“Nabat” filmi türk rejissorlarını təəccübləndirdi

51 Baxış

filmgunleriNizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının birgə keçirdiyi “Bizim kino günləri – Audiovizual məkanda peşəkarlıq” layihəsi “Azərbaycan həqiqətlərinin beynəlxalq audiovizual məkana inteqrasiyası mövzusu” ilə yekunlaşdı. Layihənin final mərhələsində rejissor Elçin Musaoğlunun “Nabat” filmi nümayişi olundu. Tədbirdə türk filmləri həftəsi çərçivəsində Bakıda səfərdə olan türkiyəli rejissorlar Osman Sınav və Öner Kılıç, ssenarist-yazar Kamuran Tümay Yıldız və digərləri iştirak edirdi.

“Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov layihənin əsas məqsədini tamaşaçılarda kinoya marağın artırılması və inkişaf etdirilməsi, gənc peşəkar kinorejissorların cəmiyyətə tanıdılması kimi əhəmiyyətli məram daşıdığını söylədi. “Azərbaycan həqiqətlərinin beynəlxalq audiovizual məkana inteqrasiyası” mövzusunda fikirlərini bildirən direktor onu da əlavə etdi ki, bu gün Azərbaycan kinosu müxtəlif beynəlxalq kino festivallarda təmsil olunur. Bu festivallarda kino dili ilə Qarabağ problemini dünyaya tanıtmaq ən ümdə məramımızdır. Direktor həmçinin bildirdi ki, postsovet dövründə müəyyən geriləməyə uğramış və böhran keçirən Azərbaycan kinosu hazırda yenidən dirçəliş dövrünü yaşayır və yeni uğurlara imza atır. “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” təsdiqləndikdən sonra kinostudiyaya gənc kadrlar cəlb olunub. Bu siyasətin nəticəsi isə artıq göz qabağındadır. Ötən dövr ərzində filmlərimiz 52 beynəlxalq festivalda uğurla təmsil olunub. Bu uğurlu filmlər sırasında “Nabat” filminin də özünəməxsus yeri var. Çünki bu film vasitəsilə beynəlxalq arenada Qarabağ həqiqətini dünyaya çatdırmaq imkanımız yarandı.

Müşfiq Hətəmov “Azərbaycanfilm”in beynəlxalq əlaqələrinin Rusiya və Fransa kinematoqrafçıları ilə birgə layihələrilə davam etdiriləcəyini söylədi. Rusiya kinematoqrafçıları ilə birgə ekranlaşdırılan “Qırmızı bağ” filmi üzümüzə gələn aylarda kinosevərlərə təqdim ediləcək. Yaxın gələcəkdə isə bir sıra ölkələrlə müştərək filmlərin layihəsi müzakirə ediləcək. Direktor tədbirdə iştirak edən jurnalistlərdən Azərbaycan kinosunun təhlili və yeni filmlərimiz haqqında yazılara daha geniş yer ayırmağı, obyektiv təhlillərlə, qərəzsiz tənqidlərlə peşəkarları ictimaiyyətə tanıtmağı təklif etdi.

Sonra “Nabat” filmi nümayiş olundu. Film Qarabağ müharibəsindən bəhs edən, lakin döyüş səhnələrinin olmadığı ekran əsəridir. Filmdə müharibə kadr arxasında gedir, lakin tamaşaçı özünü sanki hadisələrin içində, kinolentin hər kadrında hiss edir. “Nabat” filminin qəhrəmanları sanki sadiqlik rəmzi olaraq həm də sədaqətdən bəhs edir.

Xatırladaq ki, bir aya yaxın davam edən və bu gün uğurla tamamlanan layihə çərçivəsində “Audiovizual məkanda ailə dəyərləri”, ”Audiovizual məkanda uşaq mövzusu”, “Audiovizual məkanda vətənpərvərlik” mövzuları müzakirə olunub və “Axınla aşağı”, “Dərs”, “Yarımçıq xatirələr” filmlərinə baxış keçirilib. Həmçinin, bu filmlər şəhərimizin kinoteatrlarında mütəmadi nümayiş etdirilib.

 

 

 

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10