Nəsimilərin hayqırışı dirilməyə can atan Allahın öz səsidir

108 Baxış

nesimiElçin Aslangil

 

Allah niyə öldü?

Fəlsəfi Esse

 

Biz ölmədən o dirilməlidir. Qəlblərimizi açaq (“Qəlblərinizi açın cənnət sizə gəlsin” Hz İsa.) cənnət bizə gəlsin… Varlığın sirlərini dərk etməyin ən mühüm yolu yaradıcılıq deyilən fövqəladə bir anlayışın fəhm edilməsindən keçir. Yaradıcılıq elə ağrılı, elə dəhşətli enerji tələb edən prosesdir ki, bu məqamda, xüsusən də yaradıcılığın estatik halında yaradan itirdiyi enerjinin təsirindən ölə bilər. Doğuş zamanı ölən qadınlar kimi. Məncə, həyat və var olan hər şeyin mövcudluğu ölümə doğru irəliləmək üçün varlıq formasına bürünən psixi obrazlar aləmini görüntüləyir. Karl Yunqun əsil reallıq olan surrealizmi kimi. Görünür bu ölüm nəsə qəribə bir şeydir. Belə olmasaydı bu yola ilk qədəm qoyan müqəddəs və fədakar şəhidimiz Allah olmazdı. Onun ölümü ilə varlıq həyat qazandı və həyat da ölümə doğru gedərək əslinə qayıdır, Allahlaşır. Allah niyə öldü? Allah var olan hər şeyi yaradarkən elə böyük enerji sərf etdi ki, yenidən əvvəlki forması ilə var olmağa bir daha qadir olmadı və Allah öldü… Nədənsə bu mənə hər dəfə doğuş zamanı ölən qadını xatırladır. Görünür, bütün müqəddəslərin ananı ilahiləşdirməsi hissi burdan gəlir. Hətta Rumi qadını vəsf edərkən “O sanki yaradılan yox, yaradandır”- deyirdi. Allah bu yaradıcılıq anında öldü və ruhu bütün varlığa səpələnərək sonda yaratdığı ən möhtəşəm əsəri, insanda sığınacaq tapdı. O zamandan da özünü dərk edən hər kəs – “Mənəm Allah, Mənəm Allah” – deyib hayqırmağa başladı.

Mənsur Həllac, Eynəlqüzzat, Nəimi, Nəsimi kimi. Əslində Nəsimilərin hayqırışı dirilməyə can atan, tanınmaq istəyən Allahın öz səsidir. Bəlkə də elə buna görə bir sıra bilginlər varlığın əsasında səsin durduğu fikrini irəli sürüblər. Müqəddəs ölümdən əvvəl Allah demişdi: “Mən bir gizli xəzinə idim, tanınmaq istədim tanındım”. Heç kimin dərindən fikir vermədiyi “xəzinə idim” ifadəsi keçmişə aiddir. O bizə görə öldü. Biz də onu ona görə diriltməliyik. İndi daha yaxşı başa düşürəm, qədim misirlilərin “Allahlar insanlarda ölüblər. Onları diriltmək müdriklərin işidir” deyimini. Allahın birinci ölümü bəşər üçün o qədər də böyük problem olmadı. Ən böyük faciə onun içimizdə dirilməyə can atan, cahilliyimizdən yaranan ikinci ölümü oldu. Beləliklə Allahın içimizdəki ölümündən yaranan böyük qüdrətə sahib bir qüvvə, İblis yarandı. Fikrimcə İblis Allahın başqa formasıdır. İçimizdə ölən Allahdan güc alan İblis varlığın bütün kontrolunu əlinə aldı. Bu qaranlıq şahının gücü kainatdakı işığını itirmiş qara dəliklərə bənzəyir. Yanından keçən hər şeyi özünə çəkən cazibədar qara dəliklərə İblis çox oxşayır. Xeyirin bu günə qədər şərə qalib gəlməməsinin səbəbi içimizə ölü olaraq girən Allahdan, canlı olaraq çıxan İblisin üstünlüyüdür.

Bəşər tarixində Allahı diriltmək fikrinə düşən ilk əzabkeş şəxs Zərdüşt oldu. Metodu da çox sadə idi. Hamı yaxşı fikir, yaxşı əməl, yaxşı söz tiriadasına əməl etsə Allah diriləcək. İsanın ölüləri diriltməsi fiziki yox mənəvi diriltmə kimi başa düşülməlidir zənnimcə. Bu diriltmə sənətinin böyüklüyü və çətinliyi yaradıcılığın çətinliyindən, ağrılı bir proses olmasından irəli gəlir. Fəlsəfənin kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi qanununda olduğu kimi. Böyük sufi filosofu Bistami nə üçün Allaha şükr əvəzinə “mənə şükr” deyirdi? Bu həqiqətləri anlatmaq üçün analoq və misal yolu olmadan nəsə demək bəzən mümkünsüz olur. Elə Allah, İblis, İnsan, analoq və misalla ifadəetmənin psixi obrazlarıdır. Varlıq elə bir bütövdür ki, o yalnız şüurda hissələrə bölünür, bunun da əsil gerçəkliklə heç bir əlaqəsi yoxdur. Kvant fiziklərinin dediyi kimi: “Varlıq sadəcə bir enerji titrəşimidir. Hər şey bir şeydir.” Bu bir növ Ruminin gizəminə bənzəyir. Rumi deyirdi: “Musa və Firon, Məhəmmədlə Əbu Cəhl əvvəldə bir varlıq idilər. Elə ki bu görüntü aləminə düşdülər, bir-biri ilə vuruşdular. Öləndən sonra yenə əsillərinə qayıdaraq vahid-vücut oldular.” Fəlsəfənin inkarın inkarı qanunu elə bu deməkdir məncə. Allahın ölüm tarixini qədim şamanlar hamıdan öncə fəhm ediblər. Belə olmasaydı onların dünyagörüşünün əsasını belə bir ideya təşkil etməzdi- “Tanrı dünyanı yaradandan sonra onun işlərinə qarışmaz oldu”. Bu işə qarışmazlıq əslində Tanrının ölümünün kodudur. Fəlsəfədəki deizim təlimində olduğu kimi. Bu işə qarışmazlıq bizim onu öldürməyimizə işarədir. Nitşenin “Allah öldü onu biz öldürdük!”- deyimi kimi. Nə etməliyik? Mən nə edəcəyimi lap çoxdan bilirəm, qəlbimdəki Allahın səsinə qulaq verməklə. Qəlbimdəki Allah tez-tez deyir: “Məndən qorxmayın. Qorxu ən böyük ölüm zəhəridir. Diriliş, yaşam sevgidədir. Sevin məni, sevin məni…” Elə buna görə də mən Allahdan qorxmuram. Allahı sevirəm.

Bölmə : Ədəbiyyat