla tərk edilən kiçik yemək masasının miskin görkəmi haqqında çox maraqlı bir hekayə yaza bilərsən. Yaxud heç vaxt görmədiyin – ilk dəfə rastlaşdığın suyuşirin bir xanımın üzünə qonan təbəssümü uzun-uzadı və çox gözəl təsvir etmək mümkündür.

“İstedadı çatmır”, “təcrübəsi çatmır”, “nəfəsi çatmır” kimi ifadələr, “yuxarıdan-aşağı” münasibətlər bir çoxumuza tanışdır. Amma istedad və təcrübənin yazacağınız mətnin çəkisinə önəmli təsir edəcəyi fikrini heç vaxt qəbul etməyin.

Əlbəttə, bu işin də “iməkləməyi”, “oturmağı”, “yeriməyi” vardır – bunu heç kim danmır.  Amma, başqa bir faktı da nəzərdən qaçırmamaq lazımdır. Məsələn, ədəbiyyatdan kənar bir nümunə çəkək: həvəskar fəhlənin hördüyü divar təcrübəli ustanın başdansovdu tikdiyi, sadəcə ruhsuz halda daşları yan-yana düzdüyü divardan qat-qat səliqəli, möhkəm və baxımlı ola bilər. Çünki birinci şəxs həvəskar olmasına baxmayaraq, gördüyü işə ürəyini qoyub – sevərək çalışıb.

Bəhs etdiklərimizin fonunda bir yazıçının vazkeçilməz meyarlara sahib olması əlbəttə ki, mütləqdir. O, hər şeydən əvvəl özü haqqında – və hər dəfə də daha dərindən düşünməyi bacarmalıdır. Əgər bir yazıçını özü, daha doğrusu insan olduğu üçün öz orqanizminin mükəmməl quruluşu heyrətləndirmirsə, o ərsəyə gətirəcək heç bir əsəri ilə oxucusunu təəccübləndirə bilməz.

İkinci yerdə yazıçının analitik yaddaşı durur. Və bu yaddaş onun yüksək müşahidə qabiliyyətinin yanında zəif görünməməlidir. Məsələn, o, yazarkən uzaq səfərdə cəmi bircə dəfə görüşdüyü və unuda bilmədiyi Mariyanı qoynuna basanda yaşadığı duyğunu, dörd aydı kirayə haqqını gecikdirdiyinə görə gözünə görünməməyə çalışdığı gombul ev sahibəsi Gülbadamı gözüyumulu qucaqlarkən də yaşamağı bacarmalıdır. Çünki həmin gün Gülbadam da boyun-boğazına Mariyanın istifadə etdiyi “Catherine” ətrindən səpibmiş. Bu halda yazıçının da analitik qoxu yaddaşı öz işini görməlidir. İnsanın malik olduğu digər – şəkli, obrazlı, emosional, dad yaddaşı formalarının da bu xüsusda çox önəmli yeri vardır.

Üçüncüsü: yazıçı qələmə aldığı hadisənin modelini beynində canlandırmağı bacarmalı, detalları yaratmalı, qəhrəmanlarının hislərini yaşamalıdır. Məsələn, suda boğulan bir insanın keçirdiyi hisləri daha orijinal və təsiredici yazmaq üçün gur axan soyuq duşun altında qalmaq qaçılmaz ola bilər. Bu zaman adi su vannası, günəş vannası, hava vannası prosedurunu deyil, beyni qidalandıran əsas damarlara – yuxu arteriyalarına hökm etməyi zaman-zaman özündə formalaşdırmalı, vərdiş halına salmalıdır. Yalnız belə olan halda məsələn, yuxuda çox böyük yüksəklikdən (realda isə əlli santimetr hündürlüyü olan çarpayıdan!) düşməyin, dənizin ən dərin qatında boğulmağın (realda isə on iki dərəcə selsidə soyuq duş altında qalmağın!), uçmağın (realda isə sübhdən balkona çıxıb qollarını geniş açıb səmanı seyr etməyin!) və sair bu kimi qeyri-adi hislər yaradan hadisələrin həyəcanını dəqiq anlaya, təhlil və təsvir edə bilər (bu məqamda yəqin ki, bir çoxları Akutaqavanın intihar prosesini anlamaq üçün dəfələrlə kəndiri öz boğazına keçirib saniyələri saydığını, bunu öz canında təcrübədən keçirdiyini xatırlayacaq…).

Dördüncüsü: o, qeyri-standart və ekstremal şəraitdə də yazmağı bacarmalı, bu vərdişi özündə formalaşdırmalıdır. Məsələn, hündür bir ağacın yuxarı budaqlarında oturub yazmaq, yaxud yazacağı mətnin süjetini başıaşağı vəziyyətdə düşünüb qeydlər aparmaq lazım gələ bilər…

Bu meyar və xüsusiyyətlərin hər biri haqqında növbəti məqalələrdə söz açacağıq. Amma bu məqamda mütləq qeyd etməliyik ki, yazıçının sahib olacağı bütün xüsusiyyətlərdən ən vacibi onun eqosudur. Əlbəttə, bir yazıçı mütləq eqoya malik olmalıdır. Bu, şərti refleksdir. Amma, bu, artıq qeyd etdiyimiz kimi, normal halda (patoloji olmayan!) ən sonda yaranan və ən tez sönən (itən, unudulan!) şərti refleks olmalıdır. Dünya ədəbiyyatından başı çıxanlar bilir ki, Qərb yazıçıları bu qaydaya uyğun olaraq eqoya ən axırda, Şərqlilər isə lap əvvəllərdə sahiblənirlər. Hətta eqolarına şərtsiz refleks olaraq (ağırlaşmış vəziyyətdir və anadangəlmə olur) sahiblənən Şərq yazarlarının sayı da kifayət qədərdir.